Müsəlman alimlərinin astronomiya elminə töhfələri..

Heç şübhəsiz, astronomiya dünyanın ən qədim dəqiq elmlərindən biri hesab olunur. Ta qədim zamanlardan səma elmlərinin sistemli şəkildə öyrənilməsinə qədər insanlar maraqla hərəkətsiz və hərəkətli işıqlı nöqtələrə nəzər yetirir. Belə müşahidələr mifologiyadan memarlığa kimi bütün dünya sivilizasiyalarının mədəniyyətlərində öz əksini tapmışdır.

Belə hesab edilir ki, astronomiya elminin inkişafı renessans dövrünə təsadüf edir, lakin əslində isə o, min il əvvəl və minlərlə kilometr şərqdə başlamışdır.

Təxminən bizim eranın 6-cı əsrində Avropa tarixşünaslıqda “Qaranlıq Əsrlər” adlandırılan dövrə qədəm qoydu. Bu dövr 500-cü ildən 13-cü əsrə qədər davam etmişdir. Hesab edilir ki, bu zaman kəsiyi kilsənin görüşləri ilə əks mövqedə durduğu iddia olunan alimlərin və intellektual fikirlərin təqibi ilə müşahidə olunur. Bu dövrdə yazılı fikirlər qıtlıq təşkil edirdi, elmi tədqiqatlar və müşahidələr isə tənəzzül dövrünü yaşayırdı.

Avropanın intellektual yuxu dövrünü keçirdiyi bir vaxtda, müsəlman İspaniyasını Şimali Afrikadan keçərək Çinə qədər uzanan islam imperiyası isə özünün “Qızıl Əsr” –inə qədəm qoyurdu.

Astronomiya İran və İraqda müsəlman alimlərinin xüsusi marağına səbəb olmuşdu. Təxminən 800-cü illərə qədər məlum olan yeganə astronomik əsər, ikinci əsrdə Misirdə yaşamış post-ellinist astronom Klavdi Ptolemeyin “Almaqest” əsəri olmuşdu. Bu mühüm əsər hələ də elmi dairələrdə antik dövr astronomiyası haqqında əsas məlumat mənbəyi hesab olunur. Yazılmasından 700 il sonra ərəblərin yunan dilindən tərcümə etməsilə onun müsəlman sivilizasiyasının alimləri tərəfindən idrak prosesi başladı.

Xüsusilə, Misir astronomu İbn Yunus Ptolemeyin planetlərin hərəkət orbiti üzərindəki hesablamalarında səhvlər aşkar etmişdi. Ptolemey səma cismlərinin hərəkətinin izahını tapmağa və xüsusən də, yerin hərəkət parametrlərini təsvir etməyə çalışmışdı. Onun hesablamalarına görə Yerin hərəkəti – Ayın və daha az olmaqla Günəşin cazibə qüvvəsi altında Yer oxunun hərəkət istiqamətinin dövri dəyişməsi 100 ilə 1 dərəcə təşkil edir.

Daha sonra İbn Yunus aşkar etdi ki, Ptolemey yanılıb və Yerin hərəkəti 70 ilə 1 dərəcə təşkil edir. Lakin o, bunun səbəbini izah edə bilmədi. Çünki 10-cu əsrdə Yer kainatın mərkəzi hesab edilirdi.

Digər tərəfdən İbn Yunusİbn əl-Şətir kimi digər astronomların kəşfləri astronomik fikirləri hər zaman dəyişikliyə məruz qoymuşdur. Sonda bu kəşflər Kopernikin 16-cı əsrdə irəli sürdüyü kainatın heliosentrik modeli ilə əlaqəli fərziyyələrin ortaya çıxmasına zəmin yaratmışdır.

İslam alimləri həmçinin astronomik tədqiqatlar üçün mühüm riyazi hesablamalar sisteminin inkişafına da öz töhfələrini vermişlər. Onlar tərəfindən işlənən sferik triqonometriya və cəbr astronomiya elmində dəqiq hesablamalara imkan vermişdir.

Müxtəsər, Kanada Maqkilla universitetinin İslami tədqiqatlar professorunun dediyi kimi “Min ildə İslam alimlərinin nailiyyətləri o qədər çox olmuşdur ki, onların arasında ən vacibini ayırmaq çətindir”.

8-ci əsrdə xəlifə Harun ər-Rəşidin dövründə Bağdadda ilk rəsədxana inşa edildi. Vaxt keçdikcə İranda və İraqın digər şəhərlərində də rəsədxanalar fəaliyyətə başladı. Bunlar teleskopun ixtirasına qədər olan bir dövrü əhatə edirdi və o dövrün astronomları sekstant alətindən istifadə edirdilər. Bu ləvazimatların uzunluğu 40 metrə çatırdı və üfüqdə Günəşin uzunluğunun təyini, ulduzların hərəkətinin müşahidəsi, planetlərin orbit üzrə hərəkətinin öyrənilməsində mühüm rol oynayırdılar.

Vaxt keçdikcə astronomlar daha çox biliklərə yiyələnirdilər və 946-cı ildə məşhur fars astronom və riyaziyyatçılarından biri olan Əbdürrahmən əs-Sufi 50-ə yaxın bürcün ətraflı təsvirindən ibarət 1000-dən artıq ulduzun kataloqu olan “Hərəkətsiz Ulduzların Kitabı”–nı yazdı. Əs-sufi, həmçinin, Andromed qalaksisini (dumanlıq) və Böyük Magellan Buludunu müşahidə edən ilk astronom idi. Təəccüblü deyil ki, o, teleskopsuz müşahidə aparırdı və bilməzdi ki, bu topluluqlar qalaksilərdir. Məsələn, Andromed Dumanlığı “ balaca buludcuq ” kimi təsvir olunurdu. Artıq 16-cı əsrdə tanınmış Danimarka astronomu Tixo Braqe onun müşahidələrindən yararlanırdı.

