Əsil adı Numan, atasının adı Sabit, künyəsi isə Əbu Hənifədir. Onun ən məşhur ləqəbi əl-İmam əl-Əzəmdir (yəni məşhur alim, fəqihlər və məzhəb imamları arasında ən böyük imam). Onun şəcərəsi belədir: ən-Numan ibn Sabit ibn Mərziban ibn Zuta ibn Mah.

Əksər alimlər Əbu Hənifənin əməvi xəlifələrindən Əbdülməlik b. Mərvanın (v.86\705) zamanında anadan olması haqqında nəql edilən versiyanı əsas kimi qəbul etmişdir. Tarixçilərin əksəriyyətinin qeyd etdiyinə görə o, hicri 80-ci ildə Kufədə anadan olmuşdur. Onun 61-ci, 62-ci və ya 70-ci ildə dünyaya gəlməsi barədə də fikirlər mövcuddur. Bunlardan 61-ci və 62-ci ildə doğulması barədə nəql edilən rəvayətlər zəif olsa da, 70-ci ildə anadan olması ehtimalı o qədər də zəif deyildir. Böyük mühəqqiq alim Muhəmməd Zahid əl-Kövsəri (1879-1951) “Tənibul-Xətib” əsərində bu fikrin güclü olduğunu, lakin hansısa səbəbdən məşhur olmadığını qeyd etmişdir.

Əbu Hənifə fars əsillidir. İrəli sürülən bəzi versiyalara görə isə ərəb əsilli olub nəsəbinin Ənsardan Zeyd ibn Əsədə çatdığı bildirilmiş, bəzi tarixçilər isə onun yaşadığı bölgədə türk qəbilələri çoxluq təşkil etdiyinə görə türk əsilli olmasının da ehtimal olunduğunu bildirmişlər.

Əbu Hənifənin ailəsinin əslən Nəsa, Ənbar, Kabil, Babil və ya Tirmizdən olması haqqında müxtəlif fikirlər mövcuddur. Bununla əlaqədar rəvayətlər tədqiq edildiyi zaman belə bir qənaət yaranır ki, böyük ehtimalla onun ailəsi əslən Əfqanıstanın Kabil şəhərindən olmuş, sonralar oradan çıxaraq müxtəlif zamanlarda yuxarıda qeyd edilən şəhərlərdə məskunlaşmış, axırda Kufədə qərar qılmışdır. Tarixi mənbələrdə onun ailəsinin zəngin bir ailə olduğu, parça-qumaş və hazır pal-paltar ticarəti ilə məşğul olduğu qeyd edilir. Ailəsinin, ailə üzvlərinin və qohum-əqrəbalarının şəxsiyyəti barədə mənbələrdə heç bir məlumat verilmir.

Əbu Hənifə iki dəfə evlənmişdir. Onun Həmmad adlı bir oğlu və adı dəqiq şəkildə qeyd edilməsə də (böyük ehtimal ki, Hənifə adında) bir qızı olmuşdur.

Əbu Hənifənin uşaqlıq illəri Həccac ibn Yusifin (v.95\713) İraq valiliyi illərinə (h.75-95\m.693-713) təsadüf edir. O, hələ kiçik yaşlarından etibarən ticarətlə yaxından maraqlanmışdır. O, beş və ya yeddi yaşında ikən səhabələrdən Abdullah ibn Əbu Əvfanı (v.87\705) görmüşdür. Böyük ehtimalla Ənəs ibn Malik (v.93\711) ilə də elə həmin illərdə görüşmüşdür.

16 yaşında atası ilə birlikdə həccə getmişdir. Həcdə ikən səhabələrdən Abdullah ibn əl-Haris ibn Cəz əz-Zübeydini görmüş və ondan: “Hər kim Allahın dinini öyrənərsə (Allahın dinində fəqih olarsa), Allah ona kifayət edər (onun dadına çatar, bütün qayğılarını dəf edər, bütün çətinliklərini həll edər, onu başqalarına möhtac etməz) və ona hesab etmədiyi (heç ağlına belə gəlməyən) bir yerdən ruzi verər” -hədisini eşitmişdir. Əbu Hənifə Əməvilərin zülmündən qaçaraq Məkkəyə hicrət edənədək onun anası sağ olmuşdur.

