“And olsun ki onların qissələrində ağıl sahibləri üçün ibrət vardır.” (Yusuf surəsi,111)

“Və onları sonradan gələnlərə misal və ibrət dərsi etdik.”     (Zuxruf surəsi, 56)

Aylardan Məhərrəm, günlərdən Aşurə, yer Kərbəla. Tarixdə keçən bu acı hadisəni anmağa deyil, anlamağa, birilərinə təriflər yağdırıb, birlərinə lənətlər düzməyə deyil, yaşanan o acı hadisələrdən dərs çıxarmağa çalışaq. Tarix ibrət və örnək nəzəri ilə oxunmalı. Qur’an bizə bunu öyrədir. Tarixi bu şüurla oxumadığımıza görə tarix müsəlmanları parçalayan bir vasitə halına gəlmişdir.

Tarix, birilərini öymək yada söymək vasitəsi deyildir.

Tarix, gözəl mənzərələri ilə örnək, yanlış tabloları ilə bir ibrətdir.

Tarix, gizlətməyin, xor görməyin və ya müqəddəsləşdirməyin deyil, anlayıb, qavramağın fayda verəcəyi bir təcrübə irsidir.

Tarix, ataların etdiyi gözəllikləri sadəcə söz ilə təkrarlayıb, onlarla öyünüb və o gözəlliklərdən istifadə etməklə bitirməkdən ibarət deyil, əksinə o gözəlliklərdən ilham alıb yeni gözəlliklər istehsal edilməsi lazım olan bir sahədir.

Tarix, atalarının etdikləri ilə uşaqlarının, uşaqlarının etdikləri ilə atalarının məsul tutula bilinmədiyi, ancaq zehniyyətlərin sorğulanacağı bir irsdir.

Tarix, məzardakıların etdiklərinə görə peşman olduqları şeyləri, müzakirə edib baş qatmaq deyil; “Niyə? Necə? Nə üçün?” suallarına cavab tapıb eyni xətalara düşməmək vəsiləsidir.

Tarix, təkrarı hər an mümkün ola bilən bir sahə olduğunu unutmadan, davamlı yadda saxlanılması lazım olan əhəmiyyətli bir sərmayədir.

Məşhur tarixçi, sosioloq və dövlət xadimi İbn Xaldun demişdir:

“Keçmiş hadisələr, gələcək olanlara, suyun suya bənzəməsindən daha çox bənzəyir”.

Bu gözlə Məhərrəm ayının ən acı hadisəsi olan Kərbəlaya baxsaq, 1368 il əvvəl olan bu hadisəni daha doğru anlayar, hadisənin ən böyük qəhrəmanı olan İmam Hüseynin (Allah ondan razı olsun) nə adına mübarizə etdiyini dərk edərik.

Dövrünün yezidi, peyğəmbər nəvəsi Hüseyni qətl edəndə kim hansı safda dayanmışdı? Niyə o safda, niyə o əqidədə idi? Bu sualın cavabını bilməyənlər yaşadıqları dövrün yezidlərinin safında dayanar, toplumlarının «Hüseynlərini» qətl edər, sonra da gedib ildə bir dəfə Peyğəmbər nəvəsinin ölümünə ağlayarlar.

Məqsədimiz İmam Hüseyni və mübarizəsini təkcə anmaq deyil, anlamaq olarsa, dərhal zehin dünyamız bir çox sualla qarşılaşar. “Nə üçün bu hadisə oldu? Nə üçün hələ Peyğəmbərimizin qəbrinin üzərindəki sular qurumamış İslam cəmiyyəti bu hala gəldi? İnsanlar necə Peyğəmbər nəvəsini qətlə yetirəcək qədər caniləşdi? Nə üçün Hüseyn sonunda ölüm olduğunu çox yaxşı bildiyi bu yolçuluğa çıxdı? Bir halda ki, İmam Hüseyn şəhid olacağını bilirdi, o halda xanımlarını və uşaqlarını ta İraq torpaqlarına qədər niyə apardı?

Tarixi yazan insanlardır. Tarixə Kərbəla hadisəsini yazan iki tərəf var. Haqq və batil, müsbət və mənfi tərəflər.