13-cü əsrdə alim və filosof Nəsir əd-Din ət-Tusi “Tusi cütlükləri” adlanan hərəkəti riyazi cəhətdən təsvir edən lemmanı sübuta yetirdi. Kaliforniya universitetinin professorunun dediyi kimi “Lemma xətti görünən bəzi səma cismlərinin hərəkətini dairəvi hərəkət əsasında izah etməyə imkan verirdi”. Müasir alimlərə məlumdur ki, səma cismləri daima hərəkətdədirlər. Lakin Ptolemey bunu izah edə bilmirdi. Halbuki,  “Tusi cütlüyü” xətti hərəkəti dairənin özündən iki dəfə böyük diametrli başqa bir dairənin daxilində fırlanma hərəkəti probleminin həllinin köməyi ilə göstərirdi. Dirçəliş dövründə “Tusi cütlüyü” Kopernikin ideyası üçün açar mənaya sahib idi.

Ən məşhur islam alimlərindən biri olan dünya şöhrətli İbn əl-Heysəm ilk olaraq işığın qavrayış sirrini aşkar etdiyinə görə “optikanın atası” adlanırdı. O, sübut etdi ki, əslində işıq saçan göz deyil, əksinə işığın şüaları gözə nüfuz edir. Platon və Evklidin zamanından hesab olunurdu ki, göz buraxdığı şüalar vasitəsilə əşyaları hiss edir. Əl-Heysəm, həmçinin, obskur kamerasını kəşf etdi və tədqiqatları ilə teleskopun icad olunmasına öz töhfəsini verdi.

Şübhəsiz, İbn əl-Heysəmın dünya elmində ən mühüm töhfəsi təcrübə və elmi idrak üsulu ilə əlaqədar bütün dünya elmlərinin əsasında dayanan eksperimentlərin aparılma üsulları layihəsi oldu. Öz əsərlərinin birində o yazır:

Alimlərin əsərlərini öyrənən və məqsədi həqiqəti dərk etmək olan birisinin borcu oxuduğu hər şeyin rəqibi olmaq və ona müxtəlif tərəflərdən hücum etməkdir. Tənqidi tədqiqatlar zamanı isə o, önyarqılılıq və rəğbətə düşməmək üçün, həmçinin, özünə də şübhə ilə yanaşmalıdır.

Dünyada ilk Universitet, Qaraviyyun Universiteti, Fes şəhəri, Mərakeş.

İslam sivilizasiyasının “Qızıl əsri”-nin başlanğıcından dirçəliş dövrünün başlanğıcına qədər islam aləmində çoxlu universitet və məktəblər inşa edilmişdir. 859-cu ildə Mərakeşin Fes şəhərində məscidin qarşısında dünyada ilk universitet inşa edildi. Tikinti varlı tacirin qızı Fatimə əl-Fixrinin pulu hesabına həyata keçirildi. Bura dünya üzərindən elm adamları, o cümlədən, xristian və yəhudilər astronomiya, riyaziyyat və fəlsəfə ilə məşğul olmaq üçün axın edirdilər.

Tez-tez müsəlman məktəblərini qadınlar idarə edirdilər. Ədəbiyyatdan cəbrə qədər müxtəlif fənnlərdə təcrübəyə sahib idilər.

Müsəlman alimləri, həmçinin, qadınlar ən məşhur astronomik alətlərdən biri olan astrolabı təkmilləşdirmişdilər. Onun ixtirasını qədim yunan astronomu Hipparxın adı ilə bağlayırlar. Bununla əlaqədar olaraq enliyin təyin edilməsi üçün alətlərin hazırlanması ilə məşğul olan Məryəm əl-Astrolabinin əlyazmalarda adı çəkilir. Onun şərəfinə 1990-cı ildə asteroid adlandırılmışdır.

Müsəlman astronom, alim və filosoflarının min il əvvəl yazılan bir çox əsərlərindən yalnızca dolayı xatırlamalar qalmışdır. Hər halda, müsəlman astronomları dünya elminə öz töhfələrini verməkdə davam edirlər. Yalnız bundan bir neçə il əvvəl Qətər alimləri 3 yeni ekzoplanetin (digər ulduzların dövrəsində fırlanan planet) kəşfi haqqında xəbər verdilər.

Qətər alimlərinin kəşf etdiyi 3 yeni ekzoplanet.

Ulduzlardan şüalanan işıq öz-özlüyündə bir tarixdir. Teleskopların görünüm sahəsinə düşmək üçün lazım olan məsafəni qət etmək üçün bəzi ulduzların işığına 10 minlərlə il tələb olunur.

Müasir zamanda görkəmli ərəb astronomlarının adını təxminən 200 ulduz və 24 ay krateri daşıyır. Beləliklə, müasirləri astronomiyanın gələcək inkişafı üçün yol açmış müsəlman alimlərinin irsini əbədiləşdirmişdir.

Həqiqətən də, bu adlar bəzən bizə göründüyündən daha yaxın olur: Orionun Kəmərinə, Böyük Ayı bürcündəki Mitsar və Alkor ikili ulduzlarına və s. nəzər salın və siz öz gözlərinizlə müsəlman astronomlarının kəşflərini görəcəksiniz.

Mənbə: islam.com.ua
Məqalə Gənc Muslim komandası tərəfindən tərcümə edilmişdir. İstifadə zamanı isnad göstərilməsi mütləqdir.

Fikirlərinizi bizimlə bölüşün və yazını paylaşmağı unutmayın.

 

 

Bu mövzuda fikirlərinizi bizimlə bölüşün