Əhli-beyt və o nəsildən olanlar, mənəvi bir səltənətə namizədirlər. Dünya səltənəti ilə mənəvi səltənətin bir yerdə olması çox müşküldür. Ona görə də Qədər onları dünyadan küsdürdü, dünyanın çirkin üzünü onlara göstərdi ki, qəlbən dünyaya qarşı əlaqələri qalmasın. Onların əlləri müvəqqəti və keçici bir səltənətdən çəkildi; lakin parlaq və daimi bir mənəvi səltənətə təyin edildilər. Adi bir əmir, vali yerinə, övliya və alimlərə öndər oldular.

Əhli-Beytə zülm edənlər axirətdə bunu cəzasını indi elə bir tərzdə görürlər ki, bizim onlara lənət və ya başqa şəkildə hücum etməklə köməyimizə bir ehtiyac qalmır. Və məzlum Əhli-Beyt, müvəqqəti bir əzab və zəhmət müqabilində o dərəcə yüksək bir mükafat görmüşdür ki, ağlımız idrak edə bilməz. Onlara indi nəinki ağlamaq, bəlkə onları o hədsiz rəhmətə nail olmaları münasibətiylə təbrik etmək lazımdır ki, bir neçə il əziyyətlə,  axirətdə milyonlarca dərəcələr və əbədi səadətlər qazandıqları kimi, dünyada da qaldıqları zamanda, əhəmiyyətsiz, dünyanın fani səltənəti və müvəqqəti hakimiyyəti və qarışıq siyasətinə müqabil mənəvi bir sultan və həqiqət aləmində bir şah, mənəvi bir padşah məqamını qazandılar.

Əbu Musa əl-Əşari (Allah ondan razı qalsın) rəvayət edir:

“Allah Rasulu (Ona və ailəsinə Allahın salamı olsun): “Allah zalıma ard-arda möhlət verir, amma onu bircə dəfə yaxaladımı, artıq xilas etməz, – buyuraraq bu ayəni oxudu, – Rəbbin zülmkar məmləkətləri əzabla yaxalayanda belə yaxalayar. Onun cəzası, doğrudan da, ağrılı-acılıdır, şiddətlidir!”” (“Hud” surəsi, 11/102) [Buxari, Təfsiru-surə 11/2; Muslim, Birr 61]

Haqqın yanında, zalımın qarşısında olanlar. 

1. Xətadan dönməyin gözəl bir örnəyi – Hür bin Yezid

Ubeydullah ibn Ziyadın tabeçiliyində olan komandirlərdən biri idi. Hüseyn (Allah ondan razı qalsın) öz yaxınları ilə birlikdə Şərafa çatdıqda Hür bin Yezidin başçılıq etdiyi min atlı ilə qarşılaşdı. Hüseyn Hürdən geri qayıtmağı xahiş etdi. Lakin Hür əmrə tabe olduğunu bildirdi və onlara Kufəyə getməyi buyurdu. Hüseyn bundan imtina edib Şama üz tutdu. Hür onları müşayiət etdi və yolda Hüseynə döyüşməməyi nəsihət etdi.

Amma savaş fərqli bir nöqtəyə gəlincə və Kufəlilərin gərçək niyyətini öyrənincə içinə bir qorxu, əzab düşdü. Aşurədən bir gün öncə Əli və Fatiməni (Allah onlardan razı qalsım) düşünür. Səhər olunca Ömər bin Sadın qarşısına gəlib: “Ey Ömər! Sən Hüseynin, Əhli-beytin dəyərini məndən daha yaxşı bilirsən. İndi onları öldürmək üçün bu qədər əsgəri hərəkətəmi gətirəcəksən?” deyir. Ömər b. Sad cavab verir: “Nə edə bilərəm ki, əmir belədir.”

Yəni əmr quluyam demək istəyir, günümüzün insanları kimi. Ömər bu işdə çarəsiz olduğunu bildirir. Hür bin Yezid dönüb əsgərlərinin yanına gəlir. Əsgərlərinin önündə atının üstündə tir-tir titrəməyə başlayır. Əsgərlərindən biri soruşur. “Qorxursanmı, ey Hür, bu nə titrəməkdi?” Hür bin Yezid cavab verir:

– “Nə qorxması? Cənnət və cəhənnəm arasında gedib gəlirəm, ya sizin yanınızda qalıb cəhənnəmə gedəcəyəm, ya da Hüseynin yanına gedib cənnətə qovuşacağam.”

Tir-tir titrəyərkən atını Hüseynin olduğu tərəfə sürür. Hər kəs Hürün Hüseynə hücum etdiyini düşünür. Əsgərlər kiminsə gəldiyini görüb Hüseynə xəbər verirlər və Hürü tanıdığından buraxın gəlsin deyir. Hür Hüseynin qarşısına gəlib dayanır. Və sözə bilirsinizmi necə başlayır?