Haqq/müsbət tərəfdə: Mübarizənin misilsiz qəhrəmanı Hüseyn bin Əli (Allah onlardan razı olsun)

Batil/mənfi tərəfdə: Asabiyyətin ən böyük qurbanı Yəzid bin Muaviyə

Mənfi/batil tərəfdə olan 5 ad:

1. Asabiyyətin ən böyük qurbanı – Yəzid bin Muaviyə

2. Dünyəvi hesabların ən pis örnəyi – Ubeydullah bin Ziyad

3. Qənimət sevdasının ən şeytani misalı –  Şimr bin Zilcəvşən

4. Məqam-mövqe düşkünlüyünün ən ağır halı – Ömər bin Sad

5. Mənfəətpərəstliyin ən aşağı vəziyyəti – Havli bin Yəzid

Müsbət/haqq tərəfdə olan 5 ad:

1. Xətadan dönməyin gözəl bir örnəyi –  Hür bin Yəzid

2. Şəhadəti sevdası edən igid – Züheyr bin Kayn

3. Şahidlər karvanın mənsubu – Əli bin Hüseyn

4.  İzzətin abidəvi adı – Zeynəb binti Əli

5.  Mübarizənin misilsiz qəhrəmanı Hüseyn bin Əli

Allah onların hər birindən razı qalsın.

1. Asabiyyətin ən böyük qurbanı – Yəzid b. Muaviyə

İnsanı həlak edən bir xəstəlik – asabiyyət. Ərəbcə “asəbə”, bir kimsənin ata tərəfdən olan qohumlarına verilən addır. Asabiyyət isə, qohumlara həddən artıq düşkün olmaq mənasına gəlir. İslamdan öncə Ərəb cəmiyyətində bir kimsə qəbiləçilik hissi ilə ata tərəfindən olan qohumunu yaxud da ümumiyyətlə öz qəbiləsindən olan birini, haqlı və ya haqsız olmasından asılı olmayaraq hər mövzuda başqalarına qarşı qoruyar, ona dəstək olardı. Peyğəmbərimizin (ona və ailəsinə Allahın salamı olsun) hədislərindən birində asabiyyət, “Bir kimsənin qövmünə zülmdə kömək etməsidir.” şəklində təyin edilmiş və bu şəkildə zülmdə yardımlaşmağı təmin edən asabiyyət şiddətlə qadağan edilərək “İnsanları bir asabiyyət üçün toplanmağa çağıran, bir asabiyyət üçün savaşan və asabiyyət uğrunda ölən bizdən deyildir.” buyurmuşdur. (Əbu Davud, Ədəb, 112).

Yəzid b. Muaviyə Hicri 26-cı ildə Şamda dünyaya gəlmişdir. Hüseyn b. Əlidən 22 yaş kiçik idi. Hüseyn (Allah ondan razı olsun) Kərbəlaya gəldikdə 57 yaşında, Yezid isə 35 yaşında idi. Kərbəla hadisəsin ən önəmli səbəbkarı. O Hüseyni səltənətinin davamiyyətinə təhlükə olaraq görürdü. Nə olursa olsun Hüseyn b. Əli aradan götürülməli idi. Bəs əlini Peyğəmbərin canının bir parçası olan Hüseynin qanına bulaşdıran o adam neçə il yaşadı? 3 il. Bəli cəmi üç il iqtidar səfasını çəkə bildi. 38 yaşında bir ov əsnasında atından yıxılaraq öldü.

Bəs Yezidin övladlarınamı nəsib oldu bu iqtidar? Xeyr. Yezidin Muaviyə ibn Yezid adında bircə övladı var idi.

Allah zalımdən alim də verərmiş. Yezid kimi bir atadan Muaviyə kimi övlad. Muaviyə bin Yezid çox saleh bir insan olub. Hər kəs onu təqdir edər, hətta Ömər ibn Abdulaziz (Allah ondan razı olsun)  əməvi soyundan ortaya çıxdıqda insanlar onu Muaviyə bin Yezidə bənzədər, onunla müqayisə edərdilər. O da abid, zahid, seleh birisi idi. Ancaq əməvilər belə bir insanı öz səltənətləri üçün təhlükə kimi gördüklərindən 3 ay sonra Muaviyə bin Yezidi ortadan qaldırdılar. Beləcə Əməvilərin başlanmış olan xanədanlığı bitdi. Ta öncədən bəri dərin bir dövlət olan mərvanilərin qolu yəni Mərvan bin Hakəm Muaviyə bin Yeziddən sonra dövləti ələ keçirdi. Bəli Yezid dünyada iqtidarın səfasını yaşaya bilmədi. Yaşasa idi nə olacaqdı ki? Əvvəl axır öləcəkdi.

