Gənc Muslim

Müsəlmanların problemi-İxtilaf və parçalanma

Bugün müsəlmanlar zəif və gücsüzdürlər. Müsəlmanların zəifləməsinin əsas səbəbi parçalanmadır.  Allah azzə və cəllə “Ənfal” surəsində belə buyurur:

“Allah və Onun Peyğəmbərinə itaət edin. Bir-birinizlə çəkişməyin, yoxsa qorxub zəifləyər və gücdən düşərsiniz. Səbr edin, çünki Allah səbr edənlərlədir!”[1]

Bu ayədəki ifadəyə diqqət çəkmək istəyirəm: “Bir-birinizlə çəkişməyin, yoxsa qorxub zəifləyər və gücdən düşərsiniz”. Bu gün İslam ümmətini ən çox zəiflədən daxili parçalanmalardır. Parçalanmanın ümmətə necə bir zərbə vurduğu İslam tarixindən də məlumdur. Bugün də bunun ağır nəticələrini yaşayırıq.

Əslində insanların fərqli düşüncələrdə olması normaldır. Axı hər insan fərqli dünya görüşünə sahibdir və fərqli düşünə bilər. Əsas mələsə odur ki, fərqli düşüncələr ixtilaf, parçalanma və düşmənçiliyə gətirib çıxarmasın. Müəyyən məsələlərdə fərqli düşünsək belə ümumi dəyərlər ətrafında birləşməyi bacarmalıyıq. Axı bütün müsəlmanlar Rəbb olaraq Allahın varlığına və birliyinə, din olaraq İslama, kitab olaraq Qurani-Kərimə, Peyğəmbər olaraq da Həzrəti Muhammədə iman edirlər. Müsəlmanları qardaş edən də məhz bunlardır. Allah azzə və cəllə “Ali İmran” surəsində belə buyurur:

“Hamılıqla Allahın ipinə (dininə, Qurana) möhkəm sarılın və (firqələrə bölünüb bir-birinizdən) ayrılmayın! Allahın sizə verdiyi nemətini xatırlayın ki, siz bir-birinizə düşmən ikən, O sizin qəlblərinizi (islam ilə) birləşdirdi və Onun neməti sayəsində bir-birinizlə qardaş oldunuz. Siz oddan olan bir uçurumun kənarında ikən O sizi oradan xilas etdi. Allah Öz ayələrini sizin üçün bu şəkildə aydınlaşdırır ki, haqq yola yönəlmiş olasınız!”[2]

Ümmətin birliyini qorumaq üçün qardaşlığı gücləndirmək lazımdır. Allah azzə və cəllə “Hucurat” surəsində belə buyurur:

“Həqiqətən, möminlər qardaşdırlar. Buna görə də (aralarında bir mübahisə düşsə) iki qardaşınızın arasını düzəldin və Allahdan qorxun ki, bəlkə, rəhm olunasınız![3]

Bu ayədə Rəbbimiz iman edənlərin qardaş olduğunu bildirir. İrqindən, millətindən, dilindən, rəngindən asılı olmayaraq bütün möminlər qardaşdır. Çünki onlar ortaq dəyərlərə inanırlar. Onları qardaş edən də məhz budur. Yəni möminləri birləşdirən dəyər imandır. Onların əqidələri İslam, məqsədləri Allaha qul olub Onun razılığını qazanmaqdır. Dünyanın harasında olur-olsun möminlər bir bədənin orqanları kimidirlər. Necə ki, Rəsulullah sallallahu aleyhi və səlləm bir hədisində belə buyurur:

Möminlər bir-birini sevmək, qarşılıqlı şəfqət və mərhəmət göstərmək və bir-birini qorumaq məsələsində bir bədənin fəaliyyəti kimidir. Necə ki bədənin bir üzvü xəstə olanda digər orqanlar yuxusuzluq və vücudun hərarətini yüksəltməklə onun dərdinə şərik olurlar”.[4]

Biz də bu qardaşlığı təmin etməyə çalışmalıyıq. Ancaq bu təqdirdə ümmətin birliyindən söhbət gedə bilər və ümmət itirdiyi izzəti yenidən qazanar. İslam öndərlərindən birinin dediyi kimi: “Biz müsəlmanlar əsla düşmənlərə məğlub olmarıq. Biz aramızdakı ixtilaflara məğlub olarıq.” Həqiqətən də çox gözəl sözdür. Öz aralarında ixtilaf edən və xarici təhlükələrə qarşı birləşməyən toplumlar zillətdə qalmağa məhkumdur. Yəni dostları ilə problemi olanlar düşmənlərinə vaxt tapmazlar. Rəsulullah sallallahu aleyhi vəsəlləm Mədinəyə hicrət edəndən sonra ilk olaraq  mühacir və ənsarı qardaş elan etmişdi. Çünki sağlam bir İslam cəmiyyətinin yolu qardaşlıqdan keçir.

