Təsəttür

Dinimizin xüsusi önəm verdiyi mövzulardan biri Təsəttür məsələsidir. Təsəttür örtünmə deməkdir. Fiqhi bir termin olaraq Təsəttür kişi və qadının şər’ən örtülməsi gərəkli olan yerlərini örtməsi deməkdir. Bir kimsənin örtməsi gərəkən və başqasının baxması haram olan yerlərinə “övrət yeri” deyilir. Örtünmənin məqsədi başqalarının baxışlarından qorunmaqdır. Hər kəsə məlum olduğu üzərə insan heyvandan fərqli olaraq şuurlu varlıqdır və bunun nəticəsi olaraq üzərinə bəzi mükəlləfiyyətlər yüklənmişdir. Bu mükəlləfiyyətlərdən biri də Təsəttür yəni örtünmədir. İslam insana istədiyi kimi geyinmə sərbəstliyi verməmişdir. Geyinmənin ölçülərini də təyin edən Allahdır. Dinimiz kişi və qadına ayrı-ayrı təsəttür formaları əmr etmişdir. Bununla belə kişi də qadın da təsəttürdən sorumludurlar. İlk olaraq qadınların təsəttür formasını qeyd edək. Allahu Təala Nur surəsində belə buyurur:

“Mömin qadınlara de ki, gözlərini haram buyurulmuş şeylərdən çevirsinlər (naməhrəmə baxmasınlar), ayıb yerlərini (zinadan) qorusunlar ,öz-özlüyündə görünən (əl, üz) istisna olmaqla, zinətlərini (zinət yerləri olan boyun, boğaz, qol, ayaq və s. naməhrəmə) göstərməsinlər; baş örtüklərini yaxalarının üstünə çəksinlər (boyunları və sinələri görünməsin)…” (Nur 31)

Ayənin bu hissəsindən anladığımız üzərə Allahu Təala qadınlara örtünməni əmr edir. Məşhur müfəssir Təbəri bu ayənin təfsirində qeyd edir ki:”Said ibn Cübeyr, ibn Abbas və bənzəri alimlər burada zikr edilən “öz-özlüyündə görünən qisimlər”dən məqsədin üz və əllər olduğunu söyləmişlərdir.”(Təbəri Təfsiri) Arxasıyca Təbəri bu görüşü dəstəkləyən bir hədis zikr edir. Aişə radıyallahu anha anamız deyir ki:

“Bir gün Əbu Bəkrin qızı bacım Əsma, üzərində incə bir paltar ilə Rasulullahın yanına gəldi. Rasulullah sallallahu aleyhi və səlləm ondan üz çevirdi və ona belə dedi:
“Ey Əsma, qadın heyz görmə çağına çatınca, onun ancaq burası və burası görülə bilər. Rasulullah belə deyərkən üzünü və əllərini işarət etdi.” (Əbu Davud, Libas 31,)

Müvafiq ayədə qadınlara örtünmə əmrinin arxasıyca, kimlərin yanında örtünmələrinin fərz olmadığı açıqlanır:

“…zinət yerlərini ərlərindən, yaxud öz atalarından, yaxud ərlərinin atalarından (qayınatalarından), yaxud öz oğullarından, yaxud ərlərinin oğullarından, yaxud öz qardaşlarından, yaxud qardaşlarının oğullarından, yaxud bacılarının oğullarından, yaxud öz (müsəlman) qadınlarından, yaxud sahib olduqları (müşrik) cariyələrdən, yaxud kişiliyi qalmamış (onlarla birlikdə yemək yeyən) xidmətçilərdən, yaxud qadınların məhrəm yerlərini hələ anlamayan uşaqlardan başqasına göstərməsinlər; gizlətdikləri bəzək şeylərini (xalxallarını) göstərmək üçün ayaqlarını (yerə və ya bir-birinə) vurmasınlar. Ey möminlər! Hamınız Allaha tövbə edin ki, nicat tapasınız.” (Nur 31)

Digər bir ayədə isə belə buyurulur:

