Gənc Muslim

Elm və Cəsarət: Abdullah İbn Məsud (r.a)

Məkkə demək olar ki, ard-arda uzanıb gedən dağlar arasında yerləşən bir şəhərdir. Öz məhəllələrini belə kiçikli-böyüklü dağlar arasında gizləmişdir. Yarımadanın cənubunda Yəmənə yaxın bölgələrdə yüksələn dağlıq ərazi, qərbdə Qırmızı dəniz boyunca cənubdan-şimala tərəf uzanıb gedən “Səravat” dağları. Yəmən dağları ilə başlayıb İordaniya və Fələstinə qədər uzanıb gedən qara dağlar.

Məkkə, o müqəddəs şəhər, o nur mənbəyi, şəhər olaraq yüksəkliyi çox olmasa da dağların, təpələrin çox olduğu bir bölgədədir. Bəli, bu bölgədə Taif, Baha, Bişə, Əbha, Nəcran kimi dağlıq xüsusiyyətləri ilə tanınan, dağ havası ilə məşhur olan şəhərlər də mövcuddur. Ancaq bu şəhərlərdən heç biri Məkkə qədər dağlar arasına girməmiş, təpələrin hündürlükdən baxdığı vadilər boyu uzanan, hər məhəlləsini bir vadidə gizlədən dağların yamacları arasındakı boşluqlara kök salmış bir şəhər kimi görünmür.Məkkeyi-Mükərrəmə bu xüsusiyyəti etibarilə məhəllələri, səmtləri tunellər vasitəsilə bir-birinə bağlanan, tıxacları da bu tunellərlə həll olunan bir şhərdir. Buna görə də hal-hazırda dünyada ən çox tuneli olan şəhərlərdən biridir.

Kiçik Çoban

İslam nurunun kainatı işıqlandırmağa başladığı ilk günlər idi. İllərcə davam edən intizar, həsrət başa çatmış, yeni günlər başlamış, qəlblərə damla-damla nazil olan nur batilin qat-qat olan pərdələrini bir-bir aralayırdı. Yaşı kiçik, könlü böyük olan bir cavan bu vadilərdə çobanlıqla məşgul idi. İnsanlardan uzaqda, təbiətin qoynunda, qabağındakı heyvanların yamaclarda, düzənliklərdə, vadi kənarlarında gəzməsini, otlamasını seyr edirdi.

Allah Rəsulunun dəvətini eşitmişdi. Ancaq bunun üstündə çox da dayanmamışdı. Bir peyğəmbərin və onun bəşəriyyətə yönəltdiyi dəvətin nə olduğunu başa düşmək, bunun əhəmiyyətini qavramaq üçün yaşı hələ az idi. Başqa bir səbəb də vardı. O, hər səhər tezdən Məkkədən sürülərlə birlikdə çıxır, dan yerinin ağarması ilə ayrıldığı Məkkəyə axşam qaranlıq düşdükdən sonra qayıdırdı. Gün boyu insanlardan uzaqda, kimsəsiz vadilərdə və Allah bilir hansı duyğularla, xəyallarla dolaşırdır. Otardığı heyvanlar onun öz heyvanları deyildi. Məkkədə məşhur olan Ukbə ibn Muaytın heyvanları idi. O, Ukbənin çobanlığını edən yetim bir uşaq idi. Bu məkkəli uşaq günlərin bir günü yenə vadilərdə heyvanlarını otladarkən uzaqdan iki kişinin ona tərəf gəldiyini gördü. Gələnlərin yaşı çox idi. Yaşlarına uyğun olaraq ədəb-ərkanlı və qürurlu insanlara bənzəyirdilər. Abdullah da maraqla onlara baxırdı. Çox yorğun idilər. Hiss olunurdu ki, yorğun olduqları qədər də ac-susuz idilər və dincəlmək istəyirdilər. Abdullahın yanına çatanda salam verdilər. Sonra oturdular və dedilər:

-Cavan oğlan! Bizə heyvanlardan bir az süd sağıb verə bilərsənmi? Susamışıq, bəlkə susuzluğumuz yata, boğazımızı isladaq! Əslində bu “cavan oğlanın” da fikrindən bu keçirdi. Bu gələnlərin adi insanlar olmadığını hiss edirdi. Ancaq bunu edə bilməzdi.

-Edə bilmərəm-dedi. “Heyvanlar mənim deyil. Onları mənə əmanət ediblər. Mənə inanıb bu heyvanları mənə tapşırıblar”- dedi. Bunları deyərkən də vicdan əzabı çəkirdi bir tərəfdən. Öz-özünə narahat da olmuşdu. Ancaq belə etmək məcburiyyətində olduğunu da bilirdi.

Bu yorğun və susuz “qonaqlar” ona qəzəblənməmiş və onu qınamamışdılar. Əksinə, onun sözləri və davranışları gələnlərin xoşuna gəlmişdi. Onlardan biri dedi: “Mənə heç qoç görməmiş bir qoyun göstərə bilərsənmi bunların içərisində?” Abdullah yaxındakı quzulardan birini ona göstərdi. Bu sualın ona niyə verildiyi də maraqlı gəlmişdi. Onunla danışan bu adam quzuya tərəf yaxınlaşdı. Cəld bir hərəkətlə onu tutdu. Sonra da əli ilə quzunun sinəsini tumarladı. Bəsmələ də çəkmişdi. Dodaqları tərpənirdi. Başa düşülürdü ki, o, quzunu sağmaq istəyir. Kiçik Abdullah isə təəccüblə həmən adamın hərəkətlərini izləyirdi. Hələ doğmamış bu quzunun necə südü ola bilərdi ki?!. Baş verənləri səssiz şəkildə izləyən Abdullahın gözləri bir az sonra təəccüblə açılmışdı. Quzunun döşünə süd gəlmişdi. Çox keçmədi ki, quzunun döşləri südlə dolub-daşmağa başlamışdı. O biri adam isə yerdən içi boş olan bir daş tapmış, süd üçün hazırlamışdı. Bir az sonra qab südlə dolduruldu. Gələn qonaqlar süddən doyunca içdilər. Abdullaha da verdilər. O özü də süddən içdi, həm də doyunca. Gördüklərinə inana bilmirdi. Nə deyəcəyini də bilmirdi. Hekayənin davamını Abdullahın öz dilindən eşitmək daha yerində olar. O, belə rəvayət etmişdir:

“Südləri içib doyduqdan sonra o mübarək adam quzunun sinəsinə “çəkil,” dedi. Quzunun südlə dolu olan sinəsi boşalmağa və kiçilməyə başladı. Əvvəlki vəziyyətinə qayıdana qədər kiçildi. Mən özümü saxlaya bilmədim və o mübarək şəxsə dedim: “Dediyiniz bu sözləri mənə də öyrədin!” O, gülümsəyərək saçımı tumarladı və dedi: “Sənin öyrənməyə çox marağın var görürəm”. (İbn Sa’d, ət-Tabakat, III, 150-151; İbnü’l-Əsîr, Üsdü’l-ğabə, III, 382; İbn Abdülbər, əl-İsti’ab, III, 987-988, İbn Kəsir, Əl-Bidayə vən-Nihayə, VII /162)

Abdullah ibn Məsudun İslam nuru ilə tanış olmasına başına gələn və heç vaxt unuda bilmədiyi bu hadisə, yaşadığı təəccüb dolu anlar səbəb olmuşdu. Çünki Abdullahla danışan o mübarək şəxs Peyğəmbərimiz sallallahu aleyhi və səlləm idi. Yanındakı adam isə onun sadiq dostu Əbu Bəkir radiyallahu anh idi. Məkkəli müşriklərin inadkarlığı, inkar etmələri, səviyyəsiz davranışları, təzyiqlərindən bezmiş, Məkkədən kənara çıxaraq kimsəsiz vadilərin səssizliyinə, təbiətin şəfqətli qucağına sığınmışdılar. Bir müddət vadilərdə gəzdikdən sonra bərk yorulmuş və susamışdılar. Allah-Təala da onların qarşısına bu gənc oğlanı çıxarmışdı. Əmin, cəsarətli, etibarlı olduğu qədər zəkalı, dərin düşüncəli idi. Hiss olunurdu ki, Uca Allah onun hidayət karvanına qoşulmasını murad etmişdi.

Abdullah bu iki əziz yolçunu sevdiyi və onlara ürəkdən bağlandığı kimi, onlar da bu şirin, zəkalı və yetim uşağı sevmiş, onun güvənilən biri olduğunu, qərarından dönməzliyini, öyrənmək həvəsini, səmimi hərəkətlərini bəyənmişdilər. O, adi bir çoban deyildi…

Çox keçmədi ki, yetim Abdullah qəlbi dolmuş bir şəkildə kəlmeyi-şəhadət gətirərək nur karvanına qoşuldu. Onun İslam nuruna qovuşduğu günlər Ömər radiyallahu anhın müsəlman olmasına vəsilə olan qəhrəman bacısı Fatimə ilə əri Səid ibn Zeydin müsəlman olduğu günlər idi. Beləliklə də o,  Ömərdən bir xeyli əvvəl müsəlman olmuşdu.(İbn Hişam, əs-Sirə, I, 272; İbnü’l-Əsir, Üsdü’l-ğabə, III, 382; İbn Abdülbər, əl-İsti’ab, III, 987; Safədi, əl- Vafi, XVII, 324.)

Bəzi mənbələr onun müsəlman olan altıncı adam olduğunu qeyd edirlər. (əl-İsabə, (2/369), Ümdətul-Qari, (13/322), Hakim, əl-Müstədrək, III, 354; Bəğavi, Mu’cəmu’s-sahabə, III, 460.)

