Biz anladıq ki, bizi bir yaradan var.  Bəs yaradan bizdən nə istəyir? Biz bu dünyadan hara gedəcəyik və bu dünyada həyatımızı necə  yaşamalıyıq?. Heyvanlar kimi qayda-qanunsuz yaşayacağıq? Təbii ki, xeyr! Sən insan olaraq yaradılmısan. Səni yaradan sənə səni niyə yaratdığını bildirməlidir. Uca Allah bunu göndərdiyi kitablar və peyğəmbərlər vasitəsiylə etmişdir.

   Allah insanı yaratmış və ona doğru yolu göstərmək üçün peyğəmbərlər və kitablar göndərmişdir. Son Peyğəmbər Həzrəti Muhamməd səllallahu aleyhi və səlləm, son kitab isə ona endirilən Qurani-Kərimdir. Bəs Quranın Allahın kəlamı olduğunu necə isbat edə bilərik? Bunu elə Quranın özü əsrarəngiz bəlağəti və əsrlər əvvəl bir çox elmi möcüzələrdən xəbər verməsi və bənzəri xüsuslarla isbat edir. Bu ayrı bir kitabın mövzusu olduğundan üzərində çox durmayacağıq. Ancaq bir nümunə vermək yerinə düşər: Quranda uşağın ana bətnində inkişaf mərhələlərindən bəhs olunur. Allah-Təala “Muminun” surəsində belə buyurur:

Sonra onu (Adəm övladını) nütfə halında möhkəm bir yerdə (ana bətnində) yerləşdirdik. Sonra nütfəni laxtalanmış qana çevirdik, sonra laxtalanmış qanı bir parça ət etdik, sonra o bir parça əti sümüklərə döndərdik, sonra sümükləri ətlə örtdük və daha sonra onu bambaşqa (yeni) bir məxluqat olaraq yaratdıq. Yaradanların ən gözəli olan Allah nə qədər (uca, nə qədər) uludur!Muminun, 23/13-14.

   Buna bənzər ayələr çoxdur. Bu ayələrdə uşağın ana bətnində inkişaf mərhələlərinə diqqət çəkilir. Qari Miller “Misilsiz möcüzə Quran” kitabında, Qurandakı uşağın embrioloji inkişafı haqqındakı ayələr barədə bunları yazır:

   “İllər öncə Səudiyyə Ərəbistanının paytaxtı Riyadda toplaşan müsəlman alimlər Qurandakı embriologiya haqqındakı ayələr haqqında elm adamlarına müraciət etmək qərarına gəldilər. Bunun üçün Toronto Universitetindəki qeyri-müsəlman embriologiya professoru Keyt Muru seçdilər. Keyt Mur bu sahədə bir çox əsərlər qələmə alan və dünyada tanınmış alim idi. Onu Riyada dəvət edən müsəlman alimlər ona: “Quranın sənin sahənlə əlaqəli söylədikləri bunlardır. Bizə bu barədə nə deyə bilərsən? – dedilər. “Ayələr tərcümə olundu. Tədqiqatını qurtardıqdan sonra Mur, Quranda yazılanları oxuyub heyrətə gəldi və yazdığı dərs kitabındakı bəzi yerləri dəyişdirmək məcburiyyətində qaldı. O, Qurandakı elmi kəşflərə əsaslanaraq “Biz doğulmadan əvvəl” (Before We are born) adlı kitabının ikinci çapında, embriologiya haqqındakı fəslə bəzi əlavələr elədi. Mur bir verilişdə çıxış edərkən isə belə deyirdi: “İnsan embriologiyası haqqında  Quranın bəhs etdiyi xüsuslar 30 il əvvələ qədər bilinmirdi”.

   Murun kliniki emriologiya haqqındakı kitabı böyük səs-küyə səbəb oldu. Bir qəzet müxbiri Mura: “Qurandakı embrion təsvirini ərəblərin ta o dövrdən bildiyini deyə bilərikmi? Onlar bu məsələ haqqında bəzi ibtidai məlumatlar əldə etmiş, insanları yararaq bəzi araşdırmalar aparmış ola bilərmi?” – deyə soruşduqda Professor Mur ona gözdən qaçırdığı çox mühüm bir nöqtəni xatırlatdı. Belə ki, göstərilən bütün embrion slaydları mikroskop vasitəsiylə çəkilən şəkillər əsasında hazırlanmışdı. Mur daha sonra qeyd etdi ki, 14 əsr əvvəl onlar bu mövzuda tədqiqat aparsalar belə embrionu görə bilməzdilər”. Mikroskop isə 2 əsr əvvəl icad edilib. Deyək ki, 14 əsr əvvəl kimsə mikroskopu icad etmiş və embrionu kəşf etmişdir. Daha sonra bunu Muhammədə öyrətmiş və onu bu kəşfi kitabına qoymaq üçün razı salmışdır. Və bundan sonra kəşfin sahibi mikroskopu yox etmiş və bu kəşfini əbədi sirr kimi özündə saxlamışdır. Buna inanmaq mümkündürmü? Belə bir şeyi söyləmək çox gülünc olar. “Bu məsələnin Quranda yazıldığını necə izah edə bilərsiniz” sualına isə Mur belə cavab vermişdir: “Bu Quran Allah tərəfindən endirilən vəhydir”.

   Quranın bu gün elm tərəfindən təsdiqlənmiş yüzlərlə möcüzəsi var. Biz sadəcə birini qeyd etdik. Bundan başqa dağlar, bal arısı, dəmirin kosmik mənşəli olması, dənizlərin suyunun bir-birinə qarışmaması, barmaq izlərinin müxtəlifliyi və s. bir çox sahədə buna bənzər yüzlərlə möcüzəsi var. İstəyən bu mövzuda yazılmış müstəqil kitablara, sənədli filmlərə baxa bilər. Bütün bu elmi möcüzələr də təsdiq edir ki, Quran Allahın kitabıdır. Son dövrlər elm tərəfindən təsdiqini tapmış bu faktların VII əsrdə Ərəbistan səhralarında, bədəvilərin yaşadığı bir cəmiyyətdə, ümmi (yazıb-oxumaq bilməyən) bir insan tərəfindən bilinməsi mümkün deyil. Deməli, Quran Allahın kəlamıdır və biz suallarımızın cavabını yalnız Quranda tapa bilərik.

 

Bu məqalə Ömər Mənsuroğlunun “Həyatın Qayəsi” kitabından alıntıdır.

Fikirlərinizi bizimlə bölüşün və yazını paylaşmağı unutmayın.

Bu mövzuda fikirlərinizi bizimlə bölüşün