Gənc Muslim

Hz.Osmanın Peyğəmbər sevdası

   Hz. Yusif peyğəmbərlər arasında iffət paltarını necə ən yaxşı geyinmiş və qorumuş isə, Hz. Osman (Radiyallahu Anh) da səhabə arasında bu paltarı ən mükəmməl qoruyanların məşhuru idi. O, bu ümmətin Yusifi, həyanın, ədəbin və iffətin abidə şəxsiyyətidir.

  Hz. Osman (Radiyallahu Anh) Məkkənin tanınmış ailələrindən olan Bəni Ümeyyədən idi. Bu ailənin ilk iman edənlərindən olduğu üçün çox böyük çətinliklər çəkmiş, imanı uğrunda min bir bədəl ödəmişdir.

Hz. Osmanın Peyğəmbərimizə (Sallallahu Aleyhi və Səlləm) olan sevdasına gəldikdə isə, yaşadığı uzun və bərəkətli həyatında bizi heyran edən və bizə ibrətli dərslər verən yüzlərlə hadisə ilə qarşılaşırıq. Biz burada bunlardan yalnız ikisini qeyd edəcəyik.

İslami dəvətin səsi Məkkə küçələrində yayılmağa başlamadan bir müddət əvvəl Peyğəmbərimizin əmisi Əbu Ləhəb: “Mənim evimə Muhammədin qızları gəlin olaraq girməlidir.”-demiş, Utbə və Uteybə adlı iki oğluna Ruqiyyə və Ümmü Gülsümü istəmiş, aralarında nişana bənzər bir mərasim olmuş və qızların “hə”si alınmışdı. Təbbət surəsi nazil olub Quranın sərt ifadəsi ilə Əbu Ləhəb və həyat yoldaşı Ümmü Cəmil pisləndikdən, qınandıqdan sonra Əbu Ləhəb çılğına dönmüşdü. O, iki oğluna da nişanı pozmaları üçün tapşırıq vermişdi. Oğulları da atalarının sözünə qulaq asaraq nişanlarını pozmuşdular. Əbu Ləhəb də: “Muhamməd indi gedib iki gənc qızının dərdini çəksin ki, ağlı başına gəlsin.”-deyirdi. İşgəncələrin, təzyiqlərin, tənqidlərin artdığı həmin günlərdə peyğəmbərin evində bir anda xoş olmayan belə bir hadisə olmuşdu. Peyğəmbərimiz və Hz. Xədicə iki qızlarının bu çətin vəziyyətlərinə dözmək məcburiyyətində qalmışdılar. Məhz bu çətin günlərdə ürəyində Hz. Peyğəmbərə qarşı dərin bir məhəbbət bəsləyən Hz. Osman (Radiyallahu Anh) öz-özünə belə düşüncəyə qapılmışdı: “Görəsən, getsəm və Peyğəmbərimizin o qızlarından birini istəsəm, az da olsa o evi bu kədərdən uzaqlaşdırarammı? Görəsən, belə etsəm, Peyğəmbərimizi sevindirə bilərəmmi?”

Hz. Osman ağlındakı bu düşüncələri gedib Peyğəmbərimizə ərz etdikdə Peyğəmbərimiz çox sevinmişdi. Elə həmin anda qızlarından böyük olanı, Ruqiyyəni ona vermiş, Osmanı özünə kürəkən etmişdi. Bu evlilik, o vaxt Məkkədə ən çox danışılan hadisələrdən biri olmuşdu. Günlərlə insanlar və həmin dövrün ictimai rəyinə təsir edən şairlər bu evlilikdən bəhs etmişdilər. Təbii ki, həmin evliliyin bu qədər gündəmə gəlməsi Hz. Osmanı (Radiyallahu Anh) çətin vəziyyətə salmışdı. Məkkənin ən məşhur taciri, bazara çıxmayana qədər alverin başlamadığı ən zəngini və əsil-nəcabətli insanı olan Affanın oğlu Osman, artıq Məkkədə yaşaya bilməyəcək bir vəziyyətə düşmüşdü. Buna görə də nübuvvətin 5-ci ilində həyat yoldaşı Ruqiyyə ilə birlikdə uzaq bir ölkə olan Həbəşistana doğru səfərə çıxmaq məcburiyyətində qalmışdı. Peyğəmbərimiz (Sallallahu Aleyhi və Səlləm) bu mübarək ailəni Həbəşistana yola salarkən göz yaşlarına hakim ola bilməyəcək: “Salam olsun Osmana və onun ailəsinə… Vallahi! Onun ailəsi, Lutdan sonra risalət mübarizəsi uğrunda ailəsi ilə hicrət edən bir iman ailəsidir…”-deyəcəkdi.

