Gənc Muslim

Namaza qalx!

“Ey (libasına) örtünüb bürünən!

Bir qismi xaric, gecə (namaz üçün) qalx!

(Gecənin) yarısı qədər (namaz qıl) və ya bundan (yarısından) bir az azalt yaxud onu artır (sərbəstsən), Qur`anı da aramla (ağır-ağır) oxu!

Çünki biz, sənin üzərinə ağır bir söz (Qur`an) buraxacağıq (vəhy edəcəyik)!

Şübhəsiz ki gecə qalxmaq, (Qur`anı anlamaqda qəlbə) olduqca uyğun və qiraətə daha əlverişlidir.

Çünki sənin üçün gündüz vaxtında, uzun bir məşğuliyyət vardır.

O halda Rəbbinin adını zikr et və hər şeydən əlaqə(ni) kəsərək O`na yönəl!

(O,) şərqin də, qərbin də Rəbbidir; Ondan başqa heç bir ilah yoxdur; O halda (özünə, yalnız) Onu vəkil tut!

Həm (o müşriklərin) dediklərinə səbr et və onları gözəl bir tərzlə tərk et!

Yalan sayan var-dövlət sahiblərini (rifah sahibləri, zövqünə düşkün kimsələr) mənə burax və möhlət ver onlara bir az !   (Muzzəmmil surəsi, 1-11)

Müzzəmmil– ertəsi günün qiyamını (namaz qiyamı), ayaqlanmalarını, ayaqda qalmalarını, aktivliyi, fəallığı doğrultmaq üçün, şəxsi və sosial qiyamın uğuru üçün gecədən qalxmaqdır. Oxumaq üçün qalxmaq.

Atıb üstündən laqeydliyi. Sıyrılıb nadanlıqdan. Tullayıb şüursuzluğun qalın və yuxuya verən yorğanını. Gözəl bir gün üçün gecədən qalxmaqdır. Gecəni ayağa qaldırmaqdır. Kitabı oxumaqdır. Tərtil ilə! Ağır ağır. Düşünə düşünə. Hiss edərək. Anlayaraq. Əql edərək. Dərk edərək. Həzm edərək. Necə bir həyat yaşayacağını qərar verərək. Ertəsi gün küçəyə, bazara, işə-gücə çıxdığı zaman qarşılaşdığı laqeydlik örtülərini, özündə varsa, özündən və cəmiyyətinin üstündən necə çəkib atacağını, həqiqəti ifadə etmək, həqiqətə sahib çıxmaq, yaşanılması üçün səy göstərmək gərəkən məsələlərdə utancaqlıq örtüyündən sıyrılma yollarını hesablayaraq.

Səni həyatın mənasından ayıran nə qədər basqı varsa, nə qədər yanlış düşüncə, vərdiş varsa hamısından sıyrıl! Səni o baharlardan saxlayan qalın və ağır yorğanların nədirsə, at üstündən. Keçmişindən. Gələnəyindən. Günündən. Gələcəyindən.

Qalx və az da olsa oxu!

Asanına gələni oxu!

Asanlaşdırmaq üçün həyatını. Elmlən. Şüurlan. Rahat olmaq üçün bir az rahatsız ol gecələri. Qalx!

Ey örtüyə bürünərək tənbəllik döşəyində, qəflət yuxusunda yatmış Nəfsim. Bu müraciət, ucalar ucası Allahın əmridir. Qalx, səni gözləyən böyük vəzifə üçün, sənin tərəfindən üstlənmək üçün hazırlanan ağır yükün altına girmək üçün ayağa qalx. Çalışmaq, yorulmaq, sıxıntı çəkmək və əziyyətlərə dözmək üçün ayağa qalx. Qalx, yuxu və istirahət vaxtı geridə qaldı. Qalx, bu vəzifə üçün hazırlan, onun tələb etdiyi təlim-tərbiyədən keç.

