Qarşıdan Qurban bayramı gəlir. Bu səbəbdən qurbanla bağlı hökmləri tərtibli yazı halında təqdim etməyi uyğun gördüm. Müvəffəqiyyət Allahdandır.

Qurbanın hökmü.

Qurban imkanı olan birisi üçün vacibdir. Bu Əbu Hənifənin, Əbu Yusufun, Zufərin, Muhəmmədin, eləcə də Həsənin görüşüdür. Əbu Yusufla Muhəmməddən onun vacib olmadığı, əksinə müəkkəd sünnə olduğu görüşü də gəlmişdir. Lakin məzhəbin görüşü vacib olmasıdır. Uca Allah Qurani Kərimdə buyurur: “Rəbbin üçün namaz qıl və qurban kəs”.[1]

Bu həmçinin Misirin fəqihi Leys bin Sadın görüşüdür.

Qurbanın vacib olması üçün bir şəxsdə aşağıdakı şərtlər olmalıdır:

1. İslam. Müsəlman olmayan birisinə qurban vacib deyil. Burada vaxtın hamısında müsəlman olması şərt deyil. Belə ki, vaxtın əvvəlində kafir olan birisi vaxtın sonunda İslamı qəbul edərsə ona qurban kəsmək vacib olar.

2. Azad olmaq. Köləyə vacib deyil. Günümüzdə kölə yoxdur.

3. Muqim[2] olmaq. Səfərdə olan birisinə vacib deyil.

4. Zəngin olmaq. Yoxsula vacib deyil. Buradakı zənginlik fitrə sədəqəsində şərt qoşulan zənginlikdir. Bunun üçün bu mövzuya baxa bilərsiz. Mövzu içərisində keçən zənginlik sözüylə də bu zənginlik qəsd olunacaq.

Lakin yoxsul birisi qurban niyyətiylə heyvan almış olarsa ona da aldığı heyvanı kəsmək vacib olar.

5. Vaxtın girməsi. Vaxt girmədən qurban vacib olmaz.

Ağıl sahibi olmaq və həddi büluğa çatmaq şərtinə gəlincə, İmam Əbu Hənifəyə və Əbu Yusufa görə bu şərt deyil. Bu səbəbdən uşaq qurban kəsəcək qədər zəngin olarsa vəlisi onun malından onun yerinə kəsməlidir. Lakin imam Muhəmmədlə Zufərə görə şərtdir. İbnus Səati Əbu Hənifəylə Əbu Yusufun görüşünü səhih saymışdır.[3]

Qurbanın vaxtı.

Hənəfilərə görə qurbanın vaxtı Zül Hiccə ayının 10-u, 11-i, və 12-i dir. Bu Ömər, Əli, İbn Ömər, İbn Abbas və Ənəsdən –Allah hamısından razı olsun- gəlmişdir.

Vaxt Zülh Hiccə ayının 10-u gününün sübh namazının girməsi ilə başlayır, 12-i gününün məğrib namazının girməsi ilə bitir.

Şəhərlərdə yaşayanlar qurbanlarını imam bayram namazını qıldırdıqdan sonra kəsərlər. İmam namaz qıldırmazsa həmin günün zəvalına[4] qədər gözləyərlər. Bundan sonra isə kəsə bilərlər. Kənd və şəhər ətrafında yaşayanlar isə ilk günün sübh namazının girməsi ilə qurbanlarını kəsə bilərlər. Çünki kənddə yaşayanlara bayram namazı vacib deyil. Bu üzdən imamın namaz qıldırmasını gözləmələri də vacib deyil.

Əgər imam namazı ikinci günə saxlayarsa, həmin ikinci gün onun namaz qıldırmasını gözləmək şərt deyil. Əksinə, ikinci gün istənilən vaxtda qurban kəsilə bilər.

