Gənc Muslim

Mənəvi təkamül yoxsa yerində saymaq?

Nə üçün çox kitab oxusaq da dəyişə bilmirik? Nə üçün mükəmməl inanc-tərbiyə sistemi ilə də düzələ bilmirik?

Hərçənd, İslam aləmi adına utanc verici bir vəziyyətdə – oxuduğumuz ayələrdəki elmi qavraya bilməmək kimi bir dərdə mübtəla olmağımızın fərqində deyilik, səs-küy hələ ki, qulağımıza pıçıltı kimi gəlir, amma uzaqlardakı həqiqət işartıları da tədricən görünməkdədir.

Artıq bizim qavradığımız elmlə, Allahın kitabını başqa dillərdə oxuyan qeyri-müsəlmanların başa düşdüyü yazılar arasında bir fərq qalmamışdır. Quranı eyni dərəcədə anlayır və eyni mühakimələri yürüdürük, yəni, mənadan yox, sətirdən oxuyaraq. Hətta 2-3 əsr əvvəlki müsəlmanların, ruhu ərmiş insanların yazdıqlarına məna verə bilməyərək, məna uydurub calayaraq özümüzə din düzəltmişik. Biz hələ də həyatda ikən “haqqa qovuşmaq istəyənin” ölmək üçün yanıb tutuşduğuna inanırıq. Bu qədər məntiqsiz bir yanaşmanın da məntiqli olduğu qənaətinə gəlmişik – heç sorğulamadan, kamilləşmənin nə olduğunu və necə baş tutmasını izah edə bilməyəcək vəziyyətə düşərək.

Əsas məsələ

Mətləbdən uzaqlaşmadan mənəvi kamilliyə aparan bu piramidanın insanı ibadət və oxumaqdan başqa – ruh, bədən, nəfs, iradə mərhələlərini əhatə edən inkişaf sxeminindən ibarət olduğunu bildirmək olar. Qısaca vurğulamaq lazımdır ki, hər bir amilin özünəməxsus ehtiyacları zamanla ödənilərək insan pilləvari formada mənəvi ucalığa çata bilər. Bunu hansı düstura uyğun edəcəkdir, hansı reseptlə dərdinə dərman arayacaqdır sualının cavabını indilik ənənəvi tərzdə cavablayacağıq – axtararaq, istəyərək…

İçərisindəki ilahi çağırışı (Quran 42/13) qəbul edən insan ruhunun tələbini ödədikdən sonra fiziki varlığı ilə daha təmkinli yaşamağa üz tutur. Ruhun can atdığı bu tələb əslində nədir? Bu tələb həyatda ikən ruhunu Allahın Zatına yönəldərək (Quran 73/8) ona qovuşdurmaq, mənəvi əlaqələr yaratmaq, həyatda ikən öz ruhunu Allahın “bağına” bağlamaqdır. (Quran 13/21),

Ondan feyzlər alaraq, daxilini nura qərq etmiş, tərbiyələnmiş bir şəxs bu ilahi nemətin yardımı ilə günahlara batmış əlini saxlayır. Yalana və boş sözə öyrəşmiş dilini tərbiyə edir və mənəvi gözəlliyi dadmış, sevginin qoxusunu almış biri kimi fiziki varlığı ilə də yaradıcıya təslim olmağa üz tutur. (Quran 3/20) Bir müddət sonra daxilindəki əsl problemi hiss edə bilir və bilir ki, içəridə ona mane olan səsin mənbəyi onun özüdür, onu islah olunmağa meyilli yaradılmış nəfsidir. (Quran, 95/4)  Nəfsini tərbiyə etmiş insan (Quran 35/18), əlbəttə, sonralar iradəsini də aşaraq mənəvi təkamülünü tamamlaya bilər. (Quran, 66/8)

Yəni, insanın bilinən fiziki təbiətindən başqa daha böyük istedadlarını olduğu üzə çıxacaqdır. İstər elmi, istərsə bir sıra mühim məsələrdə insan amilinin gerçək mahiyyətini dərk etməklə hədsiz böyük uğurlara imza atmaq olar, yəni bir növ “suda yeriyən, göydə uçan və eyni vaxtda bir neçə yerdə görünən insan” mistikası aşkar edilə bilər. Yaxud da ki bizlərə utopik görünən ideal cəmiyyəti formalaşdırmağın sirri də bəlkə buradadır? Özünü “düzəltmiş, islah etmiş” insanlardan ibarət bir toplum olmağın sirri bundadır? Xoşbəxtlikdən, sevgidən, mərhəmətdən, vicdandan, yaxşılıqdan nəsibini tam almış bir cəmiyyətin yaradılma düsturu bəlkə budur?

Qeyd: Saytdakı paylaşımlardan istifadə edərkən mənbə olaraq gencmuslim.net göstərməyi unutmayın.

Bu mövzuda fikirlərinizi bizimlə bölüşün

Sosial Şəbəkə Səhifələrimiz

Hər gün bir yeni video paylaşdığımız Youtube kanalımıza abunə olmağı unutmayın..

Bundan əlavə bizi İnstagram, Facebook, Whatsapp və digər şəbəkələrdən də izləyə bilərsiz.