Haram Münasibətlərə Son Qoymağın 21 Yolu

1682

Haram Münasibətlərə Son Qoymağın 21 Yolu

Nəhayət ağlın başına gəldi və anladın ki, danışdığın qız və ya oğlan bu günə qədər tanıdığın ən yaxşı biri deyil və heç şübhəsiz sənin Allaha (azzə və cəllə) yaxınlaşmana kömək edən vasitə də deyil. Sən bu münasibətin doğru olmadığını bilirsən və bunu bitirmək, irəli bir addım atmaq istəyirsən, amma bu sənin üçün çətindir və heç kim səni başa düşmür!

İnşəəAllah hər şey yaxşıya doğru gedəcək. Gənclərlə işləyən biri kimi mən bunu əvvəllər də eşitmiş biriyəm. Bir insanı dini tərk etməyə inandırmaq yeganə ən çətin günahdır. Qardaş tanıyıram ki, qıza görə İslamdan çıxıb, çünki başqa heç bir şey işə yaramadıqda Şeytan (ondan Allaha sığınırıq) işə yarayan öz son oxunu inanc sahibinə atır. Və elə buna görə də, bizə bundan qurtulmaq üçün real, praktiki yollar lazımdır.

Əsas odur ki, siz burdasınız və bunu oxumanız artıq doğru istiqamətdə atdığınız bir addımdır. Ola bilsin ki, siz indi belə düşünmürsüz, amma inanın ki, bunun öhdəsindən gələcəksiniz. Hər şeyə rağmən Allah (subhənəhu və təalə) bizə belə deyir:

“Kim Allahdan qorxsa, Allah ona (hər çətinlikdən) bir çıxış yolu göstərər və ona təsəvvürünə gətirmədiyi bir yerdən ruzi bəxş edər.” (Talaq surəsi, 2-3)

Muhəmməd Peyğəmbər (ona və ailəsinə Allahın salamı və salatı olsun) bir hədisdə deyir:

“Allah (subhənəhu və təalə) belə buyurmuşdur: Qulum mənə yürüyərək gələrsə, mən ona qaçaraq gələrəm.”

(Buxari)

Bəlkə də siz elə düşünürsünüz ki, münasibəti bitirmək insanların dediyi kimi asan bir şey deyil. Şeytan sizi inandırır ki, şəhvətiniz sevgidir, belə ki, siz sizin üçün özəl olan adamın adını elektron poçtunuzda, telefonunuzda və ya Facebook hesabınızda gördükdə ürəyinizin nəbzi dayanır.

Amma mən sizə ondan daha güclü olduğunuzu deyirəmsə, mənə inanın. Allahı (subhənəhu və təalə) razı salmaq üçün hərəkət edin, bunun üzərində çalışın və siz peşman olmayacaqsınız. Bu məqalədə sizin haram münasibətlərdən asan şəkildə uzaqlaşmanız üçün yeddi kateqoriyaya bölünmüş 21 praktiki addım var:

1. SADƏCƏ ONDAN ƏL ÇƏKİN

Münasibəti qəti şəkildə və soyuqqanlılıqla kəsin

Bəsdir oyun oynadınız. Ayaqlarınızı suya sallamağı dayandırın və suya tullanın. Əgər düşünürsünüzsə ki, münasibətləri bir az “azaldacaqsanız”, yanılırsınız.  Məsləhət istəmiş bir insan bir dəfə demişdi ki, ona elə gəlirmiş ki, çox münasibət saxlamaq əvəzinə aradabir telefonla danışmaq və ya bir fincan kofe üçün görüşmək yaxşı fikirdir. Bu heç də işə yaramır. Kəskin şəkildə hər şeyi bitirmək ilk addımdır. Əslində, bu etməli olduğunuz yeganə real addımdır. Bundan sonra sizinlə paylaşmağa hazırlaşdıqlarım isə bu addımı atdıqdan sonra özünüzü necə idarə etməyiniz üçündür.

Onları özünüzdən asılı saxlamayın

Anlaşma qurmaq zamanı deyil. Bir–birinizin ağlına “vaxtı gələndə edərik” və ya “əgər 19 yaşına kimi ikimizdən birimiz evlənməsək təkrar buna qayıdarıq” kimi fikirləri salmayın. Onlar sizin də eyni şeyi etməniz üçün çalışa bilərlər. Buna yol verməyin. Bu hər ikinizi bədbəxt edər, işləri daha da qəlizləşdirər və irəli addım atmanızı qeyri-mümkün edər.