Burada nəzərə alınan kəsiləcək heyvanən olduğu yerdir. Misal üçün şəhərdə yaşayan birisi kənddə yaşayan birisinə vəkalət vermiş olarsa kənddəki adam sübh namazının girməsi ilə onun qurbanını kəsə bilər. Hətta şəhərdə yaşayan birisi qurbanını tez kəsmək istərsə bilərəkdən vəkaləti kənddə yaşayan birisinə verə bilər. Lakin kənddə yaşayan birisi şəhərli birisinə vəkalət verərsə həmin adam qurbanı imam namazı qıldırdıqdan sonra kəsməlidir.

Qurbanı ilk gündə kəsmək daha yaxşıdır. Çünki ibadəti əda etməyə tələsmək bəyənilən əməllərdəndir.

Qurban günlərində olduğu kimi gecələri də qurban kəsmək caizdir. Lakin gecənin qaranlığı səbəbi ilə xəta etmə ehtimalı olarsa gecə kəsmək tənzihən məkruhdur.

Əgər vaxt çıxıncaya qədər qurban kəsilməzsə baxılar; Əgər şəxs zəngindirsə qurban üçün heyvan almış olsa da olmasa da heyvanın qiyməti qədər sədəqə çıxarar. Çünki zənginə qurban vacibdir.

Əgər şəxs kasıbdırsa qurban kəsmək üçün aldığı heyvanı sədəqə verər. Çünki ona qurban əsli etibarı ilə vacib olmadığı üçün əlavə olaraq pul çıxarmasına da gərək qalmaz. Sadəcə əlində olanı, yəni heyvanı sədəqə verər.

Qurbanlıq heyvana xas şərtlər.

Kəsilən heyvan qurban kəsilməyə keçərli olması üçün aşağıdakı şərtlərə cavab verməlidir:

1. Növü qurban kəsiləcək heyvan növündən olması. Bu qoyun və keçi kimi kiçik baş heyvan, inək və camış kimi böyük baş heyvan və dəvədir. Heyvanların erkək və yaxud dişi olması fərq etməz. Sadəcə kiçik baş heyvanın qoç olması, digərlərinin isə dişi olması daha yaxşıdır.

Bu heyvanların vəhşi növlərindən qurban kəsmək olmaz. Misal üçün dağ keçisi, dağ qoçu, vəhşi camış və bənzəri heyvanların qurban olaraq kəsilməsi caiz deyil. Çünki Şəriətin xitabı insanların əlində olana, yəni əhilləşdirilmiş növə aiddir.

Digər bir hikmət olaraq bunu deyə bilərik ki, qurban Allaha yaxınlaşdıran bir ibadət olduğu üçün insanın zəhmət və mal sərf etdiyi bir növdən olmalıdır. Vəhşi növə zəhmət sərf olunmur. Çünki onlar özləri sərbəst qidalanırlar. Həmçinin mal da sərf olunmur, çünki adətən satılmırlar. Bu üzdən o növdən qurban kəsmək ibadətdəki fədakarlıq hikmətinə uyğun deyil.

Əgər bir dana yaxud da qoyunun anası ev inəyi və yaxud ev qoyunudursa atası vəhşi öküz, yaxud dağ qoçu da olsa qurban kəsilə bilər. Çünki heyvanda önəmli olan anasıdır.

Ceyran, ev quşları və başqa quşların qurbanı keçərli deyil.

2. Yaşı qurban üçün keçərli yaş olmalıdır. Kiçik baş heyvanların qurban kəsilə bilməsi üçün bir yaşını doldurması şərtdir. Lakin əgər bir yaşlı qoyun qədər olarsa altı aylıq quruqlu qoyunu da kəsmək olar.

Böyük buynuz heyvanların qurban kəsilə bilməsi üçün iki yaşını, dəvənin kəsilə bilməsi üçün beş yaşını doldurması şərtdir.