Bu əmr möminləri sakit evinin, isti yuvasının yumşaq yatağından çəkib çıxararaq iman və təslimiyyət imtahanının ağır dalğalarının ortasına, vicdanlardakı və praktik həyatdakı hərəkətverici boğuşmaların arasına atan böyük bir göstərişdir.

Sırf özü üçün yaşayan insan huzur içində yaşaya bilər. Amma cılız olaraq yaşayar və cılız olaraq ölər. Belə ağır bir yükü üstlənən böyük adama gəlincə, yuxu, rahatlıq, isti yataq, sakit həyat və könül oxşayan rahatlıq onun nəyinə. Peyğəmbərimiz işin iç üzünü anlamış, gerçəyi fərq etmişdi. Bu üzdən xanımı Xədicənin Onun həyəcanını sakitləşdirməsi və yatması yolundakı təklifinə “Ey Xədicə, yuxu zamanı geridə qaldı” deyə cavab verdi. O gündən etibarən Peyğəmbərimizə yalnız yuxusuz gecələr, yorğunluqlar, uzun və çətinliklərlə dolu bir cihad vəzifəsi gözləyirdi. Bəli, Peyğəmbərimizin ümməti olaraq, Onun izi ilə getməklə əmr olunduğumuza görə yuxu dövrü bir daha geri gəlməmək üzrə həqiqətən geridə qalmışdır. İş üçün səhərlər tez durub, dərs üçün gecələr yatmadığımız günlər artıq İslam üçün gəlməlidir.

Namza üçün qalx, ibadət üçün, Allahın əmrlərinə itaət üçün, haqqı yayıb zülmü əngəlləmək üçün qalx, İslamın doğru anlaşılmasını əngəlləyən maneələri məhv etmək üçün qalx, insanları nəfslərinə və insanlara qulluğa təhrik edənləri aradan qaldırmaq üçün qalx.

Bu ayətlərdə möminləri böyük vəzifəyə hazırlayan, vasitələri ilahi qaynaqlı olan və nəticə verməsi zəmanət altında olan bir təlim-tərbiyə proqramı ilə qarşılaşırıq. Bu proqramın əsas maddəsi gecə yuxusunu bölərək qalxmaqdır. Üst sərhədi gecənin yarısından çox və üçdə ikisindən az bir müddətdir. Alt sərhədi isə gecənin üçdə birlik hissəsidir. Gecənin bu saatlarında namaz qıllnacaq və ağır-ağır Qur`an oxunulacaqdır.

Müsəlmanların zəyiflədiyi, kafirlərin idarəsi və gücü altında qaldığı günümüzdə biz Müsəlmanlar ilk olaraq dinimizə yönəlməli, zəfərin və izzətin sadəcə Allahın əmrlərinə itaətdə olduğunu bir ana da olsun unutmamalı, bu hallara düşməyimizin səbəbini Allahın əmrlərindən uzaqlaşmaqda axtarmalıyıq.

Biz müsəlmanların çiyinlərində Qüds kimi bir məsuliyyət var. Və biz bunu necə qaldırcağımızı düşünürük. Öz Rəsuluna ağır yüklərdən öncə gecələri qalxıb namaz qılmağı və namazda tərtil ilə, aram-aram, anlayaraq Qur`an oxumağı əmr edir Allah. Məqsəd bu ağır yükləri qaldıra bilməyə hazırlaşmaqdır.

Bəli nəfsə böyük zərbədir gecə Allah üçün qalxmaq. Bizim ən böyük, təhlükəli düşmənimiz nəfsimiz deyilmi. Gecələr onu məğlub etməliyik. Bədrdəki cihaddan daha çətindir nəfslə cihad. Qüds cihadında ölsək şəhid, qalsaq qazi olardıq, amma nəfslə cihadda məğlub olsaq zəlil, qalib gəlsək əziz olacağıq.

