MƏHƏRRƏM AYI VƏ AŞURA GÜNÜ ORUCUNUN FƏZİLƏTİ

Əbu Hureyrədən (Allah ondan razı qalsın) rəvayət edildiyinə görə Rasulullah (Ona və ailəsinə Allahın salamı olsun) belə buyurdu:

“Ramazan orucu xaricində ən fəzilətli oruc, Allahın ayı məhərrəmdə tutulan orucdur. Fərzlər xaricində ən fəzilətli namaz da gecə namazıdır”. [1]

Bu günə “Aşura” deyilməsinin səbəbi, Məhərrəm ayının onuncu gününə təsadüf etdiyi üçündür. Hədis kitablarında keçdiyi kimi, bu günə bu adın verilməsinin hikməti, o gündə Allah təalənin on peyğəmbərinə on müxtəlif hədiyyə və ehsan etdiyi üçündür. Bunlar aşağıdakılardır:

1. Allah Musa Peyğəmbərə (Ona Allahın salamı olsun) Aşura günündə bir möcüzə ehsan etmiş, dənizi yararaq Firon ilə ordusunu sulara qərq etmişdir.
2. Nuh Peyğəmbər (Ona Allahın salamı olsun) gəmisini Cudi dağının üzərinə Aşura günündə dəmirləmişdir.
3. Yunus Peyğəmbər (Ona Allahın salamı olsun) balığın qarnından Aşura günü xilas olmuşdur.
4. Adəm Peyğəmbərin (Ona Allahın salamı olsun) tövbəsi Aşura günündə qəbul edilmişdir.
5. Yusif Peyğəmbər (Ona Allahın salamı olsun) qardaşlarının atmış olduğu quyudan Aşura günü çıxarılmışdır.
6. İsa Peyğəmbər (Ona Allahın salamı olsun) Aşura günü dünyaya gəlmiş və o gün səmaya yüksəldilmişdir.
7. Davud Peyğəmbərin (Ona Allahın salamı olsun) tövbəsi həmin gün qəbul edilmişdir.
8. İbrahim Peyğəmbərin (Ona Allahın salamı olsun) oğlu İsmayıl Peyğəmbər (Ona Allahın salamı olsun) o gün anadan olmuşdur.
9. Yaqub Peyğəmbərin (Ona Allahın salamı olsun) oğlu Yusifin (Ona Allahın salamı olsun) həsrətindən bağlanan gözləri o gün görməyə başlamışdır.
10. Eyyub Peyğəmbər (Ona Allahın salamı olsun) xəstəliyindən o gün şəfaya qovuşmuşdur. [2]

PEYĞƏMBƏRİMİZ AŞURA GÜNÜ ORUC TUTMUŞDUR

Uca dinimiz hər fərz ibadətin cinsindən nafilə ibadət etmək imkanı gətirmişdir. Bu vəziyyət müsəlmanlar üçün böyük bir şans və nemətdir. Məlum olduğu kimi Ramazan ayında oruc tutmaq vacibdir. Ramazan bayramının birinci günü ilə Qurban bayramının dörd günü xaric, ilin hər günündə Allah rizası üçün oruc tutmaq mümkündür. Ancaq bunun üçün ən uyğun və fəzilətli ay hansıdır? Elə ağla gələn bu sualı Rasulullahın (Ona və ailəsinə Allahın salamı olsun) bu hədislərində “Allahın ayı məhərrəm” olaraq bildirir. Məhərrəmin “Allahın ayı” – deyə səciyyələndirilmiş olması, onun dəyərini anlatmaq üçündür. Yoxsa zaman da, aylar da, günlər də hamısı Allahın yaratması ilə var olmuşdur.