Ey,  Rasullullahın oğlu. Bəli, belədir Əhli-beytə xitab.

“Ey Rasulullahın oğlu! Allah məni sənə fəda etsin. Məni tanıdınmı? Mən səni məcbur şəkildə bu torpaqlarda yerləşdirən adamam.  Mən çox böyük bir xəta etdim. Əllərimi səniə maneə yaratmaqla kirlətdim. Dilimi sizə qarşı sözlər söyləyərək kirlətdim. Səni və ailəni burada susuz buraxdım. Amma mən İbn Ziyadın səni buraxacağını zənn edirdim. Sonra gördüm ki, onlar səni öldürmək istəyir. Onun üçün sənə gəldim, üzr istəyib yanında ölmək üçün buradayam. Görəsən mənim kimi bir adama əfv varmı? Rəbbim etdiyim bu xətadan dolayı məni bağışlayarmı?”

Babasının məktəbindən əfvi, mərhəməti öyrənmiş İmam Hüseyn: “Heç olmazmı?  De görüm sənin adın nədir.” 

Hür bin Yezid: “Ananın şanı var olsun,  ey Hür. Nə gözəl isim qoymuş sənə. İki dünyada da hür (azad) olacaqsan. Allah səni inşəAllah məğfirəti ilə sorğu sual edəcək.”

Bir müddət sonra bir şeylər təklif etmək üçün Hüseynin yanına gəlir və qarşıdakı bu orduya nələrsə demək üçün icazə istəyir.

Ey kufəlilər, mən Hür bin Yezidəm.

“Ey,  yazıq kufəlilər! Siz Rasulullahın nəvəsini dəvət etdiniz. Yanınıza gələndə də onu tək qoydunuz. İndi isə onu öldürmək üçün meydana çıxdınız. Siz necə insanlarsınız. Günlərdir o və onun səhabələri susuzluq içərisindədir. Yəhudilərin, məcusilərin, nəsranilərin sərbəstcə içdikləri, heyvanların girib nəsibləndiyi Fəratın suyundan onları məhrum etdiniz. Siz çox pis bir iş gördünüz. Siz Muhamməd Peyğəmbərə (aleyhissalatu vəssəlam) nə pis xələflər oldunuz. Allaha hesabınızın çox çətin olacağını xəbər verirəm sizə!”

Bu sözlərdən sonra 30 nəfər kufəli Hüseyn tərəfə keçdi. Hür və əsgərləri Hüseynlə birlikdə döyüşərək şəhid oldular.

2. Şəhadəti sevdası edən igid – Zuheyr bin Qayn

Hüseyn Sıfa adlı bir əraziyə gəlib çatır. Orada Məşhur ərəb şairi olan Fərəzdək ilə qarşılaşır. Fərəzdəkın atası olan Sasa əl-Naciyə önəmli səhabələrdən olub. Hələ cahiliyyə zamanı 300 qız uşağını diri-diri basdırılmaqdan qurtardığına görə əl-Naciyə adlandırılmışdır. Belə bir gözəl, saleh əməl işlədiyinə görə Rasulullah tərəfindən çox sevilmiş, onu hər zaman xeyirlə yad etmişdir. Hüseyn onun hardan gəldiyin soruşur. O, Kufədən gəldiyini deyir. Kufədəki vəziyyət haqqında xəbər almaq istəyir.

Fərəzdak: “Getmə, ey İmam! Kufəlilərin ürəkləri səninlədir amma qılıncları Yezidlədir.” deyir.

Hüseyn bu sözləri eşitdiyi zaman geri dönməli idi, amma geri dönmür. Yoluna davam edir. Zerot deyilən bir bölgəyə gəlir. 

Orada Mulsim ibn Aqilin şəhid edildiyini, Ubeydullah bin Ziyadın Kufəni qan gölünə çevirmiş olduğunu öyrənir

Bu əsnada bir qrup əsgər Hüseynin qarşısına gəlir: Qayn və əsgərləri. Qayn, Hüseynin yanına gəlmədən öncə xanımı ilə danışıraq ona deyir ki, “səni boşayıram, get Kufədə atanın evinə. Mən burada Rasulullahın oğlunu tək qoya bilmərəm, mən onunla ölməyə gedirəm.” Xanım da salehə bir xanım idi. Oğullarını çağırıb onlara “siz də atanız kimi Əhli-beyti qoruyub, onların tərəfində olun hər zaman.”- deyə vəsiyyət edir..