3. Heyvanda qurbana əngəl qüsurların olmaması. Xəstəliyi açıq-aydın bəlli olan xəstə, bir gözünün korluğu açıq-aydın olan kor heyvan, topallığı kəsiləcək yerə qədər gedə bilməyəcək, yaxud zar-zor yeriyəcək qədər açıq olan topal heyvan və həddən artıq zəif heyvandan qurban kəsilməz. İmam Muhəmməd imam Malik vasitəsiylə sənədi ilə Bəra bin Azibdən –radiyAllahu anhu- belə dediyini rəvayət edir: “Allah Rəsuluna –sallAllahu aleyhi və əlihi və səlləm- soruldu: Qurban kəsərkən hansı heyvanlardan uzaq durmaq lazımdır? Əlini uzadaraq “Dörd növ heyvandan” buyurdu. Bəra da əlini uzadar və “Mənim əlim Allah Rəsulunun –sallAllahu aleyhi və əlihi və səlləm- əlindən qısadır deyərək Peyğəmbərin belə buyurduğunu deyərdi: “Topallığı açıq-aydın olan topal heyvan, korluğu açıq-aydın olan kor heyvan, xəstəliyi açıq-aydın olan xəstə heyvan və zəifliyi açıq-aydın olan zəif heyvan”.[5]

Bundan əlavə qulağı və quyruğunun çoxu kəsik, hər hansı bir üzvü qırıq və yaxud kəsik olan heyvanlardan qurban kəsilməz.

Buynuzunun yarısı sınıq və yaxud hamısı olmayan, eləcə də xədim olan heyvandan qurban kəsmək olar.

Gicliyi olan heyvana baxılar; Əgər otlaya bilirsə qurban kəsilə bilər. Otlaya bilməyəcək qədər gicliyi varsa qurban kəsilməz.

Dişləri tökülən heyvana baxılar; Əgər otlaya biləcək qədər tökülübsə qurban kəsilə bilər. Yox otlaya bilməyəcək qədər tökülübsə keçərli olmaz.

Qotur olan heyvana baxılar; Əgər qoturluq sadəcə dəridədirsə və köklüyə zərər vermirsə qurban kəsmək olar. Yox qoturluq zərəri ətə keçəcək və heyvanı zəiflədəcək qədərdirsə olmaz.

Bütün bu eyiblər heyvanı alarkən olmamalıdır. Əgər heyvan bu eyiblərdən uzaq halda alınar və sonradan bu eyiblər yaranarsa baxılar; Əgər sahibi zəngindirsə başqa sağlam bir heyvan almalıdır. Yox əgər yoxsuldursa həmin qüsurlu heyvanı kəsə bilər.

Qurbanlıq heyvanı yerə yatırarkən ayağı qırılarsa, yaxud kəsimə əngəl başqa qüsurlar ortaya çıxarsa və buna rəğmən fikir verilmədən yerindəcə qurban kəsilərsə keçərlidirmi? Bu yöndə imamlarımız iki görüş üzərə ixtilaf etmişlər:

Birinci görüşə görə keçərli deyil. Bu imam Zufərin görüşüdür.

İkinci görüşə görə keçərlidir. Bu görüş sahiblərinin dəlili istihsandır. Belə ki, heyvanı yatırarkən onun ayağının burxulub sınması və yaxud başqa qüsurların ortaya çıxması ehtimalı yüksəkdir. Həmçinin kəsim zamanı baş verənlər də kəsimə aid edilər. Məzhəbdə əsas alınan görüş də ikinci görüşdür.

Qurban üçün alınan heyvan ölərsə baxılar; Əgər şəxs zəngindirsə başqa bir heyvan alıb kəsər. Yox yoxsuldursa ona heç nə vacib deyil.

Yalnız peyin və nəcasətlə qidalanan heyvanların kəsilməsi caiz deyil. Lakin qurban kəsiləcək dəvə qırx gün, böyük baş heyvan iyirmi gün, kiçik baş heyvan on gün öncədən təmiz qidalarla qidalanmış olarsa onlardan qurban kəsmək olar.[6]

Qurbanda niyyət.

