Müasir tibbdə İslam mənbələri

Xəstəxanalarda kişi və qadınları tam sağalana qədər saxlanılır. Xəstənin uzaqdan yoxsa yaxından gəlməsindən, yerli və ya qərib, zəngin və ya kasıb, işləyən və ya işsiz, savadlı və savadsız, əqli və ya cismani xəstə olmasından asılı olmayaraq, bütün xərcləri xəstəxana ödəyir. Heçkim nə xərclərin kompensasiyasını soruşmur, nə də hər hansı bir ödəniş etməməkləri etirazla qarşılanmır. Hətta bu barədə işarə də verilmir. Bütün köməklik –  qüdrətli və xeyirxah Allah tərəfindəndir. (Bimaristan sultanı Kalaun əl-Mənsurın nizamnaməsindən, Qahirə, 1284-cü il)

Tibbə və səhiyyəyə dair müasir qərb yanaşması məhz qədim və antik Babil, Misir, Yunanıstan, Roma mədəniyyətlətinə borcludur. Günümüzdə biz bu müəssisələrin xidmətlərindən mümkün qədər gec istifadə etməyə çalışırıq. Lakin lazımi hallarda biz bundan istifadə etməli oluruq və bu müəssisələrin olmasına görə minnətdarıq. Demək olar ki, dünyanın hər bir nöqtəsində olan xəstəxanalar, bizə xəstəlik və ya xəsarət aldığımız hallarda ağrıdan qurtulmağa yardım edəcək yerlərdir.

Bugün hər şeyin mümkün olması hələ orta əsrlər İslam cəmiyyətlərində səhiyyənin sosial institut və elmi biliklər sahəsində sistemləşdirilməsi üçün atılan addımlardan irəli gəlir. Bir neçə xəlifə, sultan, alim və həkim nəsli qədim biliklərlə və vaxtilə yoxlanmış müxtəlif ənənələr təcrübəsini müasir tədqiqatlarla birləşdirərək mövcud sahədə fasiləsiz inkişaf  və  sonrakı  intellektual nailiyyətlər üçün qida torpağını yaratdılar. Xəstələr üçün yaradılan Bimaristan adlanan sığınacaqlar, təkcə müasir xəstəxanaların sələfi olmaqla deyil, həmçinin, sözün həqiqi mənasında tibbi yardım və bu sahə üzrə mütəxəssislərinin hazırlığında böyük rol oynayan müasir elmi-praktiki mərkəzlərdən struktur cəhətdən heç fərqlənmirdi.

Bimaristan çoxfunksiyalı müəssisə idi. Belə ki, xəstələr sağalma prosesi zamanı bu müəssisələrdə qala bilərdi. Bura həmçinin psixiatrik klinika, qocalar evi, əlillər və evsizlər üçün sığınacaq rolunu da oynayırdı.

Xəstələr üçün sığınacaq

Bimaristan tibb sənətinin inkişafına böyük enerji və entuziazm qoymuş İslam sivilizasiyasının ən vacib mənəvi-intellektual meyvələrindən biri olmuşdur.

Bimaristan özündə nə birləşdirirdi?  Böyük xəstəxanaların nəzdində kitabxanası olan tibbi məktəblər yaradılırdı. Bu məktəblərdə təcrübəli həkimlər tibb elminin nəzəri əsaslarını tələbələrə izah edir və yerindəcə də onların xəstələr üzərində tətbiqini göstərirdilər. Bu praktika günümüzdə də mövcuddur. Bu xəstəxanaların bazasında tələbələr imtahanlar verir və rəsmi olaraq təbib ixtisasını əldə edirdilər.

Şəkil 1. XII əsrdə Dəməşq şəhərində yaradılan Nur əd-Din bimaristanı. İndi bu binada tibb və ərəb elm dünyası muzeyi yerləşir.