Hüseynin yanına gəlib onunla danışır və ən son cümləsində deyir ki, “Bu gün burada Əhli-beyti müdafiə edərək şəhid olacam.” Hüseyn (Allah ondan razı qalsın) buna çox məmun olur və Qayn öz adamlarına dönərək deyir:

Qorxanlar, bax Kufə oradadır,  dönüb getsinlər. Biz elə bir savaşa qərar verdik ki, bu savaşın qəniməti şəhadət, fəthi şəhadət, aqibəti şəhadətdir.” Sonda Qayn və adamları haqq uğrunda döyüşüb şəhid olurlar.

3. Şahidlər karvanın mənsubu – Əli bin Hüseyn

O, İmam Zeynəlabidindir. Məharət ondan danışmaqda deyil, o ola bilməkdədir. Zahid, alim, gözəl əxlaqın timsalı. Kərbəlanın tək şahidi və 23 yaşında bir gənc. Xəstə olduğu üçün çadırda qalmış və buna görə də sağ qurtula bilmişdi. Hüseynin bir oğlu da var idi. Dörd yaşında olan Ömər bin Hüseyn. Bəli,  Ömər. İki adam qaldı Kərbəladan və onlar da Yezidin hüzuruna gətirilmişdilər. Əhli beytin soyu da, o mübarək şəxs olan Zeynəlabidindən davam etmişdir. Allah təala onu xəstələndirməklə qorumuş və Əhli-beytin soyunu onunla davam etdirmişdir. Kərbəla haqqındakı bütün səhih məlumatlar bizlərə məhz iki mübarək şəxs tərəfindən gəlib çatmışıdır. Zeynalabbin və bibisi Zeynəb (Allah onlardan razı qalsın)

Əhli-beytin mənsubları savaş əsirləri kimi əlləri bağlı şəkildə, Şama doğru gətirilir. Əməvi məscidinin önündə insanlar görsün deyə bir müddət saxlanılır. O əsnada çox yaşlı bir nəfər Zeynəlabidinin yanına gəlib ona deyir:

“Həmd olsun Allaha ki, sizləri həlak etdi, asi kişilərinizi öldürərək şəhərlərimizə asayiş verdi. Və möminlərin əmiri Yezidi müzəffər etdi!”

23 yaşında olan Zeynəlabin dönüb o yaşlı adama deyir ki:

– “Məni tanıyırsanmı?”

– “Bəli, siz Osmanın qatillərisiz.” 

– “Onda mən kim olduğumuzu söyləyim. Sən Quran oxuyurasanmı?”

Qoca “Bəli” deyə cavab verdi.

– “İsra 26, Şura 23, Ənfal 41, Əhzab 33-cü ayələri bilirsənmi?”

Sonra da başlayır o ayələri oxumağa. “Və biz o ayələrdə bəhs edilən şəxslərik, o peyğəmbərin övladlarıyıq, biz Əhli-beytik.” 

Kişi bunu eşidər-eşitməz başını əllərinin arasına alıb, “vay mənim halıma, vay mənim halıma” – deyərək ağlamağa başlayır və dediklərini geri götürüb bunları söyləyir.

“Allah Yezidi öldürsün! Bizə ‘Osmanın qatillərini tutdum, mənə baş qaldıran üsyankarları öldürdüm və asayişi təmin etdim!’ – dedi. Məgər ki, peyğəmbərin övladlarını ölürüb.”

Buradan öyrənəcəyimiz, dərs çıxaracağımız çox önəmli nöqtə var. İnsanların hiss, düşüncə və duyğularını istədiyin şəkildə idarə etmək çox asandır Günümüzdə buna “Perception Management”  deyilir. Yəni düşüncələri idarə etmək, nəzarətdə saxlamaq, istiqamətləndirmək. Bu termin ilk dəfə 1987-ci ildə ABŞ Müdafiə Nazirliyinin Hərbi Terminlər lüğətinə qeyd olunur (və hələ də tətbiq olunmaqdadır!)

21-ci əsrdə bunu media çox “gözəl” şəkildə yerinə yetirməkdədir. Zalımı alim, alimi zalım kimi göstərir, bir anda göylərə çıxardığını istədiyi vaxtda yerin dibinə batırır. Bir anda alqış yağdırtdığı adama səhərisi gün təhqir obyekti etdirər. 

Mömin isə bəsirət sahibidir. Birilərinin təlqinləri ilə kimlərisə fərqli nöqtələrə qoymaz. Mömin, Allahdan qorxacaq, bir şey haqqında gerçək məlumatı varsa qorxmadan danışacaq, əks təqdirdə susacaq. Məlumatım olana qədər bu məsələ haqqında danışmaq mənə haramdır, deyəcək. Dilini, gözünü, qəlbini kirlətməyəcək. Allahın hüzuruna qul haqqları ilə getməyəcək.

