Gənc Muslim

Hz. Xədicənin Peyğəmbər sevdası

   Hz. Xədicə (Radiyallahu Anhə) anamız Peyğəmbərimizin ilk həyat yoldaşı idi. Peyğəmbərimizin onunla on beş il nübüvvətdən əvvəl, on il də nübüvvətdən sonra olmaqla düz iyirmi beş il eyni yastığa baş qoymuşdu. Xədicə anamız Peyğəmbərimizin İbrahim adlı oğlundan başqa bütün övladlarının anası idi. O, nübüvvətə ilk iman edib təsdiq etmiş, ilk dəfə Peyğəmbərimizin (Sallallahu Aleyhi və Səlləm) arxasında namaz qılmış, mal-dövlətini, sərvətini, bir sözlə hər şeyini risalət mücadiləsi uğrunda xərcləyərək, o mücadilənin anası olmuşdu. Elə buna görə də biz Xədicə anamıza təkcə övladlarının anası deyil, risalət mücadiləsinin anası gözü ilə baxırıq.

   Xədicə anamızın Peyğəmbərimizə (Sallallahu Aleyhi və Səlləm) olan sevdası ayrı bir sevda idi. O sevdanı bilənlər, digər sevdaları yazmaqdan vaz keçərlər. Onların sevdaları həqiqi sevginin nə demək olduğunu cahana öyrədən bir sevgi idi. O sevgi vəfa, fədakarlıq, mərhəmət, ədəb, sədaqət və bir çox mühüm xislətlərin necə olmasını göstərən bir sevda idi. Yalnız bir nümunə verərək, bu sevginin necə olduğunu anlamağa çalışaq. Qeyd etdiyimiz bu nümunə hələ nübüvvət gəlmədən əvvəl yaşanmış bir hadisədir.

   Hz. Xədicə (Radiyallahu Anh) anamız ilə Peyğəmbərimizin (Sallallahu Aleyhi və Səlləm) evliliklərinin ilk ayları idi. Peyğəmbərimizin əmisi Əbu Talib birdən-birə çox narahat olmağa başlamışdı. Narahatçılığının səbəbi isə bu idi: Xədicə zəngin və əsil-nəcabətli bir xanım, qardaşının oğlu Muhamməd isə yetim və kasıb bir gəncdi. Birdən Xədicə malik olduğu zənginliyə görə özünü qardaşı oğlu Muhamməddən üstün tutarsa?.. Zənginliyin verdiyi qürurla qardaşı oğlu Muhammədi çətin vəziyyətdə qoyarsa?.. Beynindəki bu suallar onu çox narahat edirdi. Əbu Talib heç kimə bu haqda bir söz deməsə də, bu fikirlər onu çox düşündürürdü. Nəhayət Əbu Talib dözmədi və Nəba adlı qadın xidmətçisini yanına çağıraraq ona belə dedi: “Xədicənin evinə get, orada bir müddət qal. Xüsusilə Xədicənin qardaşım oğluna necə davrandığına fikir ver. Sonra da orda gördüklərini gəlib mənə danış.” Nəba verilən tapşırığı yerinə yetirmək üçün Xədicənin evinə getdi. Bir müddət orada qaldı.. Sonra evə qayıtdı. Peyğəmbərimizin əmisi Əbu Talib nə baş verdiyini maraqla xidmətçidən soruşdu. Nəba sözlərinə belə başladı: “Vallahi, əfəndim! Mən belə bir evlilik də, belə bir sevgi də heç vaxt görməmişəm.” Nəba o evdəki ailə üzvlərinin bir-birinə olan məhəbbət və hörmətlərinə heyran olmuşdu… O, gördüklərini anlatmağa davam edirdi: “Xədicə hər dəfə ərinə xitab edərkən “Atam, anam sənə fəda olsun!” deyərək sözə başlayır, evdə Muhammədin bir dediyini iki etmir, xidmətçilərə imkan vermədən öz əlləri ilə ona qulluq edir. Muhamməd isə əlindən gəldiyi qədər ona ev işlərində kömək edir, böyük bir eşq və məhəbbətlə həyat yoldaşı ilə danışırdı.” Nəba o evdə gördüklərini Əbu Talibə bir-bir danışarkən, ixtiyar əminin göz yaşları yanağından süzülürdü. Həm ağlayır ağlayır, həm də şükür edirdi.

  Nübüvvətdən əvvəl yaşanan təkcə bu hadisə belə, Hz. Xədicə (Radiyallahu Anh) anamızın sevdasını anlamaq üçün kifayət etməzmi?!

 

Bu məqalə Muhamməd Əmin İldırımın “Peyğəmbərimizi səhabə kimi sevmək” kitabından alıntıdır.

Fikirlərinizi bizimlə bölüşün və yazını paylaşmağı unutmayın.

Bu mövzuda fikirlərinizi bizimlə bölüşün