Qur’anın ifadəsiylə razılıq məqamını əldə edən, Allahdan razı olan və Allahı razı edən bir topluluqdur səhabələr. Bu səbəbdən onların rəhbərliyinə ehtiyacımız vardır.

Onlardan biri də Yəsribin (Mədinə şəhərinin köhnə adı) şahzadəsi olan Sad bin Muazdır (Allah ondan razı olsun).

Sad Bin Muazı tanımaq istəsək:

İman Ailəsi

Sad bin Muaz (Allah ondan razı olsun) Miladi 590-cı ildə dünyaya gəlmişdir. Yəsribdəki Avs qəbiləsindən, Abduləşhəl oğullarındandır. Atası Muaz ibni Numan İslama çatmadan vəfat etmişdir, amma anası və 4 oğlu iman etmişdir. Anası Ummu Sad (Allah ondan razı olsun) eyni zamanda Aişə anamızın (Allah ondan razı olsun) yaxın rəfiqəsidir.

Sadın qardaşlarıdan, İyas  Yəsribdə iman edib ruhunu da orada Allaha təslim etmişdir. Avs isə Bi’ri-Maunə döyüşündə şəhid olmuşdur. Amr Uhud şəhidi və qəhrəmanıdır (Allah onlardan da razı olsun).

Hidayəti qövmünün hidayətinə bərabər oldu

İslam dinini təbliğ etmək üçün Yəsribə səfər edən Musab bin Umeyrin (Allah ondan razı olsun) vasitəsilə tezliklə İslam orada da yayılmağa başladı. Musaba dəstək verən Sadın doğma xalası oğlu Əsəd bin Zurarə (Allah ondan razı olsun) idi. О, bir gün Musabı yanına alaraq Zəfər oğullarının bağçasındakı quyunun həndəvərində oturdu. Sad bin Muaz bunu eşitdikdə Useyd bin Xudayra: – “Sən işini yaxşı bilən və heç kimin köməyinə möhtac olmayan bir adamsan. Zəiflərimizin inancını pozmaq üçün məhəlləmizə gələn o adamların yanına get və onlara xəbərdarlıq et ki, bir daha məhəlləmizə gəlməsinlər. Əsəd qohumum olmasaydı, bu işi özüm görərdim” – dedi.

Useyd tez nizəsini götürüb oraya getdi və çox hirsli şəkildə: – “Siz nə üçün buraya gəlmisiniz? Bu yanındakı yad adamı zəiflərimizin dinini pozmaq üçün gətirmisən? Əgər sağ qalmaq istəyirsinizsə tez burdan çıxıb gedin.”-dedi.

Musab ona: -“Bir az oturub mənə qulaq asarsanmı? Sən ağıllı adamsan, sözlərimi bəyənsən qəbul edərsən, bəyənməsən qəbul etməzsən.” -dedi.

Useyd: – “Sözü yerində söylədin!” -dedikdən sonra nizəsini yerə qoyub onların yanında oturdu. Musab ona İslamdan danışıb Qur’an oxudu. Useyd Qur’ana qulaq asan zaman üzündə İslamın nuru parladı və qəlbi İslama açıldı. Qur’an haqqında isə: “Bu nə gözəl, nə uca kəlamdır! Siz bu dinə girmək üçün nə edirsiniz?”- dedi.

Useyd şəhadət gətirdi, sonra da iki rükət namaz qıldı və: “Arxamda elə bir adam qoyub gəlmişəm ki, o, sizə tabe olsa, qövmündən heç kim ona qarşı çıxmayacaq. O, Sad bin Muazdır. Mən indi onu sizin yanınıza göndərəcəyəm” -dedi.

Sad əsəbi şəkildə onların yanına gəldi. Ancaq nəticədə o da Useyd kimi, Musaba qulaq asaraq müsəlman oldu. Sonra qəbiləsinin yanına gedərək:

“Ey Abduləşhəl oğulları! Məni necə tanıyırsınız?” -deyə soruşdu.

Onlar: “Sən bizim ən zəkalımız, fikir cəhətdən ən üstünümüz və rəhbərimizsən!” -dedilər. Bundan sonra Sad:

Siz Allah və Rəsuluna iman gətirənə qədər kişi və qadınlarınızla danışmaq mənə haram olsun!” – dedi.

Həmin gün axşama qədər bu qəbilədən müsəlman olmayan adam qalmadı.

(İbni Hişam, II, 43-46; İbni Sad, III, 604-605; İbni Əsir, Usdul-Ğabə, I, 112-113)

Qövmünün başçısı idi

Sad bin Muaz Radiyallahu Anh eyni zamanda Avs Qəbiləsinin başçısı idi. Bu məqama cəmi 30 yaşında çatmışdı.

O, ənsarın Əbu Bəkri idi

Necə ki, mühacirlər içində Əbu Bəkrin (Allah ondan razı olsun) bir ağırlığı var idi, Sad bin Muaz da Ənsar içində o cür hala sahib idi.