“Ey iman edənlər! Əgər fasiq (yalançı, günahkar) bir kimsə sizə bir xəbər gətirərsə, öncə (onun doğruluğunu) yaxşıca araşdırın ki, yoxsa bilmədən bir qövmə pislik edər, sonra da etdiyinizə peşman olarsınız!”  (Hucurat, 6)

4. İzzətin abidəvi adı – Zeynəb binti Əli

Əgər Əhli-beytin aləmə nə buraxdığını bir cümlədə söyləyəsi olsaq, Aləm Həsənin üzərindən vəhdəti, Hüseynin üzərindən şəhadəti, Zeynəbin üzərindən izzəti, Ümmü Gülsümün üzərindən dəyanəti öyrəndi, deyərik.

Bilirsinizmi Ümmü Gülsüm kimdir?

Ömər bin Xattabın xanımı. Ömər yaralanıb evinə gələrkən, Əhli-beytin qoxusunu ala-ala Rəbbimin hüzuruna gedim deyə başını Ümmü Gülsümün dizləri üzərində qoyaraq şəhid oldu. Ömər Əhli-beytin dəyərini bildiyi üçün Ümmü Gülsümü öz xanəsinə almış, o mübarək nəslin nurundan nəsiblənmək istəmiş.

“Gedənlər Hüseyin kimi getməli, qalanlar Zeynəb kimi qalmalı!”

Bəs Zeynəb necə birisidir bilirsinizmi? 

Zeynəb danışdığında atası Əlini, susduğunda anası Fatiməni, yeriyərkən böyük qardaşı Həsəni, hayqırarkın digər böyük qardaşı Hüseyni xatırladırdı. Allah onların hər birindən razı olsun.

Tarixçilər onu məhz belə ifadə edirlər. Hər halı ilə Əhli-beyti təmsil edən, yansıdan bir ana. Onu tanımaq üçün Kərbəla meydanındakı sözlərini, Ubeydullah bin Ziyadın sarayındakı hayqırtısını, Yezidin qarşısındakı izzətli halını oxuduğunuz zaman, hələ ömrünün sonuna qədər ilk günki kimi iffətli, izzətli, təmiz həyatını oxuduğunuz zaman Zeynəb binti Əlinin kim olduğunu anlayarsınız.

İldə sadəcə bir gün hər yer Kərbəla deyib göz yaşı tökən qardaşım, bacım! O göz yaşını silmək zamanı gəlmədimi? Başı kəsilmiş qardaşının cəsədi önündə Zeynəbin ağladığını duydunmu? Duymadığından əminəm. Çünki Zeynəb ağlamadı. Sən də, mən də, bizlər hamımız Zeynəbin yezidə meydan oxumasının hekayəsini çox duyduq. Duyduğumuzu anladıqmı? Anlasaq ağlardıqmı, yoxsa ağladardıqmı?

Gəlin birlikdə ağlayaq. Göz yaşımız sel olsun. Amma Hüseynin şəhadəti üçün deyil. Zeynəbin cəsarətinin bizdə olmadığı üçün ağlayaq. O seldə yezidləri boğmaq üçün ağlayaq. 72 şəhiddən biri olmağı bacarmadığımız üçün, şəhadət şərbətini dada bilməyəcəyimiz üçün, yezidə sən yezidsən demədiyimiz, deyə bilmədiyimiz üçün ağlayaq.

5. Mübarizənin misilsiz qəhrəmanı – Hüseyn bin Əli

Əslində bura qədər anlatdıqlarımız Hüseyni bizə tanıtmaqdadır. Onun yanında olanlar və onun qarşısıda duranlar.

Muaviyə bin Əbu Sufyan ilə İmam Həsən arasındakı razılaşmaya görə Muaviyə bin Əbu Sufyandan sonra Həsən xəlifə olmalı idi. Hicrətin 56-57-ci illərində Muaviyə bin Əbu Sufyan, Həsən ilə etdiyi müqaviləyə sadiq qalmamış və özündən sonra oğlu Yezidi xəlifə olaraq təyin etdiyini elan etmişdi. Hələ sağ ikən beyət toplamağa başlamışdı. Demək olar ki, hər kəs beyət etmişdi.

Beyət etməyən dörd şəxs: Əbu Bəkrin oğlu Abdurrahman, Ömərin oğlu Abdullah, Zübeyrin oğlu Abdullah və Əlinin oğlu Hüseyn idi.. Allah onların hər birindən razı qalsın..

Muaviyə onlardan beyət almaq üçün Mədinəyə gəldi. Bundan xəbər tutan kimi onlar da Məkkəyə qaçdılar. Muaviyə də onların dalınca Məkkəyə gəldi. Onlara Yezidə beyət etmək üçün israr etdi, onlar isə qəbul etmədilər. Buna baxmayaraq Muaviyə onları beyətə məcbur etmədi, geri qayıtdı. Oğluna da nəsihət etdi ki: “Onları beyətə məcbur etmə, onları mənim buraxdığım kimi burax.”