İlk xəstəxanalar

Xəstələrin müalicəsi üçün sığınacaqların qədim zamanlardan mövcud olmasına baxmayaraq, bu yerlər ən primitiv təşkilati  və tibbi yardım strukturuna  malik idilər. Ellinizm dövründə bu sahədə bir sıra irəliləyişlər baş versə də, lakin bu tip təsisatları ancaq xəstələrin saxlanılması üçün məkan adlandırmaq olardı.

Erkən orta əsrlər Avropasında hər hansı bir xəstəliyin fövqəltəbii mənşəyə malik olması haqda olan fəlsəfi düşüncələr insan müdaxiləsinin əhəmiyyətsizliyini özündə əks etdirirdi. Nəticədə xəstəxanalar monastrların nəzdində yerləşən sığınacaqlar idilər.Burada da rahiblər bədənin cismani sağalmasından daha çox, xəstənin ruhunun xilasına çalışırdılar.

İslam sivilizasiyasına nəzər yetirdikdə isə burada tamam fərqli bir yanaşma mövcud idi. Muhəmməd Peyğəmbər (Ona və ailəsinə Allahın salamı olsun) demişdir:

“Allah hər hansı bir xəstəliyi göndərirsə, mütləq onun dərmanını da göndərir.” (Səhih əl-Buxari, Tibb, 1.)

Həmçinin:

“Hər şeyə Qadir Allah xəstəlik göndərdi və hər xəstəlik üçün dərmanı da göndərdi. Ona görə müalicə alın, amma bunun üçün qadağan edilmişlərdən (haramlardan) istifadə etməyin”. (Əbu Davud, Tibb, 11.)

Müsəlman həkimlər təcrübə yolu ilə effektivliyi sübut olunmuş vasitələrin köməyilə xəstənin sağlamlığının bərpasını özləri üçün başlıca tapşırıq hesab edirdilər.

Yanaşmalarda fərqlilik həmçinin, xəstəxanaların quruluşunda da özünü göstərirdi. Qərb xəstəxanaları öz asketikliyi ilə fərqlənirdi. Belə ki, iqlim xüsusiyyətləri və binanın arxitekturasına əsasən qaranlıq və rütubətli idilər. Çarpayılar elə yerləşdirilmişdir ki, xəstələr gündəlik messaları görə bilsinlər. Müsəlman xəstəxanaları iqlim şəraitinə əsasən adətən quru və isti idi. Bu xəstəxanalar normal işıqlandırma və hava sirkulyasiyasına malik olmaq şərtilə tikilirdi.

Daşına bilən lazaretlər

İlk islam müalicə məntəqəsi Rufaydə əl-Əsləmi‘nin xəstələrə yardım etdiyi çadır hesab olunur.  Bu hələ Muhəmməd Peyğəmbərin (Ona və ailəsinə Allahın salamı olsun) dövründə Xəndək döyüşü zamanı yaradılmışdır.

Sonradan dərman, ərzaq və həkimlərlə komplektləşdirilmiş, daimi daşına bilən lazaretlər meydana gəlməyə başlamışdır. Onların vəzifəsi iri şəhərlərdən və stasionar tibbi müəssislərdən uzaqda yerləşən icmalarda həkim yardımını həyata keçirməkdən ibarət idi.

Onlar həmçinin hökmdarların səfərləri zamanı onları müşayət edirdilər. XII əsrin əvvəllərində yaşamış Səlcuq sultanı Muhammədin sahib olduğu böyük lazaretin daşınması üçün 40 dəvəyə ehtiyac duyulmuşdu.

Stasionarlar

İlk müsəlman xəstəxanası Lepra (Cüzam) 1 xəstəliyindən əziyyət çəkənlər üçün yaradılan sığınacaq hesab olunur. Bu sığınacaq Əməvi xəlifəsi Valid ibd AbdulMalik tərəfindən VIII əsrdə Dəməşq şəhərində tikdirilmişdir. Burada çalışan həkimlər daşınmaz əmlak və yaxşı əmək haqqı şəklində mükafatlandırılırdılar. Cüzam yoluxucu xəstəlik olduğundan xəstələri ciddi təcrid olunma şəklində saxlayırdılar. Bu xəstələrə də gözdən əlil insanlarda olduğu kimi ailələrinə müəyyən edilmiş pul yardımı verilirdi.

