Strukturu 

Günümüzə qədər qorunub saxlanılan prinsipə əsasən, adi islam xəstəxanaları bir neçə şöbədən ibarət idi: terapevtik, cərrahiyyə, oftalmoloji, ortopedik və psixiatrik. Öz növbəsində terapevtik şöbə də qızdırma, həzm mübadiləsi problemi, infeksion və s. bu kimi xəstəliklərin müalicəsilə məşğul olan bölmələrdən ibarət idi. Daha iri xəstəxanalar daha mürəkkəb struktura malik idi. İri xəstəxanalarda həmçinin, hər şöbənin ayrıca rəhbəri olurdu.

Xəstəxanalarda həmçinin sanitar-gigiyenik duruma, hesablamalara və inzibati personala cavabdeh olan mütəxəssis çalışırdı. Təsisatın başında əsas icraedici – saur dayanırdı.

Ümumi profilli həkimlər normal iş gününə sahib idilər. Onların vəzifələrinə şöbələrinə göndərilən xəstələrin qəbulu və onlara qulluq aid idi. Hər bir xəstəxananın xüsusi əczaçı (saydalani) və tibb bacıları olan ştatı (işçi heyəti) vardı. Tibbi personalın maaşı qanunla nizamlanırdı və istedadlı insanların cəlb edilməsi üçün kifayət qədər yüksək idi.

İslam xəstəxanaları vəqf fondlarından yığılan xeyriyyə pulları ilə maliyyələşirdi. Varlı insanlar və başçılar əliaçıqlıq göstərərək pullarını bimaristanların tikintisinə və saxlanılmasına xərcləyirdilər. Belə ki bimaristanlar vəqf mülkiyyəti hesab olunurdu və hətta vəsiyyətlərini də onların xeyrinə edirdilər. Bu cür xeyriyyə işlərinin rahatlığı üçün dükanlar, dəyirmanlar, karvansaraylar, bəzən tam bütöv kəndlər daşınmaz əmlak olaraq bimaristanların ixtiyarına verilirdi. Hətta bəzən xəstə sağaldıqdan sonra ona az da pul yardımı edilirdi. Xəstəxanaların saxlanılması üçün dövlət büdcəsindən də pul ayrılırdı. Pasientlər üçün xəstəxanaların xidmətləri pulsuz idi. Buna baxmayaraq, ayrıca həkimlər pul ala bilərdilər.

Xəstələrə qulluq

Bimaristanlar xəstələri bütöv sutka ərzində qəbul edirdilər. Bura qadınlar da aid edilirdi, çünki xəstəxanada qadın həkimlər də fəaliyyət göstərirdi. Bu cür müəssisələrdə kişi və qadınlar binanın ayrı hissələrində müalicə alırdılar. Ancaq qadınların çalışdığı qadınlar üçün xəstəxanalar da vardı. Nisbətən az ağır olan xəstələr ambulatoriyaya gəlirdilər. Orada onlara baxış keçirir, müalicənin vaxtını müəyyənləşdirib evlərinə göndərirdilər.

İnfeksiyanın yayılmasının qarşısını almaq üçün xüsusi tədbirlər görülürdü. Stasionarın pasientlərinə xüsusi xəstəxana geyimləri paylayırdılar. Onların şəxsi əşyaları isə xəstəxananın zirzəmisində saxlanılırdı. Müalicə alanın çarpayısına hər dəfə təmiz ağ və yumşaq matras qoyulurdu. Palatalar təmiz və səliqəli idi. Hər hansı bir təmiz su və gün işığı çatışmazlığı yox idi.

Təmizliyə riayət olunmasını xüsusi təyin olunmuş personal izləyirdi. Çox zaman yerli başçılar xəstəxanalara baş çəkərək onların nə dərəcədə yaxşı qulluq almalarını yoxlayırdılar.

Həkim tərəfindən yazılan xəstənin müalicəsinə dərhal başlanılırdı. Qaydaya uyğun olaraq, xəstəlik və xəstənin vəziyyətindən asılı olaraq, bu və ya digər dieta (pəhriz) vacib müalicə elementi hesab olunurdu. Rasiona ancaq toyuq və digər quş ətləri, konservləşdirilmiş mal əti, qoyun əti, meyvə, tərəvəz daxil idi.