Müsəlmanların birliyinin yenidən əhya etmək üçün əvvəlcə parçalanmaya səbəb olan amilləri bilmək lazımdır. Bunların çoxu nəfsani səbəblərdir. Nəfsani səbəblərin başında bəzi “öndərlərin” öz şəxsi maraqlarını ümmətin maraqlarında üstün tutması gəlir. Buna “işin əhli olmadığı halda lider, başçı olmaq istəyi” və ya “başqasının gəmisində olub qurtulmaqdansa, öz qayığında olub dənizdə batmağı üstün tutmaq” da deyə bilərik. Bu çox ciddi səbəbdir. Çünki bir çox insan öndərlərin göstərdiyi yol ilə gedir ki, bu da ümmətin çoxunu təşkil edir. Cəmiyyətə yön verən şəxslər öz marağını hər şeydən üstün tutsa, öz liderliyi qorumaq üçün digər İslami camaat və liderlərini gözü götürməsə, bu parçalanmağın ən önəmli səbəbi olar. Əfsus ki, “liderlik” həvəsi hələ İslamın ilk dövrlərindən ümmətin parçalanmasına gətirib çıxarmışdır. İslam tarixinin müxtəlif dövrlərində müsəlmanlar bu problemlə üzləşmişlər.

Bu problemin həlli üçün qısaca bunları deyə bilərəm. Müsəlmanlar camaat öndəri, məscid imamı və ya özlərinə sözü keçən digər insanları müəyyən “səmimiyyət testi”ndən keçirə bilərlər. Yəni həmin şəxsin həqiqətən dediklərində səmimi olub-olmadığını müəyyən etmək üçün müəyyən meyarlar qoya bilərlər. Bunu müəyyən etmək təbii ki, bir az çətindir. Üstəlik nəticə tam olmaya bilər. Ancaq effektiv nəticələr əldə etmək də mümkündür. Məsələn, insanın dedikləri ilə özünün əməl edib-etmədiyini baxmaq olar. Yəni müsəlmanlara sözü keçən insanın özünün dedikləri ilə nə qədər əməl etdiyinə baxmaq lazımdır. Bu, çox önəmlidir. Allah-Təala “Bəqərə” surəsində İsrail oğullarının bir xüsusiyyətini bizə çatdırır. Əfsus ki, müsəlmanlarda da bu problem kifayət qədər var:

“Siz insanlara yaxşı işlər görmələrini əmr etdiyiniz halda, özünüzü unudursunuz? Halbuki özünüz kitab oxuyursunuz. Məgər (çirkin əməllərinizi) başa düşmürsünüz?”[5]

Bu ayədə Allah-Təala insanları xeyirə çağırdığı halda özü əməl etməyənləri qınayır. Bu səmimiyyəti təsbit üçün çox önəmlidir. Başqa bir meyar isə, öndər olacaq şəxsin danışıqları və hərəkətləri ilə müsəlmanların birləşməsinə xidmət etməsidir. Yəni baxmaq lazımdır ki, onun rəftarı müsəlmanların birləşməsinə yoxsa ayrılmasına xidmət edir. Onun söhbətlərindən və yazılarından təsirlənən müsəlmanlar digər qardaşlarına nifrət edirlərsə, deməli həmin şəxs bilərək və ya bilməyərək müsəlmanların parçalanmasına səbəb olur.

Unutmamaq lazımdır ki, birlik üçün yüzlərlə səbəb var. Ancaq təfərrüat olan bəzi məsələlərlə parçalanmağa səbəb olanlar sahib olduqları məqamlardan uzaqlaşdırılmalıdır. Liderdə hansı xüsusiyyətlərin olması geniş mövzudur. Qısaca belə deyə bilərəm: Allah Rəsulunun sallallahu aleyhi və səlləm həyatını yaxşı öyrənib, həmin ölçüləri öndərlərə tətbiq edə bilərik.