Amma Yezid elə etmədi. Atasının sözünü dinləmədi. Xilafətə keçər-keçməz Mədinə valisi Vəlid bin Utbəyə bir məktub yazdı. Gedib o dörd şəxsdən beyət alması üçün onu məcbur etdi. Əbu Bəkrin oğlu Abdurrahman o zaman vəfat etmişdi. Və Vəlid bin Utbə onları bir-bir hüzuruna çağırdı, məktubu onlara oxuyub beyət istədi. Üçü də beyət etmədi və ayrı-ayrı yollardan Məkkəyə yola düşdülər.

Hicrətin 60-cı ilində İraq əhli Hüseynin Yezid bin Muaviyəyə beyət etmədiyindən xəbər tutduqda Hüseynin yanına nümayəndələr və beş yüzə yaxın məktub göndərib yalnız ona beyət edəcəklərini bildirdilər. Hüseyn işləri yoluna qoymaq, beyətin həqiqət olub-olmadığını öyrənmək məqsədilə öz əmisi oğlu Muslim bin Aqili onların yanına göndərdi. Kufədə Hani bin Urvanın evində qonaq qalan Muslimə on iki min nəfər beyət etmişdi. Beyətdən sonra Muslim ibn Aqil Hüseynə, “Bunlar yalan danışmır. Kufəlilərin hamısı sənin tərəfindədir. Məktubum sənə çatan kimi durma gəl.” şəkilində bir məktub göndərdi. Bu beyətdən xəbər tutan Kufə valisi Numan bin Bəşir əl-Ənsari vəziyyətin gərginləşəcəyini başa düşdü və camaatın qarşısına çıxıb bir xütbə verdi:

– “Allahdan qorxun, ey Allahın qulları! Fitnə-fəsad törətməkdən və firqələrə bölünməkdən çəkinin. Mənə gəlincə, bilin ki, mənə qarşı vuruşmayanlarla mən vuruşmayacağam, mənə hücum etməyənə mən hücum etməyəcəyəm. Həmçinin heç kəsə nifrət bəsləməyəcəyəm, heç kəsin barəsində pis zənn etməyəcəyəm, heç kəsi ittiham etməyəcəyəm. Yox əgər mənə pis münasibət göstərsəniz, beyətdən boyun qaçırsanız və əmirə müxalif olsanız, bilin ki, Özündən başqa məbud olmayan Allaha and olsun ki, qılıncımı götürüb son nəfəsədək sizinlə vuruşacağam. Mən istəyirəm ki, aranızdan haqqı bilənlərin sayı batili dəstəkləyənlərdən daha çox olsun.”

Əməvilərdən Abdullah bin Muslim əl-Hədrəmi bu xütbəni eşidəndən sonra Numan bin Bəşirin yanına gəlib ona etirazını bildirdi və dedi: “Belə xütbə iradəsi zəif olanlara məxsusdur. Sən onlara öz gücünü göstərməlisən.” Lakin Numən bin Bəşir onun bu təklifini rədd edib dedi: “Allahın itaətində duraraq zəiflərdən olmaq mənim üçün Allaha asi olub ‘hörmət sahiblərindən’ olmaqdan daha xoşdur.

Allahın rıdvanı (razı olması) isə daha böyükdür! Məhz böyük qurtuluş budur! (Tövbə surəsi, 72)

Numanın bu mövqeyi Yezidin xoşuna gəlmədi və onu tutduğu vəzifədən azad etdi, yerinə də Ubeydullah bin Ziyadı təyin etdi və Muslim bin Aqili tutub yanına gətirmək üçün əlindən gələnə etməyi tapşırdı. İbn Ziyadın üç min dirhəm pul verib Muslimi tapması üçün göndərdiyi şamlı Məqəl əlindəki pulu Əhli-beytdən birinə vermək bəhanəsi ilə Muslim bin Aqili tapmaq istəyirdi. Sonda Muslim bin Aqili tapıb onun məclisində iştirak etdi və öyrəndikləri məlumatları İbn Ziyada gəlib çatdırdı. Muslim bin Aqilin Haninin evində qaldığını öyrənən İbn Ziyad Hanini yanına gətizdirdi və Muslim bin Aqili ona təslim etməyi əmr etdi. Hani dedi: “Qonağımı sənə təslim etmək mənə yaraşmaz. Vallahi, mən bunu etməyəcəyəm.”

