Gənc Muslim

Ölümdən sonrakı həyat – Axirət

Ölümdən sonrakı həyat

Bizi yaradan Allah olduğu kimi, öldürən də Allahdır. Amma təbii ki, Allah bizi əbəs yerə yaratmayıb. Necə ki Allah, gözümüzün önündə hər qış təbiəti öldürür, yaz gələndə yenidən dirildir,  eynən bunun kimi, ağaclardan, güllərdən daha dəyərli varlıq olaraq yaratdığı insanı da öldükdən sonra yenidən dirildəcək. Qəribədir ki, insan, təbiətin ölüb dirildiyini, torpağa düşən xırda bir meyvə toxumundan, böyük, köklü, qollu-budaqlı bir ağacın yaradıldığını gördüyü halda insanın öldükdən sonra dirildiləcəyinə inanmaq istəmir. Axirəti inkar edir. Axirəti inkar etmək isə əslində dünyanı inkar etmək deməkdir. Biz yaradan olan Allahın ədalətli olduğunu qəti olaraq bilirik. Ancaq bu dünyada çox vaxt ədalətin təcəlli etmədiyinin zalımın zalım kimi, məzlumun da məzlum kimi öldüyünün şahidi oluruq. Demək ki, ilahi ədalətin təcəlli edəcəyi bir məhkəməyə ehtiyac var. Bu isə o deməkdir ki, Allah öldükdən sonra bizi dirildib, yaşadığımız həyatın hesabını soruşacaq. Allah-Təala Quranda axirət həqiqətini bizə dəfələrlə bildirmişdir. Allah-Təala Vaqiə surəsində belə buyurur:

   Bəs (bətnlərə) axıtdığınız nütfəyə nə deyirsiniz? Ondan (insan) yaradan sizsiniz, yoxsa Biz?!Vaqiə, 56/58-59.

   And olsun ki, siz ilk yaradılış (dünyaya necə gəldiyinizi) bilirsiniz. Elə isə (sizi yenidən diriltməyə qadir olduğumuz barədə) heç düşünmürsünüz?!.Vaqiə, 56/62.

Allah-Təala bu ayələrdə insanın yaradılışına diqqət çəkir və düşünməyə dəvət edir. Səni bir damla sperma içərisindəki milyonlarla hüceyrədən mayalanan sadəcə bir hüceyrədən yaradan Allah, öldürdükdən sonra təkrar diriltməyə qadir deyilmi?!

Ölümdən sonra baş verəcək hadisələr Quranda qısaca belə bildirilir. Allah qiyaməti qopardacaq, bütün insanlar öləcək, dünya dağıdılacaq, ikinci dəfə sura üfürüldükdən sonra, insanlar yenidən dirildiləcək, haqq-hesab başlayacaq və insanlar bu hesaba görə əbədi olaraq cənnətə və ya cəhənnəmə gedəcək. Bu həqiqətləri tam anlamaq üçün Quranda yer alan qiyamət və axirətlə əlaqəli hissələri oxumaq lazımdır. Allahu Təala Qiyamət surəsində buyurur:

   Məgər insan elə güman edir ki, (qiyamət günü) onun sümüklərini bir yerə yığa bilməyəcəyik?! Bəli, Biz onun barmaqlarını da (barmaq sümüklərini də, barmaqlarının uclarını da) düzəltməyə qadirik! Lakin insan (bundan sonra da) önündəkini (qiyaməti) danmaq (pis işlər görmək) istəyər. Və (istehza ilə): “Qiyamət günü nə vaxt olacaqdır?” – deyə soruşar. Göz (heyrətdən) bərələcəyi; Ay tutulacağı; Günəşlə ay birləşəcəyi (hər ikisinin qərbdən çıxacağı, nurunun gedəcəyi) zaman – Məhz o gün insan: “Qaçıb can qurtarmağa yer haradadır?” – deyəcəkdir. Xeyr, (o gün) heç bir sığınacaq olmayacaqdır! O gün (ey insan!) duracaq (pənah aparılacaq) yer ancaq Rəbbinin hüzurudur! O gün insana öncə etdiyi və sonraya qoyduğu nə varsa (sağlığında dünyada gördüyü işlər və öləndən sonra qoyub getdiyi yaxşı, pis nə varsa, hamısı) xəbər veriləcəkdir! Xeyr, xeyr! Siz tez keçib gedəni (fani dünyanı) sevirsiniz. Axirəti isə tərk edirsiniz. O gün neçə-neçə üzlər sevinib güləcək, O gün neçə-neçə üzlər tutulub qaralacaq, (Sahiblərinin) bel sümüklərinin (dəhşətli bir əzabla) qırılacağını anlayacaqdır! Xeyr, (can) boğaza (körpücük sümüklərinə) gəlib yetişəcəyi, “(Onu bu bəladan) kim xilas edə bilər?” – deyiləcəyi, (Can üstə olan kimsə) ayrılıq dəminin gəlib çatdığını anlayacağı, Və (ölüm qorxusundan) qıçı-qıçına dolaşacağı zaman, Aparılacağı yer Rəbbinin hüzuru olacaqdır (ey insan)! Beləliklə, o (kafir Əbu Cəhl) nə (Quranı) təsdiq etdi, nə də namaz qıldı. Amma (Allah kəlamını) yalan saydı, (ondan) üz döndərdi. Sonra da özünü darta-darta ailəsinin yanına getdi. Vay sənin halına, vay! Yenə də vay sənin halına, vay! Məgər insan elə güman edir ki, o, başlı-başına (cəzasız) buraxılacaq?! Məgər o tökülən bir qətrə nütfə deyildimi?! Sonra laxtalanmış qan oldu və (Allah) onu yaradıb surət verdi (insan şəklinə saldı). Sonra da ondan biri kişi, biri qadın olmaqla iki cift (həmtay) yaratdı. Elə isə O Allah ölüləri diriltməyə qadir deyildirmi?!Qiyamə, 75/3-40.

Allah-Təala Rum surəsində belə buyurur:

   (Ya Rəsulum!) Sən Allahın rəhmətinin (yağışının) əsər-əlamətinə bax ki, torpağı öldükdən sonra necə dirildir. Doğrudan da, O, ölüləri dirildəndir. O (Allah) hər şeyə qadirdir!.Rum, 30/50.

Bu məqalə Ömər Mənsuroğlunun “Həyatın Qayəsi” kitabından alıntıdır

Fikirlərinizi bizimlə bölüşün və yazını paylaşmağı unutmayın.

Bu mövzuda fikirlərinizi bizimlə bölüşün