Sənədli şəhadətnamələrdə yazılanlara inansaq, ümumi quruluşlu ilk xəstəxana 805-ci ildə Bağdadda xəlifə Harun ər-Rəşidin vəziri tərəfindən tikdirilmişdir. Bu xəstəxana haqda məlumatlar kifayət qədər olmasa da, onun yaradılmasında Bağdad xəlifələrinə 200 ildən çox xidmət göstərmiş məşhur saray həkimləri sülaləsi olan Baxtişular 1 iştirak etmişdilər. Bu sülalənin yaradıcısı Qundişapurda (Cundi-Şapur) yerləşən tibb məktəbinin tələbəsi olmuşdur.

Bir neçə onillikdən sonra bütün İslam dünyasında xəstəxanaların sayı 34-ə bərabər idi və onların sayı getdikcə artırdı. IX əsrdə Kayruanda (indiki Tunis ərazisi), sonra Məkkə və Mədinədə xəstəxanalar tikilmişdir. Fəth edilmiş Fars imperiyası ərazisində də çoxlu sayda xəstəxana vardı. Onlardan biri Rey şəhərində (hazırki İran ərazisi) yerləşirdi. Bura Bağdadda təhsil almış, şəhərin yerli sakini olan həkim Muhamməd ibn Zəkəriyyə ər-Razi rəhbərlik edirdi.

X əsrdə Bağdadda daha 5 xəstəxana açılmışdır. Onlardan birincisi IX əsrin sonunda xəlifə əl-Mutədin əmrilə ər-Razinin rəhbərliyi ilə tikilmişdir. Tikintiyə başlamazdan əvvəl ər-Razi şəhərdə ən əlverişli yeri seçmək qərarına gəlir. Bunun üçün o belə bir maraqlı üsul fikirləşir: belə ki, o müxtəlif yerlərdə çiy ət tikələrini qoydurtdurur. Əgər ət hansı ərazidə gec iylənməyə başlasaydı, həmin ərazi sağlam yer hesab edilərək orada xəstəxanalar tikiləcəkdi. Açılış anında xəstəxananın personalı 25 nəfərdən ibarət idi. Onlar arasında daha geniş profilə malik göz həkimi, ortoped və cərrah kimi mütəxəssislər çalışırdı. 1258-ci ildə monqollar tərəfindən Bağdad dağıdılan zaman bu bimaristanın işçi heyəti daha çox idi.

X əsrdə Bağdad xilafətində tibbi yardımların necə göstərilməsi barədə vəzir Əli ibn İsa ibn Cərəh ibn Sabitin məktubunda rast gəlmək olar:

“Məni məhbuslar çox narahat edir. Onların sayı çoxdur. Həbsxanalardakı şərait onlar arasında çoxlu naxoş məhbusların olmasını təsdiqləyir. Ona görə mənim fikrim budur: gərək gündəlik onlara baxan, dərman və həlimlər verən təbibləri olsun. Bucür həkimlər gərək bütün həbsxanaları gəzsin və məhbusları müalicə etsin.”

Bir müddət sonra məhbuslar üçün şəxsi personalı və ləvazimatları olan ayrıca xəstəxana tikilmişdir.

Suriyanın Hələb şəhərində yerləşən əmir Arqun əl-Kamilinin (XIV əsrin ortaları) şərəfinə adlandırılmış Arqun bimaristanının divarındakı lövhə. Burada ruhi xəstələri gün işığı, təmiz hava, su prosedurları ilə müalicə edirdilər.