İbn Ziyad  əlindəki ağacla Haninin üzünə vurdu və onun üz-gözünü al-qana boyadı, sonra da onu zindana atdırdı. Haninin ələ keçdiyini xəbər tutan Muslim bin Aqil ona beyət edənlərdən dörd min ordu ilə İbn Ziyadın qəsrinə yaxınlaşdı və onu mühasirəyə aldı. Bundan xəbər tutan İbn Ziyad kufəlilərin ziyalılarını onların qarşısına çıxartdı. Ziyalılar onları Şam ordusu ilə qorxutmağa başladılar, üstəlik şirnikləndirdilər də. Hətta beyət edənlərin qadınları da məsələyə müdaxilə edib Muslimdən uzaq durmağı nəsihət edirdilər. Bu təhdidlərdən və vədlərdən sonra camaat Muslimin ətrafından dağlışıb getməyə başladı və günbatana yaxın artıq Muslim tək qalmışdı. Sonda ələ keçirilən Muslim bin Aqil Hüseynə məktub yazdı.

– “Ey, Hüseyn! Ailənlə birgə geri qayıt! Qoy kufəlilər səni aldatmasın! Çünki onlar sənə də, mənə də yalan söyləmişlər. Yalançının isə qəti qərarı ola bilməz!”

Bundan sonra İbn Ziyadın yanına gətirilən Muslim bin Aqil ondan yaxınlarına vəsiyyət etmək üçün icazə aldı. İbn Ziyadın yanında oturan Ömər bin Sadı (bin Əbu Vəqqas) bir kənara çəkib dedi: “Ey Ömər! Kufəlilərdən birinə mənim yeddi yüz dirhəm borcum var, bunu ödəyə bilərsənsə, ödə. Mən öləndən sonra meyidimi Hüseynə göndər.

Bəli ən son anında belə dərdi sadəcə axirət olan, qull haqqını düşünən, üzərində borc qalanın cənazə namazının Rasullullah tərəfindən qılınmadığını bilib narahat olan bir mücahiddir – Muslim bin Aqil.

Ömər onun dediklərini İbn Ziyada bildirdi və o da buna etiraz etmədi. Sonra Müslimi edam etmək üçün onu qəsrin kəlləsinə qaldırdılar. Qalxa-qalxa o, “Allahu Əkbər”, “Lə İlahə illəllah”, “Subhanəllah”, “Əstəğfirullah” deyir və belə dua edirdi: “Allahım, bizimlə bizi aldadan və bizi qoyub qaçan tayfa arasında Sən Özün hökm ver!

Ərafa günü Muslim bin Aqili qətlə yetirdilər. Beləcə o şəhadətə qovuşdu.. Allah ondan razı qalsın. 

Hüseynin getməyini çox insan əngəlləməyə çalışdı və onların içində ən başda gələn Hüseynlə ata bir qardaş olan Muhamməd bin Hanəfiyyə getməməsi üçün yalvarıb əngəl olmağa çalışdı. “Nə olar Hüseyn, yalvarıram getmə, Mədinədən çıxma. Əgər buradan çıxası olsan bir daha bura qayıda bilməyəcəksən. Biz əgər burda qalsaq özümüzü müdafiə edə bilərik“.

Onun həyatda qala bilməsi üçün edilən bu qədər tövsiyə onu yumuşalda bilməyəcək, əzmini qıra bilməyəcəkdi. Çünki, məsələ onun xəlifəlik haqqı ilə bağlı deyildi. Ya da içində Yezidə qarşı bəslədiyi şəxsi düşmənçilik deyildi. Eyni şəkildə bu çıxış, mənfəət və zərər hesablarını düşünən bir iqtidar və tamah düşkünün son dərəcə planlı yeritdiyi bir sərgüzəşt də deyildi. Bu əlbətdə bir iqtidar macərası deyildi!

Məsələ çox daha böyük, çox daha önəmli idi!

İslam və İslamın var olması ilə bağlı idi. Müsəlmanların özlərini qorumaqları ilə bağlı idi. Əgər müsəlmanların hamısı bu batil hərəkətin qarşısında susarsa, bunu mənası İslamın əziz və şəxsiyyətli insanlardan tamamilə məhrum olması mənasına gəlirdi. Yəni, artıq müsəlmanlar bu uca dinə mənsub olduqlarını hansı dillə müdafiyyə edəcəkdilər? Demək, müsəlmanların heç biri zalım və diktator idarəçilərə səs çıxara bilməyəcək, elə mi? Kim güclü isə onun sazı çalacaqdı, nə Qur`an nə də doğruların heç bir gücü olmayacaqdı.

Məhz Hüseynin gözündə hadisə bu idi. Bu məntiqlə mütləq şəkildə yola çıxmağa qərar verdi. O eyni zamanda bilirdi ki, Yezid və yanındakılar Hüseyni Mədinə və Məkkədə buraxmazlardı. Onlar məcbur qalınca Kəbəni və Rasullullahın məscidini yıxmağı belə gözə alan cəllad sürüləri idi.