Çobanlıq edərək dolanan, anası Ümmi-Abd ilə təvazökar bir həyat yaşayan yetim Abdullah iman nuru ilə şərəfləndiyi kimi, Allah Rəsuluna da sonsuz bir sevgi ilə bağlanmışdı. Onun qarşısına gələrək bəlkə də ömründəki ən gözəl təklif irəli sürmüşdü. O, aləmlərin fəxri olan Rəsuli-Əkrəmin yanında xidmət etmək istəyirdi. Allah Rəsulunun razılıq verdiyini görəndə isə böyük bir sevinc hissi keçirmişdi. Arzusuna çatmışdı, dünyaları ona vermişdilər elə bil. Fiziki baxımdan zəif olan, həqiqi duyğularla dolu olan, xidmət etməkdən zövq alan, son dərəcə zəkalı və əzmkar bu gənc çobanlıqdan birbaşa fəxri-kainat, iki dünya günəşi olan Allah Rəsulunun xidmətçisi səviyyəsinə yüksəlmişdi. Artıq bir kölgə kimi Rəsulullahı izləməyə başlamışdı. Məkkədə və Mədinədə olarkən də onun yanında olmuşdu, səfərlərə çıxanda da. Evində olanda da onun yaxınında olurdu, evindən uzaq olanda da… Rəsulullah evdən çıxmaq istəyəndə ona tərliklərini geyindirir, evə gələndə də o, çıxarırdı. Rəsulullah dincəlmək üçün otağına girəndə onun keşiyini çəkir, lazım gələrsə onu o oyadırdı.  Peyğəmbərimiz (s.ə.s) yuyunarkən lazım gələndə pərdəni o tuturdu. Allah Rəsulunun əsasını və misvaqını o gəzdirirdi. Rəsulullah hər hansısa bir işi görmək istədikdə Abdullah da dərhal onun yanında olur, lazım olan bütün işlərdə ona xidmət edirdi. (İbn Sa’d, ət-Tabakat, III, 153; Haləbi, İnsanu’l-uyun, I, 450; Kəttani, Hz. Peyğəmbərin idarəçiliyi, I, 161, 168. )

Çox vaxt Peyğəmbərin nə istəyəcəyini qabaqcadan bilir, deməmişdən qabaq o işi yerinə yetirirdi. O, həm ağıllı, həm də zəhmətkeş idi. Artıq ailə fərdlərindən biri kimi olmuşdu. “Rasulullahın sirr dostu (sirdaşı)” və “tərliklərinin sahibi” kimi ləqəbləri ilə çağırılmağa başlamışdı. (İbn Sa’d, ət-Tabakat, III, 153;  İbnü’l-Əsîr, Üsdü’l-ğabə, III, 383; İbn Abdülbər, əl-İsti’âb, III, 988.)

Əbu Musa əl-Əşərinin nəql etdiyi bu cümlələr bu həqiqəti nə qədər gözəl ifadə etmişdir: “Qardaşımla birlikdə Yəməndən gəldik. Lazımi qədər Mədinədə qalmalı olduq. Qaldığımız bu müddət ərzində biz elə bilirdik ki, Abdullah ibn Məsud Rəsulullahın əhli-beytindən biridir. Həm onun özünün, həm də anasının Rəsulullahın mübarək evinə rahatlıqla girib-çıxdığını gördükdən sonra belə bir qənaətə gəlmişdik.” (Buxari, “Fəzailü’l-ashab” 27; Tirmizî, “Mənaqib” 38; İbn Sa’d, ət-Tabakat, III, 154.)

O, Peyğəmbərimizə xidmət edir, bir əmri olar düşüncəsilə pərdənin dərhal arxasında dayanırdı. Əfəndimiz aleyhissalam pərdəni qaldırıb onu dinləmək icazəsini yalnız ona vermişdi.  (İbn Sa’d, ət-Tabakat, III, 154; İbnü’l-Əsir, Üsdü’l-ğabə, III, 383; Əbu Nuaym, Hilyətü’l-övliya, I, 126.)

Beləliklə də, Abdullah ibn Məsud Allah Rəsulunun yanında, onun mübarək evində tərbiyə alaraq boya-başa çatmışdı. Onun irşadı ilə kamilləşmişdi. Onun əxlaqı ilə əxlaqlanmışdı. Onun gözəl xasiyyətlərini ondan əxz etmişdi. Hətta elə bir səviyyəyə çatmışdı ki, camaat onun haqqında belə deyirdi:

Rəsulullaha haqq yolunda istiqamət, əxlaq və gözəl xüsusiyyətlər baxımından ən yaxın olan şəxs Abdullah ibn Məsuddur.” O, həqiqətən də belə bir adam idi. Allah Rəsulunun yanında təhsil almış, səhabələrin ən çox Qur`an oxuyanlarından biri olmuş, məna dərinliklərini ən yaxşı başa düşən və anlayan, Allahın hökmlərini ən incə detallarına qədər başa düşə bilən bir zəka sahibi idi. Bütün bilgiləri elm dağarcığına dolduran və mənanın sirrinə nail olanlardan birinə çevrilmişdi. Onun çatmış olduğu o uca nöqtəni izah edə bilmək üçün bir neçə rəvayəti qeyd etmək yerinə düşər:

İslam ordusu Məkkəni fəth etmək məqsədilə Mədinədən hərəkət etmişdi. Bir fasilə yerində səhabələr ağaclara çıxmağa və xurma toplamağa başlamışdılar. Abdullah da Rasulullaha xurma ikram etmək üçün ağaca dırmaşarkən səhabələr gülməyə başladılar. Nəbiyyi-Möhtərəm əshabına niyə güldüyünü soruşanda səhabələr, Abdullahın ayaqlarının incəliyinə güldüklərini söylədilər. Bunun üzərinə Peyğəmbərimiz aleyhissalatu vəssəlam belə buyurdu:

Canım əlində olan Allaha and içirəm ki, bu (arıq) ayaqlar mizanda Uhud dağından daha ağırdır”. (İbn Sa’d, et-Tabakât, III, 155; Ebû Nuaym, Hilyetü’l-evliyâ, I, 127; Zehebi, A’lâmü’n-nübelâ, I, 477-478.)

Günlərin bir günü Ömər ibn Xattab (r.a) onun gəldiyini görmüş, onun hara getdiyini maraqla izləmişdi. Bu cılız bədənli səhabə demək olar ki, oturan insanların boyuna ancaq çatırdı. Yeriyərkən də onun nə qədər yüngül bədən quruluşuna sahib olduğu hiss olunurdu. Gözləri ilə onu izləyən  Ömər ibn Xattab (r.a) onun barəsində, onu təsvir edən belə bir cümlə işlətdi:

“kənifun məliiun bil i`lim-Bədəninin hər bir zərrəsi elm dolu bir ev kimi olan şəxsdir

Bu cümlə həqiqətən də onu çox gözəl təsvir edirdi. Ömər ibn Xattabın bu kimi dəyərləndirmələrdə nə qədər həssas olduğu bilindiyinə görə, onun bu sözü də mötəbər qəbul olunmuşdu.

Bundan sonrakı sətirlərdə də onun elmi dərəcəsini göstərən dəlillər, digər səhabələr və elm əhli tərəfindən necə tərifləndiyi, ona necə qibtə olunduğunu göstərən misallarla qarşılaşacaqsınız.

Ancaq elm və irfanla dolu olan, öyrənmə və öyrətmə şövqü və həvəsi ilə yoğrulan bu cılız bədənli səhabənin alim, arif, abid və zahid olması ilə yanaşı müdhiş bir cəsarətə, güclü bir iradəyə, cihad şüur və düşüncəsinə, meydana çıxdıqda məğlubedilməz bir qəhrəmanlığa və mətanətə də sahib olduğu qeyd olunur.

Bunun ən gözəl nümunələrindən biri onun Allah Rəsulundan sonra yer üzündə Qur`ani-Kərimi müşriklərin ortasında yüksək səslə oxuyan, onun məna gözəlliklərini gözəl səsi və oxunuşu ilə sərgiləyən ilk insan olduğudur. Bu hadisə isə xatırlanmağa, yaddaşlarda və ürəklərdə saxlanmağa layiq bir xatirədir…

Hədsiz Cəsarət

Məkkeyi-mükərrəmədəki möminlərdən bir qismi. Sayları çox az hesab oluna biləcək qədər. Yeni nazil olan ayeyi-kərimələri dərin bir mənəvi həzz içərisində oxuyurlar. Oxunan surə Rəhman surəsidir. Ayeyi-kərimələrin gözəl axışı, məna dərinliyi, duyğu zənginliyi, hər cür lütfkarlıq və hər növ nemət zikr olunduqca “Rəbbinizin hansı nemətlərini inkar edirsiniz...?” vurğusu, inkar olunması qeyri-mümkün olan gözəl nemətlərin ard-arda sadalanması, vurğuların ahəngli təkrarı hissləri daha da qabardırdı. Cəmiyyətdə müşahidə olunan nankorluq nümunələri, şahid olunan inkarların verdiyi acı bir kədər dərindən hiss olunur. Qəlblərə həyat verən, həyata məna qatan iman nemətinə şükr olunur, bu həzzin və duyğuların başqa qəlblərə də ötürülmək istənməsi, hər oxunan ayə ilə bir az daha artırdı.

Çox keçmədi ki, onların içərisindən biri bu arzunu dilə gətirdi: “Allah üçün! Qüreyş bu Quranı tilavət olunarkən heç eşitmədi. Bir nəfər gedib onlara bu ayələri oxusa yaxşı olar!” Bu arzu əslində orada olanların hər birinin qəlbindən keçirdiyi bir şey idi. İçlərindən biri bu arzunu dilə gətirdikdə isə onların bu həvəsi daha da artdı və Abdullah ibn Məsud ayağa qalxdı: “Mən gedərəm”-dedi. Onun cəsarət qoxan bu davranışı və qərarlı hərəkəti məclisdə olanların son dərəcə xoşuna gəlmiş, qibtə dolu gözlərin ona tərəf çevrilməsinə səbəb olmuşdu. Ancaq onun hücuma məruz qala biləcəyindən və aqibətinin pis olacağından ehtiyat olunurdu. “Sənə görə biz narahat oluruq. Biz istəyərik ki, bu işi qüreyşlilərin hücumundan özünü qoruya bilən, qohum-əqrəbası çox olan, arxasında duranlarının çox olduğu bir şəxs etsin”- dedilər.

Narahat olmaqda haqlı idilər. Abdullah yetim idi. Onun arxasında duran, ona kömək edən qohum-əqrəbası yox idi. Həm də ki, bədəncə də cılız idi. Abdullah isə öz fikrindən dönmək niyyətində deyildi: “Mənə qarışmayın! Allah məni onlardan qoruyar. Qüreyşlilərə Rəbbim əngəl olacaqdır!”-dedi.

Səhər vaxtı idi. Qüreyşlilər Kəbənin yanında məclis məkanı kimi istifadə etdikləri kölgəlik bir yerdə oturmuş, öz aralarından söhbət edirdilər. Abdullah ibn Məsud Məscidi-Harama girdi. Məqami-İbrahimin yanında dayandı. Dərindən nəfəs aldı. Özünü tam hazır vəziyyətə gətirdi. Ürəyi dolu idi. Həyəcanını yatışdırdı. Özünə güvənirdi. Yüksək bir səslə oxumağa başladı:

بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ

,الرَّحْمَٰنُ ,عَلَّمَ الْقُرْآنَ, خَلَقَ الْإِنْسَانَ, عَلَّمَهُ الْبَيَانَ, الشَّمْسُ وَالْقَمَرُ بِحُسْبَانٍ

“Rahman! Quranı öyrətdi. İnsanı yaratdı. Bəyanı öyrətdi. Günəşi və Ay müəyyən bir hesab və nizam içində hərəkət edirlər…” (Rahman surəsi, 1-5)

Oxuyurdu. Dayanmadan oxuyurdu. Elə bil ki özünü unutmuşdu. Qüreyşliləri yaddan çıxarmış kimi oxumağa davam edirdi. Qüreyşlilər və digərləri oxunan ayələrə qulaq asıb, özlərindən keçmişdilər. Ayələrdəki nizami axışdakı ahəng onları qulaq asmağa vadar etmiş, onlar da dinləməyə başlamışdılar. Təəccüb və heyranlıq içərisində qulaq asırdılar. Ədəbiyyatın bütün xırdalıqlarına bələd və düşgün olan bu insanlar küfr qaranlığındakı inadkarlıqlarına rəğmən bu oxuyuşdakı məna dərinliyində özlərini itirmişdilər. Ancaq çox keçmədi ki, onların içlərindən biri bu təəccüb və heyranlıq vəziyyətindən özünü sıyırdı və dedi: “Siz heç fikir verirsinizmi Ümmi-Abdın oğlu nələr deyir?!”. Bu sözdən sonra qüreyşlilər özlərinə gəldilər və yüksəkdən bir səs eşidildi: “Təəssüflər olsun! O, Muhəmmədə gələn ayələrdən oxuyur. Durun!” Ayağa qalxdılar və ona hücum etdilər. Onu döyürdülər. Xüsusilə də üzünə vururdular. Bu cılız bədənli qəhrəman dözürdü.

