İmam Şafi (rahmətullahi aleyh) öz şeirlərindən birində belə deyir:

“Ey, Allah Rasulunun Əhli Beyti, sizi sevmək Allahın Quranda endirdiyi bir fərzdir. Sizin üçün əzəmətli bir fəxr olaraq (namaz vaxtı) sizə salavat gətirməyənin namazının səhih olmadığı yetərlidir.” [1]

İçərisində olduğumuz Məhərrəm ayı haram aylardandır. Məhərrəmin 10-cu günü yəni Aşura günü bir çox önəmli hadisələrin baş verdiyi gündür. Bu gün, eyni zamanda Allah Rasulunun (Ona və ailəsinə Allahın salamı olsun) sevimli nəvəsi İmam Hüseynin (Allah ondan razı qalsın) şəhid edildiyi gün kimi tarixə keçmişdir. Allah Rasulunun Əhli Beytini sevmək mömin olmağımızın gərəklərindəndir. Bu sevgi bizə fərz olduğu üçün İmam Hüseynin şəhadətinə qısaca toxunmağı özümüzə borc bildik. Hüseyn (radıyallahu anh) Rasulullahın sallallahu aleyhi və səlləm qızı Fatimə anamız ilə Allahın aslanı Əli ibn Əbi Talibin (Allah hər ikisindən razı qalsın) oğludur. Cənnət gənclərinin seyyididir.

Əhli Beytin  və Hüseynin fəziləti ilə bağlı hədislər çoxdur. Lakin Kərbəlanı anlamaq adına sadəcə iki hədis qeyd etməklə kifayətləcəyik. İbn Macənin Sünənində rəvayət etdiyi hədisdə Rasulullahın (sallallahu aleyhi və səlləm) belə buyurduğu rəvayət edilir:

“Həsən ilə Hüseyn mənim övladlarımdır, onları sevən məni sevər, onları qəzəbləndirən məni qəzəbləndirər.” [2]

Digər bir hədisdə isə Rasulullahın (sallallahu aleyhi və səlləm) İmam Hüseyn haqda belə buyurduğu rəvayət edilir:

“Allahım, sən bu uşağı sev, onu sevəni də sev.” [3]

Hüseynin həyatını geniş şəkildə ələ almaq sadəcə bir məqalənin mövzusu olmadığı üçün yalnız şəhadəti ilə bağlı bəzi məqamlara toxunacağıq. Raşid Xəlifələrin dördüncüsü olan Əlinin xilafəti illəri çətin keçdi. Əli (radıyallahu anhu) bağilərlə və xavariclərlə savaşmaq məcburiyyətində qaldı. O, şəhid edildikdən sonra oğlu Həsən (Allah ondan razı qalsın) 6 ay xilafət məqamında qaldı. Lakin daha çox qan axmaması üçün Muaviyənin xeyrinə hakimiyyətdən əl çəkdi. Bir müddət sonra Həsən zəhərlədilərək şəhid edildi. Muaviyənin ölümündən sonra oğlu Yezid xilafət məqamına gətirildikdə bəzi önəmli sahabələr bu seçimlə razılaşmadılar və Yezidə beyət etməkdən boyun qaçırdılar. Bunların ən məşhurları Abdullah ibn Ömər, Abdullah ibn Zübeyr və Hüseyn ibn Əli idi, Allah hər üçündən razı qalsın.

Kufəlilər Hüseynə məktublar yazaraq onu Kufəyə dəvət etdilər. Hüseyn, Kufədə ona məktublarla beyət etdiyini bildirən minlərlə insanın başına keçib zalım Yezidin zülmünə qarşı birlikdə mübarizə aparmaq niyyətiylə Mədinədən çıxdı. Ancaq o, Kufəyə getmədən əvvəl kufəlilərin dedikləri kimi sözlərində sadiq qalacağını öyrənmək üçün əmisi oğlu Muslim ibn Aqili Kufəyə göndərdi. Muslim kufəlilərlə görüşdü, onların xoş münasibəti ilə qarşılaşdı və onlardan Hüseyn adına beyət topladı. Sonra məktub yazaraq vəziyyəti Hüseynə xəbər verdi. Hüseyn məktubu oxuduqdan sonra daha da qərarlılıqla Kufə istiqamətinə yoluna davam etdi. Lakin bir müddət sonra Muslim ibn Aqil zalım Yezidin Kufə valisi Ubeydullah ibn Ziyadın əsgərləri tərəfindən tutuldu və şəhid edildi. Kufə xalqı Muslimi qorumadı və Hüseynə verdikləri sözlərində durmadılar. Hüseyn isə Kufəlilərin xəyanətindən xəbərsiz yoluna davam edirdi. Hüseyn 70 nəfərlik ailəsi ilə birlikdə Zuhusum suyunun yanına çatdıqda İbn Ziyadın əsgərləri tərəfindən mühasirəyə alındı.

Hicri 61 ci il, Məhərrəmin 2-si; Hüseyn və yanındakılar Kərbəla adlı yerə gəldilər. İbn Ziyad Ömər ibn Sadı 4 minlik qoşunla Hüseynin üstünə göndərdi. İbn Sad öncə bu işdən imtina etsə də vəzifədən atılma qorxusu ilə qoşunu Hüseyinin üzərinə çəkdi. Bu qoşun Hüseyni zalım Yezidə beyət etməyə məcbur etməli idi. Lakin Hüseyn beyət etmirdi.

