Gənc Muslim

Həssas ayarlar arqumenti

1970-cı illərin sonlarında Yaradıcının varlığını isbat etmək üçün teistlər yenidən geniş olaraq teleoloji arqumenti istifadə etməyə başlayıblar. Darvinin təkamül nəzəriyyəsi ərsəyə gəldikdən sonra ateistlər təbiətdə mövcud olan mükəmməl dəqiqliyi bu nəzəriyyə ilə izah edirdilər. Lakin XX əsrin sonunda fiziklər tərəfindən kəşf olunan bir çox qanun, bu arqumentin yenidən güc qazanmasına səbəb oldu.

Teleoloji arqumentin bir növü Kainatın incə köklənilməsi (Fine Tune) arqumentidir. Bu arqumentin əsası odur ki, Kainatın var olması və ya Kainatda qalaktikaların, ulduzların və həyatın mövcud olmasının mümkünlüyü üçün Kainatın bəzi konstantalarının sırf olduqları kimi mövcud olmaları labüddür. Əgər bu konstantalardan biri öz göstəricisindən azacıq fərqli olsa idi, yuxarıda sadaladığımız heç bir şey mövcud olmaz idi.

Frensis Kollinz özünün “The Language of God” adlı kitabında Kainatın kritik sıxlığı konstantası haqqında söhbət açır. Əgər bu konstantanın göstəricisi sadəcə 1/10^15 qədər fərqli olsa idi, Kainat ya dağılacaqdı. Ya da ulduzların formalaşması üçün mümkünsüz olan sürətlə genişlənəcəkdi (1/10^15 = 0.000 000 000 000 001). Bunun sadəcə təsadüf nəticəsində baş verməsinin ehtimalı bir qəpiklər ilə on trilyon manatı götürüb, onlardan sadəcə birini başqa bir rəngə boyayıb, sonra da ilk dəfədən gözübağlı o qəpiyi tapmağın ehtimalına bərabərdir.

Digər bir misal verək: Cazibə qüvvəsi çoxumuza məlum olan cazibə konstantası ilə müəyyənləşdirilir:
G=6.673 x 10-11 m3 kg-1 s-2. Əgər bu konstantanın göstəricisi 1/10^60 qədər fərqli olsaydı, bizlərin mövcudluğu mümkünsüz olardı. Yəni, konstanta G deyil, G + (və ya -) 0.000 000 000 000 000 000 000 000 000 000 000 000 000 000 000 000 000 000 000 001 olsaydı, Kainat olduğu hala gələ bilməzdi. Bu hissənin nə qədər az olduğunu başa düşmək üçün təsəvvür edin ki, müasir “Big Bang” teoriyasına görə, 13,8 milyard il əvvəl yaranmış Kainatın həyatı 10^20 saniyədir.

Başqa bir misal Kosmoloji konstanta ola bilər. Bu konstanta Kainatın genişlənməsini göstərir. Əgər bu konstantanın göstəricisi 1/10^120 qədər fərqli olsaydı, genişlənmə həyatın mümkünsüz olacağı qədər ya sürətli, ya da yavaş olacaqdı. Bir əvvəlki misal ilə müqayisə edildikdə, bu konstantanın nə qədər astronomik dəqiqliklə köklənilməsini anlamaq olar.

Verdiyimiz bu misallar Kainatda var olan və Kainatın olduğu şəkildə mövcudluğu üçün labüd olan konstantaların sadəcə kiçik bir hissəsidir. Şübhəsiz ki, müxtəlif fiziklər bu konstantaları nə qədər dəyişəcəkləri halda həyat üçün yararlı olacaqları haqda fikir ayrılıqlarındadırlar. Lakin, ümumən hər bir konstantanın inanılmaz dərəcədə dəqiq köklənilməsində ixtilaf etmirlər.

İngilis astrofiziki Fred Hoyl deyib:

Faktların sağlam düşüncəli interpretasiyası Superintellektin fizika, kimya və biologiya müdaxilə etdiyini və təbiətdə qeydə dəyər heç bir kör güvvənin olmadığına işarə edir. Faktlardan hesablanılan rəqəmlər o qədər heyrətə salandır ki, (Superentilektin müdaxiləsi) nəticəsindən başqası haqda söhbət belə ola bilməz.(Hoyle, F. The Universe: Past and Present Reflections. Annual Review of Astronomy and Astrophysics: 20:16)

Başqa ingilis astrofiziki Pol Devis deyib:

…Elə bir hiss yaranır ki, Kainatı yaratmaq üçün kimsə təbiətin rəqəmlərini dəqiq kökləndirib. (Kainatın) dizayn olduğu təəssuratı sarsıdıcıdır. (Davies, P. The Cosmic Blueprint: New Discoveries in Nature’s Creative Ability To Order the Universe. New York: Simon and Schuster, p.203.)

