Halal qida məsələsi müsəlmanların həssas və diqqətli davranması gərəkən mövzulardandır, özəlliklə də günümüzdə. Yemək-içmək həyatın qayəsi deyil,sadəcə yaşamağın vasitəsidir.İnsan yemək üçün yaşamalı deyil, yaşamaq üçün yeməlidir. Bu fərqi yetərincə qavrayan mömin yediyinin halal və təmiz olmasına davamlı diqqət etməlidir. Allahu Təala Bəqərə surəsində belə buyurur:

“Ey insanlar! Yer üzündəki qidaların halal və təmiz olanlarını yeyin, Şeytanın izi ilə getməyin! Həqiqətən, o (şeytan) sizinlə açıq-açığına düşməndir.”(Bəqərə 168)

Zikr etdiyimiz bu ayə də bu həqiqəti bizə çatdırır. Halal və haramları təyin edən isə Allahdır. Allahu Təala digər bir ayədə belə buyurur:

“O (Allah) sizə ölmüş heyvanı, (axar) qanı, donuz ətini və Allahdan başqasının adı ilə (bütlərin və s. adı ilə) kəsilənləri (yeməyi) qəti haram etmişdir. Lakin naəlac qaldıqda (başqasının malını) zorla mənimsəmədən və həddi aşmadan (zəruri ehtiyacı ödəyənə qədər) bunlardan yeməyə məcbur olan kimsənin heç bir günahı yoxdur. Allah bağışlayandır, mərhəmətlidir!” (Bəqərə 173)

Bu ayələrdə ümumən haram qidaların nələr olduğu ifadə edilmişdir. Ancaq fiqh üsulunda bilinən “əşyada əsl olan mübahlıqdır” qaydası gərəyi, hakkında yasaqlayıcı bir hökm olmayan qidalar halal olduğu üçün bunlar tək-tək sayılmamışdır. Quranda donuz, leş, qan, Allahdan başqası adına kəsilən heyvan və spirtli içkilər haram qılınan qidalardır. Hədislərdə isə ümumi olaraq yırtıcı heyvanlar, yırtıcı quşlar, uzunqulağ və bənzəri növlər haram qılınmışdır. İctihadən bu sayının çoxaldığını fiqh kitablarından öyrənirik. Bütün bunlar haram olduğu kimi, bunların qatıldığı qidalar da haramdır. Günümüzdə qida məsələsində ən boşluq buraxılan nöqtələrdən birisi də bu son qeyd etdiyimiz xüsusdur. Əksər müsəlmanlar donuz ətindən və digər haramlardan uzaq durur. Lakin donuz əti və ya yağından alınan qatqı maddələrinin qatıldığı digər qida maddələrindən uzaq durmurlar və ya bu məsələyə ümumiyyətlə diqqət etmirlər.
Bilinən haramların xaricində , normalda halal olan qidaları haram halına gətirən digər faktorlar vardır ki, bu da qidanın əldə edilmə səbəbinə bağlıdır. Yəni oğurluq, faiz, rüşvət və digər haram yollarla qazanılan halal qida da haram hökmünü alar. Buna fiqhdə “haram li ğayrihi” deyilir. Yəni əsli halal olub da, müəyyən səbəbdən dolayı haram olan qidalar. Örnək üçün məsələn alma yemək halaldır, lakin başqa birinin bağından oğurlanıb yeyilən alma haram hökmünü alır.
Haram yemək duaların qəbuluna əngəldir. Rasulullah sallallahu aleyhi və səlləm belə buyurdu:”Bir kimsə uzun səfərə çıxar, saçları dağılmış, toza torpağa bulanmış bir halda əllərini səmaya uzadaraq:

Ya Rabbi, ya Rabbi deyə dua edər.Halbuki yediyi haram, içdiyi haram, geydiyi haram, belə bir kimsənin duası necə qəbul edilsin.(Müslim, Zəkat 19, Tirmizi, Təfsir 3, Əhməd 2/328)

Haramdan uzaq durmaqla bərabər təqvalı bir mömin şübhəli gördüyü qidalardan da uzaq durmalıdır. Rasulullah sallallahu aleyhi və səlləm belə buyurur:

“Şübhəsiz ki, haramlar da bəllidir, halallar da bəllidir. Bu ikisi arasında şübhəli olanlar vardır.İnsanların çoxu bunları bilməz.Kim şübhəli şeylərdən qaçınarsa dinini və namusunu qorumuş olar.Kim də şübhəli şeylərə düşərsə harama düşmüş olar…” (Buxari, İman 39, Buyu 2, Müslim, Musaqat 107, Əbu Davud Buyu 3, Nəsai, Buyu2)

Bir mömin olaraq özəlliklə halalla haramın bir-birinə qarışdığı bu zamanda ilk öncə çalışıb haramdan, ikinci olaraq da maksimum gücümüz yetdiyi qədər şübhəlilərdən uzaq durmalıyıq.

 

Müəllif: Ömər Mənsuroğlu.

Fikirlərinizi bizimlə bölüşün və yazını paylaşmağı unutmayın.

 

Bu mövzuda fikirlərinizi bizimlə bölüşün