Gənc Muslim

Kəbə Haqqında Bilmədiyiniz 10 Şey

KƏBƏ HAQQINDA BİLMƏDİYİNİZ 10 ŞEY

Yer üzündə Məkkə qədər ehtiram edilən, insanların qəlbində xüsusi yeri olan və müqəddəs hesab edilən başqa bir yer yoxdur. İstənilən standartlara əsasən Ərəbistanın Hicaz bölgəsində yerləşən bu dərə Yer kürəsinin ən məşhur yeridir. Günün 24 saatı minlərlə insan əl-Haram ziyarətgahının mərkəzində müqəddəs Kəbə ətrafını əhatəyə alır. Milyonlarla ev onun rəsmi ilə bəzədilir və bir milyard insan hər gün 5 vaxtda üzünü ona tutur.

Kəbə Məkkənin episentridir.

Kub formalı bu tikili bəşəriyyətin bu günə qədər ən tanınmış mülkünün mərkəzindədir; o, qaranın içində gizlənilmiş və sirrlərlə dolu bir aləmdir.

Burada əksər insanın Kəbə haqqında bilmədiyi sadəcə 10 şey vardır:

1. O, kubşəkilli olmalı deyildi

Bəli, qardaşlar və bacılar… Dünyanın ən məşhur Kubu əslində düzbucaqlı formada tikilməyə başlayıb.

Kəbə kub formasında heç vaxt nəzərdə tutulmayıb. Hicr İsmayıl kimi tanınan Evin əsl ölçülərinə yarımdairəvi ərazi daxil idi.

Peyğəmbərə (sallallahu aleyhi və səlləm) vəhy gəlməzdən bir neçə il öncə Kəbə yenidən tikildiyi zaman Qureyş qəbiləsi bu yenidənqurma işlərini yalnız təmiz mənbələrdən gələn gəlirdən istifadə etməklə tamamlamağa razılaşmışdılar. Bu o demək idi ki, bu işə qumar, qarətçilik, fuhuş və digər bu kimi şeylərdən heç bir pul ayırılmayacaqdı. Görün cahil Qureyşlilər pozğun işlərlə necə məşğul idilər ki, bu zəngin şəhər xalqının Kəbəni əvvəlki forma və ölçüsündə tikmək üçün kifayət qədər təmiz pulları yox idi!

Onlar Kəbənin kiçik versiyasını qurdular və əsl ölçüləri saxlamaq üçün palçıqdan kərpic-divar hördülər.

Və baxmayaraq ki, bunun İsmayıl (aleyhissələm) ilə heç bir əlaqəsi yox idi, o “Hicr İsmayıl” adlanırdı.

Həyatının sonlarında Muhamməd Peyğəmbər (sallallahu aleyhi və səlləm) Kəbəni öz orijinal formasında yenidən tikdirmək istəsə də, həyatdan gedişi onun bu arzusunu gerçəkləşdirməsinə mane oldu.

Xəlifə Abdullah ibn Zubeyrin (radiyallahu anhu) dönəmində Kəbə Muhamməd Peyğəmbər (sallallahu aleyhi və səlləm)-in gördüyü şəkildə qalırdı.

2. Qara Daş sınmışdır

Qara Daşın nə üçün gümüşü çərçivədə olması heç sizi düşündürübmü?

Bəziləri deyir ki, Məkkə Abdullah ibn Zubeyrin (radiyallahu anhu) idarəçiliyi altında olduğu zamanlarda Əməvi ordusu onu mühasirəya almış və Qara Daş da məhz Əməvi ordusunun atdığı bir daşla sındırılmışdır.

Lakin çoxluğun qənaətinə görə o, Həcc ayinin batil bir hərəkət olduğunu elan etmiş Bəhreyndən olan Qarmatilər adlı sapıq bir qrup İsmaili firqəsi tərəfindən sındırılmışdır. Onlar məqsədlərinə çatmaq üçün minlərlə hacını öldürüb onların cəsədlərini Zəmzəm quyusunda atmağı planlaşdırmışdılar.

