Müsəlman gənc kütlə psixologiyası ilə hərəkət etməz. Kütlə doğruyla yalnışı ayırd etmə kriteriyası deyil. Müsəlman gənc muvahhid olduğu üçün və vəhy mərkəzli həyat yaşadığı üçün nəyin doğru nəyin yalnış olduğunu Allahın kitabı Qurandan öyrənər.
İslami şəxsiyyətin əsas ünsürlərindən biri təqvadır.

Allah yanında ən üstün olanınız Allahdan ən çox qorxanınızdır (pis əməllərdən ən çox çəkinəninizdir). (Hucurat 13)

Müsəlman gəncin şəxsiyyətini formalaşdıran əsas faktorlardan biri ailədir. Gəncin necə bir ailədə uşaqlıq dönəmini keçirdiyi çox önəmlidir. Ailənin insani və İslami dəyərlərə bağlı olduğu nisbəttə həmin uşaq da bu dəyərlərə bağlı olaraq yetişər. O səbəbdən də əgər biz sağlam nəsillər yetişdirmək istəyiriksə, ilk öncə sağlam ailələr qurmalıyıq. Ailənin önəmini ayrı bir bölüm olaraq işləyəcəyimizdən burada qısaca vurğu etməklə kifayətləndik. Lakin ailə məsələsi müsəlman gəncin özündən qaynaqlanan bir səbəb deyil. Yəni məsələn qeyri-islami həyat yaşayan bir ailədən gəlmiş bir müsəlman gənc üçün bu şəxsi qüsur sayılmaz.
Müsəlman gənc bəzəkli görünən dünyaya dəyər verməyəndir. Ətrafındakılarının ömürlərini içki, zina və digər pisliklərlərlə zay etdiyini gördükdə iman nemətinə görə Allaha həmd etməlidir. Rəbbim Allahdır deyib, bu sözün gərəklərini yerinə yetirməlidir:

30-“Şübhəsiz: “Rəbbimiz Allahdır!” – deyən, sonra da (sözündə) düz olan kəslərə (ölüm ayağında) mələklər nazil olub (belə deyəcəklər):”Qorxmayın və kədərlənməyin! Sizə vəd olunan Cənnətlə sevinin!

31-“Biz dünyada da, axirətdə də sizin dostlarınızıq. Orada (Cənnətdə) sizin üçün nəfsinizin çəkdiyi, istədiyiniz hər şey vardır.” (Fussilət 30,31)

Müsəlman gənc cənnətin gözəlliklərinə talib olduğu üçün nəfsinin istəklərinə uymayıb, nihayi hədəfi olan Allahın razılığı üçün çalışandır. Ətrafındakılar zina bataqlıqlarında batarkən, O, zina etməyənlərə anormal baxanlar içərisində Yusuf olmağın ləzzətini hiss edər. Şəhvətlərinə uymayan gənclərin ən gözəl örnəyi Yusuf aleyhissəlamdır. Çünkü Yusuf iffət abidəsidir.

Hər kəs onu zinaya dəvət edərkən iffətini qoruyan Müsəlman gənci Allah Rasulu sallallahu aleyhi və səlləm Ərşin kölgəsində kölgələnən 7 qrupdan birisi kimi zikr edir.(Buxari, Azan 36, Riqaq 24, Müslim, Zəkat 91)

Bir gəncin müsəlman şəxsiyyət olaraq formalaşmasında gözəl örnəklər də çox önəmlidir. Yusuf aleyhissəlam misalında olduğu kimi örnəklərin başında Peyğəmbərlər gəlir. Sonra digər salihlər. Sonra Allah Rasulunun sahabələri. Dinin yükünü çiyinlərində daşıyan gənclər. Rasulullah sallallahu aleyhi və səlləm “bu yolda kim mənimlə bərabərdir” dediyi zaman ilk əlini qaldıran və 10 yaşındaykən verdiyi o sözü həyatıyla isbatlayan Hz.Əli ibn Əbi Talib bizim örnəyimizdir. Zəngin bir ailənin övladıykən gənc yaşda İslama gəlib, Dini üçün bütün var-dövlətdən əl çəkib hicrət edən, ilk müəllim və mübəlliğ olaraq Rasulullah sallallahu aleyhi və səlləm tərəfindən Yəsribə göndərilən və Yəsribi dəvətiylə Mədinələşdirən və kəfənsiz bir şəhid olaraq Allaha qovuşan gənc Musab bin Umeyr bizim örnəyimizdir. İlk inanlardan olub, həyatı boyu Rasullahın yanından ayrılmayan gənc Sad bin Əbi Vaqqas bizim örnəyimizdir. Rasulullah sallallahu aleyhi və səlləmə uşaqkən əmanət edilən və 10 il xidmətində olan gənc Ənəs bin Malik bizim örnəyimizdir. 17 yaşında ordu başcısı təyin edilən Usamə bin Zeyd bizim örnəyimizdir. Rasulullah sallallahu aleyhi və səlləmin mübarək nəvələri olan cənnət gənclərinin seyyidləri olan Həsən və Hüseyin bizim örnəklərimizdir. Kərbəlanın məhzun şəhidi Hüseyin, seyyidimiz Hüseyin, Hər yeri batil bürüdüyü zamanlarda tək qalsa belə “mən varam Ya Rabbi” deyən gənclərin ən gözəl örnəyi Hüseyin. Hər yeri zülüm bürüyə bilər lakin sən Hüseyinsənsə sən dünyaya baxma sən insanlara baxma, sən Allahın razılığını və cənnəti düşün və haqq nədirsə onu müdafiə et. Hüseyin bu baxımdan bütün müsəlman gənclərin ən gözəl örnəklərindən birisidir. Şəxsiyyət olaraq formalaşmış müsəlman gəncmi istəyirik , baxaq Hüseyinin həyatına və tətbiq edək. Allah hamısından razı olsun.

 

Bu məqalə Gənc Muslim komandası tərəfindən hazırlanıb. İstifadə edərkən isnad göstərilməsi mütləqdir.

Bu mövzuda fikirlərinizi bizimlə bölüşün