Mötərizəsi bol, postmodern incəsənət kimi mənalı, mənasız, uzun bir yazı.

Daha çox Harold Blumun (“The Western Canon” əsərində) sinifləndirməsi içində milli alleqorik sayıla biləcək cinsdən, bir az da ünvanlı sosial mesaj funksiyalı bir yazı.

Uşaqlıqdan coğrafiyaya çox marağım olub. Ölkәlәrin adı, paytaxtı, әhalisi, әn böyük çayı, dağı, şәhәrlәri kimi siyahılar hazırlamağı, saatlarla xәritәlәrә, atlaslara baxmağı, ölkәlәrin tarixi vә toponimlәri (coğrafi  adları) haqqında oxumağı çox sevәrdim… Nә isә, әslindә mövzu tam olaraq bu deyil, bәlkә dә budur, amma tam olaraq bu deyil.

İllәr keçdikcә, az da olsa böyüdükcә (artıq nә qәdәr böyüyә bildimsә 🙂 ), mәnә görә çox savadlı, dünyanı mәndәn daha yaxşı anladığını vә analiz etdiyini düşündüyüm insanlarla tanış olduqca (real hәyatda vә qiyabәn), anladım ki, әslindә öyrәndiyim bu ölkә, şәhәr, bölgә, cәmiyyәt adları heç dә müqәddәs, dəyişməz vә möhtәşәm deyil. Sadәcә insan mәhsuludur. Sadәcә bu qәdәr. Bizim sevimli pişiyimizә ad qoyduğumuz kimi güclü insanlar da bu adları bizә vә bizim yaşadığımız yerlәrә qoyub vә qoyur. Biz dә mәhz “o” olduğumuza vә “ora”da yaşadığımıza, eyni zamanda “ora”nı tәmsil etdiyimizә inanırıq (Karl Marksın sözlәri ilә desәk, bәlli bir zamam sonra hәtta, tәmsil dә edә bilmirik vә tәmsil edilmәli vәziyyәtә düşürük). Bununla ya fәxr edirik, ya da bundan utanır, bu adlardan hәr fürsәtdә uzaqlaşmağa, qaçmağa, hәtta, bu ad vә kimliklәrә yadlaşmağa çalışırıq (bir az Albert Kamyunun “yadlaşma”sı, bir az Karl Marksın fәrdi yadlaşması, bir az daha “demokratik”, daha “modern” vә daha “mütәrәqqi” olana duyulan ölçüsüz pәrәstiş vә qibtәdәn doğan mәcburi yadlaşma, bir az da “biz”, misal üçün, “müsәlman terrorist”, “vәhşi türk”, “geridә qalmış әrәb” olaraq görülmәmәk üçün cәmiyyәt olaraq yadlaşmağımız kimi). Bir dә bunu şüurlu bir şәkildә edirik.

“Biz” kimik vә “hara”da yaşayırıq?

“Biz” “onlar” olmayan hәr kәsik. Dünyada bütün insanlar vә bu nәhәng coğrafiya şüurlu olaraq iki qrupa bölünüb (Hantinqtonun “Mәdәniyyәtlәrin toqquşması” nәzәriyyәsindә olduğu kimi. Bu sıxlıqda onu da qeyd edim ki, yeni tanış olduğum bir mәrakeşli dostum deyir ki, әslindә bu nәzәriyyәni ilk dәfә ortaya çıxardan insan onun hәmvәtәni olan mәşhur futurist Mehdi Əlməncra‘dır, sonra Hantinqton bununla mәşhurlaşıb). “Qәrb” vә “digәrlәri (others)”; “ağlar” vә “qaralar” (rәng deyil, mahiyyәt olaraq); “yaxşı” vә “pis”; “müasir”, “modern” vә “geridә qalmış”; “demokrat” vә “terrorist” (west-rest).

Әziz dostlar, әgәr bu dildә bu yazını oxumaq sizin üçün mümkündürsә, siz dә mәnim kimi “digәrlәri (others)” vә onun mahiyyәtini “qәrb”in gözündә izah edәn sadalanan ikincilәrdәnsiniz. Yәni, “qara”, “terrorist”, “geridә qalmış” (Bu yaxınlarda İngiltәrәdә aparılan bir universitetin araşdırmalarına görә әlindә mobil telefon olan qara dәrili insanın әlindәkinin silah olaraq anlaşılma vә qәbul edilmә ehtimalı eyni vәziyyәtdә olan ağ dәrili insandan daha çoxdur, ona görә ABŞ-da qara dәrililәr bu qәdәr çox öldürülmüş ola bilәr. Әcәba niyә biz qara dәrili insanları belә görürük? İnanın ki, bu da qara dәrili insana “digәrlәri” olmağın “hәdiyyә”lәrindәn biridir). Hә, siz bundan mәmnun qalmaya vә yuxarıdakı “yadlaşma” yoluna üz tuta da bilәrsiniz, seçim etmәkdә hәr birimiz azadıq tәbii ki. Amma o zaman da “qәrb”in digәr tәlәlәrinә düşürük