Misirdə isə müsəlman hökmdarlar tərəfindən ilk xəstəxanalar Fustat (keçmiş Qahirə) şəhərində 872-ci ildə Abbasilərin nümayəndəsi Əhməd ibn Tulun tərəfindən təsis edilmişdir. Bu xəstəxana ümumi ilə yanaşı psixiatrik profili də özündə birləşdirirdi. XII əsrdə Səlahuddin Əyyubi isə Qahirədə Nasri xəstəxanasını tikdirmişdir. 1284-cü ildə açılışı olan Qələun əl-Mənsur kompleksi isə vaxt keçdikcə bu xəstəxananı həm ölçüsünə, həm də əhəmiyyətinə görə üstələməyə başlamışdır. Bu kompleks XVI əsrə qədər Qahirənin aparıcı tibbi mərkəzi olmuşdur. Qələun xəstəxanasında indiyədək də oftalmoloji xəstəliklər müalicə olunur.

XII əsrin ortalarından XV əsrə qədər Dəməşqin müalicə müəssisələrində arasında aparıcı yeri Nuri xəstəxanası tuturdu. Həmin dövrün sonuna qədər şəhərdə daha beş xəstəxana yaradılmışdı.

Təkcə Kordova Xilafətində (Pireney yarımadası) bu tipli 50 xəstəxana mövcud idi. Onlardan bəziləri yalnız hərbçilər üçün nəzərdə tutulmuş və orada xəlifələri, ali zümrə nümayəndələrini və hərbi rəhbərliyi müalicə etmiş həkimlər çalışırdı.

Arqun bimaristanı özünün geniş işıqlı otaqlarıyla XX əsrin əvvəllərinə qədər xəstəxana kimi fəaliyyət göstərmişdir. Sonradan burada muzey açılmışdır.

Fəvvarələr Arqun bimaristanının arxitekturasında mərkəzi yer tuturdu. Hər üç daxili həyətin hər birində fəvvarələr yerləşirdi və onların ətrafında pasientlərin otaqları yerləşirdi. Mərkəzi həyətdə böyük düzbucaqlı hovuz və quyu yerləşirdi. Hal-hazırda Arqun bimaristanının binası müharibədən zərər çəkmiş YUNESKO-nun memarlıq abidələrinin rəsmi siyahısına salınmışdır.

 

Yazının 2-ci hissəsi: Müasir Tibbdə İslam Mənbələri – (2’ci hissə)

____________________

[1] Baxtişular – VIII əsrdən XI əsərə qədər Ərəb xilafəti sarayında saray həkimləri olan sülalə. Nəslin yaradıcısı VIII əsrdə Ərəb Xilafətində yaşamış erməni əsilli Cəbrayıl ibn Baxtişu olmuşdur. O, ölkədə heç bir həkimin sağalda bilmədiyi və artıq ölüm ayağında olan xəlifə Əl-Mənsuru sağaltdıqdan sonra xəlifənin saray həkiminə çevrilmişdir. XII əsrdə yaşamış ərəb tarixçisi İbn abi Usaybia “Baxtişu”adının suriya dilindən tərcümədə “İsa Məsihiyə xidmət edən” deməkdir. O ömrünün sonuna qədər xristian olaraq qalmışdır.

[2] Lepra (Cüzam) – insanda xroniki infeksion xəstəlikdir. Cüzam və ya lepra-Hansen basili (Mycobacterium leprae) adı verilən bir mikroorganizmanın ortaya çıxardığı, periferik sinir sistemi və dəri başda olmaq üzrə bir çox sistem və orqana təsir edən yoluxucu bir xəstəlikdir. (Mənbə Vikipedia)

_________________

Mənbə: lostislamichistory.com
Məqalə Gənc Muslim komandası tərəfindən tərcümə edilmişdir. İstifadə zamanı Gənc Muslim saytına isnad göstərilməsi mütləqdir.

Fikirlərinizi bizimlə bölüşün və yazını paylaşmağı unutmayın.

Bu mövzuda fikirlərinizi bizimlə bölüşün