Fitrə Zəkatı

Bismilləhir Rahmənir Rahim

Ramazan ayının sonlarına yaxınlaşırıq. Bu səbəbdən müsəlmanları bayram günü çıxaracaqları fitrə zəkatı haqda maarifləndirməkdə fayda var. Bu yazımda fitrə zəkatıyla bağlı hökmlər haqda danışacağam. Müvəffəqiyyət Allahdandır.

Hökmü.

Əhli Rəyə görə fitrə zəkatı fərz yox vacibdir. Bu haqda Əhli Rəy imamlarından olan Əbu Bəkr əl Kəsəni belə deyir:

“Bu zəkatın vacib olmasının dəlili Sələbə bin Sueyr əl Uzridən rəvayət olunan bu hədisdir: “Allah Rəsulu –sallAllahu aleyhi və əlihi və səlləm- bizə xütbə verdi və xütbəsində belə buyurdu: Azad və yaxud kölə, kiçik və yaxud böyük hər kəsin yerinə yarım sa [1] buğda və yaxud bir sa arpa (zəkat olaraq) verin”.

Bu hədisdə Peyğəmbər –sallAllahu aleyhi və əlihi və səlləm- ümumi olaraq bu zəkatı əda etməyi əmr edir. Ümumi əmr isə vücub (vaciblik) ifadə edir. Biz (Əhli Rəy) bu növə ona görə fərz yox vacib deyirik ki, fərzin gərəkli olması qəti dəlillə sabit olur. Bu zəkatın gərəkli olması haqda isə qətiyyət ifadə edən bir dəlil yoxdur. Əksinə bu dəlil yoxluq şübhəsi [2] olan bir dəlil, yəni əhəd xəbərdir.

Bu babda Abdullah bin Ömərdən belə dediyi rəvayət edilir:

“Allah Rəsulu –sallAllahu aleyhi və əlihi və səlləm- fitrə sədəqəsini kişiyə, qadına, azad birisinə və kölələrə bir sa xurma, yaxud bir sa arpa olaraq fərz etdi”.

Burada İbn Ömərin “Fərz etdi” sözü fitrə zəkatına (miqdar və yaxud növ) təyin etmək mənasındadır. Çünki fərz lüğətdə təyin etmək (təqdir) mənasındadır. Allah Qurani Kərimdə “Fərz etdiyinizin yarısı” [3] buyurur. Yəni təyin etdiyiniz miqdarın yarısı. Qazi nəfəqənin miqdarını təyin etdiyi zaman “Qazi nəfəqəni fərz etdi” deyilir. İbn Ömərin hədisində də vacib olan zəkatın veriləcəyi malın növü qeyd olunan şeylərlə təyin edilmişdir. Yoxsa ki, burada qəti bir vücubdan (fərzdən) söhbət getmir. Ən doğrusunu Allah bilir”. [4]

Vaxtı.

Burada iki vaxtdan söz edilməlidir. Vücub (vacib olma) vaxtı və əda etmək (zəkat olaraq vermək) vaxtı.

Vacib olma vaxtına gəlincə fitrə zəkatı bayram günündə ikinci fəcrin doğmasıyla vacib olur. Yəni sübh namazının girməsiylə. Bu həmçinin imam Leys bin Sadın və bir rəvayətə görə imam Malikin görüşüdür. İmam Şafinin də qədim məzhəbi budur.

Əhli Rəyin bu yöndəki dəlili budur ki, fitrə zəkatı fitr gününə nisbət olunur. Fitrin, yəni iftarın özünə deyil. Çünki iftar Ramazanda da olur. Lakin fitr günü Ramazandan sonraya xasdır. Bu da onu göstərir ki, zəkat həmin günə xasdır. Gün isə ikinci fəcrin doğuşuyla başlayır. Bu səbəbdən bundan öncə o günün zəkatı vacib olmur.

Əda/ödəmək vaxtına gəlincə bu bütün ömürdür. Yəni bayramdan sonra belə ömrün axırına qədər istənilən gündə verilə bilər.