Qəribə bir hadisə baş verirdi. Hücum edib onu döymələrinə baxmayaraq Abdullah oxumağa davam edirdi. Elə bil ki, o, heç kimi eşitmirdi, ona heç nə olmurdu. Sankı ağrıları hiss etmir, hərəkətləri duymurdu. Taqəti qurtarıb, yerə yıxılana qədər oxumağa davam etdi. Sonra isə huşunu itirdi. Artıq bundan sonra heç bir şey yadına gəlmirdi. Qüreyşlilərin qəzəbi bir az keçdikdən sonra soyudu. Abdullahı orada huşunu itirmiş halda qoyub getdilər. Bir az sonra Abdullah özünə gəldi və ayağa qalxdı. Hər tərəfi qan içindəydi. Yoldaşlarının olduğu evə tərəf hərəkət etməyə başladı. Yaralarından qan axmağa davam edirdi. Yoldaşları onu belə vəziyyətdə görüb çox məyus olmuşdular. “Bizim qorxduğumuz da bu idi”-dedilər. Ancaq Abdullah peşman olmamışdı. O, qorxmamışdı. Bu elm, ixlaskarlıq və cəsarət dolu olan insandan aşağıdakı sözlər eşidildi:

“Allaha and olsun ki, Allah düşmənləri heç bir zaman gözümdə bu günkündən daha aşağı, daha dəyərsiz və daha cılız görünməmişdi. Əgər istəsəniz mən sabah yenə gedib eyni şeyləri onlara söyləyə bilərəm”.

Yoldaşları hamısı bir ağızdan “xeyr, olmaz!”-dedilər. “Onsuz da onlar sənin oxuduqlarına qulaq asıb dəli oldular”. Abdullahın həmin gün başına gələn hadisənin yenidən təkrarlanmasını istəmirdilər. Çünki özləri ondan da daha çox əzab çəkirdilər. Abdullahın başına gələn hadisə onları da çox dərindən yaralayırdı. Ondan xahiş edib, bu istəyindən çəkindirdilər. Allah Rəsulundan sonra yer üzündə Qur`anı açıq şəkildə ilk oxuyan İbn Məsud olmuşdur. (İbn Sa’d, ət-Tabakat, III, 151;  İbn Hişam, əs-Sirə, I, 336; Zəhəbi, A’lamü’n-nübəla, I, 466.)

Bu alim, arif, zahid və cəsarət dolu mücahid səhabə Məkkədə olduğu kimi Mədinədə də Allah Rəsulunun yanında idi. Cihad meydanlarında onun ətrafında olurdu. Hər bir qəzvədə onun başına gələn xatirələr mövcuddur. Ancaq bu xatirələrdən bəlkə də ən maraqlısı Bədr döyüşündə başına gələnlər idi. Bu hadisənin məzmununa toxunmazdan qabaq istərsəniz Abdurrahman ibn Avfın nə dediklərinə baxaq:

“Bədr döyüşündə iki gənc oğlanın arasında idim. Düzünə qalsa, ordu səfləri arasında özümü daha güvənli hiss edə bilmək üçün hələ cavan olan bu iki oğlanın ortasında olmaqdansa, təcrübəli, böyük iki əsgər arasında olmağı istəyərdim. Bu duyğular içərisində cihada davam edərkən çox keçməmişdi ki, gənclərdən biri mənə əli ilə toxunaraq dedi: -“Əmi, Əbu Cəhli tanıyırsanmı?” -“Bəli” dedim. “Nəyinə lazımdır?”. -“Eşitdim ki, o, Allah Rəsulu (s.ə.s) haqqında ağzına gələni danışırmış. Əgər onunla qarşılaşsam Allaha and olsun ki, içimizdən əcələ birinci çatan bu dünyanı tərk etmədən bədənim onun bədənindən ayrılmayacaq”-dedi.

Gənc oğlanın dedikləri və cəsarəti xoşuma gəlmişdi. Bir az keçmişdi ki, o biri oğlan da əli ilə mənə toxunub, əvvəlki oğlanın soruşduqlarını soruşdu və o da eyni sözləri dedi. Onların əzmkarlığını, cəsarətini gördükdən sonra aralarında olmağıma çox sevindim. Elə bir az keçmişdi ki, Əbu Cəhli gördüm. Nəhəng bədəni ilə döyüşçülərin arasında gəzişirdi. Həmən gənc oğlanlara üzümü çevirib Əbu Cəhli onlara göstərdim. “Bu adamı görürsünüzmü? Bax sizin axtardığınız adam budur!”- dedim. Mən onu göstərən kimi dərhal qılınclarını qınından çıxardılar və Əbu Cəhlin üstünə hücuma keçdilər. Çox keçmədən nə baş verdiyini anlamayan Əbu Cəhlin bədəni yerə sərilmişdi.

Tarixi mənbələrdə bu iki gəncin Afranın oğulları Muaz və Muavviz olduğu bildirilmişdir. Bir çox başqa mənbələrdə də sadəcə “Afranın iki oğlu” şəklində keçir. Ancaq həm Səhihi-Buxaridə, həm də Səhihi-Müslimdə qeyd olunduğuna görə bu gənclərdən biri Afranın oğlu Muaz, obirisi isə Amr ibn Camuhun oğlu Muazdır. Bu iki dost və adaş hadisənin baş qəhrəmanlarıdır. Bu qarışıqlıq isə həm oğlanların adlarının eyniliyindən, həm də bir-birlərinə çox yaxın dost olmalarından irəli gəlir. Ancaq fikirləşirəm ki, döyüş əsnasında yaranmış qarmaqarışıqlıq da bu fərqli görüşlərin ortaya çıxmasına təsir göstərmişdir.

Bu iki qəhrəman ordu səflərini yararaq Əbu Cəhli yerə sərmişdilər, ancaq hadisə tamamilə qurtarmamışdı. Gənclərin zər bələri ilə yerə düşən Əbu Cəhl dünya ilə vidalaşmamışdı. O, hələ sağ idi. Abdullah ibn Məsud onu bu halda gördü. Təəccüblənmiş və sevinmişdi. Ona “Allah səni də belə zəlil etdi!”- dedi. Əbu Cəhl isə bu acınacaqlı vəziyyətində belə öz qürurundan və təkəbbüründən əl çəkmək istəmirdi. Ona cavab verdi: “Öz qövmündən birinin qılıncı ilə ölən bir adam zillətə düşərmi heç?!. Öldürdüyünüz bu adamdan daha başı uca kim var ki?!”.

Muhəmməd ibn İshaqın bildirdiklərinə görə Abdullah ibn Məsud Əbu Cəhli bu vəziyyətdə görüb onun yanına gəlmiş və balaca ayaqlarını Əbu Cəhlin yekə sinəsinə basaraq yuxarıdakı sualı ona vermişdi. Əbu Cəhl həqiqətən də öz qürurundan əl çəkməyən bir adam idi. Sinəsinin üstünə ayağını basan Abdullaha dediyi sözlər, onun nə qədər böyük təkəbbürə sahib olduğunu göstərir: -“Çobancıq! Sən çox yüksək bir yerə çıxmısan!”. Onun bu sözlərindən kibir və qürur qoxusu gəlirdi. Sonra soruşdu: -“Döyüş kimin xeyrinədir?” Zəkalı olan Abdullah onun niyə belə bir sual verdiyini və necə cavab gözlədiyini bilirdi. Buna görə də onu yandıran bir cavab verdi:

Allah və rəsulunun xeyrinədir!”.

Bu cavabda həm də Abdullahın içindəki sevinc də hiss olunurdu. Əbu Cəhl Məkkədə olarkən bir çox mömin kimsəyə əziyyət verdiyi kimi, Abdullaha da çox işgəncələr etmişdi. Abdullah indi öz əlindəki qılıncla Əbu Cəhlin başına vurur, Məkkədə olarkən ona etdiyi zülmləri bir-bir onun yadına salır və bu qədər insafsızlığın və zülmün səbəbini soruşurdu… Abdullahın qılıncı sadə bir qılınc idi. Əbu Cəhlin isə görənləri valeh edən möhkəm bir qılıncı vardı. Abdullah öz qılıncını yerə qoyaraq onun qılıncını götürdü və Allah düşməninin başını elə onun öz qılıncı ilə bədənindən qopardı. Sonra isə qopardığı bu başı Rəsulullaha gətirib ona dedi: “Ey Allahın rəsulu! Bu Allahın düşməni Əbu Cəhlin başıdır!”. Hadisənin davamını onun öz sözlərindən eşidək:

“Mən bunu deyən kimi Allah Rəsulu (s.ə.s) sevincli bir şəkildə soruşdu; Ondan başqa ilah olmayan Allah adına düzünü söylə, bu onun başıdır?”. Mən də “bəli, özündən başqa bir ilah olmayan Allaha and olsun ki, bu onun başıdır!”-dedim. Sonra da Əbu Cəhlin başını Peyğəmbərin qabağına atdım. Rəsulullah ona tərəf çevrildi və dedi: “Ey Allahın düşməni! Səni bu şəkildə zəlil qoyan, zillətə düşürən Allaha həmd olsun!”. Sonra da üzünü bizə tərəf çevirdi və buyurdu:

“Bu ümmətin fironu bu adam idi”.

(Buxari, “əl-Məğazi” 12; Vaqıdi, əl-Məğazi, I, 90-91; İbn Hişam, əs-Sirə, II, 288-289, İbn Abdülbər, əl-İstî’ab, III, 991.)

Allah-Təala dağ kimi iri bədənli olan Əbu Cəhli yerə sərməyi iki cavan oğlana, son nöqtəni də qoymağı dağ boyda cəsarəti olan cılız bədənli bir əziz səhabəyə nəsib etmişdi.