Qurban kəsən birisi digər ibadətləri kimi bunu da Allah rizası üçün ibadət olaraq yerinə yetirməlidir. Ət yemək, yaxud başqa niyyətlərlə kəsilən qurbanlar qurban hökmünə girməz.

Həmçinin ortaqlardan biri sırf ət almaq üçün qoşularsa qurban keçərli olmaz.

Qurbanda vəkalət.

Qurban kəsəcək olan şəxsin əgər bacarırsa özünün kəsməsi daha gözəldir. Yox əgər bacarmırsa başqa birisinə vəkalət verərək onun yerinə kəsməsini istəyə bilər. Çünki hər kəs heyvan boğazlamağa ürək edə bilmir. Xüsusən qadınlar bu məsələdə zəifdir. Əgər hər kəsin özünün kəsməsi şərt olsaydı iş qəliz olardı.

Lakin vəkalət verdikdən sonra özünün də qurban kəsilən yerdə durub baxması gözəldir. Allah Rəsulu –sallAllahu aleyhi və əlihi və səlləm- qızı Fatiməyə -radiyAllahu anhə- belə buyurmuşdur: “Qurbanının yanında dur və ona bax. Onun yerə düşən ilk damla qanı ilə bütün günahların bağışlanar”. Fatimə dedi: “Ey Allahın Rəsulu, bu biz Əhli Beytə xasdır yoxsa bütün müsəlmanlara?” Allah Rəsulu –sallAllahu aleyhi və əlihi və səlləm- buyurdu: “Bütün müsəlmanlara”.[7]

Vəkalət vermək üçün bunu açıq-aydın demək şərt deyil. Hətta birisi heyvanı alar, onu yerə yatıraraq kəsim üçün hazırlar və bir başqası da gəlib onu izn almadan kəsərsə keçərlidir. Hənəfilərdən imam Zufərə görə keçərli deyil və həmin iznsiz kəsən şəxs kəsdiyi heyvanən pulunu ödəməlidir. İmam Zufər bu məsələdə əsli qaydanı (qiyası) əsas almışdır.

Lakin məzhəbdə əsas alınan görüşə görə qurban keçərlidir. Məzhəbin dəlili istihsandır. Belə ki, bir insan əgər heyvanı kəsmək üçün alar və onu kəsilməsi üçün yatırarsa və kəsməyə əhil olan birisi də gəlib kəsərsə məqsəd hasil olmuş olur. Hətta iki nəfər yanlışlıqla biri-birilərinin heyvanını kəsərlərsə qurbanları keçərli olar və hər biri kəsilmiş qurbanlarını geri alarlar. Çünki məqsəd o heyvanların kəsilməsidir və bu da hasil olmuşdur. Lakin əgər ətin bir qismini yedikdən sonra səhv etdikləri ortaya çıxarsa baxılar; Əgər biri-birilərinə halallıq verərlərsə keçərlidir. Yox halallıq verməzlərsə hər biri tükətdiyi ətin pulunu digərinə verər. Həmin aldıqları pulu isə sədəqə olaraq çıxararlar.

İxtilafdan çıxmaq üçün vəkalət verənin bunu açıq şəkildə dillə deməsi daha yaxşıdır.

Qurbanda ortaqlıq

Dəvə və böyük baş heyvana ən çox yeddi nəfər ortaq ola bilərlər. Cabir -radiyAllahu anhu- Allah Rəsulunun -sallAllahu aleyhi və əlihi və səlləm- belə buyurduğunu rəvayət edir: “Sizlərdən yeddi nəfər bir dəvəyə ortaq olsun”.[8]

Yenə Cabir başqa bir rəvayətdə belə deyir: “Hudeybiyyə günü Allah Rəsulu -sallAllahu aleyhi və əlihi və səlləm- ilə birgə yeddi nəfərin adına bir dəvə və yeddi nəfərin adına bir inək kəsdik”.[9]

Burada ortaq olarkən hevanın alındığı vaxtda ortaq olmaq şərtdirmi? Bu məsələdə Hənəfi imamları arasında iki görüş mövcuddur:

