Gənc Muslim

Qadın olmaq

Allahdan başqa bir varlığın bizim dəyərimizi təyin etməsinə imkan verdiyimiz an köləliyin bir formasına qədəm qoymuş oluruq. Mənim dəyərimi təyin edən həmin şey məni idarə edir və mənim “sahibimə” çevrilir.Qadının dəyərini müəyyən edən bu “sahib” müxtəlif zamanlarda bir çox adlarla ifadə olunmuşdur.

Kişi etalonu:

Qadın üçün ən geniş yayılan etalon məhz kişi etalonudur. Ancaq bizim çox vaxt unutduğumuz bir həqiqət odur ki, Allah qadını kişilərlə olan münasibətinə görə deyil, Allahla olan əlaqəsinə görə dəyərli edib. Bununla yanaşı bəzi ideologiyaların  “Allahı səhnədən silməsilə” kişi etalonundan başqa qadının dəyərini ölçən heç bir standart qalmadı. Nəticədə qadın öz dəyərini kişi ilə olan əlaqəsində gördü. O qəbul etdi ki, kişi bir standartdır. Beləliklə qadın kişi kimi yəni bir standart olmayana qədər heç vaxt tam insan ola bilməyəcəyini qəbul etmiş oldu.

Kişi əsgər gedəndə, o da əsgər olmaq istədi. Kişi siqaret çəkəndə yaxud spirtli içki qəbul edəndə o da siqaret çəkmək və içki içmək istədi. Çox vaxt o bütün bunları başqa heç nəyə görə yox məhz “standart”ın bunları etməsinə görə istədi.

Onun anlamadığı isə Allahın kişi və qadını eyni deyil, onları fərqləndirən xüsusiyyətlərinə uyğun şərəfləndirməsidir. Kişi bir standart kimi qəbul edildikdə qadına məxsus qeyri-adi istənilən xüsusiyyət gözlənilmədən aşağı dərəcəli bir xüsusiyyət kimi başa düşüldü. Həssas olmaq təhqirə, evdar qadın olmaq isə alçalma hissinə çevrildi. Kişilərə xas olan xarakterlər kimi başa düşülən çətinliyə dözmək, fiziki işlərdə işləmək kimi xüsusiyyətlər ilə qadınlara xas olan xarakterlər kimi başa düşülən incəlik, şəfqət, zəriflik kimi xüsusiyyətlər arasındakı mübarizədə birinci düşüncə qələbə çaldı.

Ancaq bir müsəlman qadın özünü bu cür alçaltmamalıdır. Onun standartı, etalonu Allahdır. Ona dəyər verən Allahdır, onun dəyərini müəyyən edən də Allahdır, bunun üçün kişiyə ehtiyac yoxdur. Bir qadın kimi biz olmadığımız, dürüstcə desək, olmaq istəmədiyimiz birinə – kişiyə bənzəməyə çalışmaqla özümüzü yalnız alçaltmış oluruq. Kişiləri təqlid etməyi dayandırmayana və Allahın bizə bəxş etdiyi xüsusiyyətlərdəki gözəlliyin dəyərini bilməyənə qədər biz heç vaxt həqiqi azadlığa qovuşa bilməyəcəyik.

Gözəllik etalonu:

Bununla yanaşı cəmiyyətdə qadın dəyərini müəyyən edən digər geniş yayılmış etalon da mövcuddur. Bu, gözəllik etalonudur. Kiçikliyimizdən bəri biz qadınlara cəmiyyət tərəfindən açıq-aydın bir mesaj öyrədilib. “Arıq ol. Seksual ol. Cazibədar ol.”

Ona görə də biz avtomatik olaraq onların zövqlərinə uyğun kosmetikadan istifadə etməyə və “gözlərini oxşayan” ətəklər geyinməyə başladıq. Gözəllik naminə bədənimizi, qürurumuzu, insanlığımızı verməklə təlimatlandırıldıq. İnandıq ki, başqa nəsə etməyimizin mənası yoxdur, biz ancaq kişilər üçün gözəl olduğumuz və onları məmnun etdiyimiz zaman həqiqi dəyərə malik oluruq. Nəticədə həyatımız insanlara gözəl görünməklə keçdi..