Aranızdakı bağları kəsin

Sizə həmin insanı xatırladan bütün e-mail məktublarını, mesajları, Facebook mesajlarını, telefon nömrəsini, səsli mail’ləri və başqa bu kimi şeyləri silin. Onunla qarşılaşmaq ehtimalınız olan hər şeydən mümkün qədər çox uzaq durmağa çalışın. Onunla ümumiyyətlə danışmaqdan uzaq durun və əlbəttə ki, başqasının iştirakı olmadan da söhbət etməyin. Onun nəcə olduğunu öyrənməyə çalışmayın. Onun Facebook hesabına baxmağı tərgidin, Twitterdə onu izləməyin və onun həyatında nələrin baş verdiyini öyrənmək üçün digər bu kimi üsullara əl atmayın.

Bu münasibətin bitdiyini ona deyin, olduğu kimi..

Əgər münasibəti kəsmək üçün onunla son dəfə söhbət etməlisinizsə, o zaman bunu edin. Bunu email vasitəsilə qısa, mülayim və heç bir izahata yer qoymadan edin. Elə şeylər yazmayın ki, o, buna cavab yazsın. Sonda bildirin ki, bu, sizin Allah (subhənəhu və təalə) üçün atdığınız bir addımdır. Və xahiş edin ki, sizlə bir daha əlaqə saxlamasın. Nə qədər tez bunu etsəniz, bir o qədər yaxşıdır. Əgər siz münasibətlərinizin ilkin mərhələsindəsinizsə, bunu bitirmək daha da asandır. Münasibətlər genişləndikdən sonra onu bitirmək elə də asan olmur.

2. EMOSİYALARINIZI  İDARƏ  EDİN

Radionu söndürün

Bu, musiqi pessimistliyi haqqında bir müzakirə deyil. Bu bir gerçəkdir ki, musiqi sizin ən həssas anınızda müəyyən emosiyalarınıza qığılcım verəcək. Hər bir mahnı sizin ikinizdən bəhs edəcək. Sadəcə bir müddət bundan uzaq durun və özünüzə zaman verin.

Maraqlanmayın

Onun sizi düşünüb – düşünməməsi sizi maraqlandırmasın və heç bir şans verməyin ki, o, necə olduğunu bir yolla sizə bildirsin. İmkan verin beyniniz daha vacib şeylərlə dolsun. Yatmazdan əvvəl gözünüzü bir saat tavana zilləməyin. Bunun əvəzinə kitab oxuyun. Fərz edin ki, o sizsiz də yaxşıdır və ümid edin ki, o da eynisini sizin haqqınızda fərz edir. Mənliyinizi qoruyun.

Bilin ki, o heç vaxt sizə uyğun biri olmayıb

Əgər bir münasibət səhv üzərində qurulubsa, bu, zamanla doğru bir şeyə çevrilə bilməz. Anlayın ki, siz əslində onu heç vaxt Allah rızası üçün sevməmisiniz. Sizin münasibətinizin hansı əlamətdar hadisə ilə başlaması önəmli deyil. Əsas odur ki, sizə doğru əsaslar üzərində başlayan bir münasibət lazımdır.

Bu düşüncə gərək istənilən insanı səhv bir münasibətə başlamağa qoymasın.  Belə ki, əgər siz İslama zidd bir münasibət yaşayırsınızsa və evlilik sizin üçün doğru bir şeydirsə, onda siz həmişə tövbə edə və evlilik üçün doğru niyyət edib etika qaydalarına əməl edərək sağlam əsaslı yeni bir münasibətə başlaya bilərsiniz. Amma indi qərar verin və münasibəti başladığınız şəkildə davam etdirməyin.

3. BOŞLUQ HİSS EDİRSİNİZ

Hər şeyi danışın

Hansı dildə bacarırsızsa keçirdiyiniz bütün hissləri Allaha (subhənəhu və təalə) danışın. İstəsəniz ağlayın da. Allaha (subhənəhu və təalə) yaxınlaşmaq üçün nə bacarırsınızsa edin. Əgər təhəccüdlərə hər gecə davam etmirdinizsə, indi buna yeni addımlar atın. Allahın (subhənəhu və təalə) qapısı həmişə açıqdır.

Sevdiyiniz şeyləri edin

Sizə əsl zövq bəxş edən şeyləri edin. Bəli, ibadət etməklə yanaşı sevdiyimiz şeyləri də etmək önəmlidir.

İdman oyunları oynayın, yürüyüşə gedin, maşın sürün. Sizi məşğul saxlayacaq işlərlə zamanınızı doldurun və ağlınızı ona lazım olmayan yerlərdə dolaşmaqdan uzaq tutun.

