Gənc Muslim

Müsəlmanların Muhamməd Əlidən Öyrənəcəyi 5 Heyrətamiz Dərs

Müsəlmanların Muhamməd Əlidən Öyrənəcəyi 5 Heyrətamiz Dərs

Qəsidələr, mədhlər, xatirələr, məşhurlar arasında və mətbuat sahəsində Muhammad Əlinin adının keçməsinin altında bir neçə düşündürücü dərslər var. O dərslər ki, Afro-Amerikan olan Kassius Kleyi Kentukki ştatından, çox nüfüzlu bir çempion və planetin ən çox tanınan və sevilən adlarından biri olan Muhamməd Əli olmağa götürdü. O dərslər ki, qarışıqlıq içərisində olan müsəlman dünyasının ümidə ən çox ehtiyacı olduğu bir zamanda küfrün üzünə vurulan bir zərbə oldu…

Dərs 1: Xəyalgücü, Ön Görüş Və Sezgiyə Sahib Ol

Muhamməd Əli nəyə nail olmaq istədiyini erkən yaşlarından dəqiqliklə bilirdi. Məktəb yoldaşları onun dünya şöhrətli bir çempion olacağını deyirdilər. Hətta qeyri-mümkün kimi göründüyünə baxmayaraq, o artıq sadəcə 1-ci yeri tutmaqla öz məqsədinə doğru ilk addımı atmışdı.

Xəyalgücü və ön görüşə sahib olmadan arzularımıza nail olmaq üçün heç bir ümidimiz olmaz, əvəzində boş bir şeylərə dalıb gedərik, həmişə irəliləmək yerinə yerimizdə sayarıq. Müsəlman dünyasının hədəflərini müəyyənləsdirməyə, ruh yuksəkliyi əldə etməyə və qabiliyyətlərini göz önünə sərmək üçün böyük xəyal gücünə ehtiyacı var.

Dərs 2: Çox Çalış

Hər kəs bilir ki, dünya çempionu olmaq üçün gərgin çalışmaq lazımdır. Bəs 3 dəfədən çox dünya çempionu olmaq və fiziki bacarıqlarının fövqündə, uzun gərgin bir aradan sonra necə? Bunu Muhamməd Əlinin mükəmməl və istisnai bir çalışma əxlaqının olduğunu bilən zaman anlayırsan.

O əlavə paltarlar geyinərək və ayaqlarına əlavə çəkilər bağlayaraq saatlarca məşq edərdi. O fiziki bacarıqlarının limitini aşardı və beləcə davam edərdi…

Müsəlman dünyası gərgin işləməkdən zövq alan millət olub. Biz yeni kəşflər etmək üçün, yeni tikililər inşa etmək üçün, insanlığı ucaltmaq üçün saatlarımızı sərf edərdik. Bu gün biz yer üzərində ən az məhsuldar insanlar arasındayıq. Biz öz çörəyimiz üçün tər axıtma sevgisini yenidən qazanmalıyıq.

Dərs 3: Özünü Və Başqalarını Həvəsləndir.

Keçən əsrdə də bir çox istisnai şəxsiyyətlər olub amma onların çox azı özlərini digərlərindən fərqləndirən sirlərini bölüşüb. Fəqət, Muhamməd Əli daim ruhlandırıcı və motivasiya edici sözlərini hər kəslə bölüşəcək qədər açıq və şəffaf idi.

O boksu xoşlamayan insanları belə ruhlandırırdı, hansı ki öz dilində danışmırdı və öz inancını bölüşmürdü. Bu nəinki heyrətamiz, hətta demək olar ki sehrlidir. Və Peyğəmbərimiz ﷺ belə buyurmuşdur:

Bəlağatda (danışıq sənəti, bədii danışıq üslubu) bir sehr (insana təsir edən qüvvə) var…

[Əbu Davud, Ədəb, 95]

Müsəlman dünyası insanlarla əlaqə qura bilməmək krizindən əziyyət çəkir. Biz İslamın gözəlliyini və onun arxasındakı elmi, irfanı, hikməti göstərmək baxımından özümüzü və inancımızı bir-birimizə və dünyaya ifadə edə bilmirik.

Dərs 4: Öz Xətalarını Qəbul Et

Keçən əsrdə Muhamməd Əlidən daha istehzalı, ironik, daha adı anıla biləcək və daha gözəl sonluğu olan az sayda bir neçə şəxsiyyət var idi, onun məsləhətçisi Malkolm X onlardan biri idi. Dostluqlarının erkən illərində Malkolm Muhammed Əlinin böyük qardaşı kimi idi amma daha sonra Malkolm “İslam Milləti” Təşkilatı ilə əlaqəsini kəsdikdən sonra Əli, adı keçən millətin lideri kimi onu toplumdan kənarlaşdırdı.