Birinci görüşə görə birisi heyvanı tək özü üçün aldıqdan sonra altı nəfər qoşularsa ortaqlıq keçərli olmaz. Bu Hənəfi imamlarından Zufərin görüşüdür. O bu məsələdə qiyası dəlil almışdır. Belə ki, bir nəfər heyvanı özü üçün aldığı zaman bununla Allaha yaxınlaşmağı qəsd edir. Burada qürbət (Allaha yaxınlaşma) mənası olduğu üçün heyvanı digərləri ilə ortaq kəsə bilməz. Çünki ortaqlıq satmaq kimidir ki, burada da mal qazanmaqdan söhbət gedir. Qürbət üçün hazırlanmış heyvan isə pul qazanmaq niyyəti ilə istifadə edilməz.

İkinci görüşə görə sonradan altı nəfərin qoşulması ortaqlığı səhih edir. Bu görüş sahiblərinin dəlilləri istihsandır. Belə ki, heyvanı alan birisinin aldığı zaman ortaq tapmaması mümkündür. Bu səbəbdən sıxıntının aradan qalxması üçün sonradan qoşulanların ortaq olması keçərlidir.

Məzhəbdə əsas alınan görüş ikinci görüşdür. Lakin yaxşı olar ki, ixtilafdan çıxmaq üçün ortaqlıq heyvan alınan zaman hasil olsun. Əbu Hənifədən də heyvanı aldıqdan sonra ortaqların qoşulmasını məkruh gördüyü, lakin keçərli saydığı gəlmişdir.[10]

Zəngin birisi tək başına böyük baş heyvan aldıqdan sonra ortaqları çıxar və öz yerlərinə ortaq olmaları üçün üzərlərinə düşən miqdarı heyvanı alana ödəyərlərsə, onun bu pulu sədəqə verməsi gərəkdiyi deyilmişdir.[11]

Bu zəngin üçündür. Lakin yoxsul birisi tək kəsmək üçün heyvan alarsa sonradan altı nəfər başqasını ortaq etməsi caiz deyil. Çünki yoxsul birisinə qurban onu özü üçün vacib etməklə vacib olur. Bu zaman isə özünə vacib etdiyi miqdarın hamısını öz adına kəsməlidir.[12]

Ortaqlardan biri kəsimdən öncə ölərsə və varisləri “Onun və öz adınıza kəsin” deyərlərsə qurban keçərlidir.

Ortaqların hər hansı biri qeyri müsəlman, yaxud sadəcə ət üçün ortaq olan birisi olarsa qurban digərləri üçün də keçərli olmaz.

Qurbanın bölüşdürülməsi.

Qurban kəsilən heyvanın əti üç yerə bölünər. Bir qismi qurban kəsənin özünə və nəfəqəsi ilə mükəlləf olduğu kəslərə, bir qismi qohum-qonşulara və yaxınlara , bir qismi də imkanı olmayan yoxsullara paylanar.

Ətin yaxın çevrədəki yoxsullara paylanması müstəhəbdir. Lakin günümüzdəki kimi digər bölgələrdə daha çox ehtiyac sahibi olarsa onlara göndərilməsi daha uyğundur.

Bir dəvəyə yaxud böyük baş heyvana ortaq olan yeddi nəfər əti bölüşdürərkən kiloya görə bölüşdürməlidilər.

Qurban parçalarından istifadə.

Qurban kəsilmiş heyvanın tükündən və dərisindən, istifadə etmək caizdir. Onları qurban kəsən şəxs özü istifadə edə biləcəyi kimi, başqa birisinə, yaxud bir quruma hədiyyə də edə bilər. Lakin hədiyyə edəcəyi qurum İslama müxalif, yaxud İslamdan uzaq çalışmaları olan bir qurum olmamalıdır. Bu hissələrin qurban hissələri olması unudulmamalı və ibadətə keçməsi üçün xeyirli yollarda istifadə edilməlidir.