O, bazarda ticarətlə məşğul olduğu günlərdən birində məşhur alim və fəqih Şəbi (v.103\721) ilə rastlaşır. Onun elmlə məşğul olmadığını öyrənən Şəbi ona elmə yönəlməyi tövsiyə edir və deyir: “Elmlə məşğul ol və alimlərin dərs halqalarında iştirak et! Mən səndə elm üçün münasib zəka və qabiliyyət görürəm!

Şəbinin nəsihətindən sonra Əbu Hənifə elmə yönəlmişdir. Elmə yönəldikdən sonra o, elmi müzakirələrdə iştirak etməyə başlamışdır. Bu məqsədlə dəfələrlə (təxminən iyirmi dəfə) kəlamın (əqidə elminin) mərkəzlərindən sayılan Bəsrəyə səfər etmişdir. Həmin illərdə (təxminən 100-cü (m.718) illərdə) Kufə məscidində (əqidə məsələlərinin müzakirəsi və tədrisi məqsədilə) kəlam halqası təşkil etmiş, qısa müddət sonra bir kəlamçı kimi məşhurlaşmışdır. Təxminən 5-6 il davam edən, elmi mübahisələrlə dolu keçən həmin günlərdə onun kəlam elmində olduğu kimi digər elmlərdə də mahir olduğunu zənn edən bazar əsnafı ona fiqhi məsələlərlə əlaqədar suallar verir, Kufə məscidində təşkil etdiyi kəlam halqasına gələrək ona fiqhi məsələlər barədə suallar yönəldənlər olurdu. Əbu Hənifə yoldaşları ilə bir yerdə ikən bir neçə dəfə fiqhi məlumatlarının kifayət qədər olmadığını ona isbat edən hadisələr baş verir. Bir tərəfdən də sırf kəlamla məşğul olanların əksəriyyətinin hava-həvəslərinin əsiri olduqlarını, Qurana və Sünnəyə sələf kimi bağlı olmadıqlarını, sələfin (səhabə və tabeunların) yolundan uzaq olduqlarını, onların üzündə salehlərin siması olmadığını, həyatlarının salehlərin həyatına bənzəmədiyini müşahidə edir. Bu səbəbdən kəlamla məşğul olmağı tərk edərək özünü ticarətə verir. Lakin bu əsnada gördüyü bir yuxu səbəbilə yenidən elm həyatına qayıdır.

İkinci dəfə elmə yönəldiyi zaman bu səfər nə qədər faydalı olub-olmaması baxımından bütün elmləri tədqiq edir və axırda onun nəzərində bu elmlərin arasında ən faydalı elm sahəsi olan fiqhi seçir. Müvəffəq əl-Məkkinin və Kərdərinin nəql etdiyinə görə o, Həmmad ibn Əbu Süleymanın (v.120\737) məclisində qərar tapmamışdan əvvəl dövrünün fəqihlərini ziyarət edərək onları bir-bir təcrübədən keçirmişdir. Əbu Hənifə on ilədək ustadı Həmmadın məclislərinə davam etdikdən sonra bir dəfə (təxminən 112-ci ildə (m.730)) onun məclislərindən ayrılıb özü üçün ayrıca elm məclisi qurmaq qərarına gəlir. Lakin o günlərdə qarşılaşdığı bəzi hadisələr onu bu fikrindən daşındırır və ustadı vəfat edənə qədər ondan ayrılmır.

Həmmadın vəfatından sonra onun qabaqcıl tələbələrindən Muhəmməd b. Cabir, Əbu Bəkr ən-Nəxşəli və Əbu Bürdə əl-Ətəbi əvvəlcə Həmmadın oğluna atasının dərs halqasına rəhbərlik etməyi təklif etsələr də o, bu işi idarə edə bilmədiyinə görə axırda məclis rəhbərliyini Əbu Hənifəyə təklif edirlər. Əbu Hənifə: “Elmin yoxa çıxmasına razı ola bilmərəm!“, -deyərək bu məsuliyyəti qəbul edir (təxminən 120-ci ildə (m.737)). Beləliklə imam Əbu Hənifənin vəfatınadək davam edəcək otuz illik tədris (ustadlıq) həyatı başlayır.

