Gənc Muslim

Müsəlman gəncin şəxsiyyət olaraq formalaşması

Hər kəsə bəlli olduğu üzərə hazırda yer üzündə müsəlmanlar çətin bir dönəm keçirirlər. Hər zaman və hər zamandan daha çox hazırkı vəziyyətdə yük olacaq insanlara deyil, yük alacaq insanlara ehtiyac var. İslamın yükünü çiyinlərində daşıyacak bu insanların da əksərən gənclər olması gərəkdiyi də bilinən həqiqətdir. Çünkü İslam Tarixi oxuyanların bildiyi üzərə, Allah Rasulu sallallahu aleyhi və səlləmin dəvətinin ilk dönəmlərində də, İslam tarixinin sonrakı dönəmlərində də əksərən bu yükü gənclər daşımışdır. Təbii ki orta və yaşlı nəsildən olan müsəlmanlar da dinə xidmətlə vəzifəlidirlər. Lakin ümumən insan şəxsiyyətinin formalaşması baxımından gənclik dövrü xüsusi bir önəmə sahibdir. Bu səbəbdən də müsəlman gəncin şəxsiyyət olaraq formalaşması üçün gərəkli gördüyüm bəzi mülahizələri paylaşmaq istəyirəm.
İlk öncə Psixologiyada şəxsiyyət anlayışına qısaca toxunaq. Psixologiyada şəxsiyyət, əhatə etdiyi mənalar baxımından ən geniş qavramlardandır. Şəxsiyyət bir insanın bütün danışıqlarının, hərəkətlərinin, qabiliyyətlərinin, xarici görünüşünün və ətrafıyla münasibətlərinin özəlliklərini əhatə edən bir termindir.
Şəxsiyyətin geniş bir qavram olması, ona çox çeşitli təriflər verilməsinə yol açmışdır. Buna görə də psixoloqların üzərində ittifaq etdikləri bir şəxsiyyət tərifi yoxdur. Bu günə qədər verilən təriflərdə şəxsiyyət, bir insanı başqalarından ayıran fiziki və zehni özəllikləri olaraq dəyərləndirilmişdir. Yəni insanı başqalarından ayıran, fərqli qılan duyğu, davranış, bədən, zehin, düşüncə özəlliklərinin bütününə şəxsiyyət deyilir. Fərdin şəxsiyyəti, özündən, ailəsindən, yetişdiyi mühitdən qaynaqlanan müxtəlif səbəblərin birləşməsiylə formalaşır və fərdin özünə xas, digərlərindən fərqli xarakterini müəyyən edər. (Dr.Ali Rıza Aydın, “Çocuğun dini şahsiyyet kazanmasında ailenin önemi”)

“Şəxsiyyət kim olduğuna qərar verməkdir. Şəxsiyyət, insanın var olduğunun ifadəsidir. Özünü necə gördüyünün müəyyən edilməsidir. Fərdin öz fərqliliklərini ortaya qoymasıdır.Şəxsiyyət bütün şərtlərdə sahib olunan özəlliklərin cəmidir. Bir fərdi və ya cəmiyyəti özü edən və ya digərlərindən ayıran xüsusiyyətlərin tamamıdır.”(Ramazan Kayan “Vahyin Gölgesinde Kimlik İnşası” səh 11)

Psixologiyada qeyd edilən normal insani səbəblər öz yerində olmaqla birgə, Müsəlman gəncin şəxsiyyət olaraq formalaşmasında ən önəmli əsas ümumi olaraq İslamın təməl prinsipləridir. Müsəlman gəncin şəxsiyyətini İslam formalaşdırmalıdır. İslami şəxsiyyət vəhy mərkəzli həyat yaşamaqla formalaşır. Vəhyin formalaşdırdığı şəxsiyyət cəmiyyətin islahına talib ola biləcək yetərliliyə sahibdir.
Müsəlman şəxsiyyəti, İslamın zamanlar və məkanlar üstü bağlayıcı həyat düsturları ilə formalaşar. Müsəlman modern dünyada yaşasada şəxsiyyətini modern fəlsəfə və sistemlər üzərində qurmaz. Modern ideologiyalar həyatı sadəcə yaşadığımız dünyadan ibarət gördükləri üçün sadəcə maddə üzərində dayandılar. Bu səbəbdən də insani dəyərlərdən uzaqlaşdılar. Halbuki İslamda həyat axirət mərkəzlidir, bu səbəbdən də İslam üstün dəyərlər toplusudur. İslami şəxsiyyətin təməli Tövhiddir. Müsəlman gənc yalnız Allahın qulu olduğunun şuuru içərisində olmalıdır. Yalnız Allaha qulluq insana azadlıq verər. Çünkü həqiqi azadlıq Allaha qul olmaqdır:

“De: “Mənim namazım da, ibadətim də, həyatım və ölümüm də aləmlərin Rəbbi Allah üçündür!”(Ənam 162)

Allaha qul olmayan hər şeyin qulu olar. Ən başda şeytanın, sonra nəfsinin, şəhvətlərinin, pulun, qadının, ətrafının asılılığında qalar.

“Hüriyyətin mənası, Allahdan başqasına qul olmamaq, böyük niyyətli və böyük düşünür olmaq, nemət qiyməti bilmək, ən böyük nemət olaraq da imanı, sağlamlığı və ana-atanı bilmək, namaz başda olmaqla ibadətlərdə istiqrarlı olmaq, təbii olmaq, təbii qalmaq, başladığını bitimək, ciddi və təvazökar olmaq, dünyaya tapınmamaq amma onu da tərk etməmək, gənçliyin cazibələrinə aldanmamaq, disiplinli olmaq, dünyanı imtahan bilib, imtahanı qazanmaq üçün səbirli olmaqdır…” (Nureddin Yıldız,”Hür Yürekli Genç” s.17)

Fikirlərinizi bizimlə bölüşün və yazını paylaşmağı unutmayın.

Bu mövzuda fikirlərinizi bizimlə bölüşün