Qurbandan qalan bu hissələrin satılması caiz deyil. Əgər satılarsa pulu sədəqə verilməlidir.

Həmçinin qurban kəsən birisi özü kəsə bilməz və kəsmək üçün ücrətli adam tutarsa, qurbanın bu hissələrini ücrət qarşılığı ona verməsi caiz deyil.

Qurbanliq heyvanın kəsilmədən öncə südündən və tüklərindən istifadə etmək caiz deyil. Əgər istifadə olunmuş və satılmışsa pulu sədəqə verilməlidir.

Əgər heyvanın məməsi südlə dolar və sağılmayacağı təqdirdə heyvana zərər verəcəyindən ehtiyat edilərsə məməsinə sərin su çilənər. Bu da fayda verməzsə sağılar və sağılan miqdarda sədəqə verilər.

Qurban kəsimindən öncə və kəsim zamanı riayət edilməsi gərəkən bəzi ədəblər.

1. Heyvanı kəsiləcəyi günə qədər yaxşı-yaxşı bəsləmək.

2. Heyvanı kəsimə gətirərkən incitməmək, vurmamaq və yerlə sürüməmək.

3. Heyvana əziyyət etməmək üçün bıçaqlar yaxşı-yaxşı itiləmək. Lakin bu heyvanın gözü önündə edilməməlidir.

4. Heyvanı digər heyvanların gözü önündə kəsməmək.

5. Heyvanı təşvişə salacaq şəkildə ətrafında qışqırıb səs-küy salmamaq.

6. Heyvanı kəsərkən qibləyə tərəf yatırmaq.

7. Kəsdikdən sonra canının tam çıxmasını gözləmək.

Qurban kəsəcək olan şəxsin Zül Hiccə ayının ilk on günündə saç və dırnaqlarını tutması.

Hənəfilərə görə qurban kəsəcək birisinin Zül Hiccə ayının ilk on günündə saç və dırnaqlarından almasında problem yoxdur. Möminlərin anası Aişə -radiyAllahu anhə- belə deyir: “Mən Allah Rəsulunun –sallAllahu aleyhi və əlihi və səlləm- qurbanlıq dəvələrinin boyunlarına asılması üçün əlamətləri əlimlə hörərdim. O da dəvələri (Məkkəyə) göndərər özü isə Mədinədə qalardı. Bu müddət ərzində birisinin Kəbəyə çatacağı vaxta qədər (ehram xaricində) halal olaraq etdiyi hər bir şeyi edərdi”.[13]

Bu görüş həmçinin imam Malikdən, eləcə də Mədinə və Kufənin bir çox fəqihindən gəlmişdir.

Uca Allahdan bu bəsit yazını müsəlmanlar üçün faydalı etməsini, varsa həm bu yazıda həm də digər yerlərdə etdiyim xətaları bağışlamasını diləyirəm. O, az əməli qəbul edib əcrini çox verən və qullarına qarşı rəhmlidir. Allah kəsiləcək olan qurbanları qəbul etsin.

________________________

[1] Kövsər: 2.
[2]
 Muqim səfərdə olmayandır.
[3] İbnus Səati, Məcməul Bəhreyn, 714.
[4] Zöhr namazının giriş vaxtı.
[5] İmam Muhəmməd, əl Muvatta, 633.
[6] Nizamuddin əl Bəlxinin başçılığı altında Hənəfi alimlərindən ibarət heyət, əl Fətəval Hindiyyə, 5/298.
[7] Hakim, 7525.
[8] Əbu Yusuf, əl Əsar, 309.
[9] İmam Muhəmməd, əl Muvatta, 639.
[10] Əbu Bəkr əl Kəsəni, Bədəius Sanəi, 6/307
[11] Eyni qaynaq.
[12] Eyni qaynaq.
[13] Tahavi, Şərhu Məanil Əsar, 4181.

Mənbə: ehlirey.com

Bu mövzuda fikirlərinizi bizimlə bölüşün