Aylardan Zilhiccə ayı, həcc günləri yaxınlaşırdı. O gün Hüseyn ailə əhlini, dostlarını yanına alaraq Məkkəyə getdi. Tarix hicri 60. Hüseynin gəlməyinə hər kəs sevinir, Rasullullahın nəvəsi gəldi deyə hər kəs toy bayram edir. İnsanlar dəstə-dəstə Hüseyni görmək üçün onun yanına gəlirdi. O zaman Məkkkə valisi Yahya vəziyyətin başqa yönlərə getdiyini görüb Yezidə məktub yazaraq məsələni ona bildirdi və Hüseynə təziq etməyə başladılar.

Zilhiccə ayının 8-i, yəni Təlviyyə günü. Bir gün sonra Ərəfata çıxacaq hacılar. Ehramlıdır Hüseyn b. Əli. Və ehramını ümrə ilə tamamlayır, ehramdan çıxıb şəhadət paltarını geyinir. Bəs həcci tamamlayıb iki gündən sonra getsəydi olmazdımı?

Doğru işi doğru zamanda etmək…Həcmi şəhadətmi, həcmi zalıma qarşı çıxmaqmı?

İmam Hüseyn radiyallahu anh zillət yerinə izzəti, sükunət yerinə mübarizəni, cəhalət yerinə elmi, asabiyyət yerinə ümməti, həcc yerinə şəhadəti, səltənət yerinə imaməti əsas almalıydı, o da bunu etdi.

550 nəfərlə yolu düşdü. Getdikcə arxasındakı adamlar azalmağa başlayırdı. Və bir yerə gəldilər. Orda dönüb arxasınca gələn insanlara səsləndi. Bunu da bizə Zeynəlabidin nəql edir.

-Bir yola düşdük. Başımıza nələrin gələcəyini Allahdan başqası bilməz. Biz bəlkə də sabah küfə ordusu ilə qarşı-qarşıya gəlib onlarla savaşacağıq. Hər kimin boynunda başqasına aid borc varsa burdan ayrılsın. Borclu adam mənimlə bərabər cihada gəlməsin!.

Dörd-beş nəfər qalxıb ayrıldı oradan. Hüseyn belə bir həssasiyyətlə Kərbəlaya yola düşmüşdü. Və orada, Kərbəlada Zeynəlabidin, Hüseynin dörd yaşlı oğlu Ömər və xanımlardan başqa hər kəs şəhid oldu..

Hicri 63 ilində Harra hadisəsi meydana gəldi. Yezidin əmri ilə Mədinədə daş üstündə daş buraxılmadı. Yezid, diqtatorluğunun davamı üçün heç bir canilikdən çəkinmədi. Hicii 64 ilində Yezid öldü. Səltənət Əbu Sufyan oğullarından Mərvan oğullarına, onlardan da Abbasilərə keçdi. Hər Firona bir Musa gəldiyi kimi, ondan sonra gələn zalımlar da qarşılarında mübarək əhli beyti, dinin gerçək müdafiəçilərini gördülər. Hüseyndən sonra nəvəsi Zeyd b. Əli, Əməvi kralı Hişam b. Abdulməlikə üsyan etdi. Zeyd, hicri 122 ilində asılaraq öldürüldü. Böyük imam Əbu Hənifə Numan b. Sabit də, Zeydə pulu ilə yardım etmişdi. (əl-Muvaffiq, Mənaqibi-Əbi Hənəfi, c.1, s.55)

Daha sonra Həsən bin Əli soyundan Zun-Nəfsiz-Zəkiyyə və qardaşı İbrahim, Kufədə hərəkətə keçdilər. Əbu Hənifə və Malik (Allah onlara rəhmət eləsin), Zun-Nəfsiz-Zəkiyyənin dəstəkçilərindəndir. İmam Əzəm Əbu Hənifə onu açıq-aşkar dəstəkləmiş, xəlifə Mənsurun əmrində olan komandirlərdən Həsən b. Qahtabanı onunla savaşmaq fikrindən daşındırmağa çalışmışdı. Mənsurla Əbu Hənifə arasında baş verən və sonda Əbu Hənifənin işkəncə və döyülərək öldürülməsinə yol açan mübarizənin əsli budur. (Əbul-Həsən Əli ən-Nədəvi, Aliyyul-Murtaza, s.217)

Möminlərdən elə ərlər vardır ki, (o gün) Allaha verdikləri sözdə durdular. Elə ki onlardan kimi əhdini yerinə gətirdi (şəhid oldu), kimi də (şəhid olmağı) gözləyir! Lakin (onlar) heç bir şəkildə (verdikləri sözü) dəyişdirmədilər. (Əhzab surəsi, 23)

Bəli 14 əsr öncə həyatımıza girmiş məhərrəm ayının içindəyik. Allah yolunda şəhid edilən Hüseynin qanı üstümüzdədir. Amma biz, intiqam almağı heç düşünmürük. Şəhadət şərbətini içib şəhidlik məqamına yüksələ bilmiş Hüseyinin şəhadətinə üzülürük. Sanki ona o məqamı yaraşdırmadıq. Onun şəhadətinə hələ də ağlayıb, hələ də sızlayırıq.

