Gənc Muslim

Gənc nəslin tərbiyəsi məsələsi

Bir-birini günahlandırmaq kimi tendensiyanın tarixi çox əvvəllərə gedib çıxır. Özü-özünü günahlandıran cəmiyyət kimlərdən ibarətolmuşdur? Spesifik hədəf toplum seçib  sualı cavablandırmaq da çətindir, qlobal konteksdə – ümumi danışmaq da.
Yaşlı nəsil gəncliyi “öz”ündən uzaqlaşan, milli kimliyini itirməkdə olan nəsil kimi qiymətləndirir. Gənclərə görə isə dəyərlərinə, adət-ənənələrinə ifrat dərəcədə bağlılıqla yaşayan böyüklər zamanın tələblərilə uzlaşmır və gəncləri başa düşə bilmirlər. Ortaya çıxan bu tipli nəsillərarası boşluq, anlaşılmazlıq sadəcə yaşadığımız yüzillik üçün səciyyəvi deyil. Sözsüz ki, hər yeni nəsil yaşadığı dövrün gətirdikləri və özündən əvvəlki nəsildən aldıqları ilə müəyyən dərəcədə özünəməxsus dəyərlər formalaşdırır. Cəmiyyətin daxilində dövrlə ayaqlaşma, yeniliklərə can atma, dəyişikliklərin getməsi təbii, başqa sözlə desək, qarşısıalınmaz prosessdir. Belə bir tendensiya əsrlərcə qəbul edilən olsa da, bu gün cəmiyyətin pozulması, insani dəyərlərin yerini get-gedə “sərbəstlik” adı ilə müdafiə edilən əxlaqsızlığın tutması son həddə çatmışdır və şübhəsiz ki, insanlığı daha dəhşətli sonluqlara aparır. Mövcud vəziyyət artıq qlobal xarakter almışdır.

“Qərb örnəyi”

Bir vaxtlar Qərb ölkələrinin adları müxtəlif cinayətkarlıq əməlləri, narkotik aludəçiliyi, spirtli içkilərin hədsiz istifadəsi, boşanmalar, özünüöldürmə və s. kimi bir çox narahatlıq doğuran məsələlərdə çəkilirdisə, indi bu vəziyyət nisbətən mühafizəkar olan Şərq ölkələri üçün də, sözün əsl mənasında, bəlaya çevrilmişdir. Yəni, fəsadları gözqabağında olan bu modeli izləyən Şərq üçün nəticədə arzuolunmaz oxşar halların baş verməsi mümkündür. Məsələyə diqqət yetirdikdə görürük ki, Qərb xalqlarının milli dəyərləri, yaşantısı baxımından insanların əxlaqı, mənəviyyatı ilə bağlı problemlər o qədər də böyük hesab edilmir və demək olar ki, normal qəbul edilir. Buna baxmayaraq son dövrlərdə adıçəkilən hallar büdcəsinin ciddi itkiyə məruz qaldığını görən dövlətləri düşündürməyə başladı. Araşdırmalar göstərir ki, alkoqolun bir neçə ildə Fransa dövlətinə verdiyi zərər 128 milyard frankdan artıq olmuşdur. Digər bir inkişaf etmiş ölkə olan Almaniyada bir il ərzində 150 minə yaxın cinayət, məhz, spirtli içkilər qəbul edildikdən sonra baş vermişdir. (“İslam və Qərb mədəniyyəti”, S.M.Lari) Bunlardan əlavə, qeyri-qanuni nikahdan doğulan uşaqların, boşanmalar nəticəsində valideynlərinin dövlət himayəsinə buraxdığı yüz minlərlə uşağın qayğısına qalmaq dövlətlərdə qorxu yaratmağa başladı. Görünür ki, dövlətlər əhalisinin rifahında maddiyyatdan daha çox mənəvi inkişafına diqqət yönəltməlidir, islahatlar keçirilməzsə böhranın dərinləşəcəyi labüdləşəcək. ABŞ, Fransa, İspaniya, İngiltərə və bir sıra inkişaf etmiş ölkələrdə hər il  minlərlə qədər insan özünü öldürür və ailədaxili cinayətlərin göstəricisi də durmadan artmaqdadır.. Bütün bunlardan aydın olur ki, təməli sağlam olmayan cəmiyyət öz-özünə məhv olur, ya da çox irəliyə gedə bilmir.

