Gənc Muslim

10 maddədə Duadan alacağımız nəticələr

Abdullah ibn Ömər (Allah ondan və atasından razı olsun!) Rasulullah sallallahu aleyhi və səlləm`dən belə rəvayət etmişdir:

Dua, enmiş olan bəlada (müsibət) da fayda gətirər, hələ enməmiş olan bəlada da. Elə isə ey Allahın qulları duanı tərk etməyin.

(Hakim 1/493)

Heç bir şeyə möhtac olmayan Allahu Təala yaradılan bütün canlıları Özünə möhtac etmişdir. Bu səbədən insanoğlu bütün ehtiyaclarının qarşılanması üçün heçbir sıxıntı keçirmədən Allaha əl açar… Dua hər zaman bir ehtiyacın qarşılanması üçün edilməz, bəzən müsibətlərdən qorunmaq üçün də dua edilər.

Rasulullah sallallahu aleyhi və səlləm`in bu hədisindən dua ilə bağlı bir çox nəticə əldə etmək olar. Bunlardan əsaslarını 10 maddə halında zikr edək:

1) Dua, bəlanın qarşısını alar;

2) Duanın gücünə inanmalı və heç vaxt tərk etməməliyik;

3) Dua etmək Allahın yer üzündə Hakim (Hakimiyyət sahibi) olduğuna iman etməkdir;

4) Dua insanoğlunu təkəbbürlülükdən uzaqlaşdırar;

5) Dua edən insan Allahın əs-Saməd (Heçbir şeyə möhtac olmayan) sifətinə iman etdiyini təsdiq etmiş olar;

6) Dua edən insan Allahın hər an eşitdiyinə iman etdiyini təsdiq etmiş olar;

7) Dua edən insan Allahın gəlib keçmiş və gələcək olan bütün dilləri bildiyinə də iman etmiş olar. Yoxsa ancaq ərəb dilində dua edilərdi;

8) Allaha dua edərkən Allah ilə qul arasına vasitəçi qoymaqa da ehtiyac olmadığını bu hədisdən görürük;

9) Həmçinin, qul Allahdan bəla istəməməlidir. Bəla istəmək tövsiyyə edilməmişdir;

10) Duanı tərk etmək Allaha ehtiyacın olmadığı anlamına gəlməkdədir. Bu da bir müsəlmanın inancı və əqidəsi ilə uyğun olmadığı üçün ölənə qədər duanın gücünə inanmaq və heç vaxt duanı tərk etməmək lazımdır.

Çox qəribədir ki, bəzən duamıza cavabın gecikməsinə səbr etmərik. Halbuki Rasulullah sallallahu aleyhi və səlləm belə buyurur:

Hər hansı birinizin duası tələsməmək şərti ilə qəbul edilər. Tələsən kimsə isə: `Rəbbimə dua etdim, ancaq qəbul etmədi` deyər.

(Səhih Buxari, Səhih Muslim)

Dualarımızın qəbul olmasının gecikməsi bəlkə də dua edənin xeyrinədir. Bəlkə də duasının qəbul olması onun dünya və axirətinə zərər verə bilər. Bunu biz bilmərik.

Uca Allah Qurani Kərimdə belə buyurur:

Ola bilsin ki, sevmədiyiniz bir şey sizin üçün xeyirli, sevdiyiniz bir şey isə sizin üçün zərərli olsun. Allah bilir, siz isə (bunu) bilmirsiniz.

(Bəqərə surəsi, 216-cı ayə)

Dua etmək onsuz da bir ibadətdir və dua edildiyi vaxt savablar yazılmış olur. Duanın ibadət olduğunu bildikdən sonra bu ibadəti yerinə yetirən kimsə üçün bu bir sevinc qaynağı olmalıdır.

Dualarımızın gecikməsini insanın düşməni olan şeytan fürsət bilib insanın qulağına belə vəsvəsə edər: “Günahlarından dolayı Allah duanı qəbul etmir. Duanı tərk elə. Nə qədər dua etsən də boşunadır.. Boşuna özünə əziyyət vermə..” Odur ki, şeytanın hər cür şərrindən Allaha sığınıb duanı tərk etməyək in şəə Allah …

Sonda Aləmlərin Rəbbi olan Allaha həmd olsun…

Bu mövzuda fikirlərinizi bizimlə bölüşün