Gənc Muslim

Qur’anda həyatı müxtəlif formada yaşayan 4 insan tipi.

Qur’an, hәyatın hәqiqi mәqsәdini açıqlamış vә insanların bu hәyatdakı fәrqli yaşamlarına diqqәt çәkmişdir.

1. Allah Təala bәzi insanların dünyadakı mәqsәdinin yeyib-içmәk vә әylәncә olduğunu bildirәrәk belә buyurur:

“İnkar edənlər isə (dünyada) səfa sürər, heyvan kimi yeyib-içərlər. (Öləndən sonra) cəhənnəm odu onların məskəni olacaqdır! “ (Muhammәd;12).

2.Bәzi insanların isә mәqsәdi bәzәnmәk, muvәqqәti olan dünyada mal, mülk әldә etmәk olduğunu bildirir:

Qadınlar, uşaqlar, qızıl-gümüş yığınları, yaxşı cins atlar, mal-qara və əkin yerləri kimi nəfsin istədiyi və arzuladığı şeylər insanlara gözəl göstərilmişdir. (Lakin bütün) bunlar dünya həyatının keçici zövqüdür, gözəl dönüş yeri isə Allah yanındadır. (Əli-İmran;14) 

3.Allah Təala bәzi insanların mәqsәdinin də yer üzündә fitnә çıxarmaq,pislik vә fasadı canlandırmaq olduğunu bildirir:

“İnsanların eləsi vardır ki, onun dünya həyatı haqqındakı sözləri sənin xoşuna gələr. O, qəlbində olana da (dili ilə ürəyinin bir olmasına) Allahı şahid göstərər. Halbuki, o, düşmənlərin ən şiddətlisidir.
(O şəxs səndən) ayrılan kimi yer üzündə fitnə-fəsad törətməyə, əkini(lərinizi) və (heyvanlarınızın) nəsli(ni) məhv etməyə çalışar. Halbuki, Allah fitnə-fəsadı sevməz.” (Bәqәrә;204-205)

4. Bunun müqabilindә Allah Təala möminlәri bu mәqsәdlәrdәn uzaq tutaraq tәmizlәmiş; onlara insanlığa haqqı vә doğrunu göstәrmәk vә islam günәşi ilә aydınlatmaq kimi daha üstün tapşırıq vә öhdәlik vermişdir. Allah Təala bu uca mәqamı belә xәbәr verir:

“Allah uğrunda necə cihad etmək lazımdırsa, elə cihad edin! O sizi seçmiş və dində üzərinizə heç bir çətinlik qoymamışdır. Atanız İbrahimin dinində də (belədir). O (Allah), istər daha öncə(ki, kitablarda), istərsə də bunda (Qur`anda) sizi “Müsəlmanlar” adlandırdı ki, peyğəmbər(iniz) sizə şahid olsun və (siz də) bütün insanlara şahid olasınız! Elə isə namazı düzgün qılın, zəkat verin və Allah(ın dinin)ə bərk-bərk yapışın! O sizin Mövlanızdır. Məhz O, nə gözəl Mövla və nə gözəl yardımcıdır!” (Hәcc;78).

Gəlin bu ayəni anlamaq üçün düşünüb beynimizi yoraq. Müsəlmanların yenidən öndərlik məqamına gələrək bəşəriyyətin qurtuluşunu təmin etmələri, Namazı iqamə etmək, zəkatı vermək və Allahın dininə bərk-bərk yapışmaqla olacaqdır.

Cihad– düşmənə qarşı müdafiyədə bütün gücünü sərf etməkdir ki, üç qisimdir: Birincisi, açıq şəkildə özünü bəlli etmiş düşmən ilə aparılan cihad. İkincisi, şeytan ilə edilən cihad. Üçüncüsü də nəfs ilə edilən cihad. Bəziləri buradakı cihaddan məqsədin ilk qisimdəkidir demişlər, bəziləri də həva və nəfslə edilən cihad olduğunu söyləmişlər. Lakin ən doğru olan üçünə də aid olmasıdır. Şübhəsiz, mücahədə təbiri mukatələ (savaşmaq) təbirindən daha ümumidir, geniş mənalıdır. Necə ki, rəvayət olunur ki, Həsən ibn Əli radiyallahu anh bu ayəni oxumuş və demişdir ki: “Kimsə, Allah uğrunda cihad edir, halbuki, düşmənə bir tək qılınc belə vurmamışdır.” Sonra Allah yolunda cihad etməyin haqqı, onun haqq və ixlasa uyğun olması, haqsızlıqdan, pis qayə və məqsədlərdən uzaq olması, mümkün olduğu qədər zəiflik və tənbəllikdən təmizlənmiş olmasıdır.

O bu mühüm əmanəti yüklənməyiniz üçün qulları arasında bu vəzifə üçün sizi seçdi.

Bu seçim, məsuliyyəti daha da artırmaqdadır. Bu, vəzifəni boş verməyə, bu məsuliyyətdən qaçmağa imkan buraxmır. Heç şübhəsiz, bu, uca Allahın bu ümmətə bəxş etdiyi bir lütfdür. Bu lütfə, şükür edərək, vəzifələrini lazımınca yerinə yetirərək qarşılıq vermələri lazımdır.

Bu öhdəlik Allahın rəhməti ilə əhatə edilmişdir.

Din məsələsində sizə heç bir çətinlik yükləmədi.