Təhlükə:

Gənc nəsil üçün qeyd olunan cəhət, xüsusilə, həmişə təhlükə yaradan amillər arasındadır. Gənclər nə üçün belə torlara daha tez düşürlər? Uzaqdan cəlbedici görünən, insanın özünü həddindən artıq azad hiss etdiyi düşünülən həyat tərzini qeyri-şüuri şəkildə “müasirlik və demokratiya” adı ilə təqlid edirlər? Düşünmədən içindəki narahatlığı müəyyən vasitələrlə yoluna qoymağa, özünün də dərk edə bilmədiyi çaşqınlıqla hansısa suallara cavab tapmağa çalışırlar. Bəzi siyasi qruplara qoşulur, “insanların sərbəstliyinə mane olan məsuliyyətli həyatın olmadığı dinsiz cəmiyyətlərə” üzv olmağa can atırlar. Danılmazdır ki, gənclərin çılğınlığından, maraqlarından iqtisadi fayda əldə etmək məqsədilə istifadə edənlər də az deyil və ya din adı ilə oyun oynayanlar cihad çağırışlarına həvəslə cavab verən gəncləri özlərinə “könüllü” qurbanlar seçirlər.

Vəziyyətdən çıxış yolu nədir?

Göstərilən hallar məsələni daha dərindən araşdırmağı və effektli çözümlər tapmağı zəruri edir. Gənclik bu gün hansı səbəblərdən getdikcə çətinləşən vəziyyətdən çıxış yolu tapa bilmir?

Suallara cavab axtararkən belə qənaətə gəlirik ki, cəmiyyətin inkişafını, gücünü fərdlərin ayrı-ayrılıqda düzgün tərbiyəsi, mənəviyyatı müəyyən edir. Düşüncəli və yüksək insani dəyərlərə yiyələnmiş gəncdən buna yalnız ətrafındakıların “doğru-yanlış”, “yaxşı-pis” qiymətləndirmələri ilə nail olmasını gözləmək çətindir. Ona görə ki, hər hansı cəmiyyətin mentalitet çərçivəsində özünün yaratdığı qayda-qanunları geniş mənada “insanı qiymətləndirmədə meyar nə ola bilər? İnsanın həyatı, yaradılış qayəsi, dünyada yeri, məsuliyyəti nədir?” və s. kimi bir çox sualları cavablandırmağa imkan vermir.

Əxlaqın formalaşması:

Gənclik dövründə olan şəxsin əxlaqı sadəcə bu dövrdə formalaşmır, anidən ortaya çıxmır. Deməli, hələ gənclikdən öncə uşaqlıqdan başlayan düzgün tərbiyə, əslində, cəmiyyətin sonrakı taleyində rol oynayır. Müşahidələrə görə demək olar ki, reallıqda uşaqların tərbiyəsində şüurlu davranış qaydalarının öyrədilməsindən daha çox valideynin “olar-olmaz, et-etmə” göstərişlərinə əməl edilməsinə üstünlük verilir. Yəni, “Valideynin bütün dediklərinə qulaq asan uşaq yaxşı uşaqdır. Xalqın uşağı nəyisə edirsə, sən də etməlisən. Hamı deyir ki… olmaz”  tipli yönləndirmələr, təlqinlər, məcburiyyətlərlə böyüyən uşaq üçün “Mən nə üçün belə olmalıyam?”, “Niyə olmaz?”, “Mən kiməm, hamı kimdir?” sualları qaranlıq qalır. Bunlar həyatının növbəti illərində insanın özünüdərk prosesini əhəmiyyətli dərəcədə ləngidir. Özünü kifayət qədər tanımayan insan çətin suallardan qaçmaq meylinin təzahürü kimi onu mənəvi tənəzzülə aparan qısa sürən əyləncələr, zərərli vərdişlər, içkinin problemlərdən kənarlaşdıracağını zənn edir. Bu cür vəziyyət təkcə gənclərlə bağlı deyil, sadəcə bünövrəsi möhkəm qoyulmayan tərbiyənin çatışmazlıqları müstəqil şəxs kimi həyata başlayan gənclik dövründə ortaya çıxır. Hətta, təəsssüf ki, özünütərbiyənin önəmini anlaya bilməyən valideynin nöqsanlı tərbiyə metodu onun yetişdirdiyi nəsilə də ötürülür.

İnsan necə tərbiyə edilməlidir?

İnsan necə tərbiyə edilməlidir? Ən düzgün tərbiyə üsulu nədir? Gənclərin axtardığı gerçəkdən nədir? Uşaqlara nə öyrədilməlidir? Bu sualları araşdıran əksər tədqiqatçılar konkret nəticəyə gələ bilmirlər. Çünki xalqın mədəniyyəti, ümumi psixologiyası kimi məsələlər tərbiyəyə təsir edən faktorlarla yaxından əlaqəlidir. Bu səbəbdən də mövzudakı yanaşmalar müxtəlifdir və nisbi xarakter daşıyır.