Ədavət etmək istəyirsənsə, qəlbindəki ədavət ədavət et, onu  aradan qaldırmağa çalış. Həm ən çox sənə zərər verən nəfs-i əmmarənə və həva-i nəfsinə ədavət et, islahına çalış. O zərərli nəfsin xətiri üçün möminlərə ədavət etmə. Əgər düşmənlik etmək istəsən, kafirlər, zındıqlar çoxdur, onlara ədavət et. Bəli, necə ki məhəbbət sifəti məhəbbətə layiqdir. Elə də, ədavət xisləti, hər şeydən əvvəl özü ədavət layiqdir.

Əgər rəqibini məğlub etmək istəsən, pisliyinə qarşı yaxşılıqla cavab ver. Çünki, əgər pisliklə qarşılıq versən, düşmənlik artar. Zahirən məğlub belə olsa, qəlbən kin bağlayar, ədavəti davam edər. Əgər yaxşılıqla cavab versən, peşmançılıq çəkər, sənə dost olar.

Kin və ədavət əhli həm nəfsinə, həm mömin qardaşına, həm İlahi rəhmətə zülm edər, təcavüz edər. Çünki, kin və ədavətlə nəfsini ağır bir əzabda saxlayar. Düşməninə gələn nemətlərdən əzabı və düşmənin qorxusundan gələn ələmi, qüssəni nəfsinə çəkdirər, nəfsinə zülm edər.

Əgər ədavət həsəddən gəlsə, o bütünlüklə əzabdır. Çünki, həsəd əvvəla hasidi (həsəd edəni) əzər, məhv edər, yandırar. Mahsud (həsəd olunan) haqqında zərəri ya azdır və ya yoxdur.

Həsədin çarəsi: Hasid adam, həsəd etdiyi şeylərin aqibətini düşünsün. Ta anlasın ki, rəqibində olan dünyəvi gözəllik və qüvvət və mərtəbə və sərvət fanidir, müvəqqətidir. Faydası az, zəhməti çoxdur. Üxrəvi məziyyətlərdə isə, onsuz da onlarda həsəd ola bilməz. Əgər onlarda belə həsəd etsə, ya özü riyakardır; axirət malını dünyada məhv etmək istəyir. Və yaxud mahsudu yəni qarşı tərəfi riyakar zənn edər, haqsızlıq edər, zülm edər.

Həmçinin ona (rəqibinə) gələn müsibətlərdən məmnun və nemətlərdən məhzun olub, qədər və İlahi rəhmətə, onun haqqında etdiyi yaxşılıqlardan dolayı küsər. Sanki qədəri tənqid və rəhmətə etiraz edər. Qədəri tənqid edən, başını daşa vurar, qırar. Rəhmətə etiraz edən, rəhmətdən məhrum qalar.

Görəsən bir gün ədavətə dəyməyən bir şeyə bir il kin və ədavətlə qarşılıq verməyi hansı insaf qəbul edər, pozulmamış hansı vicdana sığar? Halbuki, mömin qardaşından sənə gələn bir pisliyi bütünlüklə ona verib onu məhkum edə bilməzsən. Çünki;

Birincisi, qədərin onda bir hissəsi var. Onu çıxarıb, o qədər və qəza hissəsinə qarşı razılıq ilə qarşılıq vermək lazımdır.

İkincisi, nəfs və şeytanın hissəsini də ayırıb, o adama ədavət deyil, bəlkə nəfsinə məğlub olduğu üçün yazığı gəlmək və peşmançılıq keçirəcəyini gözləmək.

Üçüncüsü, sən öz nəfsində görmədiyin və ya görmək istəmədiyin qüsurunu gör, bir hissə də ona ver.

Sonra yerdə qalan kiçik bir hissəyə qarşı, ən salamat və ən tez rəqibini məğlub edəcək əfv və bağışlama ilə və alicənablıqla qarşılıq versən, zülmdən və zərərdən qurtularsan.

Həsəd-ümməti parçalayan nəfsani amillərdən biridir. Həsəd din qardaşına paxıllıq etməkdir. Qibtə və həsəd bir birindən fərqlənir. Paxıllıq və qısqanclıq kimi də xarakterizə edilən “həsəd” bir insanın malik olduğu məziyyət və fəzilətləri, qazandığı nailiyyətləri həzm etməməkdirQibtə isə bir insandakı müsbət xüsusiyyətlərə sevinmək və bunların özündə olmasını arzulamaqdır. Əslində təqva, elm, əxlaq və ədəb cəhətdən özündən üstün qardaşına yaxşı mənada qibtə etmək və ona oxşamağa çalışmaq gözəl xüsusiyyətdir. Ancaq din qardaşına paxıllıq etmək, onu gözü götürməmək müsəlman əxlaqı ilə düz gəlmir.

