Quranı əzbərləməyə kömək olacaq 13 addım

Ramazana artıq sayılı günlər qalmaqdadır. Quran ayı olan bu ayın rəhmət və bərəkətindən istifadə etmənin ən təbii yolu, təbii ki, bu ayda daha çox Quranla həm-hal olmaqdan keçməkdədir. Quranı oxuyub onun məna aləminə dalmaqla yanaşı, Onu əzbərləmək də biz müsəlmanların üzərinə vacib məsələlərdəndir. Bu səbəblədir ki, bu məqaləmizdə Sizə Quranı əzbərləmənin yollarını anlatmağa çalışacağıq.

Bir şeyi anlamaq lazımdır ki, Quranı əzbərləmək həm mənəvi, həm də fiziki bir layihədir. Quranı hifz edə bilməmiz Allahu Təalənin bir möcüzəsi və bizə olan lütfü, rəhmətidir. Əgər bu rəhmətdən yararlanmaq istəyirsinizsə, bunu qəbul edəcək halda olmalısınız. Buna nail olmaqdan ötrü fiziki olaraq əlinizdən gəldiyi qədər çalışın, maksimum xeyir qazanmaq üçün mənəvi çalışmalarınızı artırın.

1. Səmimiyyət

Diqqət yetirməli olduğunuz ilk məsələ niyyətdir (əgər niyyətiniz təmizdirsə, xeyirə nail olacaqsınız). İlk öncə əmin olmalısınız ki, etdiyinizi yalnız Allahın –Subəhənəhu və Təalə- rizasını qazanmaq niyyəti ilə edirsiniz və əgər Allah istərsə, O`nun rəhməti ilə axirətdə bunun mükafatını alacaqsınız. Qurandan çox miqdar əzbərləməyi başqalarına göstəriş olsun deyə etmənin isə bir faydası yoxdur. Səmimilik birdəfəlik edilən əməl deyil, bu daim davam edən və hər an yenilənməyə ehtiyac duyan bir məfhumdur.

2. Davamlılıq

Nə qədər böyük tezliklə əzbərləsəniz, bu işi bir o qədər asanlaşdırarsınız. Davamlı, mütəmadi olmaq çox vacibdir, bir gün belə bu işi təxirə salmaq olmaz. İbadətdə həftəsonları, tətillər olmur. Əzbərləmənin ən minimum miqdarı 3 sətirdir, 5 sətir isə daha idealdır. Əgər davamlı olsanız, inşəAllah 5-6 ilə hafiz ola bilərsiniz.

3. Vaxta nəzarət

Hər yeni günə başlarkən etməli olduğunuz ilk şey Quran əzbərləmək olmalıdır – bunu hətta səhər yeməyindən daha əvvəl edin, çünki bu sizin mənəvi qidanızdır. Əzbərləmək üçün ən yaxşı vaxt sübh namazından sonrakı vaxtdır.

4. Mühit

Kimsənin olmadığı bir yerə çəkilin və Quranı sakit, səssiz bir yerdə əzbərləyin. Fikrinizi yayındıran şeylər sizi əzbərdən də yayındıracaq, buna görə cihazları söndürün (əsasən də mobil telefonu).

5. Alışqanlıq

Hər gün eyni vaxtda, eyni yerdə əzbərə başlayın və eyni mushafdan (içərisinə Qurani Kərim yazılmış kitab) istifadə edin. Özünüzə aid bir mushafınız olsun, daha sonralar onun sizə nə qədər əziz olacağını görəcəksiniz.

6. Sehirli bir üsul yoxdur

Təkrar, təkrar, təkrar, yenə də təkrar. Əzbərləməyə kömək edən xüsuslar sadəcə təkrar-təkrar oxumaq və dinləməkdir.

7. Mənası ilə birlikdə əzbərləyin

Əzbərləməyə başlamazdan əvvəl mənaca tərcüməni oxuyun və ərəbcə sözlərin mənalarını özünüz üçün müəyyənləşdirin.

8. Özünüzü qiraət ilə əhatələndirin

Qurana qulaq asın. Əzbərə başlamazdan əvvəl əzbərləyəcəyiniz mətnə qulaq asın. Gözəl avazlı və təcvidə tam uyan qarilərə qulaq asın.

9. Özünüzə “qiraət dostu” tapın

Hər gün sizin Quran oxumağınızı dinləyəcək bir şəxs müəyyənləşdirin. Bu, sizin dostunuz, ailə üzvlərindən bir nəfər və ya tanış bir insan ola bilər. Qarşılıqlı təsir sistemi qurmaq üçün, ən ideal variant eynilə sizin kimi Quran əzbərləyən bir adam tapmaqdır.

10. Namazlarda oxuyun

Hər gün əzbərlədiyiniz miqdarı gündəlik namazların qiraətində oxuyun. Belə olduğu halda, əgər hansısa hissəni unudarsınızsa, dərhal qaçıb Quranı əlinizə alıb səhv etdiyiniz yerə baxacaq, səhvinizi düzəldəcək və bu səhvi bir də təkrar etməyəcəksiniz.

11. Gündəlik 3 tapşırıq

a) Günün müəyyən olunmuş vaxtında yeni əzbərləyəcəyiniz miqdarı müəyyən edin;

b) Yeni hissəni əzbərləməyə başlamazdan əvvəl son 7 gün ərzində əzbərlədiklərinizi təkrar edin: bu ondan ötrü lazımdır ki, ən tez yaddan çıxan şey yenicə əzbərlədiklərinizdir. Belə etməklə, həmçinin köhnədən əzbərlədiklərinizlə yeni əzbərləyəcəyiniz hissə arasında əlaqə yaratmış olursunuz. Üstəlik, bu beyniniz üçün də yaxşı bir hazırlıq olar ki, yeni əzbərləmə tapşırığına başlamazdan əvvəl yaddaşınızda olanı əzbərdən söyləyərsiniz;

c) Bir qədər sonra / günün başqa vaxtında son 7 gündən əvvəl əzbərlədiklərinizi təkrarlayın. Minimum hədd 4-5 səhifə olmalıdır;

12. Ardıcıl və davamlı

Bir yerdən başqa yerə tullanmayın. Ardıcıl və davamlı olun. Əgər bir surə sizə bir qədər qəliz gəlirsə, onu yarımçıq qoyub başqasına keçməyin, ardıcıllığı pozmayın. Bu üsulla cüzləri tam şəkildə bitirməyin razılığını əldə edəcəksiniz, arada boşluqlar olmayacaq.

13. Üç hissə

Quranı hifz etməyə sondan başlayın. Qısa surələr sizi həm həvəsləndirəcək, həm də prosesə böyük təkan verəcək. Quranı tam hifz etməyi üç mərhələyə ayırın:

a) 28, 29 və 30-cu cüz;

b) əl-Kəhf surəsindən 28-ci cüzə qədər;

c) əl-Bəqərə surəsindən əl-Kəhf surəsinə qədər.


Bu məqalə muslimmatters.org saytından götürülərək gencmuslim.net tərəfindən tərcümə edilmişdir.

Məqalələrdən istifadə edərkən saytımızı mənbə olaraq göstərmək vacibdir.

Bu mövzuda fikirlərinizi bizimlə bölüşün