Gənc Muslim

Valideynləriniz üçün gözəl övlad olmağa 3 addım

Valideynləriniz üçün gözəl övlad olmağa 3 addım

Hamımız üçün valideynlərimiz – ən dəyərli, ən yaxın insanlardır. Onlar həmişə yanımızda olmağa çalışırla, bizim üçün narahat olurlar. Müəyyən yaşa çatdıqda hər birimizdə onlara qarşı sonsuz minnətdarlıq hissi oyanır və belə bir sual yaranır: “Onlara necə təşəkkür edim və necə gözəl övlad ola bilərəm?”

Addım 1: Həmişə yardımlarına çatın..

Nə zaman valideynlərin sizə ehtiyacı olsa, ən önəmsiz məsələlərdə belə, dərhal kömək edin. Heç bir işiniz bunun önünə keçməsin, çünki onlara kömək etmək istəyiniz valideynlərinizi xoşbəxt edəcək, onları çox sevindirəcək. Peyğəmbərimiz Muhamməd (ona və ailəsinə salam olsun) belə demişdir:

Allahın razılığı, ana-atanın razılığındadır.
Allahın qəzəbi də ana-atanın qəzəbindədir.

(Mənbə: Tirmizi, Birr, 3)

Addım 2: Onlara təşəkkür edin.

Biz insana ata-anasının qayğısına qalmağı əmr etdik. Anası onu (bətnində) gündən-günə zəiflədiyinə baxmayaraq daşımışdır. Onun süddən kəsilməsi isə iki il ərzində olur. Mənə və valideynlərinə şükür et! Axır dönüş Mənədir.

(Loğman surəsi, 14)

Valideynlərə təşəkkür etmək Rabbimizə şükr etməkdən sonra olmalıdır. Allahın (azzə və cəllə) bizə bəxş etdiyi nemətlərə şükr etmək üçün ömrümüz çatmaz, həyatımızı səcdədə keçirtsək belə az olar. Allaha şükürdən sonra sevgili ata-anamıza təşəkkür borcumuz var. Onlar ki ömürlərini, vaxtlarını, sevgilərini, canlarını bizim üçün fəda edirlər.

Addım 3: Onlarla gözəl rəftar edin.

Muhamməd Peyğəmbər (ona və ailəsinə salam olsun) belə demişdir:

Bir nəfər Rəsulullah səllalahu əleyhi və səlləmin yanına gələrək: “Ən yaxşı rəftar edəcəyim adam kimdir?” -deyə soruşdu. Rasulullah sallallahu aleyhi və səlləm: “Anan, sonra anan, daha sonra yenə anan, sonra atan, sonra da sənə ən yaxın olan qohumların”, – buyurdu.

(Mənbə: Səhih Muslim, Birr 2).

Allah (subhənəhu və təalə) belə buyurur:

Biz insana ata-anasına yaxşılıq etməyi (onlara gözəl davranmağı) tövsiyə etdik.

(Ənkəbut surəsi, 8)

Bu 3 addım nə qədər sadə görünsə də mömin üçün çox dəyərli tövsiyələrdir.

 


Bu məqalə islam-today.ru saytından götürülərək Gənc Muslim komandası tərəfindən tərcümə edilmişdir. 
Məqaləni paylaşarkən Gənc Muslim’i mənbə olaraq göstərmək vacibdir.

Bu mövzuda fikirlərinizi bizimlə bölüşün