Əbu Hənifənin ustadı Həmmadın yerinə dərs halqasına rəhbərlik etməyə başlamasından qısa bir müddət sonra, h.121-ci ildə Əhli-beytdən olan imam Zeyd ibn Əlinin (Allah ondan razı olsun) (v.122\730) Əməvi xəlifəsi Hişam ibn Əbdülməlikə (v.125\742) qarşı qiyamı baş vermişdir. İmam Əbu Hənifə bu qiyamı Rəsulullahın -sallallahu əleyhi və səlləm- Bədir döyüşünə bənzətmiş və həmin qiyama maddi dəstək vermişdir. Buna baxmayaraq Əməvilər bu hadisədən doqquz il sonraya qədər Əbu Hənifəyə toxunmamışlar. Böyük ehtimal ki, Əməvilərin Əbu Hənifədən və digər alimlərdən intiqam almağına mane olan səbəb onların Zeyd ibn Əlidən sonra h.124-cü illərdə Xorasanda baş verən Yəhya ibn Zeydin, onun arxasınca isə təxminən h.127-ci ildə məşhur xarici əd-Dahhakın (v.128\745) dalbadal baş verən üsyanlarını yatırmağa başlarının qarışması olmuşdur.

O dövrdə İraq valisi olan İbn Hübeyrə başda Əbu Hənifə olmaqla alimləri susdurmaq (onların ağzını bağlamaq, o dövrün zalım Əməvi hakimiyyətinə qarşı çıxmalarına mane olmaq) üçün onlara dövlət vəzifələri təklif edir. Çünki bu təqdirdə həmin vəzifələri qəbul edənlərin Əməvi hakimiyyətinə qarşı yönəltdikləri tənqidləri ciddiyyətini itirəcək və inandırıcı olmayacaqdı. Alimlərdən bir çoxu vəzifə təkliflərini qəbul etmir. Bunların başında Əbu Hənifə dayanır. Onu həbs edirlər. Ona hər cür işgəncə verilsə də, o, qərarından dönmür və belə deyir: “Hətta o (İbn Hübeyrə) mənə Vasitin (İraqın şəhərlərindəndir) məscidlərinin qapılarını saymağı belə tapşırsa, qəbul etmərəm!

Bütün yollara baş vurmasına baxmayaraq Əbu Hənifəni razı salmağı bacarmadığını görən vali onu yoldaşları və dostları ilə məsləhətləşməsi üçün azadlığa buraxır. İmam Əbu Hənifə fürsətdən istifadə edib yayınaraq gizlicə Məkkəyə hicrət edir. Bu hadisə o təxminən əlli yaşındaikən, h.130-cu illərdə baş vermişdir. Hakimiyyət Abbasilərin əlinə keçənədək Əbu Hənifə Məkkədə qalmışdır. II Abbasi xəlifəsi əl-Mənsur (v.158\773) hakimiyyətə keçdikdən sonra o, h.136-cı ildə 6 illik Məkkə həyatından sonra yenidən Kufəyə qayıtmışdır.

Əvvəllər Əbu Hənifənin xəlifə əl-Mənsurla əlaqələri normal olmuşdur. Xəlifə hər zaman onu hörmətlə qarşılayar, ikram edər, onun elmini tərifləyərək dünyanın ən qabaqcıl fəqihlərindən olduğunu söyləyər, onu özünə yaxınlaşdırmağa çalışardı. Lakin Əbu Hənifə: “Məni özünə yaxınlaşdırsan fitnəyə salarsan, uzaqlaşdırsan mənə əziyyət və cəfa edərsən!“, -deyərək nəzakətlə ondan imtina edərdi.