Bütün bunlar azmış kimi, bu şeytan xislətli insanlar Qara Daşı öncə Ərəbistanın Şərqinə və daha sonra İraqa, Kufəyə gətirmişdilər. Abbasi Xəlifəsi onu geri qaytarmağa məcbur edənə kimi Qara Daşı burada girov saxlamışdılar. Onu geri qaytardıqda isə Qara Daş parça –parça dağılmış vəziyyətdə idi və onu bir araya toplamağın yeganə yolu gümüş çərçivə içərisində saxlamaqdı. Bəzi tarixçilərin dediklərinə görə Qara Daşın hələ də bəzi tapılmayan hissələri vardır.

3. İki Kəbə

Kəbənin düz yuxarısındakı səmada onun eynisi də vardır. Bu Kəbədən Quranda və Peyğəmbərin (sallallahu aleyhi və səlləmin) Merac hadisəsini anlatdığı rəvayətdə qeyd edilib:

“Sonra mənə Əl-Beyt-əl-Məmur göstərildi (Allahın evi). Mən Cəbraildən (aleyhissələm) onun haqqında soruşdum və o belə cavab verdi: “Bu, hər gün 70 000 mələyin Allaha ibadət etdiyi və ibadətdən sonra təkrar ibadət üçün bir də heç vaxt geri qayıtmadığı Əl-Beyt-ul-Məmurdur. (lakin ora hər gün yeni mələklər gələr)”

4. İçərisində onu təmir etdirmiş idarəçilərin adlarının həkk olunduğu lövhələr var

Uzun illər Kəbəbin içərisinin necə olması hamını maraqlandırıb. İçərisinə girmək şansı əldə etmiş xoşbəxt insanlardan əldə edilən məlumatlara etibar etmək qənaətbəxş deyildi. Daha sonra belə xoşbəxt insanlardan biri onun içinə kamera ilə daxil olmuş və milyonlar bu titrək görüntüləri izləyə bilmişdi.

İndi Kəbənin içinə mərmər düzülüb və yuxarı divarları yaşıl bir örtük örtür. Divarlara bu Allah evini təmir etdirmiş idarəçilərin adlarının həkk olunduğu lövhələr vurulub. Yer Kürəsində namaz qılmaq üçün istənilən tərəfə yönələ biləcəyin tək yeri, Allah subhənəhu və təalənin evini və bəşəriyyətin ilk ibadət yerini – Kəbəni görmək üçün aşağıdakı videonu izləyin:

5. Əvvəllər onun ətrafında üzə də bilərdiniz

Kəbənin dərənin dibində yerləşməsinin yaratdığı problemlərdən biri də yağış yağarkən onun daşqınlara meyilli olması idi. Bu, Məkkə üçün fövqəladə hal deyildi və daşqından bir neçə gün öncə nəzarət sisteminin, kanalizasiyanın qurulmasına çətinlik yaradan bir səbəb idi. Məkkə günlərlə su ilə əhatəli qalırdı. Bəs bu müsəlmanları Təvafdan məhrum edirdimi? Əlbəttə, yox.

Ətraf ərazilərin müasir nizamlanma sistemləri və daşqının qarşısını alan texnologiyaların quraşdırılması sayəsində biz bir də heç vaxt bu mənzərələrin şahidi olmayacağıq. Yoxsa olacağıq? Aşağıdakı videonu izləyin:

6. O hər kəsin üzünə açıq olub

Son zamanlara qədər Kəbə həftədə iki dəfə ora daxil olub ibadət etmək üçün hər kəsin üzünə açıq idi. Lakin ziyarətçilərin sayının çoxalması və digər səbəblərə görə Kəbə indi yalnız ildə iki dəfə ali mənsəb sahibləri və xüsusi qonaqlar üçün açılır.

Aşağıdakı videoda Kəbə qapılarının açılmasını və minlərlə insanın bu anı necə həyəcanla izlədiklərinin şahidi ola bilərsiniz:

7. Onun açarları yalnız bir ailədə saxlanılır

Muhamməd Peyğəmbərin (sallallahu aleyhi və səlləm) zamanında Həcc ayinlərinin hər biri müxtəlif Qureyş ailələrinin əlində idi. Bu ayinlərdən biri qalmaqla digərlərinin icrasını yerinə yetirənlər dəyişmişdi.

