Gənc Muslim

Müsəlman camaata fərd olmaq

Müsəlman camaat

Əziz oxuyucu, “Müsəlman camaat” bizim cəmiyyətdə “Məsciddə namaz qılan insanlar” mənasına gəlir. Namaz ilə camaat kəlməsi iç-içə olan kəlmələrdir. Mənaca bu doğrudur amma bu dar məna ilə kifayətlənməyimiz isə doğru olmaz. Yəni biz namaz ətrafında bir yerdə olmağa camaat deyirik. Xeyr, “Müsəlman camaat” İman ətrafında bir yerdə olmaqdır. İslam, camaat dinidir. Qurani Kərimdə onlarla ayənin “Ey insanlar”, “Ey müsəlmanlar”, “Ey möminlər” deyə başlamasından anlayırıq ki, Allah hüzurunda müsəlman camaat görmək istəyir.

İslam dağbaşı dini deyildir. İslam şəhər dinidir. İslam ancaq bir yerdə – cəmiyyət – şəklində olduqda rahat yaşana biləcək bir dindir. Əziz oxuyucu, bunu bilməlisən ki, fərdi bir şəkildə İslamı yaşamaq istəyənlər ancaq İslamdan xırda parçaları öz həyatında əks etdirə bilərlər. Bizi cəmiyyət ola bilməməkdə, mədəniyyətə sahib ola bilməməkdə ittiham edənlər “Müsəlman camaat” görmədiklərindən bu əsassız fikirdədirlər.

Bu yerdə bütün nöqsanlardan münəzzəh olan Rəbbimiz kafirlərin yer üzərində müvəffəq olmaqlarının sirrini aşağıdakı ayədə belə bəyan edir:

Kafirlər də bir-birinə dostdurlar. Əgər siz də bunu etməsəniz (bir-birinizə yardımçı olmasanız), yer üzündə fitnə və böyük bir fəsad baş verər.
(Ənfal surəsi, 73)

Demək ki, Rəbbimiz Ənfal sürəsində yer üzündəki bu fəsadın və qarışıqlığın səbəbini Camaat olmamaqda görür. Görəsən biz nədə görürük? Bizim bildiyimiz Allahın bilmədiyi (haşa) başqa şeymi var? Kafir ordularına bəddua etməklə bu işlərin düzələcəyini gözləyən müsəlmanlar niyə Qurana müraciət etməkdə bu qədər aciz görünürlər?

Fərd

Bu suallara məqalənin başlığındakı 2-ci məfhuma keçməklə cavab vermək istəyirəm. Camaata “fərd” olmaq. Bəli, çox təəssüflər olsun ki, müsəlmanların ayaqlarının büdrədiyi yer məhz buradır. Nədir Müsəlman camaata “fərd” olmaq? O fərd necə xüsusiyyətlərə malik olmalıdır?

Niyə o “fərdlər” bu qədər çətin tapılır?

Müsəlman camaata fərd olmaq;

1) Yalnız özünü düşünməmək

2) Bütün müsəlmanların dərdi ilə dərdlənmək

3) Hamının Cənnətə girməsi üçün çalışmaqdır.

Dilə asan gələn bu 3 bəndin yükü çox təəssüf ki, bir çox çiyinə ağır gəlib. Biz müsəlmanlar öz ailəmizdə və öz ətrafımızda müsəlman fərd ola bilsək, bu gün əzilmiş tərəf olmarıq. Əgər biz evimizdə dinimizi hər şeyin önünə qoysaq, qonşularımızn, qohumlarımızın, dostlarımızın və ən əsası cəmiyyətin tənqidini bütləşdirməsək, bu gün əzilmiş tərəf olmarıq. Bu cür fərdlərdən əmələ gələn cəmiyyət artıq söz deməyə qadir bir cəmiyyətdir.

Axtardığımız fərdlər içkili məclislərə getməzlər. Getmədikləri üçün tənqidlərdən narahat olmazlar. Tənqidlər bir gün məcbur olub bitəcək. O bitdiyi gün artıq məclislər həmin fərdlərin istədiyi şəkildə olar. Çünki fərdlər artdıqca istər-istəməz bir cəmiyyət formalaşır. Allahın da istədiyi məhz o cür fərdlərdir ki, İslamın bayrağını ancaq onlar daşımalıdır.

O fərdlər artdıqda və cəmiyyəti formalaşdırdıqda artıq müsəlman bacılarımız ali təhsili, gələcəkdəki əri tərəfindən atıldıqda öz başını saxlamaq düşüncəsilə yox, sırf özünü inkişaf etdirmək üçün alacaqlar. Onlar narahat olmayacaqlar ki, evlilik həyatında baş verəcək hər hansı bir faciə zamanı tək və kimsəsiz qalacaq. Artıq o fərdlərdən ibarət cəmiyyət ona xüsusi qayğı göstərərək sahiblənəcək.

O fərdlər artdıqda müsəlman qardaşlarımız öz həyat yoldaşı və azyaşlı uşaqları ilə axşamlar şəhərdə hər hansı bir yerə getdikdə insanların açıq-saçıq geyimindən və hərəkətlərindən utanıb, başını aşağı salmayacaq.

O fərdlər artdıqda… Bizlər əzilmiş tərəf olmayacağıq, əziz oxuyucu.. Salam və dua ilə..


Bu məqalə “Gənc Muslim” komandası tərəfindən hazırlanmışdır.
Saytımızdakı paylaşımlardan yalnız mənbə göstərməklə istifadə edə bilərsiniz.

Bu mövzuda fikirlərinizi bizimlə bölüşün