“Mal və oğullar, dünya həyatının bərbəzəyidir. (Nəticəsi) qalıcı olan saleh əməllər isə Rəbbinin qatında savabca daha xeyirlidir, ümid bağlamaq cəhətiylə də daha xeyirlidir.” (Kəhf surəsi, 46)

2. Dünyəvi hesabların ən pis örnəyi – Ubeydullah b. Ziyad

Tarixin böyük zalımlarından birisi. Hər kəsin “Zalım” adı ilə tanıdığı Həccac b. Yûsuf b. əl-Hakəm əs-Səqafidən geri qalmayan başqa bir zalım Ubeydullah b. Ziyad. Həccacdan bircə fərqi var, o da Məkkəni mancanaqlarla işğal etməməsidir. Əllərində Hüseynin qanı olan bir şəxsdir. Ubeydullah b. Ziyad Yezidin zülm adına uzatdığı bir əl idi. Elə bir zaman gəldi ki insanlar Ubeydullahın adı gələndə qorxudan tir-tir əsərdilər. Zülmü insanların dilində dolaşırdı.

Kərbəla hadisəsində ən öndə gələn şəxslərdən biri. Bəs bunu nə adına etdi? Dünyalıq bəzi şeyləri əldə etmək üçün. Bəs o da bu əldə etdiyi qənimətlərinin səfasını çəkə bildimi? Xeyir. Kərbəladan sonra cəmi 6 il yaşadı. Muxtar əs-Səqafinin başlatdığı hərəkətdə o da öldürüldü. Özüdə bir aşurə günü. Onun da başı bədənindən ayrıldı. Etdiklərinin eynisi öz başına da gəldi. Və dünyada pis bir ad buraxaraq getdi.

3. Qənimət sevdasının ən şeytani misalı – Şimr b. Zilcəvşən

Şeytanın belə ağlına gəlməyəcək işlər bu adamın ağlına gəlmişdir. Dünyəvi mənfəət üçün hər şeydən vaz keçə bilən birisi. O da Muxtar əs-Səqafi hərəkatında öldürüldü. Kərbəla hadisəsinin belə faciəvi şəkildə baş verməsinin bir nömrəli səbəbkarlarından biri idi.

4. Məqam-mövqe düşkünlüyünün ən acınacaqlı halı – Ömər b. Sad

Çox kədərli bir vəziyyət. Bunu anlatmaq insana çox ağır gəlir. Bilirsinizmi kimin övladıdır Ömər? Rasulullahın (aleyhissalətu vəssələm) Uhud döyüşündə kafirlərə ox atarkən “Atam-anam sənə fəda olsun, at ey Sad!” dediyi mübarək insanın, Cənnətlə müjdələnən səhabə Sad bin Əbi Vaqqasın oğlu. Demək ki səhabə oğlu olmaq insanı qurtarmırmış. Nuhun (Ona salam olsun) oğlu, İbrahmin (Ona salam olsun) atası olmaq onları qurtarmadığı kimi.

Ömər b. Sadın uşaqlığı Hüseynlə bərabər keçmiş və Hüseyni çox yaxşı tanıyan biri idi. Ömər b. Sad o günlərdə Rey və İsfahan valiliyini almış və valilik əmirnaməsi də əlində idi. Bir-iki günə də çıxıb gedəcəkdi. Gəlib sarayda Ubeydullahla görüşdüyü anda o şeytan dediyimiz adam Şimr, Ubeydullah b. Ziyada dedi ki, “əgər Hüseynin qarşısına sənin və mənim kimi adamlar çıxsa, xalq onun yanında olacaq. Sən Hüseynin qarşısına elə adam çıxar ki, ona tay, bərabər birisi olsun. O halda xalqı yanında tuta bilərsən.” və Şimr Ömər b. Sadı təklif etdi. Ubeydullah b. Ziyadın gözləri açıldı, vidalaşmaq üçün o gün saraya gələn Ömər b. Sada bunları söylədi.

– “Rey və İsfahan valiliyini istəyirsənmi?
Ömər:
– “İstəyirəm” dedi.
– “O zaman Hüseyni həll et, sonra gedərsən.”

