Gənc Muslim

Böyüdüyüm cəmiyyətə açıq məktub

Uşaq olarkən mənə Çirkin Ördək Balası nağılını oxudunuz. Uzun illər onun mən olduğuna inandım. Hər zaman mənə  kişilərin istədikləri kimi istifadə etdiyi əşyadan başqa bir şey olmadığımı yeritdiniz. Onlar kimi sürətli qaça bilmədim, onlar kimi ağırlıq qaldıra bilmədim, onlar kimi pul qazana bilmədim.. Əvəzində tez-tez zəifliyimdən dolayı ağladım, hönkür-hönkür ağladım..

Və bir halda ki, kişi ola bilmirəm o zaman sırf onları məmnun etmək üçün çalışdım. Makyaj edib qısa ətəklər geyindim. Həyatımı, bədənimi, şəxsiyyətimi gözəl görünmək üçün fəda etdim. Beləcə həyatımı jurnalların üz qabıqlarında keçirdim.

Bir kölə olmağıma baxmayaraq məni azad olduğuma inandırmışdınız. O halımla sizin bir əşyanız idim, amma bunun bir üstünlük olduğunu mənə yeritmişdiniz. Mənə həyatımın mənasının daim göz önündə olmaq, ətrafdakıların marağını cəlb etmək və kişilər üçün gözəl görünmək olduğunu öyrətmişdiniz. Bədənimin əşyalarınızı daha yaxşı satmağınız üçün var olduğuna inandırmışdınız. Cəmiyyət olaraq məni çirkin bir ördək balası olduğuma inandıraraq böyütdünüz. Fəqət  söylədikləriniz yalan idi.

İslamın mənə verdikləri

İslam deyir ki, mən bir mücəvhərəm. Hər kəsdən fərqliyəm və belə də olmalıdır. Mən buralar üçün yaradılmamışam.
Allah Quranda deyir ki: “Ey insanlar! Biz sizi bir kişi və bir qadından Adəm və Həvvadan yaratdıq. Sonra bir-birinizi tanıyasınız kimliyinizi biləsiniz deyə, sizi xalqlara və qəbilələrə ayırdıq. Allah yanında ən hörmətli olanınız Allahdan ən çox qorxanınızdır, pis əməllərdən ən çox çəkinəninizdir. Həqiqətən, Allah hər şeyi biləndir, hər şeydən xəbərdardır.” ( Hucurat, 13)
Demək ki, mən dəyərliyəm, amma dəyərim kişilərin verdiyi qiymətə görə deyil. Bir qadın olaraq dəyərliyəm. Bu mənim vücudumun göstəricilərinə görə və ya məni bəyənən kişi sayına görə müəyyən olunmur. Bir insan olaraq dəyərim daha ali göstəricilərə görə müəyyən olunur-təqvama görə. Və həyatdakı qayəm moda jurnalları fərqli söyləsə də kişilərə gözəl görünməkdən daha alidir.

Allah məndən örtünməmi, gözəlliyimi qorumaq üçün gizlətməyi və bütün dünyaya buraya bədənimlə kişilərə zövq yaşatmaq üçün gəlmədiyimi sübut etməyimi istəyir. Mən Allahın rızasını qazanmaq üçün buradayam. Allah qadına məhrəm yerlərini yalnızca evləndiyi insana göstərməsini əmr edərək həqiqi qiyməti verir.
Məni “azad qadın” etmək istəyənlərə bir sözüm var: Təşəkkürlər lazım deyil.

Mən bədənimi insanlara göstərmək üçün burada deyiləm. Vücudum cəmiyyətin istehlak etməsi üçün yaradılmayıb. Bir əşyanın satışını artırmaq üçün ayağımı və ya bədənimin hər hansısa bir yerini açmayacam. Mən bir ruham, bir şüur daşıyıcısıyam, mən Allahın quluyam..
Dəyərim qəlbimin gözəlliyinə, ruhumun əxlaqına görə müəyyən olunur. Qısası sizin gözəllik, dəyərlilik standartlarınıza boyun əyməyəcəm. Sizin moda anlayışınıza təslim olmayacam. Mənim təslimiyyətim daha ali bir varlığadır.

Təsəttürümlə mən gözəlliyimdən çox imanımı ortaya qoyuram. Həqiqətən də insan olaraq dəyərim Allahla olan əlaqəmə görədir, necə göründüyümə görə deyil. Və artıq mənə baxdığınızda məni bir bədən, bir ət parçası olaraq görmürsünüz. Məni ancaq yaradıcısına qul olan və onun əmrlərini yerinə yetirməyə çalışan biri olaraq görürsünüz..

Bu yazı yasminmogahed.com saytından götürülərək “Gənc Muslim” tərəfindən tərcümə edilmişdir.

Qeyd: Saytdakı paylaşımlardan istifadə edərkən mənbə olaraq gencmuslim.net göstərməyi unutmayın.

Bu mövzuda fikirlərinizi bizimlə bölüşün

Sosial Şəbəkə Səhifələrimiz

Hər gün bir yeni video paylaşdığımız Youtube kanalımıza abunə olmağı unutmayın..

Bundan əlavə bizi İnstagram, Facebook, Whatsapp və digər şəbəkələrdən də izləyə bilərsiz.