Lakin müstəhəb olan həmin gün bayram namazından öncə ödəməkdir. Çünki İbn Ömərin rəvayət etdiyi bir hədisdə Allah Rəsulu –sallAllahu aleyhi və əlihi və səlləm- fitrə zəkatını bayram namazına çıxmadan öncə ödəməyi əmr etmiş və belə buyurmuşdur:

“Onları (yoxsulları) belə bir gündə möhtac olmaqdan xilas edin”. [5]

Əgər namazdan öncə çıxararsa yoxsulu o gündə möhtac olmaqdan xilas edər. Yoxsul da sıxıntı çəkmədən arxayın şəkildə bayram namazını əda etmiş olar.

Fitrə zəkatını məzhəbdə səhih olan görüşə görə vacib olmadan öncə belə ödəmək olar. Hətta bir-iki il öncədən belə. Bunu Həsən bin Ziyad Əbu Hənifədən rəvayət etmişdir. Eləcə də İbrahim bin Rüstəm öz “Nəvadir”ində bunu imam Muhəmməddən rəvayət etmişdir. Misal üçün bir insan gələcək Ramazanın yerinə belə indiki Ramazanda, yaxud indiki Ramazandan sonra ödəyə bilər.

Kimlərə vacibdir?

Fitrə zəkatı bu üç şərti özündə cəm edən hər kəsə vacibdir:

1. Müsəlman olmaq.

2. Azad olmaq, kölə olmamaq. Bu gün kölə olan yoxdur.

3. Əsli ehtiyaclardan əlavə nisab [6] miqdarına sahib olmaq. Əsli ehtiyaclara ev, ev əşyaları, minik, paltar, silah, borclar və bir illik qida maddəsi daxildir. Əlavə nisabın dəyəri isə 96 qr qızıl və yaxud 640 qr gümüş dəyərində bir mülkdür. Bu mülk təkcə pulla ölçülməz. İki maşını olanın ikinci maşını, istifadə etmədiyi ikinci evi olanın ikinci evi, əlavə paltarlar, bir sözlə yuxarıda qeyd etdiyim əsli ehtiyacdan əlavə pula gedən hər şey nisaba daxildir. Həmçinin böyük evin ehtiyacdan artıq istifadə olunmayan otaqları da nisaba daxildir.

Əgər bayram gününün sübh namazı girmədən öncə şəxsin əlində olan nisabı azalar və yaxud əldən çıxarsa o ilin fitrə zəkatı ona vacib olmaz. Lakin sübh namazı girdikdən sonra əlindən çıxar və yaxud azalarsa fitrə zəkatı boynunda qalar.

Nisabın üzərindən fərz zəkatda olduğu kimi bir il keçməsi şərt deyil. Həmçinin nisabın artan növdən olması da şərt deyil.

Həddi büluğa çatmaq və ağıl şərt deyil. Bu səbəbdən uşağın və dəlinin malı olarsa vəlisi onun yerinə zəkatını çıxarar.

Kimlərin yerinə çıxarılar?

Bu şərtləri özündə cəm edən birisi həm öz yerinə həm də kiçik olan uşaqları yerinə fitrə zəkatı ödəyər.

Valideyinlərinin yerinə ödəməz. Lakin əgər dəli olarlarsa yerlərinə ödəməsi lazımdır. Çünki bu durumda artıq valideyinlərinin vəlisi sayılır. Həmçinin valideyinləri yoxsul olarlarsa yenə onların yerinə ödəyər. Çünki bu durumda onlara baxması onun boynuna düşür.

Xanımının və böyük övladlarının yerinə verməz. Xanımı özü öz malından öz yerinə ödəyər.

Oğlunun uşaqlarının da yerinə ödəməz. Oğlu ölərsə uşaqlarının yerinə ödəmək vacib olarmı? Zahirur Rivayəyə görə olmaz. Lakin bir görüşə görə ödəməsi vacibdir.

Birisi öz xanımının və yaxud ailədən ayrılmamış böyük övladlarının yerinə onların xəbəri olmadan ödərsə keçərli olar. Çünki bu məsələdə adətən insanlar biri-birilərinə izn verirlər.