Rəsulullah (s.ə.s) Abdullahı Dinləyir

Abdullah elm, irfan, ixlaskarlıq və zəhmətkeşlik baxımından tam bir öndərdi. İbadətə başlayanda elə bil ki bütün dünyanı unudur, mənəvi bir həzz ünvanına dalırdı. Qur`ani-Kərim onun tilavətində daha fərqli bir gözəllik qazanır, fərqli duyğularla qəlblərə yerləşərdi. Ömər ibn Xattab (r.a) belə rəvayət etmişdir:

“Rəsulullah bir gecə Əbu Bəkrin evində idi. Gecə söhbətə başları qarışmış, möminlərin vəziyyətləri ilə bağlı müzakirələr aparırdılar. Mən də onların yanında idim. Söhbətdən sonra evdən çıxanda biz də onunla birlikdə çıxdıq. Gecənin bu vaxtı məsciddə bir nəfər namaz qılırdı. Qaranlıqda onun kim olduğunu seçə bilmirdik. Namazda oxuduğu Qur`anın səsi isə eşidilirdi. Allah Rəsulu (s.ə.s) dayandı və ona qulaq asmağa başladı. O, oxuyub qurtarana qədər Rəsulullah orada dayandı. Qurtardıqdan sonra isə bizə tərəf döndü və dedi: ٍ

“Hər kim ki, Qur`anı nazil olduğu kimi oxumaq istəsə, İbn Ümmi Abdın oxuduğu kimi oxusun!”.

(İbn Macə, “Mukaddimə” 11; Əhməd, əl-Müsnəd, I, 7, 26; Hakim, əl-Müstedrək, III, 360; İbn Abdülbər, əl-İstî’ab,III, 990.)

Bu əsnada Abdullah ibn Məsud namazı qurtarmış və dua etməyə başlamışdı. O, dua etdikcə Allah Rəsulu (s.ə.s) da “istə, sənə istədiyin veriləcək!”-deyirdi. Hakim “Müstədrək”-ində bu məsələdən bəhs edərkən onun necə dua etdiyini də nəql edir və deyir:

“Abdullah dua etməyə başlayanda əvvəlcə çox gözəl bir şəkildə Allaha həmdü-səna etdi. Bir bəndənin öz Rəbbinə yönələ biləcəyi ən yaxşı şəkildə ona yönəldi və duaya başladı: َ

“Ey Allahım! Səndən sarsılmaz bir iman, tükənməz bir nemət və əbədi cənnət bağçalarının yüksəkliklərinin ən yüksəkliyində həbibin Muhammədə yoldaş olmağımı niyaz edirəm!” 

O, dua edərkən Allah Rəsulu (s.ə.s) də “İstə, istədiyin şey sənə veriləcək!”-cümləsini iki dəfə təkrar etdi. (Müstədrək, Mərifətüs-Səhabə, (3/358-359). )

Ömər ibn Xattab (r.a) yenə rəvayət edir ki:

“-Allah Rəsulunun bu sözlərinə şahid olduqda öz-özümə dedim; Səhər tezdən Abdullah ibn Məsudun yanına gedəcəyəm. Rəsulullahın onun duasına amin dediyini ona müjdələyəcəyəm”. Sübh tezdən onun yanına getdim və bu xoş müjdəni ona verdim. Ancaq Əbu Bəkr məndən də öncə gəlmiş və müjdəli xəbəri ona çatdırmışdı. Rəbbim şahiddir ki, nə vaxt Əbu Bəkrlə bir xeyir işində yarışa girsəm, o, məni qabaqlayardı.

İndi də Buxarinin nəql etdiyi başqa bir xatirədən bəhs edək:

Günlərin bir günü Rəsulullah Abdullahdan Qur`an oxumasını istəmişdi. Abdullah da təəccüblü şəkildə və ədəblə ondan soruşdu: “Ey Allahın Rəsulu! Mənmi oxuyum? O, sənə vəhy olundu!”.

Onun bu təəccüb dolu sualına Peyğəmbərimiz belə cavab verdi: “Mən onu başqasının ağzından eşidəndə xoşuma gəlir”.

Abdullah Rəsulullahın bu istəyindən sonra Nisa surəsinin başından oxumağa başladı. O, oxuyur, Allah Rəsulu (s.ə.s) da ona qulaq asırdı. Surənin 41-ci ayəsi olan;

“Hər ümmətdən bir şahid gətirdikdə, səni də onlara şahid göstərdiyimiz vaxt halları necə olacaq?”

-oxunduqda gözləri yaşla doldu. Gözlərindən yaşlar axmağa başlamışdı. Orada Abdullahın dayanmasını istədi.(Səhihi-Buxari, Mərifətus-Səhabə (3/361), Muxtəsəru Təfsiri İbn Kəsir (1/392). əl-Bidayə vən-Nihayə (4/149) 81)

Bu ayeyi kərimə hər peyğmbərin öz ümmətinə şahidlik edəcəyindən, haqq davanı onlara təbliğ etdiyindən və onların münasibətlərindən, Allah Rəsulunun həm öz ümmətinə, həm də digər bütün peyğəmbərlərə şahidlik edəcəyindən bəhs olunurdu. Bu ağır bir məsuliyyətdir və hesab günü çox ağır bir gündür. Bu məsuliyyəti də dərk edən Rəsulullah göz yaşlarını saxlaya bilməmişdi. 

İraq Səfəri Rəsulullah sağ olduğu muddətdə Abdullah onun yanından ayrılmamışdı, ona xidmət etməyə davam etmişdi. Onun haqq dünyasına köçməsindən sonra isə xəlifələrinin ən yaxın köməkçisi oldu. Bu əziz səhabə müzakirə etməyə (istişarə) son dərəcə böyük əhəmiyyət verirdi. Elmi dərəcəsi hamı tərəfindən bilinirdi, danışdığı zaman onun nə qədər dərin elmə malik olduğuna şahid olanlar əsla onu unuda bilmirdilər. İraq fəth olunana qədər bu vəziyyət belə davam etmişdi.

Ömər ibn Xattabın xəlifəliyi dövründə elm, irfan və cihad ordusunun fəthləri bir-birinin ardınca davam edib yüksəlirdi. İraq da tamamilə fəth olunmuşdu. İraq bir çox mədəniyyətlərin qovuşduğu bir ölkə idi. Babil, Şumer, Assur mədəniyyətləri kimi qədim mədəniyyətlərə şahid olmuş, kildanilərin, Fars imperiyasının, Makedoniyalı İsgəndərin mənsub olduğu mədəniyyətlərlə qarşılaşmış, onlardan müəyyən mənada təsirlənmişdi. O, bu mədəniyyətlərdən gələn bilgilərin, fikirlərin, əfsanələrin və əqidələrin çox yayıldığı bir yerdi. Bütün bunlarla mübarizə apara bilən, doğruya doğru, əyriyə əyri deyə biləcək və bunu isbat edə biləcək, mürəkkəb fikirləri sadələşdirib zehinləri həqiqətə yönləndirə biləcək, İslamın gözəlliklərini sərgiləyib qəlbləri fəth edə biləcək, sağlam bilgilərlə gələcək nəsli yoğura biləcək şəxslərə ehtiyac var idi. Ömər ibn Xattab (r.a) tərəddüd etmədən qərarını vermişdi. Onun öz ehtiyacı olsa da Abdullah ibn Məsudu İraqa göndərməyə məcbur idi. Çünki İraqda ona daha böyük ehtiyac vardı. O, iraqlılara yazdığı məktubda belə qeyd edirdi:

“Allaha həmdü-səna, Rəsuluna səlatu-səlam olsun!”. Sizə Əmmarı əmir olaraq, Abdullah ibn Məsudu da ona köməkçi olaraq göndərirəm. Onlar Allah Rəsulunun səhabələrinin ən əziz olanlarındandır. Onlara qulaq asın və itaət edin. Onları özünüzə rəhbət tutun, onların arxasınca gedin və onlara tabe olun! Abdullah ibn Məsuda mənim özümün də ehtiyacım vardı. Bilin ki, buna rəğmən mən sizi seçdim”.

(İbn Sa’d, ət-Tabakat, III, 157; Hakim, əl-Müstədrək, III, 357; İbnü’l-Əsîr, Üsdü’l-ğabə, III, 385.)

Beləliklə də, Abdullah, onu böyük bir səmimiyyətlə sevən, ona heyranlıq duyan, onun özünün də çox sevdiyi “O hansı vadiyə getsə, mən də o vadiyə gedərəm” -deyərək bağlılığını və sədaqətini göstərdiyi Ömər ibn Xattab (r.a) tərəfindən İraqa göndərildi.

İdarəçilik üçün bilgi və qabiliyyət qədər insanın xarici görünüşü və fiziki xüsusuyyətləri də diqqətə alınır. Buna görə də Rəbbimiz Talutu “Allah onu sizə hökmdar olaraq seçdi. Ona həm elm, həm də bədən üstünlüyü bəxş etdi” (Bəqərə, 2/247) buyruğu ilə tərifləmişdir. Ömər ibn Xattab (r.a) də İraq camaatına idarəçi kimi Abdullahdan daha cüssəli olan Əmmarı göndərmiş, ancaq İraqda əsən “güclü rüzgarlar” qarşısında durması, onları sakitləşdirməsi, batil əqidələri ortadan qaldırması, yanlışları düzəltməsi, doğruları və həqiqətləri aşılaması və İslam dinini ürəkdən gələrək yaşanan hala gətirməsi üçün, başqa bir sözlə desək, İraqda hidayət rəhbəri olsun deyə Abdullah ibn Məsudu seçmişdir. Ömər ibn Xattabın (r.a) bu bəsirətli qərarı və davranışı da gözdən qaçmamalıdır.

Çünki bu seçimin nə qədər doğru olduğunu tarix sübut etmiş, Kufə elm və irfan mərkəzi halına gəlmişdir.

Rəsulu-Əkrəm sallallahu aleyhi və səlləm bir dəfə ondan bir xütbə verməsini istəmiş, İbn Məsud da ayağa qalxaraq əvvəl Allaha həmd-səna etmiş, sonra insanlara belə xitab etmişdi:

“Ey insanlar! Allah Azzə və Cəllə bizim Rəbbimiz, İslam dinimiz, Qur`an rəhbərimiz, Kəbə qibləmiz, (əli Peyğəmbərimizi göstərərək) bu zat isə bizim Peyğəmbərimizdir. Allah və Rəsulu bizim üçün nələrdən razı isə biz də onlardan razıyıq. Allah və Rəsulu bizim üçün nələrdən razı deyilsə, biz də onlardan razı deyilik. Salam üzərinizə olsun”.