İstənilən cəmiyyətdə mövcud əxlaq normalarını, dəyərləri təhlil etdikdə aydın olur ki, doğrudan da, bunun kökündə fərqli inanclar, fəlsəfi təlimlər, dinlər dayanır. Burada ideal seçim insanın fitrətinə uyğun tərbiyə yolunu, doğru yaşayış tərzini göstərən variantdır. Fikir versək, səmavi dinlərin demək olar ki, hamısında insanın dünya həyatındakı yaşamı üçün bələdçilik vəzifəsi var. Məsələn, Allah qatında yeganə din olan İslam dini bugün dünyada sürətlə yayılır. Fərqli coğrafiyalardan, mədəniyyətlərdən olan insanların bu dini seçmələrinin səbəbi isə uzun axtarışlardan sonra onlara lazım olan səadəti tapmalarıdır. Aparılan çoxsaylı araşdırmalara görə, həbsxanalarda başqaları ilə heç cürə yola getməyən qatı cinayətkarlar belə islamla tanış olduqdan sonra zamanla “sakitləşir”, güzəştə getməyi bacaranlar olurlar. O cümlədən, ağır psixoloji hallar keçirən əksər insan islamı həyatının dönüş nöqtəsi kimi qiymətləndirir.

İslami dəyərlərə sahib olan cəmiyyət:

Belə məlum olur ki, dini, irqi, milli ayrı-seçkiliyə məruz qalanların çoxu insanların hüquqlarını qoruyan, başqa təkallahlı dinlərə hörmətlə yanaşan islam dininə üz tuturlar. Bununla yanaşı, yeniyetməlik dövründə məktəblilərdə müşahidə edilən narkomaniyaya meyil müsəlman uşaqlar arasında ən az səviyyədə olmuşdur. Misallardan görünür ki, islam dəyərlərinin mövcud olduğu cəmiyyət digərləri ilə müqayisədə daha sağlam əsaslıdır. İslam ailəsində tərbiyə almış uşaq ətrafdakılara qarşı həssaslıqla yanaşır, diqqətli rəftar edir. Çünki öz davranışlarına görə cavabdehlik şüurunda olur. Hadisələrə münasibətlərində daha səbirli və geniş yanaşaraq Allahın təqdirini razılıqla qəbul edir. Bir sözlə, baş verənlər qarşısında acizlik göstərmir və psixoloji cəhətdən daha güclü olur. Ona görə ki, islamın şəxsiyyətin formalaşmasında olduqca güclü sosial-psixoloji tarazlığı təmin edən təlimlər bazası var. Bir çox məsələdə qarşılıqlı asılılıq çərçivəsində problemlərdən çıxış yolunu göstərir, ondan daha əvvəl isə xaosa aparacaq məsələləri qadağan etmək və ya pisləmək yolu ilə məhdudlaşdırır, cəmiyyətin siyasi, iqtisadi və sosial idarəçilik məsələlərində ortaya çıxa biləcək problemlərin sayını minimallaşdırır. Bu baxımdan, ömründə islam haqda bir kitab belə vərəqləməmiş, sadəcə tutuquşu funksiyasını yerinə yetirən medianın toruna düşən, islamın ruhuna yox, yaradılmış süni şəklinə ötəri baxmaqla qiymət verən şəxslər təbii ki, bizim mövzumuzu dərk etmək istəməyəcəklər. Kifayət qədər faktlar və istənilən sahədə sübutlar göstərməklə ideal tərbiyə yolunun nəyə dayanmalı olduğunu izah etmək, əlbəttə ki, çox asandır.

Nəticə:

Belə nəticəyə gəlirik ki, cəmiyyətdə qarşılaşdığımız problemlərin çoxu insanların mənəvi varlıq kimi düzgün tanınmamasından qaynaqlanır.Bu halda daha məqsədəuyğun tərbiyə metodu və tərbiyənin  hansı istiqamətdə təşkil olunacağı çətinləşir. Odur ki, “cəmiyyətin qayğısına qalanlar” nümunədə təqdim edilən yüksək islam dəyərlərini inkişafın qarşısını alan faktor kimi qiymətləndirməməli və bu yöndə daha çox tədbir görməlidirlər.  Və əxlaqsızlığa meyilli cəmiyyət modelinin yayılması ilə məşğul olmamalıdırlar.

Qeyd: Saytdakı paylaşımlardan istifadə edərkən mənbə olaraq gencmuslim.net göstərməyi unutmayın.

Bu mövzuda fikirlərinizi bizimlə bölüşün

Sosial Şəbəkə Səhifələrimiz

Hər gün bir yeni video paylaşdığımız Youtube kanalımıza abunə olmağı unutmayın..

Bundan əlavə bizi İnstagram, Facebook, Whatsapp və digər şəbəkələrdən də izləyə bilərsiz.