Sağalmaq üçün vacib kriteriyalardan biri kimi pasientin normal sağlam insan kimi bir dəfəyə çörəklə qızardılmış ət yeməsi vacib sayılırdı. Əgər xəstə yeməyi rahat yeyə bilirdisə, o sağalmış hesab olunurdu və onu xəstəxanadan evə buraxırdılar. Sağlam, lakin zəifləmiş xəstələri evə göndərmirdilər. Onları güclərini bərpa etməsi üçün xüsusi palataya köçürürdülər. Ehtiyacı olanı evə burxanda onu yeni geyimlə təmin edir və bir müddətlik kiçik məbləğlə yardım edirdilər.

1284-1285-ci illərdə Qahirədə yerləşən Qələun əl-Mənsur kompleksi xəstəxanalar, məktəb və sultanın mavzoleyindən ibarətdir.

XIII əsrdə yaşamış, Dəməşqdə təhsil almış ərəb həkim və səyyahı Abdul-Lətif əl-Bağdadi ibrətli hekayəsində bir fars gəncin Nuri xəstəxanasında dadlı yeməyə aludə olmasından və xəstəliyini qəsdən uzatmasından bəhs etmişdir. Onu müayinə edən təbib onun qarşısında ikiüzlü birisinin olmasını bilsə də, gənci xəstəxanaya qəbul etmiş və  onu yaxşıca yedizdirmişdir. Bu hal beləcə üç gün davam etmiş, dördüncü gün isə həkim yalançı xəstənin yanına gəlib gülərək demişdir: “Dinimiz bizə qonağı qəbul edib üç gün ərzində onu qonaq etməyi buyurur. İndi isə evinə getməyə hazırlaş!”

Bimaristanda xəstələrə qulluq və personalın təsnifatını daima izləyirdilər. Xəstənin öldüyü hallarda onun qohumları baş həkimə xəstəni müalicə etmiş həkimin təyinatına baxmaq üçün müraciət edirdilər. Əgər rəhbərlik həkimin öz vəzifəsini düzgün yerinə yetirə bilmədiyini hesab edərdisə, ölmüş xəstənin yaxınlarına müalicə üçün ödənilən məbləği geri almağa icazə verilirdi. Stasionarlarla yanaşı, şəhərlərdə təcili tibbi yardım dairələri də fəaliyyət göstərirdi Adətən bu cür məntəqələr ən çox insan olan ərazilərdə, daha çox böyük məscidlərin  yanında yerləşirdi.

Məsələn, belə bir məntəqə Qahirədə yerləşən İbn Tulun məscid kompleksində fəaliyyət göstərirdi. Cümə günləri burada növbətçi həkim olurdu. O, nəhəng məsciddə həngamə zamanı xəsarət alan hər bir şəxsə istənilən vaxt belə kömək etməli idi.

Kordovada yerləşən xəstəxanadan olan səhnə. Məşhur həkim əz-Zəhravi (latınlaşdırılmış adı Albukas) xəstəni müayinə edir.

Tibbi məktəblər və kitabxanalar

Bimaristanların digər vacib funksiyası təhsil vermək idi. Bu səbəbdən onların hər birində mühazirə və praktiki məşğələlər üçün böyük zal var idi. Müvafiq hazırlıqdan sonra təhsilini bitirənləri palatalara nəzarət edən və müalicədə iştirak edən təcrübəli həkimlərin yanında müşayət etməyə göndərirdilər.

Günümüzə qədər  gəlib çatmış İbn Abu Usaybinin “Ul əl-ənba fi təbakət ət-tibbə” (Həkim dərsləri haqda məlumatların mənbələri) kitabı, həmçinin konspektlərində bu dərslərin necə keçirilməsi haqda ətraflı məlumat vardır.