9 Məhərrəm; Hüseyn gecəni  Quran oxumaqla, zikrlə keçirdi.

10 Məhərrəm, Hicrətin 61 ci ili;  Sübh namazından sonra Ömər ibn Sadın qoşunu Hüseynin qarşısında yerləşdi.  Qoşunun komandirləri Ömər ibn Sad, Havaley ibn Yezid və Əhli Beytə xüsusi düşmənliyi ilə tanınan Şimir Zilcevşən idi. Döyüş başlamadan öncə İbn Sadın ordusundakı komandirlərdən Hürr, yanında 30 nəfərlə birgə Hüseynin tərəfinə keçdilər.

İbn Ziyadın əsgərlərinin atdığı oxlarla savaş başladı. Hüseyn və yanındakılar qəhrəmanlıqla döyüşsələr belə böyük bir qoşuna qarşı uzun müddət müqavimət göstərə bilmədilər.  Hüseynin adamları bir-bir şəhid olurdu. Hürr və 30 nəfər də şəhid oldu. Hüseynin oğlanları Əli, Əbu Bəkr, Cəfər, Osman ardarda şəhid oldular. Həsənin oğlu Qasım Hüseyinin qollarında can verdi. Hüseynin oğlu Abdullah 3 yaşında idi. Abdullah çadıra doğru qaçarkən düşmən oxu Abdullahın boğazına saplandı. Hüseynin əlləri Abdullahın qanıyla doldu. Bu vaxt çadırdan bir uşaq Hüseyinə doğru qaçırdı. Hüseyin bacısı Zeynəbə uşağı buraxmasın deyə qışqırdı. Uşaq qaçarkən bir qılınc zərbəsi ilə əli kəsildi. Hüseyn susuzluqdan qıvrılırdı. Su içmək üçün Fərat çayına doğru gedərkən atılan bir oxla ağzından yaralandı. Şimir 10 adamı ilə birlikdə Hüseyni mühasirəyə aldı. Hər tərəfədən hücum etməyə başladılar. Sinan isimli birisi arxadan yaxınlaşaraq Hüseynə bir zərbə endirdi. Hüseyn atından yerə yıxıldı. Havaley ibn Yezid yaxınlaşaraq Hüseynin başını kəsdi. 57 yaşında şəhid edilən Hüseynin bədənində ox yaralarından əlavə 33 mizraq yarası, 34 qılınc yarası vardı. Rasulullahın sallallahu aleyhi və səlləm ailəsində 70 nəfər şəhid edildi. İbn Ziyadın adamları öz leşlərini dəfn edib uzaqlaşdıqdan sonra Qadiriyyə kəndliləri gəlib Hüseyn və digər Kərbəla şəhidlərini dəfn etdilər.

Hüseynin başı ibn Ziyadın sarayına göndərildi. Yaşlı sahabələrdən Zeyd ibn Ərqam (Allah ondan razı qalsın) Hüseynin şəhid edildiyini eşidib tez İbn Ziyadın sarayına gəldi. İçəri girdikdə gördü ki, İbn Ziyad çubuqla Hüseynin dodaqlarıyla oynayır. Zeyd bunu görərkən: “Vallahi, mən Rasulullahı, bu yanaqları öpərkən gördüm.” dedi və ağladı. Zeynəb qardaşının başı və digər üzvləri kəsilmiş cəsədini gördükdə dedi: “Ah, ey Muhamməd, sənə göydəki mələklər salat və salam etsin, Hüseyn qana boyanmış və bədən üzvləri kəsilmiş vəziyyətdə yatır, qızların əsir alınmış, zürriyyətin öldürülmüş, külək onların üzərinə torpaq sovurur.”

Sonra Kərbəla əsirləri və Hüseynin başı Şama, Yezidin sarayına aparıldı. Oradan da Mədinəyə döndülər.

Kərbəladan çıxarılacaq nəticə

Möminlər olaraq Kərbəla hadisəsindən çıxaracağımız nəticələr vardır:

1. Tək qalsan belə batilə qarşı haqqı müdafiə etmək; İmam Hüseynin həyatından çıxaracağımız ən əsas dərs budur.

2. Dünya, mal və vəzifə sevgisi insanı Əhli Beyt qatili belə edər; Nəfis insanı davamlı pisliklərə yönləndirər. Mal və vəzifə sevgisinin insanı apara biləcəyi uçurumu bu hadisədə görürük.

Yazını önəmli elm və fikir adamı Muhamməd Emin Yıldırımın sözü ilə bitirirəm:

“Bəşəriyyətin nə Hüseynləri bitər nə də Yezidləri. Addımladığın yola yaxşı bax, təqib etdiyin addım izləri Hüseynin ayaq izləridir yoxsa Yezidin?”

Yazıdakı tarixi hadisələrin keçdiyi qaynaqlar:
İbn Kəsir “Əl Bidayə vən Nihayə”
İbnul Əsir  “Əl Kəmil fit Tarix”
Bəlazuri “Ənsabul Əşraf”
İbn Hacər “Əl İsabə”
Suyuti  “Tarixul Xuləfa”
Zəhəbi “Siyəri Aləmun Nubəla”
İbn Sad “Tabaqat”
Təbəri “Tarixul Uməm vəl Muluk”
İbnul Əsir “Usdul Ğabə”

Dipnotlar:
[1] İmam Şafii, Divanul İməmiş Şafii, 121.
[2] İbn Macə, Müqəddimə; Zəhəbi, Siyəri Aləmun Nubəla.
[3] Səhih əl-Buxari və Səhih Muslim.

Bu mövzuda fikirlərinizi bizimlə bölüşün