Təkəbbür də ümməti parçalayan amillərdəndir. Təkəbbür özünü qardaşından üstün görmək, lovğalanmaqdır.

Ümməti birləşdirən səbəblərə gəlincə, əvvəlcə parçalanmaya səbəb olan amilləri ortadan qaldırmaq lazımdır. Bundan əlavə müsəlmanlar arasında qardaşlığın möhkəmlənməsi üçün hədiyyələşmə, yardımlaşma, xəstə ziyarəti kimi yüksək insani və İslami keyfiyyətləri yenidən əhya etmək lazımdır.

Allah-Təala “Hucurat” surəsində möminlər arasındakı qardaşlıq hüququna aid əmr və yasaqları bizə çatdırır:

“Ey iman gətirənlər! Bir topluluq digərini lağa qoymasın. Ola bilsin ki, onlar (lağa qoyulanlar) o birilərindən (lağa qoyanlardan Allah yanında) daha yaxşı olsunlar. Qadınlar da bir-birinə (rişxənd eləməsinlər). Bəlkə, onlar (rişxənd olunanlar) o birilərindən (rişxənd edənlərdən) daha yaxşıdırlar. Bir-birinizə tənə etməyin (ayıb tutmayın) və bir-birinizi pis ləqəblərlə (ey kafir, ey fasiq, ey münafiq və i. a.) çağırmayın. İman gətirdikdən sonra fasiq adını qazanmaq necə də pisdir. Məhz tövbə etməyənlər zalımlardır! (Özlərinə zülm edənlərdir!)

Ey iman gətirənlər! Çox zənnə-gümana qapılmaqdan çəkinin. Şübhəsiz ki, zənnin bəzisi (heç bir əsası olmayan zənn) günahdır. (Bir-birinizin eybini, sirrini) arayıb axtarmayın, bir-birinizin qeybətini qırmayın! Sizdən biriniz ölmüş qardaşının ətini yeməyə razı olarmı?! Bu sizdə ikrah hissi oyadar (qeybət də belədir). Allahdan qorxun. Həqiqətən, Allah tövbələri qəbul edəndir, rəhmlidir!”[6]

Bu ayələrdə çox önəmli xüsuslara toxunulub. Rəsulullah sallallahu aleyhi və səlləmdə hədislərində qardaşlığın önəminə diqqət çəkmişdir. İbn Ömərin radıyallahu anh nəql etdiyinə görə, Peyğəmbərimiz sallallahu aleyhi və səlləm belə buyurmuşdur:

Müsəlman müsəlmanın qardaşıdır; ona haqsızlıq etməz və onu tək qoymaqla təhlükəyə atmaz (onu təhlükə qarşısında köməksiz qoymaz). Allah Müsəlman qardaşının ehtiyacını təmin edən insana yardım edər. Kim bir müsəlmanın bir sıxıntısını həll edərsə, Allah da buna görə həmin adamın Qiyamət günü bir sıxıntısını aradan qaldırar. Kim bir müsəlmanın eyib və qüsurunu örtərsə, Allah da Qiyamət günü həmin adamın eyib və qüsurunu örtər”.[7]

Özünüzə arzu etdiyiniz şeyləri mömin qardaşınıza arzu etmədikcə kamil mənada iman etmiş sayılmazsınız”.[8]

Bir-birinizlə əlaqəni kəsməyin, bir-birinizə nifrət etməyin, bir-birinizə arxa çevirməyin, bir-birinizi paxıllıq etməyin. Ey Allahın qulları qardaş olun. Bir müsəlmanın din qardaşından üz döndərib üç gündən artıq küsülü qalması caiz deyildir. İki küsülü qarşılaşanda biri üzünü o tərəfə, biri bu tərəfə çevirir. Halbuki onların xeyirli olanı birinci salam verib küskünlüyü aradan qaldırandır”.[9]

“Hucurat” surəsində möminlər arasındakı qardaşlığı pozan əsas amillərdən biri kimi qeybət qadağan edilmişdir. Qeybət bir insanın arxasından xoşuna gəlməyən sözlər danışmaqdır. Başqa sözlə özümüzə deyiləndə xoşlanmadığımız bir şeyi qardaşımızın arxasından danışmağımızdır. Əbu Hureyrə  Peyğəmbərimizin belə buyurduğunu nəql edir: “Allah Rəsulu sallallahu aleyhi və səlləm  bizə: “Qeybətin nə olduğunu bilirsiniz?” – deyə sual verdi. Biz də: “Allah və Rəsulu daha yaxşı bilir,” – dedik. Buyurdu: “Qeybət din qardaşın haqqında onun xoşlamadığı sözləri danışmaqdır”. Səhabələr: “Bəs danışdığım xüsusiyyət qardaşımda varsa?” – deyə Ondan soruşdular. Buyurdu:

