Ramazan və Oruc

Bir müsəlmanın həyatında Ramazan ayı və oruc xüsusi bir önəmə sahibdir. Ramazanın və orucun hikmətlərini bilmədən məqsəd hasil olmaz. Allahu Təala Bəqərə surəsində belə buyurur:

“İnsanlara doğru yolu göstərən, bu yolu açıq dəlilləri ilə aydınlaşdıran və (haqqı batildən) ayıran (Quran) ramazan ayında nazil edilmişdir. Aya (ramazan ayına) yetişən şəxslər (bu ayı) oruc tutmalıdırlar…”(Bəqərə 185)

Bu ayədən də anladığımız üzərə Ramazanın özəl bir ay olma səbəbi, insanlara haqqı çatdıran, insanların hidayəti olan Quranın bu ayda endirilməsidir. Ramazandan bizim ilk dərsimiz bu olmalıdır. Ramazan Quran ayıdır, və bu ay içində edilən ibadətlər və ən əsası oruc bizə Qurana bağlılıq şuurunu qazandırmaq üçündür. Oruc İslamın 5 əsasından birisidir. Ümumən ibadətlərimizin hikmət və qayələrindən biri və ən önəmlisi nəfsi təzkiyədir. Yəni insanı tərbiyə etmək, insanı xeyrə yönəltmək və pisliklərdən uzaq tutmaq. Oruc ilk öncə bizə bunu qazandırır. Oruc insanın Allaha itaət və təslimiyyətlə bağlandığı, nəfsi ehtiyaclarına qarşı dayandığı bir səbir ibadətidir, yəni oruc bizə səbri öyrədir.

Göstərişdən uzaq ibadət

Oruc riya və göstəriş qarışma ehtimalı ən az olan bir ibadətdir və yalnız Allah rızası üçün tutulur. Oruc günahların bağışlanmasına səbəbdir. Oruc cəhənnəmdən qoruyan bir qalxandır. İnsan oruc sayəsində ehtiyac sahiblərinin sıxıntılarını anlayar. Oruc sayəsində insanın mərhəmət hissi artar, yoxsullara yardım şuuru formalaşar. Bu orucun fərdi faydasından əlavə sosyal və toplumsal faydasıdır. Orucun fiqhən nə ilə pozulacağı müvafiq kitabların mövzusu olduğundan, bunları təkrar çatdırma ehtiyacı hiss etmədik. Lakin orucu fiqhən pozmasa belə, məna olaraq pozan, orucun savabının itməsinə səbəb olan bəzi faktorlar vardır ki, bunlar da qeybət, göz zinası, yalan kimi günahlardır. Rasulullah sallallahu aleyhi və səlləm belə buyurdu:

“Kim yalan danışmağı və kələklə iş görməyi tərk etməzsə, Allahın o şəxsin yeməyini və içməyini tərk etməsinə ehtiyacı yoxdur.”(Buxari, savm 8)

Orucu müxtəlif səbəblərlə öz məqsədində çıxaran, daha öncə qeyd etdiyimiz kimi qeybət, yalan və digər günahlarla kirlədənlər üçün təhdid mahiyyətində bir hədisi də qeyd etməkdə fayda var.

Rasulullah sallallahu aleyhi və səlləm belə buyurdu:

“Nə qədər oruc tutanlar vardır ki, orucundan ona quru bir aclıqdan başqa heç bir şey qalmaz…”(ibn Macə, Siyam 21)

Ramazan ayı oruc ibadəti ilə birlikdə eyni zamanda təravih namazı, sədəqə, etikaf, Quran xətmi və digər ibadətlərlə təmizlənmək üçün, gözəl əxlaqa qovuşmaq üçün bir qazanc mövsümüdür. Ramazanı hikmətlərini və mahiyyətini anlayaraq keçirdiyimiz zaman günahlardan təmizlənmiş olaraq bayrama çıxmış olarıq və o zaman bayramımız həqiqətən bayram olar. Həyatımızı Ramazan kimi yaşadıqda isə ölüm günümüz bayram günümüz olar.

Ömər Mənsuroğlu

Fikirlərinizi bizimlə bölüşün və yazını paylaşmağı unutmayın..

Bu mövzuda fikirlərinizi bizimlə bölüşün