Ömərin dünyası başına yıxıldı. Əslində istəmir, bilməzmi əhli beytin dəyərini, bilməzmi Hüseynin nə məna ehtiva etdiyini. Valilik bir tərəfdə, əhli beytin qanı bir tərəfdə, yəni dünya bir yanda, axirət də digər yanda. Bu fikir içində gəlib ev əhlinə məsələni danışdı. Heç kimsə qətiyyən razlaşmadı, xanımı, övladları qarşı çıxıb, “aman-aman, elə bir şey etmə, lənət olsun o valiliyə. Bir vəzifə üçün Əhli beytlə qarşı-qarşıya gəlmə.” dedilər.

Muğirə b. Şöbənin oğlu Həmzə b. Muğirə bu məsələ haqqında dayısı Ömərə dedi: “Ey Dayı! Allah eşqinə, Hüseynin üzərinə gedib də Rəbbinə qarşı günaha girmə! Hüseyn ilə aranızda olan qohumluq haqqlarını pozma! Vallah yer üzünün bütün mülk və səltənəti sənin olsa nə əhəmiyyəti var! Hüseynin qanını tökərək Allahın hüzuruna getsən, Rəbbinə nə deyəcəksən?”

Ömər ibn Sad gəl-getlər arasında qalır, dünya yoxsa axirət. Çox təəssüf ki, sonda dünyanı seçir. İbn Ziyada gəlib bu işi qəbul etdiyini bildirir. O da bu işdən böyük dünyalıqlar əldə edir və digərləri kimi qazandıqların səfasını çəkə bilmədən Muxtar əs-Səqafi hadisəsində ölüb gedir.

Kərbəlada Hüseyn ilə Ömər b. Sad 3-4 dəfə bir araya gəldilər. Ömər əslində Hüseynlə savaşmaq istəmirdi. Ubeydullah b. Ziyada bu məktubu yazdı:

“Uca Allah, qarşıdurmanı dayandırmış və sözbirliyini təmin etmişdir. Hüseyn mənə, gəldiyi yerə dönməyi və ya onu istədiyimiz bir sərhəd bölgəsinə aparmağımızı təklif etdi. Ya da Yezidə, beyət edəcəyini söyləyir. Siz də bundan məmnun olarsınız, ümmət üçün də çox xeyirli bir nəticəyə gedilmiş olar.”

Halbuki, Hüseyn heç bir zaman beyətdən bəhs etməmiş, sadəcə “Buraxın məni, sonunda insanların nəyə qərar verdiklərini görək.” demişdir. Yəqin ki, Ömər b. Sad, Hüseynin şəhadəti ilə nəticələnəcək bir savaşın qarşısını almaq üçün bunları yazmışdır. İbn Ziyad bu məktubu aldıqda, şərtləri qəbul etdiyini bildirdi. Amma məsləhətçilərindən Şimr Zilcəvşən ayağa qalxaraq bunları söylədi:

“O sənin ərazində və yaxın bir yerdə yerləşmişkən, necə olur ki, bu təklifləri qəbul edirsən? Əgər sənə beyət etmədən buradan çıxıb gedərsə, daha da güc qazanar, amma sən zəyifləyə bilər və güc itirərsən. Əsla ona qulaq asma. Yumuşalma. O da, yoldaşları da sənin hökmünü qəbul etsin. Əgər bu halda cəza verəcəksənsə, əlbətdə cəza verməyə ən layiq sənsən. Əfv edəcəksənsə, bu sənin səlahiyyətin daxilindədir. Mənim qulağıma gələn xəbərlərə görə, Hüseyn ilə Ömər əsgəri qərargahda uzun-uzun söhbətləşirlərmiş.”

Bu sözlərdən sonra ibn Ziyad fikrindən döndü və Şimrə bir məktub verərək, bunu Ömər b. Sada göndərməsini söylədi. Məktubda, Hüseyn və yoldaşlarını hökmü qəbul edəcəyi təqdirdə cəld yanıma gətirilməsi, qəbul etməyəcəkləri təqdirdə isə üzvlərini paramparça edənə qədər onlarla savaşılması əmr edilir. Əmrləri dinləməyəcəyi təqdirdə isə əsgərlərinin ondan ayrılıb, vəzifənin Şimrə verilməsi bildirilirdi.