Sonrakı illərdə onunla xəlifənin arasındakı əlaqələrin pisləşməsi, etimadının qırılması nəzərə alınarsa, böyük ehtimal ki, xəlifənin onu imam Cəfər əs-Sadiq (Allah ondan razı olsun) (v.148\765) ilə münazirə etmək üçün hüzuruna dəvət etməsi, həyat yoldaşı ilə arasında meydana gələn bir mübahisəni həll etmək üçün ona müraciət etməsi, Bəsrə üsyanı, Musul xalqının əmanlarının (onların əmniyyəti barədə onlara verilən vədin) vəziyyəti, eləcə də Xəvariclərlə sülh müqaviləsi imzalandığı təqdirdə tətbiq ediləcək hüquqi hökmlər barədə onunla məsləhətləşməsi kimi hadisələrin hamısı bu mərhələdə baş vermişdir.

Xəlifə əl-Mənsur artıq zülmə başladığı mərhələdə Əbu Hənifənin onunla münasibətlərində gərginlik yaranmışdır. Əl-Mənsur ilə Əbu Hənifə arasında cərəyan edən əmanla əlaqədar söhbətdən sonra xəlifənin bu sözləri onların arasındakı münasibətin pozulmasından xəbər verən ilk əlamətlərdəndir: “Ey şeyx, doğru olan sənin söylədiklərindir. İndi isə məmləkətinə qayıt və xalqı imamına (xəlifəsinə) qarşı qiyama təşviq edən fitvalar verməkdən də uzaq dur!” Əvvəllər də imam Əbu Hənifəyə fitva vermək qadağan edilmiş və ona xəbərdarlıq edilmişdisə də, bu, ona qarşı ilk ən ciddi xəbərdarlıq idi. 141-ci ilin axırlarına yaxın əl-Mənsur əvvəllər özü də imam kimi beyət etdiyi Muhəmməd ibn Abdullaha (v.145\762) və onun qardaşı İbrahimə qarşı müqavimət göstərib, Əhli-beytə mənsub şəxsləri siyasi məqsədlərlə təqib edərək onlara işgəncə verməyə başladıqda Əbu Hənifə xəlifəyə qarşı açıq surətdə tənqidlər yağdırmağa başlayır. Əbu Hənifə əl-Mənsurun hüzurunda onun üsyançıların qətl edilməsi planına etiraz edərək bunun səhv hərəkət olduğunu şəri dəlillərlə isbat edir.

Əbu Hənifənin Abbasi hakimiyyətinə qarşı müxalifətçi mövqeyi bununla məhdudlaşmır. O, Mədinədə qiyam qaldıran Muhəmməd ibn Abdullaha beyət etmişdir. Onun öldürülməsindən sonra xalqı Bəsrədə qiyam qaldıran İbrahim ibn Abdullahın dəstələrinə qoşulmağa dəvət və təşviq edir. O, gizli şəkildə İbrahimlə məktublaşaraq onu Kufəyə dəvət edir. Xəlifə əl-Mənsur öz xilafətinin leqal olub-olmaması barədə mübahisələrin artdığını görüncə Əbu Hənifə, İbn Əbu əz-Zib (v.158\773), İmam Malik (v.179\794), əl-Əməş (v.148\765)Süfyan əs-Sövri (v.161\776) kimi alimləri hüzuruna çağırtdıraraq onların rəylərini soruşur. İmam Əbu Hənifə bu toplantıda inandığı həqiqətləri olduğu kimi, açıq bir şəkildə bildirərək deyir: “Sən xilafət məqamına keçmisən, lakin sənin xəlifəliyin barədə şura (məşvərət) əhlindən iki nəfər belə ittifaq etməmişlər. Halbuki bu məqama ancaq möminlərin məşvərəti ilə və onların razılığı ilə gəlmək olar!” Bu cavabdan sonra onunla xəlifə arasındakı münasibətlər tamamilə qırılır.