Əgər danışdığın xüsusiyyət din qardaşında varsa, onsuz da onun qeybətini etmiş sayılırsan. Yox, əgər onda olmayan bir xüsusiyyəti olmuş kimi danışsan, onda da iftira atmış olarsan”.[10]

Möminlər arasındakı qardaşlığın ən gözəl nümunəsi ümmətin ən xeyirliləri olan sahabə nəslidir. Burada onların həyatından sadəcə bir nümunə verəcəm. Məşhur müfəssir Təbəri təfsirində yazır:

“Əbu Hureyrə nəql edir ki, bir nəfər Rəsulullahın sallallahu aleyhi və səlləm yanına gəldi və ona: “Ey Allahın Rəsulu!Yaman acmışam”, − dedi. Rəsulullah zövcələrinə bir adam göndərdi ki, yeməyə nə isə gətirsin. Həmin şəxs əliboş qayıtdı. Rəsulullah: “Bu şəxsi bu gecə evində qonaq etmək istəyən varmı? Allah ona mərhəmət etsin”, − buyurdu. Ənsardan bir nəfər ayağa qalxdı və: “Mən qonaq edərəm ey Allahın Rəsulu”, − dedi və həmin şəxsi evinə apardı. Zövcəsinə: “Bu şəxs Rəsulullahın qonağıdır. Evdə yeməyə nə varsa gətir”, − dedi. Zövcəsi: “Vallahi, evdə uşaqların yeməyindən başqa heçnə yoxdur”, − dedi. Ev sahibi: “Uşaqları ac yatır. Çırağı söndür, biz yeyirmiş kimi edək, yeməyi qonağa verək”, − dedi. Belə etdilər. Ertəsi gün həmin ev sahibi haqqında Rəsulullah belə buyurdu: “Allah filan kişi və qadını təqdir etdi.“Həşr” surəsi 9-cu ayəsi bu hadisə haqqında nazil olmuşdur:

Onlardan (mühacirlərdən) əvvəl (Mədinədə) yurd salmış və (Muhəmməd aleyhissəlama qəlbən) iman gətirirmiş kimsələr (ənsar) öz yanlarına (şəhərlərinə) mühacirət edənləri sevər, onlara verilən qənimətə görə ürəklərində həsəd (qəzəb) duymaz, özləri ehtiyac içində olsalar belə, onları özlərindən üstün tutarlar. (Allah tərəfindən) nəfsinin xəsisliyindən (tamahından) qorunub saxlanılan kimsələr – məhz onlar nicat tapıb səadətə (Cənnətə) qovuşanlardır![11]

Bu hadisə möminlər arasındakı qardaşlığın necə olması gərəkdiyi bizə öyrədir. Ayədə qeyd olunan “özləri ehtiyac içində olsalar belə, onları özlərindən üstün tutarlar” ifadəsi düşündürücüdür. Sonrakı ayədə Rəbbimiz həqiqi möminlərin dualarından birini bizə öyrədir. Qardaşlığın önəmindən söz düşmüşkən bu duanı da qeyd etməkdə fayda var:

Onlardan (mühacirlərdən və ənsarlardan) sonra gələnlər belə deyirlər: “Ey Rəbbimiz! Bizi və bizdən əvvəlki iman gətirmiş (din) qardaşlarımızı bağışla. Bizim qəlblərimizdə iman gətirənlərə qarşı kinə (həsədə) yer vermə. Ey Rəbbimiz! Sən, həqiqətən, şəfqətlisən, mərhəmətlisən!”[12]

[1]Ənfal 46.

[2]Ali İmran 103.

[3]Hucurat 10.

[4]Buxari, Ədəb, 27; Müslim, Birr, 66.

[5]Bəqərə 44.

[6]Hucurat 11-12.

[7]Buxari,Məzalim 3; Müslim, Birr, 58; İbn Macə, Müqəddimə, 17.

[8]Buxari, İman, 7; Müslim, İman, 71.

[9]Buxari, Ədəb, 57, 62.

[10]Müslim, Birr, 70.

[11]Həşr 9 (Təbəri təfsiri).

[12]Həşr 10.

‘Daxili Mühasəbə’ kitabından istifadə olunmuşdur..

Bu mövzuda fikirlərinizi bizimlə bölüşün