4. ALLAH İLƏ MÜNASİBƏTLƏRİNİZİ ALOVLANDIRIN

Bütün yanlış yerlərdə sevgi axtarmaqdan əl çəkin

Qoyun Allaha (subhənəhu və təalə) olan sevginiz ürəyinizi tamamən bürüsün. İnsanların heç birindən ala bilməyəcəyiniz və yalnız Allahın qəlbinizi doldura biləcəyi bir şey vardır. Bil ki, getməyə heç bir yerin olmayanda belə O, həmişə sənin qayğına qalıb. Bağışlanma dilə və Ona təvəkkül et. O sənə etinasız yanaşmayacaq. Və bəzən yalnız qalmaqdan … sadəcə sən və səni Yaradanla qalmaqdan qorxma.

Daha yaxşısı üçün dua edin

Siz əri dünyasını dəyişdikdən sonra daha yaxşısı üçün dua edən və daha sonra Muhamməd Peyğəmbər (sallallahu aleyhi və səlləm) ilə izdivac quran Ummu Sələmə haqqında olan hekayəni bilirsiniz. Odur ki, bilin, Allah (subhənəhu və təalə) ən yaxşı plan qurandır. Və siz də Allaha dua edin ki, sizi Ona götürəcək və xoşbəxt edəcək biri ilə mükafatlandırsın. Sadəcə həyatınızı elə yaşayın ki, buna layiq olasınız. Rasulullah (sallallahu aleyhi və səlləm) dünyasını dəyişdikdən sonra Abdullah ibn Abbasa (Allah ondan razı olsun) oruclarını və namazlarını çoxaltması deyildi. Digərləri ona bunun səbəbini soruşduqda, o belə cavab verir:

“Mən evlənmək istəyirəm və belə bir şey oxumuşam: “Təmiz qadınlar təmiz kişilərə, təmiz kişilər də təmiz qadınlara layiqdirlər” (Nisa surәsi 26)

Savab bir əməl işləyin

“Həqiqətən, yaxşı işlər pis əməlləri silib aparır .” (Hud surәsi 114)

Siz ayağınızın sürüşdüyünü və günah içində batdığınızı hiss edirsiniz. Yaxşı bir şeylə həyatınıza davam edin. Xeyriyyə işinə nəsə verin. Başqaları yatarkən siz oyaq qalıb ibadət edin. Acları doyurun. Nafilə orucları tutun. Allaha (subhәnəhu və tәalə) sadəcə ona görə dua edin ki, sizi pis şeyə götürə biləcək bir şeydən xilas edib. O çox Bağışlayan, çox Rəhmlidir.

5. GƏL MƏNTİQLƏ DÜŞÜNƏK

Evliliklə bağlı xəyallar qurma

İnsanlar gəncliklərini evlilik haqqında çox düşünməklə keçirir. Bu hətta dindar gənclər üçün fövqəladə bir şeydir – əslində isə bəlkə də onlar haramdan daha çox bunu düşünürlər. Əgər evliliyə hazır deyilsinizsə, nə olacaq ki? Allah deyir:

“Qoy evlənməyə imkanı olmayanlar, Allah Öz lütfü ilə onları varlandırana qədər ismətlərini qorusunlar.” (Nur surәsi, 33)

Başqa şeylər xəyal et və real olan bir şeyi həyata keçir. Sənin bütün həyatın, xüsusilə gəncliyin başqa birinin həyatına bağlı deyil. Sən bir fərdsən. Muhamməd (sallallahu aleyhi və səlləm) demişdir: “Qocalıq gəlmədən gəncliyinin qədrini bil.” (Əl-Hakimdən nəql edilmişdir)

Qiymətləndirmək üçün zaman ayırın

Həyatınızda evliliklə bağlı nələrin sizin üçün əhəmiyyət kəsb etməsinə baxın. Sizcə sizin üçün evliliyin əsl vaxtıdırmı? Yoxsa tezliklə vaxtı olacaq? Hazır olmazdan öncə etməli olduğunuz bir şeylər varmı? Dəyərləndirmək üçün doğru-dürüst, elmli insanlardan məsləhət alın. Valideynlərinizlə münasibətləri yaxşılaşdırmağa vaxt ayırın. Nə hiss etdiyinizi onlara danışın. Siz böyük anlaşma əldə edəcək  və onlarla münasibətlərinizi daha da möhkəmləndirəcəksiniz.

Bilin ki, bu da keçəcək

Müəllimlərimdən biri bir dəfə demişdi ki, hər şey kiçik bir şeydən başlayır və böyüyür, yalnız fəlakətdən başqa. Fəlakət böyük başlayır və kiçilməyə doğru gedir. Siz zamanla bunun da öhdəsindən gələcəksiniz. Bir gün keçmişinizə baxacaq və probleminizin nə olduğuna və onun nə üçün belə əhəmiyyətli olduğuna zamanla təəccüb edəcəksiniz. Və bilin ki, haramdan uzaqlaşmaqla siz yalnız Allahın lütfü ilə evliliyiniz üçün doğru birini taparaq quracağınız ailənizi möhkəmləndirirsiniz.