Kimlərə ödənər?

Fitrə zəkatı da digər zəkatda olduğu kimi yeddi növdən birinə verilər. Onlar aşağıdakılardır:

1. Gəliri olsa da lazımınca kifayət etməyən, zəruri ehtiyaclarına ancaq yetən və nisabdan az miqdar mala sahib kasıblar.

2. Ümumiyyətlə gəliri və malı olmayan yoxsullar.

3. Toplayıb paylayan kəslərə. Bu işlə məşğul olanlara diqqət etmək lazımdır. Toplanan malı yol çəkmək, məscid tikmək və yaxud başqa bənzəri xeyir işlərə sərf edən heyətlərə fitrə zəkatı vermək olmaz. Çünki fitrə zəkatında aşağıda da gələcəyi kimi təmlik, yəni zəkatı yoxsulun öhtəliyinə keçirmək şərtdir. Məscid tikintisi, yol çəkmək və bənzəri hallarda isə təmlik şərti yoxdur.

4. Kölələr. Bu gün kölə olmasa da ayədə keçdiyi üçün qeyd etdim.

5. Borcu olan kəslər. Bu borcundan əlavə nisaba sahib olmayan borcluya aiddir. Nisaba sahib olan borculya aid deyil.

Təbii ki, haram bir iş üçün borca girmiş kəslər buna aid deyil. Eləcə də halal bir işi yerinə yetirmək haram yolla borclanan kəslər də buna aid deyil.

Borcundan əlavə nisaba sahib olmayan borclunun alacağı varsa və o alacaqlarını ala bilmirsə ona da fitrə vermək olar.

Borc sahibi öz borcunu fitrə zəkatı olaraq bağışlarsa keçərli olmaz.

6. Allah yolunda olanlar. Buna məzhəbdə səhih olan görüşə görə Allah yolunda cihad edən yoxsullar aiddir. Yoxsulluq səbəbi ilə cihada qatıla bilməyənlər də buna aiddir.

Bu gün cihad adı altında min bir fasiqliyə imza atan kəslərə yardım etmək isə haramdır.

7. Səfərdə olan yolçular. Əgər pulları bitər və ehtiyaclarını ödəyəcək miqdar yanlarında olmazsa səfərdə olan yolçulara da fitrə zəkatı verilə bilər.

Tövbə surəsində qeyd olunan digər növə, qəlbləri İslama yeni isinən kəslərə gəlincə, Əhli Rəyə görə onların hökmü qalxıbdır. Lakin Əhli Rəydən olan bəzi alimlərə görə əgər müsəlmanların halı yenidən zəiflərsə bu növə də zəkat vermək olar.

Burada bir şeyə diqqət çəkmək istəyirəm. Bu gün fasiqliyin və yalanın artdığı bir dövrdə yaşayırıq. Bu səbəbdən fitrə zəkatı çıxaracaq kəslər həqiqi ehtiyac sahiblərini araşdırmalıdılar. Fitrənin hikməti yoxsulları möhtac olmaqdan xilas etməkdir. Bu səbəbdən harama dalaraq hər yolla pul qazanan, sonra da özünü yoxsul kimi qələmə verən saxtakarlara fitrə zəkatı vermək olmaz.

Üstəlik bilmək lazımdır ki, bir kimsə zəkat verəcək şəxsi araşdırmadan zəkatını verər, sonra o şəxsin zəkat verilməyəcək şəxs olduğu ortaya çıxarsa verdiyi zəkat batil olar. Lakin araşdırdıqdan sonra verərsə sonra həmin şəxsin zəkat alacaq növdən olmadığı ortaya çıxsa da zəkatı batil olmaz.

Kimlərə ödənməz?

Fitrə zəkatı aşağıdakı sinflərə verilə bilməz:

1. Fitrə zəkatı verə biləcək imkana sahib kəslərə. Çünki bu şəxslərin özlərinə fitrzə zəkatı vacib olur. Onlar şərii yöndən zəngin sayıldıqları üçün fitrə ala bilməzlər.