Terapevtik, dəri xəstəlikləri, şiş və qızdırmanın müalicəsində ən geniş yayılmış vasitə dietanın təyin olunması idi. Baxış zamanı tələbələrə xəstələrə baxmaq, onun hərəkətini, ağrını müəyyən etmək və  xarakterini qiymətləndirmək, dərinin rəngini, temperaturunu və digər fiziki xarakteristiskalarını qeyd etmək göstərişi verilirdi.

Təhsil bitdikdən sonra imtahan təyin olunurdu. Ancaq imtahandan sonra rəsmi olaraq həkimlik fəaliyyətinə başlamağa icazə verilirdi. Başlanğıc üçün namizədlərə istədikləri ixtisas üzrə iş yazmaq təklif olumnurdu. Bu ya orijinal mətn və ya Hippokrat 3, Qalen 4, XI əsrdə yaşamış İbn Sina 5 və digər tanınmış həkimlərin məşhur tibbi əsərlərinə rəy şəklində olmalı idi.

Tələbələr təkcə erkən dövrlərə aid əsərlərin öyrənilməsi ilə həvəsləndirilmirdi, həmçinin onlara tənqidi yanaşmaya icazə verilirdi. Hər hansı bir nüfuzlu şəxsin fikrinə qul sədaqəti kimi yox, empirik biliklər və müşahidələr əsasında fikir irəli sürülürdü. Məhz bunu orta əsrlər İslam düşüncəsinin çiçəklənməsinin əsas faktorlarından biri kimi hesab etmək olar. Öz işini müdafiə etdikdən sonra namizəd istədiyi ixtisasla əlaqədar baş həkimlə ətraflı söhbət etməli idi. Əldə etdiyi biliklərin yaxşı qiymətləndirilməsindən sonra namizəd həkimlik fəaliyyətinə başlamaq üçün icazə alırdı.

İri bimaristanların mühüm xüsusiyyətlərindən biri də ümumi tibbi kitabxanaya malik olmaları idi. Belə ki, XIV əsrdə Qahirədə yerləşən İbn Tulun məscidi nəzdindəki xəstəxananın kitabxana fondunda tibb elminin müxtəlif sahələrinə aid edilən 100000 kitab vardı. Həmin dövrün  Avropasının ən böyük kitabxanası isə Paris universiteti nəzdində yerləşirdi. Burada isə ən çox 400 cild kitab var idi.

İslam tibbinin beşiyi və müasir xəstəxanaların prototipi olaraq, bimaristanlar hələ də orta əsr islam dünyasının  ən əhəmiyyətli intellektual və sosial nailiyyətlərindən biri hesab olunaraq qalmaqdadır.

 

Yazının 1-ci hissəsi: Müasir Tibbdə İslam Mənbələri – (1’ci hissə)

____________________

[3] Hippokrat (e.ə 400-377) – ən tanınmış qədim yunan həkimi olmuş və onu “təbabətin atası” adlandırırlar. O, həmçinin təbabətdə əxlaq məsələlərinə toxunaraq həkimin davranış qaydalarına dair fikirlərini açıqlamışdır. “Hippokrat andı”nda hər bir həkimin riayət edəcəyi əxlaqi məsələlər öz əksini tapmışdır.

[4] Qalen (129-200) – İmperator Mark Avrelinin saray həkimi olmuşdur. O, bir çox xəstəliklərin təsnifatını vermiş, onların müalicə yollarını araşdırmışdır. Farmakologiya elminin banisi hesab olunur. Müsəlman təbibləri onun əsərlərini tərcümə etmiş və öz kitablarında ona çoxlu istinadlar vermişdilər.

[5] İbn Sina (980-1037) – orta əsrlər dövrünün ən böyük təbiblərindən biri hesab olunur. Ən etibarlı əsəri “Göz həkiminin dəftəri” hesab olunur.

_________________

Mənbə: lostislamichistory.com
Məqalə Gənc Muslim komandası tərəfindən tərcümə edilmişdir. İstifadə zamanı Gənc Muslim saytına isnad göstərilməsi mütləqdir.

Fikirlərinizi bizimlə bölüşün və yazını paylaşmağı unutmayın.

Bu mövzuda fikirlərinizi bizimlə bölüşün