“Ya Peyğəmbər! Zövcələrinə, qızlarına və möminlərin övrətlərinə de ki, (evdən çıxdıqda cariyələrə oxşamasınlar deyə, bədənlərini başdan-ayağa gizlədən) örtüklərini örtsünlər. Bu onların tanınması (cariyə deyil, azad qadın olduqlarının bilinməsi) və onlara əziyyət verilməməsi üçün daha münasibdir. Allah bağışlayandır, rəhm edəndir!” (Əhzab 59)

Bu ayə də qadınlara örtünməni əmr edir. Bu ayələrdən, hədislərdən və həmçinin alimlərin görüşlərindən çıxan nəticə odur ki, qadınların üzləriylə, əllərindən başqa bütün bədənləri övrattır yəni örtülməsi gərəkli yerlərdir. Sağlam görüşə görə topuqdan aşağı ayaqları da övrət sayılmaz. Aişə radıyallahu anha anamız deyir ki:

“ Nur surəsindəki örtünmə ayəsi enincə kişilər bu ayələri evlərində xanımlarına, qızlarına, bacılarına oxudular. Bu qadınların hamısı səhəri gün sabah namazına təsəttürlü gəldilər. Sanki onların başları üzərində qarğalar vardı.”(ibn Kəsir təfsiri)

Örtü bütün bədəni örtməklə birlikdə altını göstərməyəcək qədər qalın olmalıdır, incə olmamalıdır. Həmçinin bədən üzvlərini bildirəcək qədər dar olmamalıdır. Dar və incə bir paltarla örtülmüş qadın, bütün bədənini örtsə də şər’ən örtülmüş sayılmaz. Qadının örtünməsiylə qadının şəxsiyyəti qorunmaqdadır. Qadın örtüsüylə həm özünü pis nəzərlərdən qorumuş olar, həm də qarşısındakına bir zərafət və nəzakət hissi verməkdədir. Əks halda qadın, nəfsani arzuları təhrik edən bir şəhvət vasitəsi halına gətirilmiş olar. Bu onun şəxsiyyətini və heysiyyətini alçaldar və analıq qürurunu zəiflətmiş olar. Hər bir ailə başcısı mömin kişi öz əmri altındakılara Allahın əmirlərini çatdırmaqla vəzifəlidir. O səbəbdən də hər bir müsəlman kişi xanımına, qızına örtünmənin gərəkli olduğunu çatdırmalıdır. Allahu Təala Təhrim surəsində belə buyurur:

“Ey iman gətirənlər! Özünüzü və əhli-əyalınızı elə bir oddan qoruyun ki, onun yanacağı insanlar və daşlar (daşdan düzəlmiş bütlər), xidmətçiləri isə Allahın onlara verdiyi əmrlərə asi olmayan, buyurduqlarını yerinə yetirən daş qəlbli (heç kəsə zərrəcə rəhm etməyən) və çox sərt təbiətli mələklərdir (zəbanilərdir).”(Təhrim 6)

Bu ayə ailə başcısı olan kişilərə olan əmrdir. Qadın kişiyə nisbətdə cəzbedici olaraq yaradılmışdır. Bu səbəbdən kişilərlə qadınların təsəttür şəkli fərqlidir. Kişilərin təsəttür formasına gəldikdə isə, kişilər üçün fərz olan qisim göbəklə diz qapağı arası olan qisimdir. Hədisdə

“Kişinin övrət yeri göbəyi ilə diz qapağı arasıdır” buyurulur.(Əhməd, Müsnəd 2/187)

Fəqihlərin əksəriyyətinə görə kişinin övrat yeri göbəklə diz qabağı arasıdır.(Cəziri, əl Fiqhu aləl Məzahibil Ərbaa) Deməkki, bir kişinin də göbəklə diz qabağı arası olan qismini digərlərinə göstərməsi haramdır. Geyimin dar və incə olmaması kişilər üçün də keçərlidir.

Fikirlərinizi bizimlə bölüşün və yazını paylaşmağı unutmayın.

Bu mövzuda fikirlərinizi bizimlə bölüşün