Sevgili Peyğəmbərimiz bu sözlərdən o qədər məmnun oldu ki “Ümmü Abd’in oğlu isabət etdi. Mən də Allahın və Ümmü Abd’in oğlunun ümmətin üçün razı olduğu şeylərdən razıyam. Allahın və Ümmü Abd’in oğlunun razı olmadığı şeylərdən mən də razı deyiləm“. Buyuraraq məmnuniyyətini ifadə etti. (Zəhəbi, A’lamü’n-nübəla, I, 479,484; Hakim, əl-Müstədrək, III, 359; İbn Abdülbər, əl-İstî’ab, III, 989)

Rəsulu-Əkrəm aleyhissalatu vəssəlam, Abdullah b. Məsudu çox sevirdi. “Məşvərət etmədən bir əmir təyin etsəydim İbn Ümmi Abd’i yəni Abdullah b. Mesüdu təyin ederdim. ” demişdir. (İbn Sa’d, ət-Tabakat, III, 154; İbn Hacər, əl-İsabə, VI, 376, 378; M. Hamidullah, İslam Peyğəmbəri, II, 892.)

Özündən sonra İbn Məsudun sözlərinə bərk-bərk bağlı qalınmasını istəyərdi. (Əhməd b. Hanbəl, əl-Müsnəd, V, 385; Tirmizi, “Mənakıb”, 38;Əbu Nuaym, Hilyetü’l-övliya, I, 128.)

İbn Məsud, Rasulullahdan on ayə öyrənir, bu on ayəni yaxşıca dərk etdikdən, qavradıqdan sonra həyata keçirir sonra yeni bir on ayəyə keçərdi. (Zəhəbi, A’lâmü’n-nübəla, I, 490.)

O bənzəri olmayan bir alim idi. Səhabələrinin elmi onda toplanmış, elmin zirvəsinə çatmışdı. Hələ Allah Rəsulu həyatda olarkən qazı vəzifəsini yerinə yetirir, fətva verərdi. (Kəttani, Hz. Peyğəmbərin İdarəçiliyi, I, 196,418.)

Rasulullahı xatırlayanda ürəyi titrəyər, tələbələrinə hədis rəvayət edərkən diqqətli olmalarını tənbeh ederdi. (Əhməd b. Hanbəl, əl-Müsnəd, I, 385.)

O insanlara cümə günləri nəsihət edir, daha çox söhbət etməsini istəyənlərə, Allah Rəsulunu nümunə götürdüyünü, insanları bezdirmək istəmədiyini söyləyirdi. (Buxari, “Elm” 12; Kəttani, Hz. Peyğəmbərin İdarəçiliyi, II, 301.)

İbn Məsud, Rasulullahın vəfatından sonra geridə buraxdığı ən böyük Qur`an alimi idi. Abdullah ibn Abbas onun Qur`anın ən böyük tərcümanı olduğunu söyləyirdi. Peyğəmbərimiz aleyhissalam: “Qur`anı dörd adamdan öyrənin“. buyurmuş və ən başda İbn Məsudun adını zikr etmişdir.  (Buxari, “Fəzailü’l-ashab” 27; Əbu Nuaym, Hilyetü’l-övliyâ, I, 176; İbn Abdülbər, əl-İstî’ab, III, 989.)

Yetmiş surəni şəxsən, birbaşa Rasulullahdan öyrənən Abdullah b. Məsud [İbn Hacər, əl-İsabə, VI, 374; Əbu Nuaym, Hilyetü’l-övliyâ, I, 125] belə deyərdi: “And içirəm ki, Allahın Kitabında harada nazil olduğunu bilmədiyim bir surə və kimin haqqında endiyini bilmədiyim bir ayə yoxdur. Yenə də Allahın Kitabını məndən daha yaxşı bilən birinin mövcud olduğunu bilsəm dərhal ayağına gedər, ondan faydalanardım.” (Buxari, “Fəzailü’l-Qur’ân” 8; Müslim, “Fəzailü’s-sahabə”, 115;Zəhəbi, A’lâmü’n-nübəla, I, 471; Safədî, əl- Vafi,XVII, 325.)

Elm Məclisləri və Abdullahı Tərifləyən Sözlər

Artıq Abdullah İraqın müəllimi, mürşidi, Əmmarın da ən yaxın köməkçisi idi. Çox keçmədən bu yeni mühitlə tanış oldu, onlarla qaynayıb-qarışdı. İslam dininə yenicə könül bağlayan bu insanlar qısa bir müddətdə onu çox sevmişlər, bu cılız bədənli insanda zəngin bir elm dəryası, kamil bir əxlaq, heyrətamiz bir cəsarət, Allaha və onun rəsuluna qarşı çox böyük bir məhəbbət, Rəbbinə dərin qəlbi bağlılıq və hər bir hərəkətində özünü büruzə verən ixlaskarlıq görmüşdülər. İllər keçdikcə bu elm məclisi daha da böyümüş, ağılları heyrətə salacaq bir şəkildə bütün İraq əhalisi onun elmi ilə yoğrulmağa başlamışdı. Onun xalq üzərindəki təsirini və insanların gözündəki qədirqiymətini izah etməyə kömək edən bir xatirəni burada zikr etmək yerinə düşər:

Ərəfat meydanı, üfüqləri getdikcə genişləyən İslam aləminin dörd tərəfindən gələn hacılarla dolu idi. Kufədən gələn bir nəfər Ömər ibn Xattabın yanına gələrək “Ey möminlərin əmiri! Mən Kufədən gəlirəm. Elə bir insanın yanından gəlirəm ki, o, “zikri-həkimi” əskiksiz bir şəkildə öz yaddaşından yazdırmağa qadirdir”.-dedi.

Bu dərəcədə iddialı və mübaliğəli sözlər Ömər ibn Xattabın heç sevmədiyi şeylər idi. Kufəli bu şəxsin sözlərini eşitdikdən sonra da şiddətli şəkildə qəzəblə dolmuşdu. İçindəki qəzəbin izlərini daşıyan və qarşısındakına “öz həddini bil, dediyin sözün nə mənaya gəldiyinə bir bax” deyirmişcəsinə kükrəyən bir səslə soruşdu: “

Təəssüflər olsun sənə! Kimdir o adam?”. Cavab belə oldu:

“-Abdullah ibn Məsud”.

Onun kükrəyən qəzəbi anidən dayandı. Qəzəbin yerinə qəribə bir sakitlik çökdü. Bu adı eşitdikdən sonra möminlərin əmirinin qəzəbi sakitləşmiş, başında dolanan qara buludlar, zehnində çaxan şimşəklər dağılmış, qəlbinə sükunət və fərahlıq dolmuşdu. Qəlbində Abdullaha və onunla birlikdə keçən elm, irfan və təqva duyğuları ilə dolu şirin xatirələrin həsrəti baş qaldırdı. Gözləri bir anlıq dolmuş kimi oldu. Bu duyğular içərisində belə dedi:

-Allaha and olsun ki, həyatda qalanlardan heç kim bu dediyin sifəti ondan daha çox haqq etmir!”.  (İbn Abdülbər, el-İstî’âb, III, 992; Əbu Nuaym, Hilyetü’l-övliyâ, I, 124; Heysəmi, Məcmeu’z-zəvaid, IX, 287.)

Kufəliyə Abdullahın məsciddə namaz qılarkən oxuduğu Qur`anı, Rəsulullahın ona qulaq asmasını, Abdullahın duasını və Rəsulullahın onun duasına “amin” deməsini xatırlatdı. Biz neçə dəqiqə əvvəl sözlərinə qəzəbləndiyi bu insan Ərəfat meydanında sevdiyi, həsrətini çəkdiyi və qəlbən darıxdığı bu şəxsin xatirələrini öz zehnində canlandırmışdı..

Səhabələrin ən alim şəxslərindən biri olan Əbu Musa əl-Əşari İbn Məsud barəsində belə demişdi: “Bu elm dənizi, həyatda olduğu müddətdə mənə sual verməyin!”. Onun elminə olan güvənini, hörmət və qiptəsini bu sözlərlə dilə gətirmişdi. Beləliklə də, elm əhlini tərif etməkdə də yaxşı bir nümunə olmuşdu. Vəfatını xəbər alan Əbu Dərdə radiyallahu anhın “Ardında özü kimi birini bıraxmadı” deyərək kədərini ifadə etməsi Abdullah b. Məsudun nə qədər böyük bir alim olduğunu göstərir. (İbnü’l-Esîr, Üsdü’l-ğâbe, III, 387; İbn Abdülber, el-İstî’âb, III, 993; İbn Hacer, el-İsâbe, VI, 376; Safedî, el- Vâfi,XVII, 326;)

Muaz ibn Cəbəl gözəl üzü, şirin sözü, zəngin elmi ilə hər kəs tərəfindən sevilən bir şəxs idi. Şam bölgəsində yayılmış bir xəstəlik ona da bulaşmışdı. Xəstəliyinin son dövrlərində tez-tez özündən keçirdi. Özünə gələndə isə başının üstündə duran Haris ibn Ümeyrin ağladığına şahid oldu. Haris əslən Şamdan olan bir şəxs idi. Şama gələn bu əziz səhabədən çox şey öyrənmişdi, onu çox sevmişdi və ona ürəkdən bağlanmışdı. Onda gördüyü elm və hikmətə heyran qalmışdı. Sevdiyi, nümunə götürdüyü və çox şey öyrəndiyi bu peyğəmbər dostunu itirmək qorxusunun kədəri içərisində göz yaşlarını tuta bilməmişdi. Buna görə ağlayırdı… Muaz onun ağladığını görəndə ondan soruşdu: “Niyə ağlayırsan?” Haris göz yaşları içərisində ürəkdən gələn bu sözləri dedi:

“Səninlə birlikdə dəfn olunacaq elm üçün ağlayıram”

Muaz gözəl gözlərini həyata yumarkən belə ona yenə irşadla dolu bir cavab vermişdi:

“Elm yolunda davam etmək istəyirsənsə heç tərəddüd etmədən Abdullah ibn Məsudun yanına get!. Elmi ondan, Əbu Dərda Üveymirdən və Salman Farisidən al!. Alimlərin ayaqlarının “sürüşməsindən” də özünü qoru!”.