Hz. Osman (Radiyallahu Anh) ürəyindəki dərin iman və o imanın verdiyi sonsuz məhəbbət sayəsində çətin hicrət yollarını keçəcək, hər cür sıxıntı və məşəqqətə baxmayaraq düz səkkiz il Həbəşistanda yaşayacaqdı. Mədinəyə qayıdanda isə yanlarında Həbəşistanda dünyaya gələn Abdullah adlı uşaqları ilə birlikdə üç nəfərdən ibarət ailə olaraq dönəcəkdi. Hicrətin ikinci ilində də həyat yoldaşı Ruqiyyəni əbədi aləmə yola salacaqdı. Hz. Osman həyat yoldaşını itirməyin dərin kədərini ürəyində daşıyarkən, Peyğəmbərimizin (Sallallahu Aleyhi və Səlləm) yeni bir müjdəsi ilə az da olsa təskinlik tapacaqdı. Allah Rəsulu digər qızı Ümmü Gülsümü Hz. Osmana verərək, onu Zinnureyn (İki nur sahibi) edəcəkdi. Bu evliliklə Hz. Osman (Radiyallahu Anh) peyğəmbər evinə ikinci dəfə kürəkən olma şərəfini qazanacaqdı. Ancaq bu da çox davam etməyəcək, hicrətin 9-cu ilində Ümmü Gülsüm də vəfat edəcəkdi. Hz. Osmanı təsəlli etmək işi yenə Peyğəmbərimizin üzərinə düşəcək və Ümmü Gülsümün vəfatı ilə sanki həyatı başına yıxılan Hz. Osmana: “Vallahi, on qızım olsaydı və onu da ard-arda vəfat etsəydi, mən onları bir-bir Osmana verərdim.”-deyəcəkdi.

Hz. Osmanın Peyğəmbərimizin (Sallallahu Aleyhi və Səlləm) ürəyindəki yeri məhz belə bir yerdi. Onun həyatındakı peyğəmbər sevdasını bizə nəql edən ikinci nümunə isə Təbuq Qəzvəsi əsnasında ediyi inanılmaz infaqdır. İnfaq nifaqın ən böyük əlacı, imanın aşkar göstəricisidir. Həmçinin infaq bir iddia olan sevginin də ən böyük isbatıdır. Çünki könlün sevməsi, əlin verməsi ilə mümkündür. Quru-quru səni sevirəm demək və sevdiyinin yolunda heç bir fədakarlıq göstərməmək, sevginin yalnız sözdə qalması deməkdir. Ancaq Hz. Osman verərək, infaq edərək, fəda edərək, var-dövləti könlündən çıxardaraq bizə peyğəmbər həqiqi mənada necə sevilməlidirsə, onu göstərmişdir.

