İslamda təhsil zirvəsi – “Beytul Hikmə”

Artıq İslam dünyasının başındakı qara buludlar səbəbilə media və digər orqanların da apardığı provokasiyalar nəticəsində cəmiyyətdə xüsusilə də “bir şey bildiyini sanıb, əslində heç nə bilməyən” zümrə tərəfindən İslam dünyasının və mədəniyyətinin heç bir zaman inkişaf etmədiyini, dünyaya və insanlığa sosial, siyasi və təhsil sahələrində heç bir tövhə vermədiyini iddia edirlər. Təbii ki, bu onların digər iddaları kimi əsassız və sübutsuzdur.

Abbasilərin xilafəti zamanı

Antik Yunan başda olmaqla keçmiş mədəniyyətlərə böyük maraq var idi. Yunancadan ərəbcəyə tərcümələr, Bağdad şəhərinin qurucusu olan II Abbasi xəlifəsi Mənsur ilə başlamışdır. İlk Abbasi tərcüməçilərinin ana mövzusu olan Yunan əsərləri, bu tərcümə fəaliyyətləri sayəsində qorunmuş və italyan Ronesansından əvvəl Avropaya çatmışdır. Bəli, bəli yalnış oxumadınız, italyan Ronesansından əvvəl. Xəlifə Mənsurun tərcümə fəaliyyətlərini başlatmasının səbəblərindən biri, ən önəmli qaynaqları yunanca olan astronomiyaya olan dərin marağı idi. Bir İslam liderinin səmalardakı cisimlərə maraq salması necə də “qəribədir”. Halbuki, həmin dövrlərdə bir çox avropalı ölkə başçıları başlarını qaldırıb səmaya baxmağı boş bir iş hesab edir, dini qurumları isə bu mövzularda danışanları yandırır və müxtəlif işgəncələrlə qətlə yetirirdilər.

(Bağdad şəhərinin mərkəzi, 10-cu yüzillik)

Əvvəl Bağdadda başlayan, sonra da xilafətin digər mərkəzlərinə yayılan tərcümə fəaliyyətlərinin mərkəzi, “Beytul-Hikmə”, yəni “Hikmət Evi” idi. Müsəlmanların digər mədəniyyətlərə daima subyektiv və eyni zamanda aqqressiv yanaşdığını iddia edənlər bilmirdilər ki, Beytul-Hikmə qurularkən Sasanilərin kitabxana modelini almış və ilk qurulduğu zaman ən əsas işi, Sasani əsərlərinin farscadan ərəbcəyə tərcüməsi olmuşdur.

Xəlifə Mənsur zamanında başlayan tərcümə fəaliyyətləri Harun ər-Rəşid zamanında daha da artaraq davam etdi. Aristotelin “Fizika” və Evklidin “Elementlər” adlı əsərləri tərcümə edilən ən əsas əsərlərdir. “Beytul-Hikmə” əsl elmi sıçrayışını isə xəlifə Məmun zamanında edəcəkdi. Vll Abbasi xəlifəsi Məmuna görə gələcəkdəki ideal cəmiyyət ancaq elmlə formalaşa bilərdi. Məmun sülh və bərəkətin ancaq elmlə əldə edilə biləcəyinə inanırdı. Bunun üçün də xilafətin müxtəlif yerlərindəki müxtəlif elmi kodların bir yerdə cəmlənməsi lazım idi. Xəlifə Məmun İslam dünyasının ən yaxşı alimlərinin bir yerə toplanmasından meydana çıxacaq elmi müzakirələrdən sonsuz nailiyyətlərin əldə edilə biləcəyinə inanırdı. Və “Beytul-Hikmə”nin yüksəlişi başladı. Yenə xatırlatmaqda fayda var ki, həmin dövrlərdə avropalı bir çox dövlət başçısı saraylarda içki məclisləri və əxlaqsızlıqla məşğul idi.

“Beytul-Hikmə” modern təhsil ocaqları ilə rəqabət edə biləcək bir elmi müəssisə halına gətirildi. Beytul-Hikmə universitet, kitabxana, tərcümə mərkəzi, araşdırma labaratoriyası, söhbət məclisi kimi fərqli müəssisələrin bir yerdə toplandığı bir məkana çevrildi. Bu qısa məlumatla “bir şey bildiyini sanıb, əslində heç nə bilməyən” qrupa demək istəyirik ki, 1400 illik mədəniyyəti hər hansı bir şeylə ittiham etməzdən əvvəl bu mədəniyyətin tarixi ilə əlaqədar məlumat sahibi olmaq lazımdır. Məlumata da sosial şəbəkələrdəki statuslardan yox, kitabxanalardakı kitablardan əldə etmək olar.

Saytdakı yazılardan istifadə zamanı mənbə göstərmək vacibdir.

Bu mövzuda fikirlərinizi bizimlə bölüşün