2. Xanıma, ərə, ata-anaya, nənə-babaya, uşaqlara və nəvələrə. Digər yoxsul qohum-əqrabaya isə verilə bilər.

3. Haşim övladlarına və onların soyundan gələnlərə. Haşim övladları Əlinin, Abbasın, Cəfərin, Aqilin və Haris bin Abdul Muttalibin ailəsidir. Onlara da zəkat verilməz. Allah Rəsulu –sallAllahu aleyhi və əlihi və səlləm- bir hədisi şərifdə “Bizə (Haşim övladlarına) sədəqə (zəkat) halal deyildir” buyurmaqdadır. [7]

4. Müşriklərə. Məzhəbdə səhih olan görüşə görə zimmət əhli [8] olsun ya olmasın müsəlman olmayan birisinə zəkat verilməz.

Çıxarılacaq malın cinsi.

Fitrə zəkatı qida olaraq bu dörd şeydən ödənər:

1. Buğda və yaxud buğda unu.

2. Arpa və yaxud arpa unu.

3. Xurma. Qəsd olunan oruc açarkən yeyilən xurmadır.

4. Kişmiş.

Bu ərzaqların yerinə qiymətlərini hesablayaraq pul şəklində ödəmək də caizdir. Çünki Allah Rəsulu –sallAllahu aleyhi və əlihi və səlləm- fitrə zəkatını əmr etdikdən sonra “Onları (yoxsulları) belə bir gündə möhtac olmaqdan xilas edin” buyurmuşdur. [9] Bu isə pulla da mümkündür.

İmam Əbu Yusuf belə deyir: “Mənə görə un şəklində vermək taxıl şəklində verməkdən daha yaxşıdır. Dirhəmlər (pul) şəklində ödəmək isə un şəklində ödəməkdən daha yaxşıdır. Çünki bu zəngin üçün daha asandır və yoxsulun ehtiyacını daha yaxşı ödəyir”. [10]

Çünki un taxıldan daha az zəhmətlidir. Taxılı üyütmək, xüsusən günümüzdə dəyirmana aparmaq hamısı əlavə xərcdir. Un isə hazır üyüdülmüş haldır. Pul şəklində ödəmək isə həm taxıl, həm də un şəklində ödəməkdən yaxşıdır. Çünki ola bilsin o yoxsulun undan və yaxud taxıldan başqa şeyə ehtiyacı var. Əgər əlində pulu olsa o ehtiyacını aradan qaldıra bilər. Hər yoxsul nəyə ehtiyacı olduğunu özü daha yaxşı bildiyi üçün ona fitrə zəkatını pul olaraq vermək ən uyğun olanıdır. Bu yolla yoxsul da özü istədiyi şəkildə ehtiyacını aradan qaldırar.

Bu bolluq anında bu cürdür. Əgər mağazalarda və bazarlarda bolluq olarsa pul olaraq vermək daha yaxşıdır. Lakin əgər qıtlıq olarsa sadalanan ərzaqlar şəklində vermək daha yaxşıdır. Çünki qıtlıq olduğu zaman yoxsul birisi ərzaq tapmaya da bilər.

Burada bir hikmətə də toxunmaq istəyirəm. Bilindiyi kimi fitrə zəkatının cinsi bütün hədislərdə pul olaraq deyil, ərzaq olaraq təyin edilib. Əgər pulla təyin edilsəydi pulun qiyməti əsrdən-əsrə dəyişdiyi üçün o zamankı miqdar indiki ehtiyacı ödəmək üçün kifayət etməyə bilərdi. Lakin ərzaqla təyin edildiyi zaman pul nə qədər ucuzlaşır ucuzlaşsın yenə ərzağa yetəcək miqdarda verilməlidir.

Miqdarı.

Buğda və yaxud buğda unu verəcək olanlar adam başına ən az 1,667 kq verməlidilər. Digər yeyəcəklərdən çıxaracaq olanlar isə adam başına ən az 3,334 kq verməlidilər.