Bir gün onlar Qanada bir hotelin yanından keçərkən qarşılaşdılar, Malkolm köhnə dostuna salam verməyə çalışdı amma Əli rədd etdi onu. İllər sonra Əli həqiqi İslamla tanışdığında Malkolm artıq sui qəsd ilə öldürülmüşdü – Əli bu hadisəyə dərindən təəssüf hissi keçirdi:

Malkolmdan üz döndərməyim həyatımda ən çox peşiman olduğum səhvlərimdən biridir. Kaş ona üzr istədiyimi deyə bilərdim, o bir çox mövzuda haqlı idi. Amma mən bu şansı əldə etməzdən əvvəl o öldürülmüşdü. O hamımızın xəyali bir lideridir. 

Muhamməd Əli öz səhvlərini açıq olaraq etiraf edəcək qədər böyük idi. Zülmü və ədalətsizliyi qəbul etdiyimiz çox sahə var lakin Müsəlman dünyasının özlüyündə öz səhvlərinə qarşı açıq və vicdanlı olmağa da ehtiyacı var.

Dərs 5: Şərəf Və Özünə Hörmətin Olsun–Özün Və İnancın Üçün

O adını Kassius Kleydən Muhamməd Əliyə dəyişəndə çox insan onu yeni islami adı ilə çağırmaqdan imtina etdi. Muhamməd sadəcə onların ön yarğılarına təslim olmağı rədd etdi. Məşhur bir boksçu var idi ki, onu Muhamməd Əli deyə çağırmağı rədd edirdi. Onlar rinqdə qarşılaşanda, Əli hər dəfə ona “mənim adım nədir” deyə bağıraraq təslim oluncaya qədər zərbə ardına zərbə yağdırdı.

Adına olan hörməti Hollivudun şöhrət divarında onun şəxsi ulduzu veriləndə bir daha göründü. O təklif etdi ki, onun ulduzu digərləri kimi döşəmənin üzərində deyil, məhz divarda olsun. Ondan səbəbini soruşanda, o, mən razı olmaram ki, mənim Peyğəmbərimin ﷺ adı insanların ayaqları altında olsun.

Şərəf və özünə hörmət bu gün müsəlman dünyasının çox hissələrində çatışmayan bir şeydir. O utanc duymayacaq qədər qara rəngli, bəhanə gətirməyəcək, üzrxahlıq etməyəcək dərəcədə müsəlman və hələ də inanılmaz dərəcədə simpatik, sevimli, xoşagələndir və beləliklə O göstərdi ki, bizim hörmət hətta sevgi qazanmaq üçün öz dəyərlərimizi kölgə altına salmağa ehtiyacımız yoxdur.

Nəticə

Əli həyatının böyük bir qismini “mən ən əzəmətliyəm” deyərək keçirmişdir. O ən çox boşboğaz və özündən razı olaraq tanınırdı amma heç kəs ona qarşı çıxmırdı, çünki o  özünün ən güclü olduğunu hər yerdə və hər zaman sübut edirdi. Nə zaman ki ona, onu zəiflədən xəstəlik olan Parkinson haqqında soruşuldu o, “Bəlkə də bu xəstəlik vasitəsi ilə Allah mənə, ən əzəmətlinin mən yox, Allah olduğunu göstərdi” deyərək, cavab vermişdir.

Muhamməd Əli hər kəs üçün xüsusi bir insan idi lakin Müsəlmanlar üçün o xüsusi dərəcədə ilham verən biri idi. Biz bunu anlamalıyıq ki, böyük bir mədəniyyət nümunəsi kimi, Müsəlmanların da qiymətli, dünyaca məşhur ictimai xadimləri olmuşdur və onlar hər zaman bizə necə bir şəxsiyyət olmalı olduğumuzu xatırlatmışdırlar. Bütün Müsəlman aləmində Əli, öz dərisinin rəngi ilə fəxr edən və həmçinin bütün dünyanın da onunla fəxr etdiyi bir şəxs kimi ayaqda durmuşdur.

O, bütün dünya üçün bir boksçu, əfsanə çempion və bütün zamanların ən yaxşısı olmuşdur. Lakin o, Müsəlmanlar üçün daha qiymətli idi.

O, bizlərdən biri idi.


Bu mәqalә muslimmatters.org saytından alınaraq gencmuslim.net tәrәfindәn tәrcümә edilmişdir.

Mәqalәlәrdәn istifadә edәrkәn saytımızı mәnbә olaraq göstәrmәk vacibdir.

Bu mövzuda fikirlərinizi bizimlə bölüşün