Peyğəmbər məscidi haqqında bunları bilirdiniz?

Yer üzündə füsünkar bir gözəlliklə qarşılaşdıqda “Dünyadakı Cənnət!” kəlməsini tez–tez eşidirik. Amma yer üzündə belə ifadə edilməyə sözün əsl mənasında layiq olan yalnız bir məkan var. Yaşıl xalılarla və milyonlarla insanın göz yaşları ilə döşənmiş Peyğəmbər (sallallahu aleyhi və səlləm) Məscidinin içərisində “Cənnətdən bir bağ” uzanır. Bu, bu günə kimi yaşamış bütün müsəlmanların bildiyi məkandır, amma onun haqqında hələ çox bilmədiyimiz şeylər var. Bu məqalədə Peybəmbər (sallallahu aleyhi və səlləm) Məscidi haqqında bilmədiyimiz bəzi faktlar və sirrlər yer alıb:

1. Sirli işarələrlə zəngindir

Bəli, bu məscid o qədər çox incə işarələr və sirrlərlə örtülüdür ki, Da Vinçi Kodu bunun yanında məktəbəqədər uşaqların asanlıqla çözə biləcəyi bir tapmacadır. Hər sütun, hər gümbəz, hər pəncərə bir hekayə daşıyır və tarixi, o cümlədən, mənəvi əhəmiyyətli hadisələrin yerini göstərir. Bu məscidi inşa edənlər başa düşürdülər ki, onlar hər yerdə işarələr qoya bilməzdilər, çünki bu, buraya ibadətə gələnləri əsas məqsədlərindən uzaqlaşdıra bilərdi. Elə ona görə də, onlar ustalıqla ətrafdakı əşyaların dizaynında kiçik dəyişikliklər edərək mühüm şeyləri yerləşdiriblər. Bəs sirrlər nələrdir? Bu da bir başqa günə qalsın, inşəəAllah.

2. Peyğəmbərin qızı Fatimənin (Allah ondan razı olsun) otağında nə vardır?

Peyğəmbərə (sallallahu aleyhi və səlləm) aid əşyalar onun öz otağında və ya əsas genişləndirmədən sonra onun otağına birləşdirilmiş, qızı Fatimənin (Allah ondan razı olsun) otağında yerləşdirilmişdi. Birinci Dünya Müharibəsi zamanı Mədinə şəhəri mühasirədə olarkən Osmanlı komandanı çox sayda qiymətsiz əl işlərini qadın və uşaqların paltarları arasında gizlədərək İstanbula gətizdirmişdi. İndi onları Topqapı sarayında görmək olar. Bununla belə maraqlıdır ki, bəzi şeylər hələ də orada qalsa da, sənədləşdirilməmişdir.

3. Onun üç mehrabı var

Əksər məscidlərin yalnız bir mehrabı olur, amma bu məscidin 3 mehrabı var. Hazırkı mehrab imamın imamlıq etməsi üçün işlədilir. Növbəti mehrab arxada yerləşir və Süleymaniyə və ya Ahnaf mehrabı adlanır. Bu mehrab Sultan Süleymanın sifarişi ilə hazırlanıb və Peyğəmbər mehrabında Maliki imam namaz qılanlara imamlıq edərkən, Hənəfi imam da bu mehrabdan namaz qılanlara imamlıq edib. Peyğəmbər mehrabı Peyğəmbərin (sallallahu aleyhi və səlləm) ayaqlarını qoyduğu yerdən başqa namaz qılanlara imamlıq etdiyi yeri tamamilə əhatə edir.

4. Gümbəz əvvəllər bənövşəyi olub

Məlum olub ki, gümbəz müxtəlif rənglərdə olub və hazırkı forma və rəngini 150 il əvvəl əldə edib. Əvvəllərr o, ağ və uzun müddət xüsusilə Hicaz ərəblərinin sevdiyi bənövşəyi-mavi rəngdə olmuşdur.

5. Əvvəl heç bir gümbəzi olmasa da, indi iki gümbəzi var

Peyğəmbərin (sallallahu aleyhi və səlləm) ölümündən sonrakı 650-dən çox il ərzində onun qəbrində heç bir gümbəz olmayıb. İlk gümbəz 1279-cu ildə Məmluk sultanı tərəfindən taxtadan tikilmişdir. Bugün gördüyümüz yaşıl gümbəz əslində Peyğəmbərin (sallallahu aleyhi və səlləmin) otağının üzərində xarici bir gümbəzdir. Məsciddə bundan daha kiçik və içərisində Peyğəmbərin (sallallahu aleyhi və səlləm), Əbu Bəkr və Ömərin (Allah onlardan razı olsun) adı yazılı olan daxili bir gümbəz də vardır.

6. Yanaraq dağılmışdır

Məscidin böyük hissəsi, o cümlədən Peyğəmbər minbəri Onun (sallallahu aleyhi və səlləm) ölümündən əsrlər sonra baş vermiş yanğında yanmışdır. Alov elə şiddətli olmuşdu ki, məscidin damı və hətta bəzi divarları uçmuş, 600 il ərzində Peyğəmbərin (sallallahu aleyhi və səlləm) yatdığı yeri tamam açmışdı.

7. Peyğəmbər (sallallahu aleyhi və səlləm)’in otağında boş bir məzar var

Artıq neçə əsrlərdir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm), Əbu Bəkr və Ömərin yanında “boş bir məzar”–ın olması əfsanəsi dillərdə dolaşır. Belə ki, 1970-ci ildə hücrədəki örtükləri dəyişmək məqsədilə içəri daxil olmuş insanlar tərəfindən orada boş bir yerin mövcudluğu təsdiqlənmişdir. Bu yerin bir gün zühur edəcəyi gözlənilən İsa (aleyhissələm) üçün nəzərdə tutulması müzakirə mövzusudur.

8. Hazırkı məscid köhnə şəhərdən daha böyükdür

Hazırkı məscid öz ölçüsündən 100 dəfədən artıq böyükdür.Bu isə o deməkdir ki, hazırkı məscid köhnə şəhərin tam ərazisinin demək olar ki, hamısını əhatə edir. Bu sübüt edirki, Cənnətul-Bəqi qəbiristanlığı Peyğəmbər (sallallahu aleyhi və səlləm) zamanında şəhərin kənarında olub və indi o, hazırkı məscidin ərazisinin sərhədlərinə çevrilib.

9. Ərəb Yarımadasında ilk işıqlandırılan yerdir

Osmanlı İmperiyası Ərəb yarımadasına elektrik enerjisini təqdim edəndə ilk işıqlandırılan məkan Peyğəmbər Məscidi oldu. Bəzi hesablamalara görə, bu hətta Sultanın İstanbuldakı şəxsi sarayının elektrik enerjisi ilə tam işıqlandırılmasından da bir neçə il öncə olmuşdur.


Bu məqalə muslimmatters.org saytından götürülərək “Gənc Muslim” Komandası tərəfindən tərcümə edilimşdir.

Saytımızdakı paylaşımlardan yalnız mənbə göstərməklə istifadə edə bilərsiniz.

Bu mövzuda fikirlərinizi bizimlə bölüşün