Məhərrəm ayında tutulan orucun fəziləti iki şəkildə şərh olunmuşdur. Birincisi, sözügedən fəzilət, hədisin ifadəsindən aydın olduğuna görə, məhərrəm ayının hər hansı bir günündə tutulacaq nafilə oruc üçün keçərlidir. İkincisi, ondan məqsəd, o ayda olan Aşura günündə tutulan orucdur. Məhərrəm ayı deməklə onun bir hissəsi olan Aşura günü nəzərdə tutulmuşdur.

Məlum olduğu kimi Peyğəmbərimiz Aşura günü oruc tutmuşdur.

Ər-Rubeyyi binti Muavviz (Allah ondan razı qalsın) belə dedi:

Peyğəmbər Aşura gününün səhərində Ənsar kəndlərinə belə xəbər göndərdi:

“Hər kəs iftar edərək sabahladısa günün qalan hissəsində oruc tutsun! Hər kəs də oruclu olaraq sabahı açdı isə orucuna davam etsin”

Ər-Rubeyyi binti Muavviz belə dedi: “Biz bundan sonra Aşura orucunu tutardıq.” [3]

Məhərrəm ayı və Aşura Günü, Əhli Kitab olan Xristian və Yəhudilər tərəfindən də müqəddəs sayılırdı. Necə ki, Peyğəmbərimiz Mədinəyə hicrət etdikdən sonra orada yaşayan yəhudilərin oruclu olduqlarını öyrəndi. “Bu nə orucudur”? deyə soruşdu.

Yəhudilər, “Bu gün Allahın Musanı düşmənlərindən qurtardığı, Fironu və ordusunu suya qərq etdiyi gündür. Musa (Ona Allahın salamı olsun) şükür olaraq bu gün oruc tutmuşdur (biz də tuturuq)” dedilər.

Bunun üzərinə Peyğəmbərimiz,

“Biz, Musanın sünnəsini əhya etməyə sizdən daha çox yaxın və haqq sahibiyik” buyurdu və o gün oruc tutdu, tutulmasını da əmr etdi.” [4]

DİQQƏT! 9-10 vəya 10-11

Bir başqa hədisdə də Peyğəmbər (Ona və ailəsinə Allahın salamı olsun) belə buyurmuşdur:

“Aşura orucunu tutun, ancaq bir gün əvvəl və ya bir gün sonra tutmaq surətiylə yəhudilərə müxalifət edin!” [5]

Bu səbəblə də Məhərrəmin yalnız onuncu günü oruc tutulması, yəhudiləri təqlid etmə mənasına gələ biləcəyi üçün məkruhdur.

Peyğəmbərimiz, ibadətlərində belə qeyri-müsəlmanlara müxalifət halında olmuşdur. Bunun üçün bizlər də, ibadətlərimizdə onlara bənzəmədiyimiz kimi digər hal və hərəkətlərimizdə də onlara bənzəməmək üçün səy göstərməliyik.

Aşura orucunu tutarkən Məhərrəm ayının ya 9-10-cu günlərini və yaxud da 10-11-ci günlərini oruclu keçirməliyik.

Qeyd: Diqqətinizə çatdırırıq ki, bu il aşura günü, yəni məhərrəm ayının 10-u, miladi təqvimlə 30 sentyabr tarixinə təsadüf edir. Belə olduğu halda bu il, aşura orucu miladi təqvimlə ya sentyabr ayının 29-30-u, ya da, sentyabr ayının 30-u və oktyabr ayının 1-i birgə tutulmalıdır.

______________
[1] Səhih Muslim, Siyam 202, 203. Əbu Davüd, Savm 56; Tirmizi, Məvakit 207; Nəsai, Qiyamul-leyl 6.
[2] Səhih Muslim şərhi, 6/140.
[3] Səhih əl-Buxari 1827, Səhih Muslim 1136/136, Əhməd bin Hənbəl, Musnəd 6/359, 360.
[4] İbn Macə, Siyam 31.
[5] Əhməd bin Hənbəl, I, 241; Bəzzar, 1052; Heysəmi, III, 188

Bu mövzuda fikirlərinizi bizimlə bölüşün