(8) O halda Rəbbinin adını zikr et və hər şeydən əlaqə(ni) kəsərək O`na yönəl! Ağır yüklərə hazırlaşmaq üçün gecə qalx və tərtil ilə Qur`an oxu və Rəbbinin adını an. Gecə və gündüz onu an. “Sübhanallah “,” Lailahə illəllah” “Allahu Əkbər” demək, Allahı təqdis etmək, namaz qılmaq, Qur`an oxumaq, elm öyrətmək, Allah üçün nəsihət verib yol göstərmək kimi Rasulullahın (s.a.v) gecə və gündüz bütün saatlarında məşğul olduğu şeylər buna daxildir. “Tam mənası ilə ona yönəl” Özünü hər şeydən çəkərək Rəbbinə çəkil, səmimi bir şəkildə onun əmr və itaəti ilə məşğul ol. İçində üzdüyün dünya məşğuliyyətləri, məqsəd və əlaqəsi könlünü heç vaxt işğal etməsin.

Təbəttul,تَبَتَّلْا lüğətdə, kəsmək deməkdir. Belə ki, hər şeylə əlaqəsini kəsib Allaha ibadət etdiyi üçün Həzrət Məryəmə “bətül” deyilmişdir. Kişilərə qarşı istək və arzu duymayan qadına da bətül deyilir.

Təbtil, تَبْت۪يل yaxşıca və tamamilə kəsmək; Təbəttül isə çalışaraq kəsilib çəkilməkdir. Razi belə deyir: Belə ki, əsl məqsəd, hər şeydən kəsib Allaha dönməkdir. Təbtildə isə, Allaha yönəlmək üçün bir iş görmək mənası var. Bir işlə məşğul olan özünü tamamən Allaha vermiş olmaz. Çünki Allahdan başqasıyla məşğul olan, Allah üçün hər şeydən əlaqəsini kəsmiş olmaz. Amma “təbəttül”ün yəni Allaha çəkilmənin meydana gəlməsi üçün də öncə “təbtil” yəni özünü hər şeydən çəkmək lazımdır. Necə ki, bir ayədə, “Uğrumuzda cihad edənlərə gəlincə, əlbəttə, biz onları öz yollarımızı hidayət edərik” . (Ənkəbut, 29/69) buyurulmuşdur. Onun üçün, uca Allah əvvəlcə əsl qayə olan “Allaha yönəlmə”ni, sonra da onun şərti olan “bu iş üçün çalışmağı” zikr etmişdir.

“Rabbinin adını zikr et və ona yönəl” deyilmək vasitəsilə zikrin və yönəlməyin Rəbb adına bağlanması da əvvəl, yaradılanlardan və qullardan əlaqəni kəsib uca Allahın ilahlıq hökmlərini, öz içimizdəki və çölümüzdəki idarə şəklini və təsərrüfatındakı sirləri düşünməyə dalmaq; İkinci olaraq da işdən o işi görənə, hökmdən o hökmü verənə nəfsi təslim etmək mənasına işarədir.

(9)Şərqin də, qərbin də, Qüdsün də Rəbbi Allahdır. Ondan başqa heç bir ilah yoxdur. Onun istədikləri olacaq. O halda sadəcə Onu vəkil edək özümüzə. Hansısa dövlət və ya təşkilatların önündə boş-boşuna əyilməyək.

(10)Və dediklərinə səbr et və onları gözəl bir tərzlə tərk et! Onlara qarşı daşla, dəmirlə, vurmaqla, dağıtmaqla qarşılıq vermə. Hər kəs sənin əlindən və dilindən əmində bilsin özünü. Hər kəsin gözü biz müsəlmanlardadır bu gün. Etdiyimiz hər hərəkət diqqət mərkəzindədir. O halda İslamı yaşayıb təbliğ etməyin əsil vaxtıdır. Bəşəriyyətə nümunə olamaq, Peyğəmbər əxlaqını nümayiş etdirmək üçün bundan daha əlverişli fürsət yoxdu.

(11) Və yalan sayan var-dövlət sahiblərini (rifah sahibləri, zövqünə düşkün kimsələr) mənə burax və möhlət ver onlara bir az ! Bəli, bizim hərəmimizə əl uzadanları Hərəmin Rəbbinə həvalə edirik.

Bu mövzuda fikirlərinizi bizimlə bölüşün