Şimr, ibn Ziyadın məktubunu Ömərə çatdırdı. Ömər məktubu oxuyub bunları dedi:

Sən nə üçün belə edirsən? Allah qəhr etsin səni. Bunu niyə gətirirsən mənə? Biz işi düzəltməyi ümid edirdik, sən isə hər şeyi bərbat etdin. And olsun ki, Hüseyn əbədiyyən təslim olmaz. O, babasının daşıdığı ruhun eynisini daşıyır.” dedi. Şimr: “Bəs yaxşı nə edəcəksən?” deyə soruşdu. Ömər, “Bu işi üzərimə götürəcəyəm” dedi.

5. Mənfəətpərəstliyin ən aşağı vəziyyəti – Havli b. Yəzid

Hüseynin mübarək başını Ubeydullahın önünə gətirən adam. Hüseyn hər tərəfdən əhatələnmiş və artıq son anlar yaşanır. Onlarla adama qarşı igidcəsinə vuruşur. Və ətrafında olan kufəlilərə səslənir.

“Siz məni dəvət etdiniz, mən də gəldim. İndi mənə bu qədər zülmdən sonra Yezidə beyət et deyirsiz. Mən Yezidə beyət etsəydim, Mədinədə beyət edərdim, burda nə işim var idi? Mən zillətimi qəbul edim? Heyhat, zillət bizdən uzaqdır. Heyhat, zillət bizdən uzaqdır.”

Hüseynin söylədiyi hər kəlmə ətrafındakı insanların qəlbinə batan bir xəncər idi sanki. Hüseynin o sözləri ətrafındakı hər kəsə təsir etdi. O anda Şimr bağıraraq, “vurun, öldürün, danışdırmayın” deyirdi. Amma heç kim son zərbəni vurmaq istəmir. Yoxsa onun üzərində qalacaqdı. Zalımlıqda öndə gedən bir kufəli – Sinan bin Ənəs. O nizəsi ilə Hüseynin kürəyindən vuraraq şəhid edir. İndi sıra başını gövdəsindən ayırmağa gəldi. Çox pis adətdir, amma o dövrdə belə bir şey var idi. Heç kim edə bilmirdi bunu. Sinan Havli b. Yezidə deyir ki, “Kəs o başı, o sənə çox şey qazandıracaq. Kəs və onu apar Ubeydullaha. Alacağın çox şey olacaq.” Havli əlində qılıncla gəlir, amma əli əsir və Sinan baxır ki, o bunu edə bilməyəcək, özü gəlib kəsir o mübarək başı. Qaldırıb verir Havliyə. Bir az öncə qorxan adam əlində Hüseynin başını görüncə sevinir. Nə üçün sevinir? Bunu aparıb verəcək Ubeydullaha, o da ona mükafat olaraq nələrsə verəcək. Ubeydullah da Hüseynin başını gördükdə sevinir. Ama biruzə vermir sevincini. Sonra Havliyə dönərək, “Sənmi öldürdün bunu?” deyir. Havli sevinir, zənn edir ki nəsə alacaq və “mən öldürdüm” deyir. Ubeydullah b. Ziyad “Çox pis bir şey etdin. Məndən də nəsə umursan. Tez sarayımı tərk et və bir daha da gözümə görsənmə.” deyir.

Və orada mənfəətpərəstliyin düşə biləcəyi ən alçaq səviyyəyə düşür Havli b. Yezid. Belə bir hadisə ilə tarixə keçir, amma əlinə də dünyalıq bir şey keçmir və təqdirini qazanacağını düşündüyü Ubeydulahın nifrətini qazanır. Allahın razılığını unudub qulların təqdiri üçün hər cür əməli işləyən, Rəbbinin əmrlərini ikinci plana atanlar üçün necə də ibrət alınası hadisədir.

Necə ki, baharda yağışlı bir fırtına hər nəbatat (bitki) tayfasının, toxumların, ağacların istedadlarını təhrik edir, inkişaf etdirir; hər biri özünə məxsus çiçək açır, fitri bir vəzifə başına keçir. Elə də, Səhabə və Tabiunun başına gələn fitnə də, nüvələr hökmündəki müxtəlif, ayrı-ayrı istedadları təhrik edib hərəkətə gətirdi. “İslamiyyət təhlükədədir, yanğın var!” deyə hər tayfanı qorxutdu, İslamiyyətin mühafizəsinə tələsdirdi.”

Yazının ikinci hissəsi tezliklə saytımızda və sosial şəbəkə səhifələrimizdə paylaşılacaqdır.

Bu mövzuda fikirlərinizi bizimlə bölüşün