Gənc Muslim

İbrahimlər də, Nəmrudlar da qiyamətə qədər olacaqdır.

Əgər Yusif surəsini oxuyarkən “Yusif əleyhissalamın başına gəlmiş bir hadisəni” oxuyuruqsa, bu, o deməkdir ki, biz Quranı bilmir və başa düşmürük. Yusif əleyhissalamın həyatı keçmişdəki bir hadisə olaraq anlaşılmamalıdır. O, qiyamətə qədər bütün ata-anaların və gənclərin qədəridir.
Necə ki, qulağımız Yusif əleyhissalamın qulağı ilə fiziki baxımdan eynidirsə, insan olaraq qədərlərimiz də oxşardır. O, Misirdə biz öz ölkəmizdə; o, quyuda biz isə kütləvi informasiya vasitələrində hər birimiz imtahan olunuruq. Adlar dəyişir, ancaq Allah və insanın qədəri dəyişmir.
Bu gün eynilə bir Nuh tufanı yaşayırıq. Əgər insanlar Nuh əleyhissalamı yaxşı dərk etsələr, görərlər ki, ssenari və rollar dəyişməmişdir. İbrahim əleyhissalamın oda atılması, atalarımızdan birinin başına gələn bir bəlanın nəql edilməsindən ibarət deyildir. Allah ilə bəndə arasındakı sonu cənnət və ya cəhənnəmlə bitəcək olan imtahanın dünyadakı təcrübələrindən biridir. Qiyamətə qədər bu dünyanın nə İbrahim əleyhissalamı, nə də Nəmrudu bitəcək.
Bəzi müsəlmanlar belə düşünür ki, bu gün gerçək həyatda nümunəsi olmadığı üçün kitabımızın ayələrini, surələrini, kəlmələrini tam şəkildə dərk etmək qeyri-mümkündür. Allah qorusun, hər hansı bir insan bilərək və qəsdən belə düşünsə, onun yaşadığı həyat tərzi mömin üçün xarakterik hesab edilə bilməz. Quranımızın bütün kəlmələri bu gün üçündür. Eynilə dünən üçün olduğu kimi. Və sabah üçün olacağı kimi.
Necə ki, “onsuz namazımız olmaz” deyə Fatihə surəsinə sahib çıxırıqsa, Hud surəsinə də, Nəs surasinə də “başqa cür mömin olaraq yaşaya bilmərik” deyə sahib çıxmalıyıq. Bəs yaxşı, əgər qadın deyiliksə və bizi anamız nəzir deməyibsə və ya Zəkəriyyə əleyhissalamın qohumu deyiliksə, Məryəm surəsindən hansı dərsi ala bilərik? Belə ki, bizi analarımız nəzir etməyibsə də, biz özümüzü Allaha nəzir etməliyik.
Nəfəs alarkən bu həyatın heç bir bölümünü Məryəmdən fərqli yaşamırıq. Məryəm surəsi də hər hikmətini başa düşmürük deyə, bizdən uzaq deyil. Məryəm surəsində Allahın bizdən bəhs etdiyini düşünməliyik.
Qurani-Kərimin məşhur hadisələrindən birinin bəhs edildiyi Kəhf surəsini əksəriyyətimiz bilirik. Əshabi-Kəhf “mağara yoldaşları” mənasındadır.
Həmin bu Kəhf hadisəsini romantik səhnələr olaraq deyil, namazımızdakı Fatihə kimi izah etmək istəyirəm.
Bu gün artıq siyasət, iqtisadiyyat və bütün dünyəvi imkanlar əlimizdə olduğu halda yaşadığımız həyatı hələ də Allahın şəriətinə həsr edə bilməmişiksə, deməli, oturduğumuz saray kimi evlərdə Allahın qanunlarını həyat tərzimizə çevirə bilməmişik. Haqlı olanın bəşəriyyəti ilahlaşdırmağa çalışan azğınlaşmış şeytanların deyil, göylərin və yerin Rəbbi Allah olduğunu dilə gətirə bilmiriksə və ya bizdən əvvəlki nəsil bunu deyə bilməyibsə, bunu demək bizə nəsib olmalıdır.
Necə ki, Əshabi-Kəhf bir mağaraya sığınaraq Ərşə yüksəlmiş və Allah-Təala onları qiyamətə qədər peyğəmbərlərin belə hamısının adının düşmədiyi kitabına surə adı olaraq qoymuş, ucaltmış və bütün gənclərə nümunə etmişsə, bu o deməkdir ki: Ey gənc qardaşlarım və bacılarım! Allah sizə eynilə namazda Fatihəni unutmamağınızı buyurduğu kimi, hər cümə günü on ayəsini oxumağı buyurduğu Kəhf surəsini də unutmamalısınız.
 
Muhəmməd əleyhissalamın ümməti, İsa əleyhissalamın ümmətindən qat-qat bərəkətlidir. Əgər İsa əleyhissalamın ümmətindən elə üç-beş igid çıxmışdısa, Allah bilir ki, İsa əleyhissalam on bir insanla şəriətini yaşaya bilmişdir. Lakin, Muhəmməd əleyhissalam yüz iyirmi min Ənəs bin Malikə dinini əmanət edərək bu dünyadan getdi. Bu ümmətin içindən də igidlər çıxacaqdır və bəlkə “mağaralara” sığınacaqlar.
Bugünkü gənc qardaşlarımız min il də mağarada qalsalar, bunu Qurana əlavə etmək artıq mümkün deyil. Çünki Qurana əlavə bir kəlmə yerləşdirilə bilməz. Bugünkü gənclərimizin bir “Əshabi-Kəhf” olduqlarını özlərindən başqası bilməyəcək və bəlkə də bəndələr bunu inkar edəcəklər. “Gəncliyini xarab etdin” – deyəcəklər. “Sənin tayların cehiz hazırlayarkən sənin bu kitablarla nə işin vardı” deyəcəklər.
Ancaq yerlərin və göylərin Rəbbi olan Allah hər kəsi, təqlid etdiyi və arxasından getdikləri ilə diriltdiyi gün həmin gənclər də diplom, evlilik, iş, moda, kütləvi informasiya vasitələri, eləcə də Allahdan uzaqlaşdıran nə qədər büt və Roma sarayı kimi özünü ilahlaşdıran zülm mərkəzi varsa, onların hamısını yerlə yeksan edən ümməti-Muhəmmədin XXI əsrdəki Əshabi-Kəhfi olacaqlar.
Qiyamət günü hər kəs sevdiyi futbol komandasıyla, internet portalları ilə, sevdiyi artistlərin şəkilləri ilə dirildirilərkən, bu gənclər də, inşallah, üç əsr geyindikləri tozlu-torpaqlı, nimdaş paltarlarla Rəbbimizin hüzuruna peyğəmbərlər, şəhidlər və siddiqlərlə birlikdə gələcək olan Əshabi-Kəhfin övladları, nəvələri və qohumları olaraq orada olacaqlar.
____________
Nürəddin Yıldız/Mağaradan Ərşə kitabından  

Bu mövzuda fikirlərinizi bizimlə bölüşün