O həyata vida etdikdən sonra Haris də birbaşa Kufəyə getdi və Abdullah ibn Məsudu tapdı. Muhəmməd Zahid əl-Kövsəri Muazın yaxın dostlarından biri olan Amr ibn Meymun əl-Əvdiyə də Kufəyə gedib Abdullah ibn Məsudun elm məclisində iştirak etməsini vəsiyyət etdiyini, Amrın da Kufəyə gələrək bu məclislərdə iştirak etdiyini qeyd etmişdir. (Fiqhu-əhli-İraq, M. Zahid əl-Kövsəri, (Nasbur-Rayənin Müqəddiməsindən nəqlən, 1/30, 31) 85)

Hədis Elmindəki Yeri

İbn Məsud (r.a.) hədis elmində də məşhur idi. 848 hədis rəvayət etdi. Hədis rəvayət edərkən çox ehtiyatlı davranardı. Bənizi saralar, rəngi dəyişərdi. Çox vaxt “Rəsulullah buyurdu” deməz, onun adından yalan danışmaqdan qorxardı. Onun rəvayət etdiyi hədislərdən bir neçəsi belədir:

Rəsulullah (s.ə.s.): “Qəlbində zərrə qədər qürur olan kimsə cənnətə girə bilməz”, ‒ bu­yurdu. Bir nəfər: “Ya Rəsu­lal­lah, insan paltarının və ayaqqabılarının gü­zəl olmasını istəyir (bu da qürur sayılırmı?)”, ‒ dedi. Rəsulullah (s.ə.s.): “Şübhəsiz ki, Allah gözəldir və gözəlliyi sevər. Qürur isə özünü hamıdan üstün tutaraq haqqı inkar etmək və insanlara yuxardan aşağı baxmaqdır”, ‒ buyurdu. (Müslim, İman: 147; Tirmizi, Birr: 60)

Doğru və düzgün olun. Şübhəsiz ki, doğruluq yaxşılığa, yaxşılıq da insanı cənnətə aparar. Doğru danışanın adı, nəticədə, Allah qatında “Siddiq” (yalnız doğru danışan) mərtəbəsində yazılar. Yalan danışmaqdan uzaq olun. Çünki yalan danışanın adı, nəticədə, Allah qatında “Kəzzab” (çox yalan danışan) kimi yazılar”. (Buxari, Ədəb: 69; Müslim, Birr: 105)

Kim dolanışıq çətinliyini insanlara şikayətlənsə, onun ehtiyacı aradan qaldırılmaz. Lakin kim dolanışıq çətinliyini Allaha bildirsə, Allah onun çətinliyini aradan qaldırar, bolluğa çıxardar”. (Tirmizi, Zühd: 18)

“Xəstəliyə və ya başqa cür bir çətinliyə məruz qalan heç bir müsəlman yoxdur ki, Allah ağacın yarpaqlarını tökdüyü kimi, bu vasitə ilə onun günahlarını bağışlamasın. (Buxari, Mərdə: 3; Müslim, Birr: 45)

Fiqih Elmindəki Yeri

Abdullahın fiqh elmində də xüsusi yeri vardı. Bir çox fətvalar vermişdi. Əbu Musa əl-Əşari (r.a.) kimi böyük alim onun elminə hörmət edər, “İbni Məsud aranızda mövcud olduqca məndən heç nə soruşmayın”, – deyərdi. Ömər də onun haqqında: “İbni Məsud elmlə doldurulmuş bir dağarcıqdır”, – demişdi.

Abdullah (r.a.) yaxşı bir alim olduğu kimi, eyni zamanda yaxşı müəllim idi. Bildiklərini ən gözəl şəkildə başqalarına öyrədərdi. Əli ibn Əbu Talibin olduğu bir məclisdə: “Biz Abdullahdan daha gözəl əxlaqlı, daha şəfqətli, daha təqvalı bir kimsəni görmədik”, – dedilər. Əli (r.a.): “Bunu səmimi qəlbdən deyirsiniz?” – deyəndə, “bəli” cavabını aldı və: “Şahid ol, ya Rəbb, mən də bunların dediklərini və daha çoxunu təsdiq edirəm”, – dedi. (Üsdül-Ğabə, 259). Ona görə də Ömər ibn Xattab (r.a.) onu Kufəyə müəllim göndərdi. Kufə əhlinə də belə bir məktub yazdı:

Sizə Ammar bin Yasiri vali, Abdullah bin Məsudu müəllim göndərirəm. Hər ikisi Bədir əshabıdır. Onlara tabe olun, itaət edin və sözlərini dinləyin. Bilin ki, sizi özümdən üstün tutaraq Abdullah bin Məsudu yanınıza göndərirəm”. (Safədi, Əl-Vafi bil-Vəfəyat, s. 2502.)

İbn Məsud (r.a.) Osman radiyallahu anhın xəlifəliyi dövründə qazılıq və fətva vermə  vəzifəsini gördü. Ayrıca Beytülmal məmuru vəzifəsində də işlədi. O illərdə bizanslılarla və sasanilərlə döyüşən mücahidlərin ehtiyacları Kufədən göndərilirdi. İbn Məsud (r.a.) bu vəzifəsini gözəl şəkildə ifa etdi. Osmanın xilafətinin son illərində fitnə yayılınca Hicaza qayıtdı.

Elm Ordusu

Abdullah çox keçmədən Kufədə bir elm mənbəyi halına gəlmişdi. Bərraq və gur axan bir bulaq kimi idi. Qısa bir müddət sonra bu bulaq böyük bir çaya çevrilmişdi… Ətrafında bir tələbə ordusu meydana gəlmişdi. Elmə həsrət, irfana aşiq olan bir ordu idi bu. Abdullah da bezmədən, yorulmadan, böyük bir həvəslə onları elm və irfanla bəsləyirdi. Onların bir yerdə toplanmalarını, həvəslərini gördükcə daha da sevinirdi. “Siz mənin qəlbimin parlaqlığısınız”-deyərək öz sevincini ifadə edirdi.

Yetişdirdiyi Tələbələr

İbn Məsudun tələbəlik etmiş  tabiunun məşhur alimlərindən bəziləri bunlardır: Alqamə b. Qeys, Əsvəd b. Yezid, Abidə əs-Səlmani, Məsruq b. Əcda, Əmr b. Şürahbil və Haris b. Qeys. Məşhur Əbu Hənifə məktəbinin qurucusu Alqamə b. Qeysdir. Ardınca da tələbələri İbrahim Ən-Nəxai, Əsvəd ibn Yəzid Ən-Nəxai və Şabi gəlir. Bunların da ən məşhur tələbəsi olan Hammad b. Əbi Süleyman, Əbu Hənifəyə müəllimlik etmişdir. Bu məktəbdə, Əbu Hənifədən başqa Süfyanı-Səvri, İbn Əbi Leyla və İbn Şübrümə kimi məşhur alimləri yetişmişdir. (Cərrahoğlu, DİA, I / 117)

Tələbələrindən Mesruk onun haqqında belə deyir: “Allah Rəsulunun səhabələri ilə oturub-qalxdım, onlarla söhbət etdim. Onların hər birinin həqiqətən bir ümman kimi dərin olduqlarını müşahidə etdim. Onlardan bəzisi vardı ki, bir adamın elmə olan bütün ehtiyacını və aclığını aradan qaldıracaq qədər geniş elmə sahib idi. Bəzisi, iki adamı; bəzisi on adamı; bəzisi yüz nəfəri; hətta bəziləri də bütün yer üzündəki insanları elmdə əhya edəcək ölçüdə alim idi. Bəli, Abdullah b. Məsud da bunlardan biriydi.” (İbn Sad, Ət-Təbaqatul-Kübra, IV / 159)

Muhəmməd Zahid əl-Kövsəri Abdullah ibn Məsudun həyata gözlərini yumarkən 4000-ə yaxın tələbəsinin olduğunu qeyd etmişdir. (Fiqhu-Əhli-İraq, (1/30))

Bunlar içərisində ən çox tanınmış olan Əlqəmə idi. O, Abdullahın yanından ayrılmaz, onu elmi ilə, İslamı yaşaması ilə, qısacası, bütün yönləri ilə özünə nümunə götürmüş, fiqh bilgisini ən incə nöqtələrinə qədər öyrənməyə, qorumağa çalışmış, tez-tez onun yanında yatıb-qalaraq ona xidmət etmişdi. Bu nöqtəni xüsusilə diqqətə çatdırmaq istədim. Çünki Əlqəməİbrahim ən-Nəhai, Amir ibn Şabi, Hakim ibn Şuteybə kimi üç böyük alim yetişdirmişdi. Bunların içərisindən İbrahim ən-Nəhai həqiqətən də bir elm dəryası idi. Onun Əlqəməyə bağlılığı, Əlqəmənin Abdullah ibn Məsuda bağlılığına çox bənzəyirdi.

Bundan əlavə o, Əlqəmənin əqrəbası idi. Əlqəmə onun anasının əmisi idi. Beləliklə də, elm dolu bir evdə dünyaya gələn İbrahim elm və ixlaskarlıqla dolu əqrəbası olan və onu çox sevən bir böyük alimin yanında yetişmişdi. Kiçik yaşlarından etibarən onun evində böyüyüb boya-başa çatmışdı. Bu silsilə elə bir silsilə idi ki, “Əlqəməni görəndə elə bil ki Abdullah ibn Məsudu, İbrahimi görəndə də elə bil ki Əlqəməni görmüş olurdun” sözü ilə məşhur olmuşdular.Bir çox insan bu elm və əxlaq zincirinə heyran qalmışdı.

Yuxarıda Abdullah ibn Məsudun tələbələri içərisində yer alan Zirr ibn Hübeyş əl-Əsədi (ölümü hicri 82) hamını özünə heyran qoyacaq dərəcədə ərəb dilini mükəmməl bilən bir şəxs idi. Qiraət elmi sahəsində onun yerini dolduracaq başqa bir şəxs yox idi. Asim də öz elmini ondan əxz etmişdi. 120 yaşına çatanda belə yaddaşı çox güclü qalmışdı. İnsanlara bu yaşında belə təraveh namazını o qıldırmışdı…

Əbu Abdurrahman Abdullah ibn Hübeyb (ölümü hicri 74) Abdullahdan aldığı elmə Əli radiyallahu anhdan aldığı qiraət elmini də əlavə etmiş, Kufə məscidində qırx il qiraət dərsi vermiş, ömrünün demək olar ki, hamısını bu işə həsr etmişdi. Qiraət alimi Həfsin, Asimdən rəvayət edərək bütün dünyaya yaydığı qiraət də onun qiraəti idi. O, qiraətini Osman ibn Affana və Zeyd ibn Sabitə ərz edən (oxuyan), ona dinlədən, onları da öz ustadları zəncirinə əlavə edən bir insandı…

Amr ibn Meymun əl-Əvdi (ölümü hicri 74) Muaz ibn Cəbəlin yaxınlığında yaşamış, onun tərifinə layiq olmuş, onu özü üçün elmi mənbəyə çevirmiş, sonra da Abdullah ibn Məsuddan elm əxz edərək iki təmiz, pak elm bulağından bəsləmə xoşbəxtliyini yaşamış bir alimdi..

Süreyh ibn Haris əl-Kindi (ölümü hicri 80) tarixin ən nadir gördüyü və hər kəsin hörmətini qazandığı, xüləfayi-raşidin dövründən etibarən başlayan mənbələrin qeyd etdiyinə görə 62 ili qazilik (hakimlik) məqamında olan bir alimdir. Neçə-neçə alim və fəzilətli insan onun qarşısından keçmiş, onun verdiyi hökmə itaət etmişdir.