Hicrətin 9-cu ili Peyğəmbərimiz (Sallallahu Aleyhi və Səlləm) Təbuq Qəzvəsi üçün hazırlanacaq ordunu silah-sursatla təmin etməyə yardım üçün insanları səfərbər edir. Bir imtahan meydanı olan bu qəzvə məşhur ifadəsi ilə “Ceyşul-Usra (Çətinlik Ordusu)” idi. Yay mövsümünün axırı olduğuna görə hər yerdə məhsul yığımı başlamışdır. Gediləcək yer Mədinədən 780 km uzaqda idi. Qarşılaşacaq düşmən say baxımından çox, həm də güclü orduya sahib idi… Elə buna görə də Peyğəmbərimiz (Sallallahu Aleyhi və Səlləm) də Mədinədən çox güclü bir ordu ilə çıxmaq istəyirdi. 30000 nəfərlik bir ordu nəzərdə tutmuşdu. Ancaq bu qədər böyük ordunu silah-sursatla təchiz etmək elə də asan deyildi. Bu səbəblə Peyğəmbərimiz Mədinədəki hər kəsə müraciət edirdi: “Kim cənnət qarşılığında cətinlik ordusunu təchiz etmək istəyir?!” Peyğəmbərimizin bu dəvətinə baxmayaraq, heç kimdən səs çıxmırdı. Çünki hər kəs, onsuzda əlində olan hər şeyi vermişdi. Münafiqlər isə bu dəvəti sanki heç eşitmirdilər. Peyğəmbərimiz (Sallallahu Aleyhi və Səlləm) məsciddə xütbədə bir daha eyni müraciətlə çıxış etmişdi. Yenə də heç kimdən səs çıxmamışdı. Ancaq utancaqlığı ilə tanınan Hz. Osman (Radiyallahu Anh) ayağa qalxmış və ordunun təchiz olunması üçün infaq etmişdir. Onun hər infaq edişinə Peyğəmbərimiz sevinir, bir də müraciətini təkrar edirdi. Hz. Osman (Radiyallahu Anh) hər müraciətin ardından bir daha infaq edirdi. Elə bir vəziyyət yarandı ki, 30000 nəfərlik ordunun demək olar ki, 10000 əsgəri Hz. Osmanın infaqı ilə döyüşə hazır hala gəldi. Belə olduqda isə, insanlar artıq bu orduya “Ceyşul-Usra (çətinlik ordusu)” deyil, “Ceyşul-Osman (Osmanın ordusu)” deyirdilər. Son sözü isə Peyğəmbərimiz (Sallallahu Aleyhi və Səlləm) deyəcəkdi: “Bu infaqdan sonra Osman nə edərsə etsin, ona heç bir zərər toxunmayacaqdır.”

Peyğəmbərimizin bu sözü nə ifadə edirdi? Mənası belə idi: Hz. Osman elə bir infaq etmişdir ki, varislərinə buraxmadan həyatda ikən günahlarının kəffarəsini öz əlləri ilə vermişdi. Elə böyük bir xeyirxahlığın altına imza atmışdı ki, onun  savabı həmin gündən ölən günə qədər edəcəyi hər nöqsan və xətanın kəffarəsi olacaqdı.

Hz. Osmana (Radiyallahu Anh) bu qədər xeyirxahlığı və burada bizim qeyd edə bilmədiyimiz onlarla təqdirə layiq saleh əməlləri işlədən ən mühüm amil, onun imanının dərinliyi və bu imanın ona qazandırdığı sevginin, məhəbbətin nə qədər böyük olduğudur.

Hz. Osmanın həyatı ilə bizə dediyi söz budur: “Ürəkdə var olduğu iddia edilən sevginin ən böyük isbatı əldə olanları verə bilməkdir. Əldə olanları verə bilməyənlər, nə qədər dildə “səni sevirəm” desələr də, o sevgi, yalnız sözdən ibarət olan bir sevgidir. Sevgi isə təkcə sözdə yox, həm də əməldə olmalıdır. Sevginin əməldə olmasının ən böyük dəlili isə infaqdır.”

 

Bu məqalə Gənc Muslim heyyətinin nəşr etdiyi Muhamməd Əmin İldırımın “Peyğəmbərimizi səhabə kimi sevmək”kitabından alıntıdır.

Fikirlərinizi bizimlə bölüşün və yazını paylaşmağı unutmayın.

Bu mövzuda fikirlərinizi bizimlə bölüşün