Xəlifə əl-Mənsur onsuz da Əbu Hənifəni öz tərəfinə çəkə bilmədiyinə görə ona qəzəbləndiyi bir vəziyyətdə, üstəlik onun qızışan hadisələrdə bir siyasi rəhbər kimi hərəkət etməsi, xəlifəyə qarşı müxalif mövqedə duraraq onun müxaliflərini dəstəkləməsi, onlarla yazışması, xəlifə əl-Mənsurun xilafətinin leqal olmadığını açıq şəkildə dilə gətirməsi, hətta əl-Mənsurun ən seçkin ordu sərkərdələrindən olan Həsən ibn Quhtubanı hakimiyyətin zülmlərinə alət olmaqdan uzaq durmağa razı salması xəlifənin kinini düşmənliyə çevirir və əl-Mənsur Əbu Hənifəni qətl etdirmək qərarına gəlir. 148-ci (m.765) ildə Kufə qazısı İbn Əbu Leyla vəfat etdikdə xəlifə əl-Mənsur qazılığı Misar ibn Kidam (v.155\775), Süfyan əs-Sövri (v.161\776) və Şərik (v.177\792) ilə bərabər xalq tərəfindən sevilən Əbu Hənifəyə də təklif edir. İmam Əbu Hənifə özünün “məvali“lərdən (ata-babaları qeyri-ərəb kölə olduqları halda sonradan İslamı qəbul edənlərdən) olduğunu söyləyərək bu səbəbdən ərəblərin onun qərarlarına tabe olmayacağını bəhanə gətirərək xəlifənin təklifini qəbul etmir. Beləliklə qazılıq vəzifəsi Şərikə həvalə edilir. Səbəbi məlum olmasa da, yenə də həmin günlərdə ikinci və üçüncü dəfə Əbu Hənifənin fitva verməsinə qadağa qoyulur. O, vəfatından qısa bir müddət əvvəl Bağdada dəvət edilmiş və üçüncü dəfə ona qazılıq təklif edilmişdir. Namizədlər arasında yenə də Süfyan əs-Sövri və əvvəllər qazılıq edən, sonra vəzifəsindən azad edilən Şərik də var idi. İmam Əbu Hənifəyə Bağdad, Bəsrə və Kufə qazılıqları təklif edilir. Lakin o, hər hansı bir vəzifə qəbul etməməkdə israr edir. Qarşılıqlı surətdə and içmələr olur (o öz sözündən, xəlifə də təklifindən dönməyəcəyinə and içir) və nəticədə Əbu Hənifə həbs edilərək işgəncəyə məruz qalır. Ondan tələb olunan şey əldə edilmədiyinə görə bir müddət həbsdən çıxarılır və (qazı kimi) fitva verməyə məcbur edilir. Ona müəyyən məsələlər göndərilir və həmin məsələləri həll etmək ondan tələb olunur. O, bundan imtina edir və bu səbəbdən yenidən həbs edilərək işgəncələr davam edir. Məsələyə müdaxilə edən bəzi vəzirlərin məsləhətilə həbsdən çıxarılaraq bir evdə məcburi şəkildə göz həbsində saxlanılır və dördüncü dəfə ona fitva vermək qadağası qoyulur. Onun dərslərə davam etməsinə (tədrislə məşğul olmasına) də qadağa qoyulur. Bir müddət bu vəziyyətdə davam etdikdən sonra o, 150-ci (m.767) ilinin Rəcəb ayında Bağdadda vəfat etmişdir.

Tarixçilərin əksəriyyətinin fikrincə, imam Əbu Hənifə (r.a.) Bağdada çağırılaraq ona qazılıq təklif edildiyi zaman yetmiş, bəzi rəvayərlərə görə isə səksən yaşlarında olmuşdur. Tarixçilər onun ölümünə səbəb kimi məruz qaldığı işgəncə və əziyyətləri göstərmişlər. Bəzi qaynaqlarda bildirildiyinə görə, onun ölümünün səbəbi xəlifənin əmri ilə ona içirilən zəhər olmuşdur.

Fiqhul Əkbər kitabından.

Ardı var….

Bu mövzuda fikirlərinizi bizimlə bölüşün