Bu vacib olan miqdardır. Bu səbəbdən ən az dedim. Lakin bu gün imkanı olan müsəlmanlar yoxsulların ehtiyacını nəzərə alaraq vacib miqdardan daha çox versələr yaxşıdır. Misal üçün əgər yoxsula ödənəcəksə, onun ehtiyacı nəzərə alınsın. Borcluya ödənəcəksə borcu, yaxud böyük bir qismi nəzərə alınsın.

Vacib miqdardan artıq olan miqdar fitrə zəkatı yerinə keçməsə də sədəqə hökmünə girir.

Ödəmə şəkli.

Fitrə zəkatını çıxararkən iki şeyə diqqət etmək lazımdır:

1. Niyyət. Niyyət həm fitrə malını ayırarkən, həm də onu yoxsula verərkən edilə bilər. Dillə edilməsi şərt deyil. Pulu verərkən “Bir fitrədir” demək də lazım deyil. Qəlbdə fitrə olaraq niyyət edib pulu bəxşiş, bayram xərcliyi adıyla vermək də olar.

Fitrə zəkatı bir ibadət olduğu üçün onu da Allahı razı salacaq şəkildə yerinə yetirmək lazımdır. Bu üzdən yoxsulların qüruruna toxunacaq şəkildə, minnətlə fitrə verilməz. Müsəlman birisi bacardığı qədər yoxsula yoxsulluğunu hiss etdirmədən bu ibadəti yerinə yetirməlidir.

Əgər birisi öz yerinə fitrə çıxarması üçün vəkil təyin edərsə, fitrə malını o vəkilə verdiyi zaman niyyət edərək verməsi lazımdır. Əgər malı niyyət edərək vəkilə verərsə vəkil o malı yoxsula verdiyi zaman niyyət etməsə də olar.

Fitrə zəkatı verən birisi o zəkat qarşılığında zəkat verdiyi kəsdən nəsə uma bilməz. Əgər zəkat verərkən niyyətinə fitrədən başqa hansısa bir mənfəət qarışarsa zəkatı keçərli olmaz.

Zəkatı alan kimsə də bunun qarşılığında ona zəkat verən kimsəyə nəsə verməyə borclu hiss etməməlidir.

2. Təmlik. Fitrə zəkatında da digər zəkatlarda olduğu kimi təmlik şərtdir. Yəni veriləcək zəkatı şəxsin öhtəliyinə keçirmək. Bu səbəbdən fitrə zəkatını qonaqlıq, iftar və bənzəri şəkildə ödəmək olmaz. Çünki burada təmlik yerinə gəlmir. Eləcə də borc sahibi öz alacağını borcluya fitrə olaraq bağışlarsa bu fitrədən sayılmaz.

Bir neçə fitrə bir yoxsula verilə biləcəyi kimi bir fitrə də bir neçə yoxsul arasında bölüşdürülə bilər. Əgər fitrə olaraq veriləcək mal nisab miqdarında və daha az olarsa onu bir yoxsula vermək daha yaxşıdır. Əgər nisab miqdarından çox olarsa birdən çox yoxsul arasında bölmək daha yaxşıdır.

Ən doğrusunu Allah bilir.

Yazının müəllifi: Rüstəm Mehdi

________________________

[1] Qədimdə istifadə edilən bir ölçü vahididir. Kiloqramla hesabladıqda 3,334 kq edir.

[2] Yəni Peyğəmbərin belə bir söz deyib-demədiyi yönündəki tərəddüd.

[3] Bəqərə: 237.

[4] Əbu Bəkr əl Kəsəni, Bədəius Sanəi, 2/533-534.

[5] İmam Muhəmməd, Kitəbul Asl, 2/246-247.

[6] Nisab zəkatın fərz olması üçün lazım olan limitdir.

[7] Tirmizi, 657.

[8] Darul İslamda yaşayıb vergi verən yəhudi və xristyanlar.

[9] İmam Muhəmməd, Kitəbul Asl, 2/211-212.

[10] Mövsili, əl İxtiyar li Təlilil Muxtar, 1/201.

Mənbə: ehlirey.com

Fikirlərinizi bizimlə bölüşün və yazını paylaşaraq insanların faydalanması üçün vəsilə olun.

Bu mövzuda fikirlərinizi bizimlə bölüşün