Bəlli dövrlərdə bəlli filosoflar, fikir axınları, filmlər, romanlar çox trend olur, çox xatırlanır. Bu günlərdə də demokratiya, insan haqları, söz azadlığı, ümumən azadlıq, güclər ayrılığı (seperation of power) mövzuları çox dəbdədir. Deməli, hələ də işə yarayırlar. Toyuq gələn yerdən yumurta əsirgənməz, demək ki, hələ də bu məfhumlara pul xərcləməyə dəyir.

Dəbdədir nə deməkdir? Yəni, adında eyni samitlərdən qoşa-qoşa olan möhtərəm şəxslərdən (misal üçün, Pierre Cardin, Puççi, Ruççi, Ferre) birinin çıxıb deməsi kimi ki, ay camaat, ey əhali, bu il sarı rəngli, yaşıl zolaqlı qısa şalvarlar dəbdə olacaq. İndi gəl bu cür geyinmə, ol “çuşqa”, hamı da sənə yuxarıdan aşağı baxsın. Qərbin gözündə “çuşqa” olaraq görünməmək üçün də yuxarıda adı keçən demokratiya, insan haqları, söz azadlığı, ümumən azadlıq, güclər ayrılığı kimi mübarək mövzularda geri qalmamaq lazımdır. Yoxsa? Yoxsa, başımız ağrıyar/ağrıdarlar. Ya da Sisi (Misir) və bir çox ərəb kralı kimi onlarla dost olub istədiyimiz kimi yaşaya bilərik. Kimsə bizdən dəbdə olan “sarı rəngli, yaşıl zolaqlı qısa şalvarlar”ı geyinməyi tələb etməz. 😉

Bəs niyə bu mövzular dəb olur? Çünki insanlar idarə, istifadə edilməli, kontrol altına alınmalı, iktidar və güc əldə edilməlidir. Corc Oruelin “1984” romanında O’Brayanın Uilyama izah etməyə çalışdığı kimi, onların əldə etmək istədiyi əşyalar deyil, insan üzərində iktidar və gücdür.

Bu gün sadəcə bir məfhum haqqında – güclər ayrılığı – danışmağa çalışaq. Bunu son olaraq bizi “çox sevən, qayğımıza qalan, sadəcə bizi düşünən” BBC gündəmə gətirdi. Daha maraqlısı isə Elif Şafakı istifadə edərək.

Bu mesajlar bizə İngiltərədən, Londondan verilir. Gələcək “Kral”a “yox!” deyilməsini istəyirlər. Haradan? Böyük Britaniyadan. Günəşin batmadığı Krallıqdan. Yaşasın Kral! Yaşasın Kraliça!

Bu mövzunu o BBC işıqlandırır ki, “ədaləti”, məsələlərə “bitərəf”, “qərəzsiz” yanaşmağı ilə məşhurdur. Sadəcə bir nümunə vermək burada tam yerinə düşər. İstifadə olunan dilə, seçilən sözlərə diqqət edərək siz dəyərli oxuyucular qərar verin ki, bu kanal nə qədər qərəzsizdir. 1982-ci il Marqaret Tetçerin dövründə İngiltərədən nə az, nə çox 12000 km uzaqlıqda yerləşən və Argentinanın Odlu Torpaq və ya Pataqoniya kimi ərazilərindən yerli argentinalıların “eyvanlarından baxanda görə biləcəkləri” Folklend adasına göndərdiyi ordu hissələrinə “tapşırıq qüvvələri” deyir. İkinci bir xəbərdə isə 1974-cü ildə Türkiyənin Kipr hərbi əməliyyatlarında göndərdiyi hərbi hissələrə “işğal qüvvələri” adını verir. [1] Qərar sizin. (Avropalıların “Türklərin burada nə işi var?!” düşüncə axını üçün baxın: Celal Fedai, “Avrupalı yazarların gözünden Türkiye Stratejik samimiyet”, Star Gazetesi, 13.04.2017.)

Qayıdaq Elif Şafaka. Güclər ayrılığı (qanunvericilik, icra və məhkəmə hakimiyyəti) fikri Şarl Lui Monteskyönün “Qanunların ruhu haqqında” əsəri ilə ortaya çıxmışdır. Elif Şafak və onunla həmfikir olan “intellektuallar xoru” (belə intellektualları imperialistlər hər zaman tapır [2]) Monteskyö “Aşk”ının ilin günün bu vaxtı qabarması da bir ayrı maraqlı mövzudur. Qabarma demişkən. Göy cisimlərinin (ən çox bilinən Günəş və Ayın) mövqelərindəki oynamalara əsasən Yer kürəsinin bəlli ərazilərində sularda qabarma və çəkilmə (“med cezir”) hadisəsi baş verir. Bunun xüsusən çox baş verdiyi məşhur şəhərlərdən biri də Londondur. Elif Şafak da Londonda çox yaşadığı üçün bu “qabarma və çəkilmə”lərdən çox təsirlənib demək ki. Bəlkə də İstanbulda, Konyada və ya Trabzonda “doğulub”, bu şəhərlərin birində “yaşasaydı”, “qabarma və çəkilmə”dən də bu qədər təsirlənməzdi.

Qabarma və çəkilmələrin vaxtlarını hesablayıb əvvəlcədən müəyyən etmək mümkündür. Misal üçün, tərtib edilmiş cədvəl vasitəsi ilə Londonda hansı gün, hansı saatlarda qabarma və ya çəkilmə olacağını bilmək olar. Elif Şafak başda olmaqla  bu intellektualların da Monteskyö “Aşk”larının “qabarma və çəkilmə” cədvəlini bir az çalışsaq hazırlamaq mümkündür bəlkə də. Sadəcə bu “qabarma və çəkilmə”ni yaradan (Qərb, London, Paris, Vaşinqton və s.) və məruz qalan (Şərq, İslam, Türkiyə, Türklər və s.) təməl aktyorları dəqiq müəyyən etmək lazım gələcək, qalanını tarix həll edir.

“Qabarma” zamanlarına nümunələr: Osmanlı dövrünə getməyə də bilərik, 1950-60-ci illər, 2000-ci illər sonrası, xüsusən bu günlərdə…

“Çəkilmə” zamanlarına nümunələr: 1920-ci illər, 1960 çevrilişi sonrası Menderesin asılmasına gedən proseslər, 28 fevral 1997 (“28 şubat”) hadisələri…

Qalanını səssiz də düşünmək olar… Hətta gələcək “qabarma və çəkilmə” tarixlərini də təxmin etməyə çalışmaq mümkündür bəlkə də…

Son olaraq da bunu qeyd etmək lazımdır ki, güclər ayrılığı mövzusunda bənzər fikirləri Con Lok (1632-1704) müdafiə edirdi, Monteskyö (1689-1755) isə tam olaraq bunu ortalığa qoydu. Monteskyö bu mövzu ilə bağlı “Qanunların ruhu haqqında”əsərini 1748-ci ildə yazdı. Yəni bu əsər və bu fikirlər 1948-ci ildə 200 il idi ki, var idi.

Qeydlər:

[1] – Şaban Teoman Duralı, (2016). Çağdaş Küresel Medeniyet, 7. Baskı, Dergah Yayınları, İstanbul. s. 179

[2] – Edward W. Said, (2003). Orientalism, Penguin Books, New York, USA. s. Xİİ (Preface)

Fikirlərini bizimlə bölüş və yazını paylaşmağı unutma..

Bu mövzuda fikirlərinizi bizimlə bölüşün