6. DAHA YAXŞI BİRİ OLUN

Özünüzü yenidən kəşf edin

İstedadlarınızı üzə çıxarın. Həmişə etmək istədiyiniz lakin etmədiyiniz işlərə başlayın. Zövq aldığınız işlərdə bacarıqlarınızı inkişaf etdirin. Evləndikdən sonra edilməsi sizin üçün çətin olacaq və zaman ayıra bilməyəcəyiniz şeylərə indi zaman ayırın.

Özünüzü yaxşı hiss edəcəyiniz işlərlə məşğul olun

Belə gərgin zamanlarda özünüzün – beyninizin, bədəninizin və ruhunuzun qeydinə qalın. Kitab oxuyun, dərslərinizə səylə hazırlaşın, sağlam qidalarla qidalanın, idman edin, çoxlu su için, gözəl geyinin, daha çox Quran oxuyun və dinləyin, İslama dәvәt edәn, dinimizin gözәlliklәrini yayan könüllüləri, dəvətçiləri dinləyin…yaxşı bir şey əldə etdiyiniz hissini sizә bağışlayan istənilən şeyləri edin. Özünüzә qarşı mərhəmətli olun.

Əsl sevginin nə olduğunu öyrənin

Halal sevginin nə olduğunu öyrənin. Və bəli, o mövcuddur. Bu sənin düşündüyün və Hollivudun səhnələşdirdiyi bir sevgi deyil. Əsl, halal sevgi Muhəmmədin (sallallahu aleyhi və səlləm) Xədicə (radiyallahu anhә) öldükdən uzun müddət sonra onun  boyunbağısını görərkən ağlamasıdır. Sevgi, bütün dünya Muhəmmədə (sallallahu aleyhi və səlləm) arxasını döndüyü zaman Xədicənin (radiyallahu anhә) onu dəstəkləməsi idi. Sevgi, həyat yoldaşının Cənnətdə də səninlə bərabər olması üçün  yaxşı işlər etməsini istəməndir. Sevgi, bir şənlikdə qızla görüşmək və sənin olmadı deyə özünü öldürmək deyil. Əsl sevginin nə olduğunu öyrən və beləcə çox sürətlə haram münasibətlərdən canını qurtaracaqsan.

7. BAŞQALARINDAN DƏSTƏK AL

Bir modeli özünüzə örnək alın

Hörmətli, dindar və xoşbəxt bir evli cütlüklə vaxtını keçirin və söhbət edin. Onlardan məsləhət alın və onların həyatından öz həyatınız üçün nümunələr götürün. Onlar perspektivli şeylərdə yardımçınız olacaq. Onların evlilik hekayəsini soruşun. Onlardan məsləhət istəyin və onlardan öyrənin.

Dostlarınızdan öyrənin

Bəs dostlar nə üçündür? İndi sizin nəhayət imkanınız var ki, bacı və qardaşlarla əlaqələrinizi daha da möhkəmləndirəsiniz (əlbəttə ki, bacılar bacılarla və qardaşlar qardaşlarla, yoxsa məqalənin əsas hədəfindən yayınarsınız). İndi onlarla vaxt keçirmək və bir-birinizi daha yaxşı insanlar etmək daha asan olacaq.

Mömin  insanlar arasında olun

Sizin haram münasibətlərdə olmanızı istəməyən insanlar arasında olun. Sizi bu münasibəti kəsdiyiniz  üçün axmaq adlandıran bir dostunuz varsa, bir müddət ondan da uzaq dursanız yaxşı olar. Əgər mömin dostlarınızdan biri və ya daha çoxu bu haram münasibətinizdən xəbərdar idisə, onlara bunu tərk etdiyinizi deyin. Bu, özünüzü ruhlandıran yaxşı bir üsuldur və inşə Allah onlar da sizə ürək-dirək verərlər. Əgər onlar bunu bilmirdilərsə, etiraflara heç gərək də yoxdur. Sadәcə onlarla vaxt keçirməkdən zövq alın, çünki bu sizi daha yaxşı biri edəcək.

Allahdan istəyim odur ki, bizim hamımızı gücləndirsin. Qoy Allah ümmətimizin ailələrini gücləndirsin və Onu narazı salacaq şeylərdən uzaq tutsun.

 


Bu mәqalә soundvision.com saytından alınaraq gencmuslim.net tәrәfindәn tәrcümә edilmişdir.

Mәqalәlәrdәn istifadә edәrkәn saytımızı mәnbә olaraq göstәrmәk vacibdir.

Bu mövzuda fikirlərinizi bizimlə bölüşün