Biz köləyə çevrildik, amma onlar azad olduğumuzu dedilər. Biz onların əşyası olduq, amma onlar bunun uğur olduğuna and içdilər. Çünki onlar bizə həyat məqsədinin göstəriş olduğunu, kişilər üçün gözəl olmaq və onları cəlb etmək olduğunu öyrətdilər. Dediklərinin yalan olmasına baxmayaraq onlar bizi inandırdılar ki, bədənimiz onların əşyalarını satmaq üçün yaradılıb.

Həqiqi etalon:

Sənin bədənin, ruhun daha ali məqsəd üçün yaradılıb. Sən dəyər sahibisən. Ancaq bu dəyərin sənin kişilərlə olan əlaqələrinə görə deyil. Sənin bu həyatdakı qayən nə onlar kimi olmaq, nə də onları məmnun etməkdir. Bir qadın kimi sənin dəyərin belinin ölçüsü ilə yaxud səni xoşlayan kişilərin sayı ilə müəyyən olunmur. Bir insan kimi sənin dəyərin daha ali kateqoriyalarla ölçülür: Doğruluq və təqva ilə.

Bizim bir insan olaraq tamamlanmağımız Allahdan və Onunla olan əlaqəmizdən, ibadətlərimizdən qaynaqlanır. Amma kiçikliyimizdən bir kişinin gəlib bizi tamamlamasına qədər heç vaxt olğun bir insan ola bilməyəcəyimiz söyləndi. Bir şahzadə gəlib həyatımızı xilas etməyənə qədər Sindirella kimi köməksiz vəziyyətdə olacağımız söyləndi. Ağ atlı oğlan gəlib bizi öpməyənə qədər Yatmış Gözəl kimi həyatımızın tam olaraq başlaya bilməyəcəyi deyildi. Ancaq burda bir məqam var: heç bir şahzadə səni tamamlaya bilməz. Və heç bir cəngavər səni xilas edə bilməz. Sənin xilasın yalnız Allaha yönəlməkdədir. Yalnız Allah səni xilas edə bilər.

Və beləliklə, səndən xahiş edirəm. Qalx ayağa və bütün dünyaya bildir ki, sən heç bir şeyin köləsi deyilsən – nə dəbin, nə gözəlliyin, nə də ki kişilərin. Sən Allahın, yalnız və yalnız Allahın qulusan. Və səni “azad etmək” istəyənlərə  sadəcə gülümsə və həqiqi azadlığın qula qul olmaq deyil, Allaha qul olmaq olduğunu söylə.Onlara bu dünyada göstəriş üçün olamadığını söylə. Sən yalnız və yalnız Allahın qulusan. Və sənin dəyərin o ruhunun, o qəlbinin və o əxlaqının gözəlliyi ilə müəyyən olunur. Beləliklə sən onların gözəllik standartlarına pərəstiş etmirsən, onların dəb anlayışına boyun əymirsən.

Və bunu bil ki, biz müsəlman qadın olaraq azad olmuşuq. Öz dəyərimizi müəyyən etmək üçün cəmiyyətin gözəllik, yaxud dəb etalonlarına ehtiyacımız yoxdur. Bizi xilas etməsi və bizi tamamlaması üçün ağ atlı oğlanı gözləməyimizə də ehtiyacımız yoxdur. Dəyərimiz, xilasımız və tamamlanmağımız bu etalonlara qul olmaqdan deyil, yalnız və yalnız Allaha qul olmaqdan keçir..

Qeyd: Saytdakı paylaşımlardan istifadə edərkən mənbə olaraq beyyine.az göstərməyi unutmayın.

Bu mövzuda fikirlərinizi bizimlə bölüşün

Sosial Şəbəkə Səhifələrimiz

Hər gün bir yeni video paylaşdığımız Youtube kanalımıza abunə olmağı unutmayın..

Bundan əlavə bizi İnstagram, Facebook, Whatsapp və digər şəbəkələrdən də izləyə bilərsiz.