Əli ibn Əbu Talib radiyallahu anh onun haqqında belə demişdir: “Ərəb diyarının hökm məqamına ən layiq olan qazisidir o”. Fiqh bilgisinin dərinliyi, zəkasının gücü və qabiliyyəti ilə gözəl nümunələr sərgiləyən bir insandır.

Übeydə ibn Qeys əs-Səlmani (ölümü hicri 72) Qazi Şüreyhin hökm verərkən məsləhətləşdiyi nadir insanlardan biridir…

Alqəmə ibn Qeys ən-Nəxai (ölümü hicri 62) elmi və fəziləti mübahisə olunmayacaq dərəcədə böyük olan bir insandır. Abdullah ibn Məsudun: “mən nə bilirəmsə Alqəmə də onu bilir” dediyi bir şəxsdir. Şama gedərək Əbu Dərdadan, Mədinəyə gedərək Ömər, Aişə bin Əbu Bəkr, Zeyd ibn Sabitdən elm almış, müxtəlif bölgələrin elmini öz zehnində toplamağı bacarmış bir insandır. (Fiqhu-əhli-İraq (1/31-32), Dirasat fil-fiqhil-İslami (s. 61-62).)

Növbəti həlqədə yer alan və Əlqəmənin qardaşı oğlu olan İbrahim ibn Yəzid ən-Nəxai hər elm əhlinin yaxından tanıdığı, qədir-qiymətini bildiyi və sözü dəlil qəbul edilən bir insandır. Bu elm bağçasının sonuna çıxmaq qeyri-mümkündür. Ona görə də çox dərinliklərə dalmamağa çalışaraq sadəcə bir neçə kəlmə demək istəyirik..

Silsilənin Əbu Hənifədən sonrasına da bir nəzər salaq. Onun tələbəsi İmam Muhammədin İmam Şafeyə, İmam Şafenin də İmam Əhməd ibn Hənbələ müəllimlik etdiyinə şahid oluruq.

Əlbətdə ki, bu əziz insanların başqa müəllimləri, ustadlarının olduğunu da yaddan çıxarmaq olmaz.

Biz bu məlumatları sizinlə bölüşərkən İmam Əbu Hənifənin, İmam Şafenin, İmam Əhməd ibn Hənbəlin də təsadüfən ortaya çıxmadıqlarını bilməyinizi istədik. Onların hansı elm mənbələrindən elm aldıqlarını öz zehnimizdə canlandırmağımızı, əsrlər boyu insanların niyə belə bir elm bulağından bəslənməyi arzuladıqlarının başa düşülməsini, bu elm, ədəb, əməl, ixlaskarlıq, əzmkarlıq və səy dolu insanların həlqələrlə necə bir- birilərinə bağlandıqlarını göstərmək istədim.

Abdullah ibn Məsudun üstümüzdə böyük bir haqqının olduğunu göz önünə sərməyi, onun qəlbimizdə necə fərqli bir yerinin olmasının vacibliyini vurğulamaq istədik.

Elm silsiləsindəki əsalətin qiymətini vurğulamağa çalışdıq. Sözlərimizi Allah Rəsulunun Abdullah ibn Ömərə vəsiyyəti ilə yekunlaşdırırıq:

ياَاْبَن ُعَمَر! ِديَن َك ِديَن َك،إِنَّماَ ُهَولَْحَمَْكَو َدَم َك.فاَنُْظْر َعَّمْنَتأُْخذ.

“Ey Ömərin oğlu! Dinin. Dinin! O sənin ətindir, qanındır!. Onu kimdən öyrədiyinə diqqət elə! Dininlə bağlı məlumatları özü və sözü doğru olan, haqq yolunda olan insanlardan al!. Haqqa gedən yoldan uzaqlaşanlardan, sağa-sola meyl edən insanlardan alma!”.

Bir Gecə Xatirəsi

Möminlərin əmiri Ömərul-Faruq ilə Abdullah ibn Məsudun yaddaşlardan silinməyəcək bir xatirəsi isə belədir: Göy qübbədə ulduzlar parıldayır… Səhraları örtən bu parıltılı qübbənin altında, gecənin sərinliyində irəliləyən iki karvan, uzaqdan bir-birini görürlər. Qafilənin başında Ömər ibn Xattab, digərinin başında isə Abdullah vardı. Abdullahın karvanı Beytullaha tərəf yola çıxmışdı. Gecənin qaranlığı insanların tanınmasına əngəl olurdu. Ulduzların parıltıları üzləri aydınlatmaq üçün kifayət etmirdi. Ömər yanındakı adamlardan birinə yüksək səslə əmr verdi: “Bu qafilənin haradan gəldiyini soruş!”. O da soruşdu: “Haradan gəlirsiniz?”

Bu suala Abdullah ibn Məsud cavab verdi: “Zəngin vadilərdən”

Bu kəlmələr az, ancaq dərin mənalı kəlmələrdi. Xüsusilə seçilmişdi. Çünki bu Qur`ani-Kərimin Beytullaha yönələnlər üçün istifadə etdiyi kəlmələrdi. Təkrarən soruşdu: “Bəs haraya gedirsiniz?”

Cavaboldu belə:  “Tarixin dərinliklərindən gələn Beytə!”

Bu da yuxarıdakı kəlmələrdən idi. Ömər ibn Xattab (r.a) özünü saxlaya bilməyib belə dedi: “Onların içərisində həqiqi bir alim var”. Seçilmiş olduğu qədər eyni zamanda ərəb dilində də qafiyəli olan iki cavab bütün diqqətləri oraya yönəltmişdi. Öməri bu şəxsin kim olduğu çox maraqlandırmışdı. Onun istəyi ilə danışmağa davam etdi. “Qurani-Kərimin ən dərin mənalı ayəsi hansıdır?” Qaranlıqların içərisindən bir səs gəldi:

اللَّهُ لَا إِلَٰهَ إِلَّا هُوَ الْحَيُّ الْقَيُّومُ ۚ

 “Hayy və Qayyum olan O Allahdan başqa heç bir ilah, heç bir məbud yoxdur”. (Bəqərə, 2/255). (Yəni ayeyi-kürsi)

Hansi ayə hökm baxımından ən əhatəli, mütləq və dəqiq əhkamlar əhatə edir?

Cavab:

“Həqiqətən, Allah (Quranda insanlara) ədalətli olmağı, yaxşılıq etməyi, qohumlara (haqqını) verməyi (kasıb qohuməqrəbaya şəriətin vacib bildiyi tərzdə əl tutmağı) buyurar, zina etməyi, pis işlər görməyi və zülm etməyi isə qadağan edir. (Allah) sizə düşünüb ibrət alasınız deyə, belə öyüd-nəsihət verir!” (Nəhl, 16/90)

Hansı ayə daha çox mənanı vəciz şəkildə ifadə etmişdir?

Cavab:

Kim (dünyada) zərrə qədər yaxşı iş görmüşdürsə, onu (onun xeyrini) görəcəkdir (mükafatını alacaqdır). Kim də zərrə qədər pis iş görmüşdürsə, onu (onun zərərini) görəcəkdir (cəzasını çəkəcəkdir)” (Zilzal, 99 7/8)

Hansı ayə daha çox qorxu ifadə edir?

Cavab:

“Bu, (Cənnətə daxil olmaq) nə sizin, nə də kitab əhlinin arzusu ilə deyildir. Pislik edən şəxs, onun cəzasını görəcək və o, Allahdan başqa özünə nə bir dost, nə də bir imdada yetən tapacaqdır!” (Nisa, 4/123)

Hansı ayə qəlbə daha çox ümid bəxş edir?

Cavab:

(Ya Peyğəmbər! Mənim adımdan qullarıma) de: “Ey Mənim (günah törətməklə) özlərinə zülm etməkdə həddi aşmış bəndələrim! Allahın rəhmindən ümidsiz olmayın. Allah (tövbə etdikdə) bütün günahları bağışlayar. Həqiqətən, O bağışlayandır, rəhm edəndir!” (Zumər, 39/53)

Və sonuncu sual belə olur: Sizin içərinizdə Abdullah ibn Məsud varmı?

Cavab:

“Allah xatirinə, bəli var!”.

Abdullah b. Məsud əxlaqı və yaşayışı ilə Rasulullah sallallahu aleyhi və səlləmə ən çox bənzəyən səhabə idi. (Buxari, “Fəzailü’l-ashab” 27; Tirmizi, “Mənaqıb” 38; İbn Sa’d, ət-Tabakat, III, 154;  İbnü’l-Əsîr, Üsdü’l-ğabə, III, 385.)

Onun Rəsulullaha olan yaxınlığı ilə bağlı başqa bir rəvayəti də Əbdürrəhman bin Yeziddən öyrənirik. O, belə deyir: “Biz bir dəfə Huzeyfətül-Yəmənin (r.a.)  yanına gəlib səhabələr arasında Rəsulullaha ən yaxın kim olduğunu öyrənib ondan nümunə götürmək istədik. Hz. Huzeyfə (r.a.) belə dedi: “Gözəl həyat tərzi ilə Rəsulullaha ən yaxın olan Abdullah ibn Məsuddur. On­dan başqasını tanımıram”. (İbn Sa’d, ət-Tabakat, III, 154; Hakim, əl-Müstədrək, III, 356;İbn Hacər ,əl-İsabə, VI, 376;  Əbu Nuaym, Hilyətü’l-övliya, I, 127;)

Tələbəsi Əlqamə b. Qays da Allah Rəsuluna hər halı ilə ən çox bənzəyən kimsənin, məhz müəllimi Abdullah b. Məsud olduğunu söylərdi.  (Mənbələrimi İbn Məsuda tələbələrindən ən çox Əlqamənin bənzədiyini ifadə edirlər; İbn Sa’d, ət-Tabakat, III, 154.)

Dörd xilafətdən sonra səhabələrin ən fəziləti və fəqihi qəbul edilən Abdullah b. Məsid (Kəttani, Hz. Peyğəmbərin İdarəçiliyi, II, 453.), bir çox tələbə yetişdirmişdir. Onun görüşləri, tələbəsi Əlqəmə vasitəsilə İbrahim ən-Nəxaiyə, ondan Həmmad b. Süleyman’a və nəhayət İmamı Əzəm Əbu Hənifə çataraq Hənəfi məzhəbinin əsasını formalaşdırmışdır.(Kəttani, Hz. Peyğəmbərin İdarəçiliyi, II,493)

Gecələri ibadətlə keçirən, arı vızıltısı kimi bir səslə səhərlərə qədər dua edən, göz yaşları səbəbiylə üzündə iki qara xətt əmələ gələn İbn Məsud (Zəhəbi, A’lâmü’n-nübəla, I, 495), ağ paltarlar geyinər, saçlarını çiyinlərinə qədər uzadar, gözəl qoxular sürtər, gecələri belə gözəl qoxusu sayəsində tanınardı. (İbn Sa’d, ət-Tabakat, III, 157; Bəğavi, Mu’cəmus-sahabə, III, 465; Zəhəbi,  A’lamü’n-nübəla, I, 463.)

