İbadətlərin hikmət və məqsədlərindən biri və ən əhəmiyyətlisi Allahın razılığına nail ola bilmək üçün “nəfsi təzkiyə, ruhu təsfiy'” dir. Yəni insanı tərbiyə etmək, bütün imkan və qabiliyyətlərini xeyirə, yaxşıya və gözələ yönəldəcək hala gətirməkdir.

Oruc, insanın Allaha itaət və təslimiyyətlə bağlandığı və bu sayədə əzm və iradəsinin gücləndiyi bir ibadətdir. Oruc, Allahın lütf etdiyi nemət və fəzilətləri üstün tutaraq cismani arzuları məğlub etmək və nəfsin basqılarına dözməkdir. Orucun əsas qayəsi, nəfsani və cismani arzulara qalib gəlməkdə insanlara yardım etməklə iradə və şəxsiyyətini gücləndirmək və beləcə axirətdə təqdir olunan nemətlərə nail olmaqdır.

Psixoloji baxımdan araşdırası olsaq görüləcək ki oruc, bədən və ruh tarazlığını təmin edən ən asan və ən praktik bir vasitə və ibadətdir. İnsan, bədən və ruhdan meydana gələn bir varlıqdır. İnsan, varlığını meydana gətirən bu iki ünsürdən biri, lehinə və ya əleyhinə tarazlığı pozulacaq olarsa, mütləq narahat olacaq və bu narahatlığı daim hiss edəcək.

Hər şeydən əvvəl oruc Allahın razılığını qazanmağa vəsilədir. Çünki bütün ibadətlərdən məqsəd Allahın razılığını qazanmaqdır. Onun razılığı isə hər şeyin üstündədir.

Oruc, riyanın ən az qarışacağı bir ibadət olduğu üçün ancaq Allah rizası üçün tutulur. Allahın razılığı olmazsa heç kimsə riyakarlıq olsun deyə səhərdən axşama qədər ac qalmaz, qala bilməz. Kişi orucu bu niyyətlə tutuğu zamana Allah qatında layiq olduğu mükafatı alır.

Bir şeyi bilməklə onu icra etmək, həyata keçirmək eyni şey deyildir. Məsələn, içki içən hakim içkinin zərərlərini hamıdan yaxşı bilir, lakin bilə-bilə о zəhəri qəbul etməkdən özünü saxlamağı bacarmır. Deməli, insanların etdiyi günah sadəcə onların cəhələtindən qaynaqlanmır, əksinə bir çox günahlar iradə zəifliyindən və pis vərdişlərdən doğur.

Bütün sərvətini qumara qoyub uduzanlar, boş şeylərdən ötrü cana qıyıb ömrü boyu peşman olan qatillər, hər cür şərait olsa da, təhsilini yarımçıq qoyub aldadıcı hisslərin qoynuna atılanlar və nəfsə əsir gedənlər, zərərli vərdişlərdən əl çəkə bilməyənlər bu ruh və iradə təlim-tərbiyəsindən məhrumiyyətin qurbanlarıdır.

Noxtasız, azğın, xam atın öz sahibini sürükləyib daş-kəsəyə vurması hər zaman gözləniləndir. Məhz oruc azğınlaşan, yolundan çıxan nəfsin cilovunu əldə saxlayıb onu Haqqa itaət etdirməkdə bir nömrəli tərbiyə üsulu və ibadətdir.

Həqiqətən də, ətrafımız, bizi əhatə edən mühit iştahanı artıran növbənöv nemətlərlə doludur. Biz oruc ibadəti ilə Allahın rızasını qazanmaq üçün onlara əl vurmamağa söz verir, yemək-içməyi və başqa istəkləri yenə Allahın rizası üçün müəyyən saatlarda tərk edirik.

-Нәг bir insanda az və ya çox dərəcədə özünü üstün görmək və ətrafa, yaradılışa qarşı eqoist duyğular, xudbinlik hisləri vardır. Hətta elə insanlar var ki-Firon və Nəmrud kimi-sonsuza qədər yaşayacağını zənn edir, Allahlıq iddiasına düşür.

Halbuki oruc tutan adam bir günlük ac qalmaqla gözlərində nurun azaldığını, dizlərində taqət qalmadığını görməklə, aciz, möhtac və fəqir bir qul olduğunu idrak edər.

Oruc yemək istəyini tərbiyə edir.

“Mədə” adlanan fabrikin çoxlu xidmətçiləri, bir çox “dəzgahları”, “avadanlıqları”. “alətləri” var. Əgər nəfs ildə bir ay gündüzlər müvəqqəti olaraq mədəyə aid işlərdən, məşğuliyyətlərdən ayrılıb istirahət etməsə, yəni oruc tutmasa, o fabrikin işçilərinə və dəzgahlarına, avadanlıqlarına onların məxsusi ibadətini unutdurar, onları özü üçün işlədər, özünə tabe edər. Digər dəzgah və alətləri, avadanlıqları da o fabrikin çarxlarının gurultusu və tüstüsü ilə korlayar, onlara ülvi məqsədlərini unutdurar. Buna görə də hələ qədimdən Allahın bir çox vəli qulları kamilləşmək üçün özlərini riyazətə-az yeməyə alışdırmışdılar.

Ramazan orucu ilə fabrikin “işçiləri” başa düşür ki, sırf o fabrik üçün yaradılmamışlar. Digər cihazlar da о fabrikin kiçik vasitələridir. Buna görə də onlar ramazan ayında ruhani “zövq”lərdən ləzzət alırlar, nəzərlərini mənəvi aləmlərə dikirlər.