Hüseynin öldürülmüş cəsədinə duyduğumuz sayğını, onun ölüm səbəbinə duymuruq. Xurafatı din deyə bağrımıza basmışıq. Halbuki Hüseyn dinin xurafata çevrilməməsi üçün mücadilə verdi. Yerə düşən sancağı əlimizə alıb yezidə meydan oxumaq əvəzinə yezidin safında dayanıb Hüseynin ölümünə ağlayırıq.

Ömər b. Sad da elə etməmişdirmi? Hüseynin arxasında namaz qılıb, yezindin ordusuna rəhbərlik etmişdi. Biz hansı əməllə ondan fərqlənirik ki? Kimin safında kimə qarşı dayanmışıq?

Hüseyn üçün 14 əsrdir ki, ağlayırıq. Amma meydanı Kərbəlaya çevirib Hüseynin safında dayanmırıq. Özümüzü döyüb, öz qanımızı axıtmağı fərasət bilirik. Halbuki yezidi döyüb, onun qanını axıtmalıyıq. Bəlkə də bunu bacara bilmədiyimiz üçündür ki, 14 əsr öncə ölmüş Hüseynə ağlayıb, yas saxlayırıq. Dünən ölən Hüseynləri heç xatırlamırıq da.

Səbəb?

Dərs almağı bacarmamağımız.

Hüseynin safında olmadığımızı etiraf edəcək cəsarətimizin olmaması.

Yezidin qarşısına çıxacaq imanımızın olmaması…

Buna görə də daha asan yolu seçdik.

Əlimizdəki qamçını öz başımıza endirib yezidə lənət oxuduq. Hüseyn üçün göz yaşı tökdük. Bir məzlum olub, zülmə uğramağa razı olduq, zülmə baş qaldırmadıq.

Çünki, Hüseyni heç tanımadıq. Yezidi isə sevdik. Onun oyunlarına gəldik. Dinimizi oyun və əyləncəyə çevirdik.

Bəs qazanan kim oldu, itirən kim oldu?

Yezidmi qazandı Hüseynmi?

Müslim b. Aqilmi qazandı Ubeydullah b. Ziyadmı?

Zeynəbmi qazandı Ömər b. Sa’dmı?

Hur b. Yezidmi qazandı Şimr b. Zilcevşənmi?

Yezidin məzarını bilən varmı, oğluna yezid ismini qoyan varmı. Amma Hüseynin hal-hazırda altı ayrı-ayrı yerdə məzarı bilinməkdədir (Kərbəla, Riqqa, Dəməşq, Mədinə, Qahirə, Əsqəlan). Hər evdə bir Əli, bir Hüseyn, bir Fatimə var indi.

İki dünyada da itirən, xüsrana uğrayan Yezid oldu.

Gəlin düşünək, bu dəfə başqa cür düşünək. Məqsədimiz tarixi anmaq deyil, ondan faydalanmaqdır. Örnəkdirsə təkrar etdirmək üçün çalışmaq, ibrətdirsə təkrar olunmaması üçün mübarizə aparmaq.

Ey müsəlman!

  1. Tarixdəki Yezidə qəzəblənib, söyüb, lənət oxuyub, bu gün yaşayan Yezidləri və xüsusilə də içindəki Yezidi unutma!
  1. Tarixdəki xəyanət şəhəri olan Kufəyə qəzəblənib, söyüb, lənət oxuyub, bu gün eyni zehniyyəti daşıyan Kufəliləri, ən kiçik bir qarşılığı görüncə qorxan içindəki Kufəni unutma!
  2. Tarixdəki qənimət sevdalılarına qəzəblənib, söyüb, lənət oxuyub, bu gün ən kiçik mənfəəti üçün insanlıqdan çıxan, məqam, mövqe, şan-şöhrət adına haqqın səsi olmaqdan qorxan nefisini unutma!

Hələ də Kərbəlada Hüseynlər şəhid edilir. Hələ də toplumu yönəldən yezidlər var. Hələ də Hüseynlər niyə öldürüldüyünü bilmir. Amma müsəlmanlar susur. Birlik olub yezidi taxtından endirmir. Suriya, Misir, Qazzə, Arakan… Kərbala deyilmi? Kərbəla olduğunu anlamamız üçün neçə Hüseyni qurban verməliyik?

Nə üçün, Hüseynin kəsilmiş başına axıtdığımız göz yaşlarını başı bədənindən qoparılmış İslama axıtmırıq?

(Məqalənin hazırlanmasında Muhammed Emin Yıldırım xocanın söhbətindən istifadə olunmuşdur)

Bu mövzuda fikirlərinizi bizimlə bölüşün