Gənc Muslim

İman nədir?

  İman haqqında qısaca bunları demək olar: İman, Allaha, Mələklərinə, Kitablarına, Peyğəmbərlərinə, Axirət gününə və Qədərə yəni xeyir və şərrin Allahdan olduğuna inanmaqdır. İman həmçinin Allah tərəfindən Hz. Muhammədə səllallahu aleyhi və səlləm endirilən hər şeyi təsdiq etməkdir. Bu əsasları qəbul edib, Allahın varlığını və birliyini və Hz. Muhammədin səllallahu aleyhi və səlləm onun rəsulu olduğuna inanan və qəlbi ilə bunu təsdiq edib, dili ilə iqrar edən müsəlman sayılır. Başqa ifadə ilə iman məhdud qabiliyyətlərlə yaradılan insanın əzəli və əbədi bir varlığa inanmasıdır. İman yalnız Allaha qul olmaqdır. Tək ilaha qulluq, insanı digər varlıqlara kölə olmaqdan qurtarır, insanı ucaldır. İman insanı qaranlıqlardan nura çıxarır:

  Allah (Ona) iman gətirənlərin dostudur, onları zülmətdən çıxarıb işığa tərəf yönəldər. Bəqərə, 2/257

İman həyatı Allahın istədiyi istiqamətdə yaşamaqdır. Allah-Təala Ənam surəsində belə buyurur:

  De: “Mənim namazım da, ibadətim də, həyatım və ölümüm də aləmlərin Rəbbi Allah üçündür! Ənam, 6/162.

İman, insanı dünya həyatının faniliyinə aldanmağa qoymur, axirətin əbədiliyinə yönəldir. Yəni iman edən insan dünyanın fani olduğunu bilir və dünyanın keçiciliyinə aldanmır, dünyada ağac altında dincəlib yoluna davam edən bir yolçu kimi “Allahım həqiqi həyat axirət həyatıdır” – deyərək yaşayar. Bütün yaxşılıqlar imandan, bütün pisliklər də imansızlıqdan qaynaqlanır.

   Bu məqalə Ömər Mənsuroğlunun “Həyatın Qayəsi” kitabından alıntıdır.

Fikirlərinizi bizimlə bölüşün və yazını paylaşmağı unutmayın.

Bu mövzuda fikirlərinizi bizimlə bölüşün