Dünyanın yaradılmadan əvvəlki halını düşünək. Sən yox idin… Dünya da yox idi. Sonra Yaradan dünyanıvə içində də insanları yaratdı. İllər sonra sən də gəldin dünyaya. Ətrafına baxanda heyrət içərisində qalırsan. Çünki, bütün ehtiyaclarının hamısı yaradılmışdır. Orqanizmin vitaminlərə ehtiyacı var, vitaminlərə görə qidalar yaradılıb. Yuxuya ehtiyac var, yuxu yaradılıb. Danışmağa ehtiyac var, dil yaradılıb. Yeməyi çeynəməyə ehtiyac var, dişlər yaradılıb. Yeməyi həzm edəcək mədə yaradılıb. Qoxunu almağa ehtiyac var, burun yaradılıb. Bütün bunları görmək üçün bir orqana ehtiyacımız var, iki göz yaradılıb. Xülasə, bunlar saymaqla bitməz. Qısacası, insanın nəyə ehtiyacı varsa hamısı yaradılıb…

    Bir sual çıxır ortaya, bütün bunlar niyə yaradılıb?… Gözün qırpılmağı belə səbəbsiz olmadığı halda, kainat səbəbsiz yaradılarmı? Əlbəttə yaradılmaz. Bəs nə üçün yaradılıb? Kainat, insan üçün yaradılıb. Bəs insan niyə yaradılıb?

   Biz bu dünyaya niyə gəlmişik? Bizi yaradan bir qüdrət var. Bir qələmin belə öz-özünə əmələ gələcəyini iddia etmək, iddia edənin ağılsızlığına dəlalət edir. Bəs bu möhtəşəm kainatın, göylərin, yerlərin, dağların, təbiətin və insanın öz-özünə yarandığına inanmaq, bunu iddia edənin ağılsızlığına dəlalət etmirmi?! Yaradılmış varsa deməli bir yaradan var. Və yaradan olan Allah, bütün bu kainatı, insanı boşu-boşuna yaratmamışdır. Allahu Təala, Qurani Kərimdə, Ali-İmran surəsində belə buyurur:

Həqiqətən, göylərin və yerin yaradılmasında, gecə ilə gündüzün bir-birini əvəz etməsində (bir-birinin ardınca gəlib-getməsində) ağıl sahibləri üçün (Allahın varlığını, qüdrətini, kamalını və əzəmətini sübut edən açıq) dəlillər vardır Ali İmran, 3/190.

   Onun ardınca gələn ayədə isə Allah-Təala ağıl sahiblərinin bu həqiqətləri düşündükdən sonra nə deyəcəyini bizə xəbər verir:

O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı xatırlar, göylərin və yerin yaradılması haqqında düşünər (və deyərlər): “Ey Rəbbimiz! Sən bunları boş yerə yaratmamısan! Sən pak və müqəddəssən! Bizi cəhənnəm odunun əzabından (Özün) qoru!Ali İmran, 3/191.

   Bəli! Allah, bütün bunları boş yerə yaratmamışdır. Allah, bizi də bir insan olaraq sadəcə yemək, içmək və şəhvani hislərimizi təmin etmək üçün yaratmayıb. Çünkü bizə, heyvandan fərqli olaraq ağıl neməti verib. Bu səbəbdən Allah, öz kitabında ağlını istifadə etməyib həyatını sadəcə yemək, içmək və şəhvətdən ibarət görənləri heyvanlara bənzədir. Hətta heyvanın şüursuzca etdiyi hərəkətləri, şüurlu şəkildə etdiyi üçün heyvandan daha aşağı olduğunu bildirir:

(Ya Rəsulum!) Nəfsini özünə tanrı edəni gördünmü? Onun vəkili (zamini) sənmi olacaqsan? (Onu bəd əməllərdən sənmi çəkindirib saxlayacaqsan? O özü haqqı axtarıb tapmalı, ona nail olmalıdır!) Yoxsa elə güman edirsən ki, onların əksəriyyəti (sən deyən sözü) eşidəcək və ya (ağıllı-başlı) fikirləşəcək? Onlar heyvan kimidirlər, bəlkə, ondan daha çox zəlalət yolundadırlar. (Heyvan heyvanlığı ilə öz mənfəətini bilib ona zərər gətirən bir işi görməz. Bunlar isə nə xeyirlərini, nə də zərərlərini anlayarlar). Furqan, 25/43-44.

   Düşünmək insanı heyvandan fərqləndirən əsas xüsusiyyətlərdən biridir. Allah bizi yaradıb. Bunu dərk etdikdən sonra belə bir sual çıxır. Bəs niyə yaradıb? Biz niyə yaşayırıq və niyə ölürük? Ölməklə həyat sona çatır, yoxsa həqiqi həyat başlayır? Bütün bu sualların cavabını biz, Allahın kitabı Quranda tapa bilərik.

   Bu məqalə Ömər Mənsuroğlunun “Həyatın Qayəsi” kitabından alıntıdır.

Fikirlərinizi bizimlə bölüşün və yazını paylaşmağı unutmayın.

Bu mövzuda fikirlərinizi bizimlə bölüşün