Məkkənin fəthindən sonra Kəbənin açarları Muhamməd Peyğəmbərə (sallallahu aleyhi və səlləm) təqdim edildi, O (sallallahu aleyhi və səlləm) isə bunu özündə saxlamaq əvəzinə, açarları Bəni Şeybə ailəsindən olan Osman ibn Talhaya (radiyallahu anhu) geri qaytardı. Onlar əsrlərlə Kəbə açarlarını özlərində saxlamış bir ailə idilər və Peyğəmbər (sallallahu aleyhi və səlləm) bu işi yenidən onlara həvalə edərək aşağıdakı sözləri söyləmişdir:

“Ey Bəni Talha, Qiyamət gününə qədər açarı götür, səndə qalsın və o səndən zülm və ədalətsizliyə uğramadığın müddətcə alına bilməz.”

Dünyanın ən güclü insanları – Xəlifə, Sultan və Krallar Peyğəmbərin (sallallahu aleyhi və səlləm) bu sözünə tabe olmuşlar və Kəbəyə girmək üçün bu kiçik Məkkə ailəsindən hər zaman icazə almışdırlar.

8. O, çoxrəngli olub

Biz Kəbənin hazırkı qara rənginə o qədər alışmışıq ki, onu başqa heç bir rəngdə təsəvür edə bilmirik. Lakin görünür bu ənənə Abbasilər dönəmindən başlanmışdır (onların evləri qara rəngdə olarmış). Bundan öncə isə Kəbə yaşıl, qırmızı və hətta ağ rənglə də örtülü olmuşdur.

9. Əvvəllər onun iki qapısı və bir pəncərəsi vardı

Əvvəllər Kəbənin biri giriş, digəri çıxış olmaqla iki qapısı var idi. Uzun zaman onun bir tərəfində pəncərə də olub. Hazırkı Kəbənin isə bir qapısı var və pəncərəsi yoxdur.

10. O, bir neçə dəfə yenidən tikilib

Bu gün gördüyümüz Kəbə heç də İbrahim (aleyhissələm) və İsmayıl (aleyhissələm) tərəfindən tikilmiş Kəbə deyil. Zaman keçdikcə istər təbii, istərsə də insanların ucbatından baş vermiş fəlakətərdən sonra onun yenidən tikilməsinə ehtiyac olmuşdur.

Əlbəttə, hamımız bilirik ki, əsas yenidənqurma Muhamməd Peyğəmbərin (sallallahu aleyhi və səlləm) zamanında ona peyğəmbərlik verilməzdən əvvəl olmuşdur. Bu hadisə zamanı Peyğəmbər (sallallahu aleyhi və səlləm) Qara Daşı hər bir qəbilənin qaldıra bilməsi üçün bir parçadan istifadə etməyi təklif etmişdi.

O vaxtdan bəri hər bir neçə əsr keçdikdən sonra orta hesabla bir dəfə əsas yenidənqurma işləri aparılır. Son yeniləmə işləri 1996-cı ildə baş tutdu və hərtərəfli işlər aparıldı: daşların çoxu əvəzedildi, özüllər təkrar gücləndirildi və yeni dam tikildi. Görünür bu bir çox əsrlik son yenidənqurma işləridir, belə ki, müasir texnoligiya bu tikilinin həmişəkindən daha təhlükəsiz və dözümlü olmasını nəzərdə tutub.

Kəbənin tarixi təkcə keçmişimizdən olan maraqlı bir hadisə deyildir. Kəbə harada olursa olsun, bütün müsəlmanları birləşdirən bir yer simvoludur. O, həm də missiyamızı dərk etməyimiz və özümüzə nəticə çıxarmağımız üçün bizi şanlı və şanlı olmayan keçmişimizlə bağlayır. Bu, ən çox ehtiyacında olduğumuz Ümmətin birliyi‘nin simvoludur.

 


Bu məqalə muslimmatters.org saytından götürülərək Gənc Muslim” Komandası tərəfindən tərcümə edilmişdir.

Saytımızdakı paylaşımlardan yalnız mənbə göstərməklə istifadə edə bilərsiniz.

Bu mövzuda fikirlərinizi bizimlə bölüşün