Abdullah b. Məsud Allah Rəsulunun hələ həyatda ikən cənnətlə müjdələdiyi (İbn Hişâm, es-Sîre, I, 272; İbnü’l-Esîr, Üsdü’l-ğâbe, III, 383; İbn Abdülber, el-İstî’âb, III, 988.), sirdaş olduğu, etina ilə yetişdirdiyi çox dəyərli bir kimsə idi. O, sanki Peyğəmbərimizin kölgəsi idi. Rasulullah yatmaq istəyəndə başını Abdullahın dizinə qoyardı. Cinlərə Qur`an oxumağa gedərkən yanına Abdullahı alardı. Ay yarılıb Hira Dağı ayın iki hissəsi arasında qalanda Abdullah Peyğəmbərimizlə birlikdə idi. Bədr günü düşmən ordusunu görən Peyğəmbərimiz Rəbbinə zəfər üçün yalvararkən Abdullah yanı başında idi. Allah Rəsulunun barmaqları arasından mübarək sular fışqırdığında o sudan doya-doya içən ilk şəxs Abdullah b. Məsud idi. Haqq gəlib batil zail olduğunda bütlər üzü üstə yerə yıxılarkən Rasulullahın yanında yenə İbn Məsud vardı. O, Rəbbinə tez-tez belə dua edərdi:

Allahım, Səndən geri dönüşü olmayan bir iman, tükənməyən nemətlər və əbədi cənnətdə Rəsulun Muhammədin dostu olmağı istəyirəm“. (Əhməd, əl-Müsnəd, I, 386; İbn Abdülbər, el-İstî’ab, III, 991; Əbu Nuaym, Hilyetü’l-övliya, I, 127.)

Rəbbimiz bu uca səhabənin duasını qəbul buyursun; Onun həyatından dərslər çıxarmağı və onun kimi yaşamağı hamımıza nəsib eləsin. Amin.

Həcc Səfəri Xatirəsi

Abdullah yenə İraqdan Beytul-Ətiqə gəlmiş, həccini yerinə yetirmiş və geri qayıdırdı. “Rəbəzə” deyilən bir yerə çatanda onun başına yeni bir hadisə gəlir. Onun qocalmış ürəyi heç gözləmədiyi bir vaxtda dərindən sarsılır. Allah Rəsulunun vəfalı dostlarından olan həqiqi bir zahid və mücahid olan Əbu Zər əl-Qiffari, yanında xanımı və xidmətçisindən başqa heç kimin olmadığı bir vəziyyətdə ruhunu Rəbəzə çölündə təslim etmişdi. Ölmədən əvvəl tapşırdığı və siyyətə görə cənazəsi xanımı və xidmətçisi tərəfindən yolun üstündə basdırılmışdı. Bu mənzərəni görən və vəfat edənin əziz dostu olan Əbu Zər olduğunu öyrənən Abdullah ibn Məsud göz yaşlarını saxlaya bilməmiş, dostunu bağrına basmış, öz cübbəsi ilə kəfənləmiş, onu səhranın sakit bir bölgəsinə dəfn etmişdi. Cənazə namazını qıldırmış. Bundan sonra da Əbu Zərin xanımı və xidmətçisini götürərək Mədinəyə tərəf yola düşmüşdü… (Vaqidî, əə-Məğazi, III, 1001.)

Dünyaya Vida Etməsi

Bu elm, ixlas və cəsarət dolu olan səhabə Kufədə minlərlə qəlbi fəth etmiş, bəşəriyyəti heyranlığa boğacaq yüzlərlə, minlərlə tələbə yetişdirdikdən sonra Osman radiyallahu anhın dövrünün sonlarında xəlifə tərəfindən Mədinəyə çağrılmış,Mədinəyə gəlişindən qısa bir müddət sonra Abdullah xəstələndi. Osman (r.a.) onu ziyarətə gələndə şikayətini soruşdu.

Abdullah bin Məsud: “Bir şikayətim var, o da günahlarımdır!” – deyə cavab verdi,  Osman ondan nə istədiyini soruşdu, o, Allahın mərhəmətini istədiyini dedi. Osman bu dəfə: “Sənə nəsə gətirim?” – deyə soruşdu. Cavab qısa idi: “Ehtiyacım yoxdur”. Nəticədə, Osman: “Övladlarına qoyarsan”, – deyəndə

Abdullah: “Övladlarımın ac qalacağındanmı qorxursan?! Mən onlara hər gecə “Vaqiə” surəsini oxumağını əmr edərdim. Çünki Rəsulullahın “Kim hər gecə “Vaqiə” surəsini oxusa, dünyada yoxsulluq dərdi çəkməz” buyurduğunu eşitmişdim”.  Üsdül-Ğabə, 259

Abdullah bin Məsud 64 yaşında hicrətin 32-ci ilində Allah Rəsulunun yanında həyata gözlərini yummuşdu. Baqi qəbiristanlığına dəfn edildi. Cənazə namazını Osman ibn Affan və ya Zübeyr b. Avvam qıldırmışdır .(İbn Sa’d, ət-Tabakat, III, 160; Hakim, əl-Müstədrək, III, 353; İbnü’l- Əsîr, Üsdü’l-ğabə, III, 387.). Abdullah b. Məsud Baqi məzarlığına dəfn edilmişdir.

Dünya həyatını tərk edərkən də zikri-həkimi (Qurani-Kərim) yeni enmiş vəhy kimi oxumağa davam edirdi… O, özündən sonra arxada bəzi sadə məişət əşyaları və cihad üçün hazırlanmış silahlardan başqa bir miras buraxmamışdı. İllərlə dövlət büdcəsindən onun üçün ayrılmış olan maaşı da almamışdı. O, özündən sonra arxada əsil xəzinə olan elm dolu bir ordu və unudulmayacaq xatirələr buraxmışdı… Abdullah ibn Məsudu xeyirlə yada salır, elmi irsini, üstümüzdəki haqqını əlbətdə ki, unutmuruq.

“Ey Rəbbimiz! Bizləri kainatın əfəndisinə, iki dünya günəşi-nə, həbibinə, yaradılanların ən xeyirlisinə ümmət etdin! Belə bir şərəfi bizə bəxş etdin. Dünya ömrü bitib yeni bir həyatın başladığı anda bizi bu şərəfdən məhrum etmə! Bizi onun ümməti olaraq həşr et! Onun bayrağı altından toplananlardan, onun hovuzu ətrafından bir yerə yığışanlardan, onu yaxından görənlərdən, onun səhabələri ilə görüşmə nemətinə qovuşanlardan, tarixin seyri içərisində onların davamçısı olaraq izzət tapanlardan, şərəf duyanlardan, onlarla görüşməyin sevgisinə, şövqünə, sevincinə və səadətinə çatanlardan et!

Dünya həyatında ikən də bizləri bu şüuru, bu idrakı daşıyanlardan, sahib olduğu imanı, şüuru və əzmkarlığı dünyaya əks etdirənlərdən, ömür pilləkənlərini çıxarkən elmi, irfanı, ədəb və tərbiyəsi ilə yüksələnlərdən, hər gün getdikcə xeyirli əməllərə yeni saleh əməllər əlavə edənlərdən eylə! Rəsulunun yolundan gedənlərdən, onun irşad izini əsla tərk etməyənlərdən, mominlərin yolundan başqa yol tutmayanlardan, haqqa tərəf səbr və mətanətlə yola düşənlərdən eylə!

Bizi zalımlarla birlikdə həşr eyləmə! Haqq davasına qarşı çıxanlardan, onu anlamayanlardan, ona uzaq duranlardan, qəflət pərdələrinin gözlərini bürüdüklərindən, hara getdiyini bilmədən İblisin addımlarına tabe olub yeriyənlərdən, Allah Rəsuluna uzaq qalanlardan, özlərinə mömin qəlblərin yolundan başqa yol tutanlardan, ən sonra da cəhənnəm atəşində yananlardan eyləmə!

İstər çağdaş, istər qədim, istərsə də yeni, adı və şəkli nə olursa-olsun cəhalətə düşənlərdən, Rəbbini unudub öz həva və həvəslərinə tabe olanlardan, onları ilah halına gəti rənlərdən, həyatın axışı içərisində kortəbii şəkildə ona doğru sürüklənənlərdən, haraya gedəcəyini bilmədən ölümə doğru yola düşənlərdən eyləmə!

Sənə bəndə, Rəsuluna ümmət eylə! Bizi bu iqrar və arzu ilə dünya həyatını yaşayanlardan, haqq yolda xidmət edənlərdən və hüzuruna alnı açıq gələnlərdən eylə!”

İbrətlik sözlərindən:

“Harama girib zəngin olmaqdansa, yoxsul qalmağı, Allaha üsyan edib şərəf qazanmaqdansa, Ona itaət edib təvazökar olmağı seçmək lazımdır”.

Abdullah (r.a.): “Əsla heç kəs “immə” olmasın!” – dedi. “”İmmə” nədir?” – deyə soruşdular. Abdullah dedi: “İmmə “mənim şəxsi fikirlərim yoxdur, insanlar nə etsə, mən də elə edərəm, Müsəlman olsalar, Müsəlman olaram, kafir olsalar, mən də kafir olaram” deyən kim­sədir. Siz: “Bütün insanlar kafir olsalar, mən Müsəlman qalmağa qərarlıyam”, – deyin”.

 

Abdullah ibn Məsud haqqında geniş məlumat və araşdırma üçün bax:

Fədailus-Səhabə, Əhməd ibn Hənbəl (2/837-844), əs-Siratun-Nəbəviyyə, İbn Hişam (1/314-315, 325, 635-636), Səhihi-Buxari, (13/322-323) Səhihi-Müslim, (4/1910-1914) Xilyətul-Evliya, (1/124-139) əl-Müstədrək (3/353), əl-İstiab (2/316-324), əl-İsabə (2/368-370), əl-Bidayə vən-Nihayə (7/169-170), Siyəru-Aləmin-Nübəla (1/461-500), Ümdətul-Qari (13/322), Fiqhu-əhli-İraq (1/29-30), Suvərun min Həyatis-Səhabə (2/21-36), Məvsuatu Fiqhi Abdillah ibn Məsud (s.6-27)

______________________________

İstifadə olunmuş mənbələr.

1.Örnək Nəsil: Peyğəmbər Dostları-İslamı Necə Anladılar, Necə Yaşadılar-2, Bakı-2014; İpəkyolu Nəşriyyatı:

2. Səhabələr Ensiklopediyası, Heyət, Nəsil Yayınları

3. Mutlu Bilin, Siyəri-Nəbi

Bu mövzuda fikirlərinizi bizimlə bölüşün