O, ənsarın mihəng daşı idi

Nə deməkdir mihəng daşı? İslam, heç bir mədəniyyətdə olmayan bir mədəniyyətə sahibdir. Onlardan biri də soy-nəsil şəcərəsini özündə cəm edən Ənsab kitablarıdır. İllərdən bəri müsəlmanlar bu Ənsab kitablarına baxaraq soylu nəsillərindən xəbərdar olmuşdurlar. Bu Ənsab kitabları əgər mühacirlərdən bəhs edəcəksə işin mərkəzinə Hz Muhamməd (ona və ailəsinə Allahın salamı olsun) qoyular və mihəng nöqtəsi Rasulullah sallallahu aleyhi və səlləm olaraq mühacir dünyası bizə tanıdılar. Əgər Ənsardan bəhs ediləcəksə onların da mihəng nöqtəsinin Sad bin Muaz Radiyallahu anh olduğunu görməkdəyik.

O, vəfatı ilə Rəhmanın Ərşini titrədən səhabədir

Cabir bin Abdullah (Allah ondan razı olsun) rəvayət edir:
Sad Bin Muazın (R.A) cənazəsi önündəykən Rasulullah sallallahu aleyhi və səlləm belə buyurdu:
Sad bin Muazın ölümündən Rəhmanın Ərşi titrədi.

(Buxari, Mənaqibul-Ənsar, 12; Tirmizi, Mənaqib 51, 3848; Əhməd b. Hənbəl, Musnəd, 3/395, 349.)

Ərşi titrədən səbəb nə idi? Allahı sevən bir qul idi Sad, Allaha qovuşmaq üçün səbirsizlənən bir qul. Çətin zamanlarda çətin addımlar ataraq, İslamın davası Yəsribdə yetim ikən, “Gəl” demiş, o davaya ata olmuş bir addır Sad bin Muaz.

İslama ata olana, ataya yaraşar bir münasibət olmalıdır Rəhmanın Ərşindən.

Ərş Sada qovuşmağın sevincindən titrəmişdir o gün.

Vəfatında 70.000 mələk iştirak etmiş

İnsanlar hər hansı yaxınının yasına yüksək məqamlı adamlar gəlsə o saat, atamın yasına “Filan məşhur, filankəs gəldi” deyib, öyünər. Amma əsil öyünəcək birisi varsa, o da Sad bin Muazın ailəsidir. O gün Mədinənin küçələrində yeriməyə yer qalmamışdı. Müjdəni verən Rasulullah sallallahu aleyhi və səlləm idi.

Peyğəmbərimiz aleyhissalatu vəssəlam o gün ayaqlarının ucuna basaraq yeridiyində, bunu görən səhabələr “Niyə belə yeriyirsiniz?” soruşdu. Rasulullah sallallahu aleyhi və səlləm  “Mələklər var küçələrdə” cavabını verdi.

Sad bin Muazın cənazəsi daşındığı zaman münafiqlər, -“Cənazəsi nə qədər yüngüldür” dedilər. Bu, Rasulullahın (sallallahu aleyhi və səlləm) qulağına çatdı. O an bu sözləri dedi: “Onun cənazəsini mələklər daşıyırdı (bu səbəblə insanlara yüngül gəldi).”

(Tirmizi, Mənaqib, 3848.)

Ölüm anında belə Rasulullahı (ona və ailəsinə Allahın salamı olsun) düşünən səhabə

Xəndək döyüşündə qarşı tərəfdən atılan bir ox Sad bin Muazın qoluna tuş gələrək damarını kəsir və qanlar içində qalarkən dodaqlarından bu dua tökülür:

Allahım! Əgər Qureyş bundan sonra Sənin Peyğəmbərinin önünə çıxmayacaqsa mənim canımı al. Amma əgər çıxacaqlarsa, mənim canımı alma ki, Peyğəmbərinin arxasında yenə qılınc sallayım! Allahım! Qureyza yəhudiləri xəyanət etdilər. O xəyanətlərinin cəzasını mən görməyənə qədər mənim canımı alma. Ondan sonra canımı al.”

Qəbri Cənnət qoxan Səhabə

Əbu Said Əl-Xudri (Allah ondan razı olsun) Bəqi qəbristanlığında Sadın qəbrini qazarkən birdən durur. Rasulullaha (S.A.V) dönərək: -“Ya Rasulullah! Mənim hiss etdiyimi sən də hiss edirsənmi? Qəbirdən müşk (cənnət) qoxusu gəlir.”

Rasulullah sallallahu aleyhi və səlləm də: “Bəli” –demişdi. 

(Beyhəqi, c. 3, s. 294)

Bunun üçün illər sonra Əbu Said Əl-Xudri vəfat edərkən: “Məni Sadın yanına dəfn edin. Sadın qəbrinin içindən Cənnətin qoxusu gəlir, mən də ondan nəsiblənim” – demiş və ölərkən də oraya dəfn olunmuşdur.

Fikirlərini bizimlə bölüş və yazını paylaşmağı unutma..

Bu mövzuda fikirlərinizi bizimlə bölüşün