Hətta məşhur ateist Stiven Xokinq qeyd edir:

“Böyük Partlayışdan bir saniyə sonrakı genişlənmə dərəcəsi 1/10^17 qədər az olsa idi, Kainat indiki ölçülərinə heç bir zaman çatmadan dağılardı. (A Brief History of Time. p. pp. 121-122)

Xyu Ross özünün “Yaradıcı və Kosmos” (The Creator and The Cosmos) adlı kitabında bu konstantaların sayını 93-ə çatdırır və günü-gündən yeni konstantalar kəşf olunur. Yuxarıda sadəcə dörd konstantanın ayrı-ayrılıqda olduqları şəkil üzrə köklənilmələrinin dəqiqliyini qeyd etdik. İndi isə 93 konstantanın eyni zamanda həyatın var olması üçün sadəcə təsadüf nəticəsində köklənilməsinin ehtimalını təsəvvür edin. Sağlam düşüncəli insan bundan qat-qat az ehtimallar ilə heç bir zaman əməl etmir. Lakin Yaradıcını inkar etmək üçün hər cür nonsensə baş vurulur.

Öncədən düşünülmüş Kosmik Dizayn yoxsa sadəcə təsadüf?

Fine tune arqumentinə irad bildirilir ki, biz insanları aldadır və elm adından yalan danışırıq. Stanford Universitetinin Teoritik Fizika üzrə professoru Leonard Susskinin söz açdığımız məsələdə bizimlə razılaşdığı nöqtələri qeyd edək:

  1.  Kainatın dəqiq köklənməsini təstiq edir. Bizi maraqlandıran ən əsas məsələ budur. Ümumiyyətlə günümüzdə bunu qəbul etməyən tapmaq çətindir, lakin biz bizə irad bildirənə bunu izah edə bilmədik.
  2.  Qeyd etdiyimiz konstantaların olduqları kimi olmasının labüd olduğunu inkar edir. Bəli, bəziləri qeyd edirlər ki, konstantalar sırf olduqları kimi olmalıdırlar, başqa cür olmaları mümkün deyil. Lakin bu professor da əksər fiziklər kimi bunu inkar edir. Və misal olaraq elektronsuz Kainatın var ola biləcəyini deyir. Lakin belə Kainatda həyat mümkün olmaz.
  3. Cazibə konstantasının azacıq dəyişəcəyi təqdirdə həyatın mümkünsüz olacağını qeyd edir.
  4. Bizim də yazıda qeyd etdiyimiz kimi, professor müxtəlif konstantaların hansı dərəcədə dəyişəcəkləri halda Kainata və həyatın mümkünlüyünə təsir edəcəyində fiziklərin fikir ayrılığında olduqlarını qeyd edir.
  5. Bütün konstantalar arasında ən dəqiq köklənmişinin Kosmoloji konstanta olduğunu və onun 2×10^-123 olduğunu qeyd edir.
  6. Dəqiq köklənmənin səbəblərindən birinin təsadüf ola biləcəyini qeyd edir. Bizə irad bildirən alimlərin təsadüf haqda danışmadığını iddia etdi.

Şübhəsiz ki, bu ateist bizim gəldiyimiz nəticələrə gəlmir. Elmi sübutu olmayan multikainat teoriyasına “iman” etməyi tərcih edir. Lakin bu paylaşımla göstərmək istədiyimiz o idi ki, Kainatın dəqiq köklənməsi teistlərin uydurduğu bir nağıl deyil. Bu elmi dairələrdə qəbul olunan faktdır.

Qeyd: Saytdakı paylaşımlardan istifadə edərkən mənbə olaraq gencmuslim.net göstərməyi unutmayın.

Bu mövzuda fikirlərinizi bizimlə bölüşün

Sosial Şəbəkə Səhifələrimiz

Hər gün bir yeni video paylaşdığımız Youtube kanalımıza abunə olmağı unutmayın..

Bundan əlavə bizi İnstagram, Facebook, Whatsapp və digər şəbəkələrdən də izləyə bilərsiz.