Qəlb və ruh, ağıl və sirr, xafa və əxfa və digər incə duyğular həmin mübarək ayda oruc vasitəsi ilə tərəqqi edir və feyz verir. Mədə ağlasa da, onlar məsumanə şəkildə gülür.

Ramazan ayı insanlara nəfsani istəklərə qarşı qəlb və ruh ab-havasına  sığınaraq, vicdanı işə salaraq, iradəni gücləndirərək daima ilahi istiqamət üzrə olmaq dərsi verir.

Ramazan- insanın ən zəif damarlarından biri olan yemək-içmək istəyinə sərhəd qoymağı və onu nəzarət altında saxlamağı təmin edir, bir növ necə qidalanmağı öyrədir

Mədə qəlbdən güclü olarsa, qəlb və ruhu sıxışdıra-sıxışdıra heyvaniyyət çüxurlarına salar ki, bu da insan üçün fəlakət deməkdir.

Bu mübarək ay boyu tutulan oruc yemək vaxtlarını müəyyənləşdirmək, israfdan və mədəni ağzınacan doldurmaqdan qaçınmaq, həm bədən, həm də ruh sağlamlığına zərər verən şeylərdən uzaq durmaq və eyni zamanda harama əsla əl uzatmamaq kimi dünya və axirətə aid əməlləri tərtibata salır, özünənəzərət keyfiyyəti aşılayır.

Oruc səbir etməyi öyrədir.

Oruc, insana səbir və dözümü öyrədər. Həyat içərisində zəhmətlə rəhmət, acı ilə şirin, möhnət ilə nemət bir arada olur Əsasən nemət və rəhmətə nail olmağın yolu zəhmət və məşəqqətlərə dözməkdən keçər. Bu yönü ilə səbir və dözüm müvəffəqiyyət və zəfərin açarıdır.

İnsanın səbrə ehtiyacı, yalnız çətinlik və sıxıntıları aşmaq üçün deyildir. Genişlik və rahatlıq zamanlarında da insan, əlindəki nemətlərlə  azmamaq, onları harama və üsyana vasitə etməmək üçün səbrə möhtacdır.

Məhz oruc, insanı çətinliklərə qatlanmağa və məşəqqətlərə qarşı dözümə alışdırar. İnsanda səbir duyğusunu inkişaf etdirər və yetkinləşdirər.

“Səbir imanın yarısı, oruc da səbrin yarısıdır”. (Hədisi-Şərif)

Tirmizidən rəvayət edilən bir hədisdə Peyğəmbərimiz (aleyhissalatu vəssalam): “Oruc səbrin yarısıdır.“-buyurur. Əgər oruc səbrin yarısıdırsa, dinin də dörddə biridir.

Məsələyə Peyğəmbərimizin bir başqa hədisinin – “Səbir imanın yarısıdır” işığında baxsaq, bu nəticəyə gələcəyik: dinin əmrlərinə əməl etməkdə, qadağalarına riayət etməkdə səbir göstərmək dinin yarısıdır;

-Bəla və müsibətlərə, fəlakətlərə dözmək, Ona üsyan etməmək, “niyə belə oldu?” deyib Allaha qarşı çıxmamaq dinin yansıdır;

-Günaha girməkdən çəkinmək dinin yarısıdır;

-Daima dinin göstərdiyi yolda olmaq, ondan kənara çıxmamağa çalışmaq və buna nail olmaq dinin yarısıdır.

Səbir dinin yarısı, oruc isə səbrin yarısıdırsa, о zaman,  doğrudan da, oruc dinin dörddə biridir. Oruc Allaha və Peyğəmbərə iman kimi İslamın başlıca əsaslarından sonra gələn dörd əsasdan (namaz, oruc, zəkat, həcc) biri olmaqla, dogrudan da, dinin dörddə biridir.

Oruc tutarkən insan həm orucda səbir edir, həm də bəşəri istəklərin, şəhvətin qarşısına sədd çəkməklə, Allaha ibadətə mane olan şeyləri dəf edir.

Hədisdən öyrənirik: “Məhşərdə hər üçün mizan-tərəzi qurulacaq, hatta şəhidlər üçün də. Yalnız bəla, müsibət, fəlakətlər zamanı gözünü qırpmadan, dişini dişinə sıxıb dözərək vəzifəsini yerinə yetirənlərdən başqa. Onların əməl dəftərləri açılmayacaq. “

Gör səbir etmək Allah qatında necə böyük dəyər kəsb еdir ki, Böyük Məhkəmədə- o Məhkəmə ki orada hətta şəhidlərin də əməl dəftəri açılacaq, əməlləri sorğu–suala çəkiləcək- səbir edənlərin əməl dəftəri belə açılmayacaq, onlar sorğusuz-sualsız Allahın ən böyük mükafatını əldə edəcəklər.

Allah onun fədakarlığını, səbrini nəzərə alacaq: qulum yeməyi, içməyi tərk etdi, şəhvətlərindən uzaqlaşdı, dilinə, ağzına, qulağına, gözünə diqqət etdi, onlara oruc tutdurdu, Mənim sevmədiyim, razı olmadığım şeylərdən uzaqlaşdı və bütün bunları Mənim rızamı qazanmaq üçün etdi. Mən dünyanın ən gözəl nemətlərini onun qarşısına sərdim, onu çox sevdiyi şeylərlə üz–üzə qoydum, qulum isə iradəsini  səbir etməyə, dözməyə yönəltdi. Mənim üçün bu qədər mətanət göstərən, səbir edən quluma mükafatı da Mən verəcəyəm, başqasına həvalə etməyəcəyəm. Bu da xüsusi ükafatdır.

Bu mövzuda fikirlərinizi bizimlə bölüşün