Gənc Muslim

Ateizm və xoşbəxtlik – 2

Bundan öncəki yazımızda Birləşmiş Millətlərin hesabatına əsasən xoşbəxtlik baxımından ölkə siyahısının ateistlər tərəfindən necə sui-istifadə edildiyini göstərdik. Burada bir başqa aspekt haqqında danışmaq istəyirik. Xoşbəxtlik ilə dindarlıq arasında bir əlaqə varmı? Buna ümumi bir cavab vermək mümkün deyildir, hansısa dinə mənsub olmaq özlüyündə xoşbəxtliyin səbəbi deyildir, çünki təqib olunmuş bir sektaya mənsub olmaq normal hallarda iztirab və əziyyətə gətirib çıxarır. Lakin normal şərtlərdə insanların özlərini xoşbəxt hiss etməkləri üçün səmavi dinlərin rol oynaya biləcəyi inkar edilmir. Bu barədə aparılmış araşdırmalar buna dəlalət edir.

Aparılan araşdırmalar:

Şimali Dakota Universitetinin professoru Clay Routledge ixtisas olaraq eksperimental sosial psixologiya ilə məşğuldur. O “dindar insanlar daha xoşbəxt olurlarmı?” sualına “bəli” deyərək cavab verir və bunun bəzi səbəblərini qeyd edir. Etiraf etmək lazımdır ki, bəzi sosio-psixoloji araşdırmalar belə bir əlaqənin olduğunu inkar etsə də əksər araşdırmalar bu əlaqəni dəstəkləyirlər. 2014-cü ildə Austin Universitetinin apardığı araşdırmanın nəticələri göstərdi ki, hər həftə dini məşğuliyyətlə məşğul olanların 45 faizi özünü “çox xoşbəxt” hiss etdiklərini söylədikləri halda dini məşğuliyyətdə iştirak etməyənlərin isə yalnız 28 faizi eyni cavabı verə biliblər. Əks cavab da bu fikri təsdiqləyir, çünki dini fəaliyyətlərdə iştirak etməyənlər arasında özlərini “tamamilə bədbəxt” hiss etdiklərini deyənlər iki dəfə daha çoxdur. Bu araşdırmalar dindarlığın hansı yollarla fərdlərə daha çox xoşbəxtlik verdiyini də izah etməyə çalışır.

Bunlardan bəzilərini burada zikr edirik:

  1. Dini inanc insanın həyatına xüsusi bir məna qatır, həyatda bir məqsədinin olduğunu aşılayır. Bu yolla insan həyatda etdiyi hər bir şeyin bir mənasının olduğuna inanır. Ateistlər bu stimuldan məhrumdurlar.
  2. Problemlər ilə üzləşənlər təsəllini dində tapa bilirlər, çünki meditasiya, dua və mənəvi bağlılıq müsibətlər ilə üzləşməkdə çox yardım edir. Dini mühit insanın ağrılarını azaldır və onların öhdəsindən gəlməyə kömək edir.
  3.  Əsl dini inanc bir çox insandan ölüm qorxusunu götürməyi bacarır, çünki ölüm dinə əsasən həyatın, varlığın sonu deyildir, lakin keçid nöqtəsidir, əbədi həyatın başlanğıcıdır.
  4. Bir çox araşdırmalar ən önəmli ünsürün sosial həmrəylik duyğusu olduğunu deyiblər. Din mənsubları bu və ya digər yolla bir-biriləri ilə sıx əlaqədə olurlar. Xristianlar kilsədə, yəhudilər sinaqoqda, müsəlmanlar isə məsciddə sosial hörgünü təşkil edirlər, bir-biriləri ilə mənəvi mübadilədən keçirlər. Bu, xoşbəxtlik üçün çox önəmli bir inqrediyentdir.

Cohen-Zada və Sander apardıqları araşdırmada maraqlı bir halı müşahidə ediblər. Onlar bazar günü kilsə ziyarəti ilə xoşbəxtlik arasında bir bağ olduğunu görə biliblər. Amerikanın bəzi ştatlarında, Kanadanın bəzi hissələrində “mavi qanun” (blue law) bazar günləri dükanların açıq olmasını qadağan edir. Lakin tədricən bir çox ştatlar bu qanunu qüvvədən salırlar və araşdırmalar göstərir ki, qadınlar arasında qanunun ləğvi kilsə ziyarətlərini azaldır. Bu isə öz növbəsində onların özlərini daha az xoşbəxt hiss etməklərinə gətirib çıxarır, çünki kilsə ziyarəti hər şeydən öncə sosial əlaqələrin sağlanması deməkdir.

Din ehtiyyacı:

Önəmli olan digər xüsusiyyət budur ki, insan həyatında problemlər ilə üzləşdikdə onları həll etmək üçün dinə ehtiyacı artır. Təsəlli tapmaq üçün, mənəvi güc əldə etmək üçün meditasiya edənlər, dua edənlər, ibadət edənlər olur və bu, çox normal bir haldır. Bu, onu təsdiqləyir ki, dini inanc insanlara mənəvi sıxıntılarının öhdəsindən gəlməyə kömək edir. Bu səbəbdən varlı və zəngin cəmiyyətlərdə dindarlığın az olduğunu, kasıb ölkələrdə, sosial problemlərin çox olduğu ölkələrdə isə dindarlığın çox olduğunu görmək mümkündür. Bu, heç də dindarlığın varlı, imkanlı insanları daha xoşbəxt etmək təsirindən məhrum olması anlamına gəlmir, lakin insanın problemlərinin, acılarının, sıxıntılarının çoxalması ilə dinin təklif etdiyi mənəvi xoşbəxtliyə, rahatlığa ehtiyacın daha da artdığını göstərir. Eyni şəkildə də insanın zənginliyi, var-dövləti artdıqda özünü xoşbəxt etmək üçün imkanları da çoxalır, burada xoşbəxtlik dedikdə süni xoşbəxtlikləri, dünyəvi xoşbəxtlikləri də əhatə edən ümumi xoşbəxtliklər qəsd olunur. Bu, insana müvəqqətə sevinc gətirən əyləncələr, gəzintilər, içkilər də ola bilər. Yəni süni xoşbəxtliklər ilə dinin təklif etdiyi mənəvi xoşbəxtliklər bir araya gələ bilmir və seçimlərin çoxluğu sosial rifahı yüksək olan ölkələrdə dindarlığın azalmasına gətirib çıxara bilir.

Nəticə:

Bu dediyimiz əksinə onu göstərir ki, dindarlıq insanların mənəvi rahatlığında əvəzsiz bir rol oynayır və bunu ateistlər belə pozitiv bir əlamət olaraq qəbul etməlidirlər. Bu yazılanlar hansısa dinin haqq olduğunu sübut etmir, lakin ateistlərin dinə qarşı irəli sürdükləri bəzi iddialara cavab verir.

Qeyd: Saytdakı paylaşımlardan istifadə edərkən mənbə olaraq beyyine.az göstərməyi unutmayın.

Bu mövzuda fikirlərinizi bizimlə bölüşün

Sosial Şəbəkə Səhifələrimiz

Hər gün bir yeni video paylaşdığımız Youtube kanalımıza abunə olmağı unutmayın..

Bundan əlavə bizi İnstagram, Facebook, Whatsapp və digər şəbəkələrdən də izləyə bilərsiz.