Bu dinin nəzərdə tutduğu bütün vəzifələrdə, yerinə yetirilməsini istədiyi bütün ibadətlərdə, müəyyən etdiyi bütün qanunlarda insanın yaradılışı, fitrəti və gücü nəzərə almışdır. Bütün bunlarda insanın fitrətinə cavab verəcək şəkildə olması, insanın enerjisini hərəkətə gətirəcək mahiyyətdə olması, bu enerjini inkişaf və yüksəlməyə yönəldəcək xüsusiyyətlərə malik olması, insanın enerjisini sıxışdırılmış buxar kimi həbs etməmələri, ya da nə etdiyini bilməyən heyvanlar kimi başıboş buraxılmamaları nəzərə alınmışdır.

Bu sistem insanlığın keçmişinin dərinliyinə kök salmış, sağlam bir sistemdir. Bu sistem, keçmişlə indiki zamanı bir-birinə bağlayır.

Atanız İbrahimin dinidir bu.

Bu, tövhid mənbəyidir. Halqaları İbrahimin (Salam üzərinə olsun) dövründən bu yana bir-birinə bağlı olaraq davam edib gəlməkdədir. Bu bağlılıq heç bir yerdə kəsilməz. İbrahim aleyhissalamdan sonra gələn peyğəmbərlər arasındakı boşluqlar kimi, inancın işarələrinin itdiyi boşluqlar bu bağlılığın qırılmasına səbəb olmaz.

Uca Allah bu muvahhid (yəni Allahın tək ilah olduğunu qəbul edən) ümməti, müsəlman deyə adlandırmışdır. Bu ümməti daha əvvəl də belə adlandırmışdır, Qur`anda da belə adlandırmışdır.

İslam, üz və qəlbin tək və şəriksiz olan Allaha təslim olması deməkdir. Müsəlman ümmət, nəsillər boyu, gəlmiş keçmiş peyğəmbərlər və göndərilən dinlərdən bu yana daim bir sistemə tabe olmuşdur. Bu vəziyyət Muhammədin (salat və salam üzərinə olsun) ümmətinə, əmanətin ona təslim edilməsinə, bəşəriyyətin öndərliyinin onun əlinə verilməsinə qədər davam etmişdir. Beləliklə uca Allahın dilədiyi şəkildə bu ümmətin keçmişi, indiki zamanı və gələcəyi bir-birinə bağlanmışdır.

Peyğəmbər sallallahu aleyhi və səlləm bu ümmətə şahidlik etməkdədir, ümmətin hərəkət metodunu və tərzini, doğrusunu və səhvini müəyyən etməkdədir. Bu ümmət də eyni şəkildə digər insanlara şahidlik etməkdədir. Bu da, peyğəmbərindən sonra (ümmətin) insanlığı idarə etməsi, şəriətinin nəzərdə tutduğu ölçülərlə onlara öndərlik etməsi, onları tərbiyə etməsi, kainat və həyat haqqındakı düşüncələrini formalaşdırması mənasına gəlir. Şübhəsiz, bu da ancaq, köklü, möhkəm bağlarla keçmişə bağlı və Allah tərəfindən seçilmiş sistemlərinə güvənmələri ilə mümkün olar.

Şübhəsiz, bu ümmət, bu ilahi sistemə möhkəm başlandığı və praktik həyatında tətbiq etdiyi müddətcə bəşəriyyətə öndərlik etmişdir. Amma bu sistemdən çıxdığı və öhdəliklərini yerinə yetirmədiyi zaman uca Allah onu öndərlik məqamından, karvanının sonunda quyruqluq səviyyəsinə endirmişdir və hələ də elədir. Uca Allahın bizim üçün seçdiyi bu məsuliyyəti yenidən yüklənmədiyimiz müddətcə də belə qalacaqdır.

Bu məsuliyyət düşüncə və hərəkət intensivliyini, hər cür hazırlığı tələb edən bir məsuliyyətdir. Bu səbəbdən, Qur`an namazı iqamə etməyi, zəkat verməyi, Allaha bağlanmağı əmr edir.

Namaz, gücsüz və fani insanın güc və azuqənin mənbəyinə bağlanmasıdır. Zəkat da cəmiyyəti bir-birinə bağlamaqdadır. Cəmiyyətin ehtiyaclarını aradan qaldırıb fəsadın qarşısını alan bir funksiyanı yerinə yetirməkdədir.

Allaha sarılmaq isə, bəndə ilə Rəbb arasındakı qopmaq nədir bilməyən möhkəm bir ipdir.

Bu hazırlıqlar sayəsində bu ümmət Uca Allahın onun üçün seçdiyi bəşəriyyətə öndərlik vəzifəsini yerinə gətirə bilər. İnsanların yer üzündəki gücün mənbəyi olaraq bildikləri maddi enerji və sərvət mənbələrindən qaynaqlana bilər. Qur`ani-Kərim müsəlman ümmətin bu xüsusiyyətini qulaq ardı etmir, əksinə, onu bu vəzifəyə hazırlaşmağa çağırır. Amma, tükənməz güc, enerji və azuqələri toplaması şərtilə. Bütün bunlara yalnız Allaha inananlar sahib ola bilər, bunlarla həyatı yaxşılığa, doğruluğa və ucalığa yönəldərlər.

Qur`ani-Kәrim Müsәlmanları zәif insanlığın hamisi tәyin etmiş. Bu uca әmanәtә xidmәt etmәlәri üçün dünyaya hakim olmaq haqqını onlara vermişdir. Dünyaya hakim olmaq qәrblilәrin deyil, bizim haqqımızdır (vəzifəmizdir). Materyalist mәdәniyyәtin deyil, İslam mәdәniyyәtinin haqqıdır. 

Bu mövzuda fikirlərinizi bizimlə bölüşün