(Misal üçün, İŞİD kimi bir canavarın bu coğrafiyada yarana bilməsi və bu qədər insanı çevrəsində toplaya bilməsinin səbəblərindən biri də bu tələyə düşmüş olmağımızdır. Daha bir nümunə, Qırğızıstanda ortaya çıxan Tenqriçilərin varlığı və canlanmasıdır. Sizcə kiminsə marağındadırmı ki, istəyən qırğızın bu dinə inanc azadlığı qorunsun? Sadəcə xristianlıq və digər dinlərlə bu cəmiyyəti qucaqlamağın mümkün olmayacağını çox yaxşı bildikləri üçün bu xalqın keçmişindən referans alaraq daha çox insanı ətrafında toplaya biləcək bir axım seçdilər. Bu yolla da onları (qırğızları) Hantinqtonçuların ən təhlükəli olaraq gördüyü müsəlman çoxluğundan ayırma və qoparma yolunu seçdilər (I Pyotrun sözləri ilə parçalayıb daha rahat hökm sürmək üçün. Onsuz da xaosdan ən çox bəhrələnən və onu idarə edə bilən də elə onu ortaya çıxardanlardır). Bir də bu Tenqriçilərin “Manas bizim təməl dini kitabımızdır” deməsi də ayrı bir ziddiyətli mövzudur, çünki, Manasda nə qədər İslam və onun elementləri ilə bağlı məqamlar var). Olsun. Әminәm ki, mәnim kimi bu statusundan (“digәrlәri” olmaqdan) mәmnun olmasa da, barışıq olanlar da var.

Yaxşı, bu adları bizә vә yaşadığımız yerlәrә kimlәr, nә üçün vә necә qoyur?

Buradan bir sual daha doğur, Qərb nə qədər qərbdədir və eynilə, Şərq nə qədər şərqdədir? Bir az gülməli görünə bilər, amma Qərb dediyimiz zaman düşündüyümüz ölkələr (ABŞ, Kanada, Avropa ölkələri, Avstraliya və s.) kimə görə qərbdədir? Misal üçün, Latın Amerikası ölkələrinə görə Qərb qərbdə deyil (ABŞ və Kanada şimaldadır, onlar Qərbə nə deyir bəs? Şimal? Yaxud, İndoneziyaya görə Avstraliya cənhubdadır, qərbdə deyil. O zaman İndoneziya Qərbə nə desin? Cənub?). Bu da bu anlayışların nə qədər insan məhsulu olduğunu göstərir. Kimə görə? Nəyə görə?

Bu adları öz zamanının güclü ölkələri qoyur. Misal üçün, Davutoğlunun “Stareji Dərinlik” kitabında dediyi kimi vaxtilə alman, ingilis, amerikan elm adamları, strategiya ustaları bu adları ölkələrinin gələcək siyasətinin tərkib hissəsi olaraq verdilər.

Nə üçün?

Süni bir fərqində olma, ayırma, fərqliləşdirmə üçün. Misal üçün, Balkan terminin yaranmasını və kitablarda istifadə edilməsini araşdırmaq bu baxımdan çox açıqlayıcı mahiyyət daşıyır. Balkan termini ilk dəfə 1808-ci ildə bir alman coğrafiyaçı tərəfindən istifadə edilir. Məqsəd nə idi? O zamana qədər Osmanlının güclü olması səbəbi ilə bu torpaqlar “Avropdakı Türkiyə” və ya “Avropa Türkiyəsi” olaraq adlandırılırdı. Bu torpaqları Osmanlıdan qoparmaq və öz siyasi təsirləri altına sala bilmək üçün yeni adla adlandırdılar (Yaxın Şərq termini də eynilə bu şəkildə araşdırıla bilər). Ona görə də müasir dövrümüzdə bəlli coğrafiyalara fərqli adların verilməsi və bunun mediya, ədəbiyyat, filmlər vasitəsi ilə yayılmağa çalışılması heç də boşuna deyil (Misal üçün, Türkiyədə “Doğu”, “Güney-Doğu”; Suriyə və İraqda “Şimal” terminləri kimi).

Bu adlar necə qoyulur?

Bu adlar dövrünün böyük güclərinin siyasət, coğrafiya, beynəlxalq münasibətlər, ədəbiyyat, sosiologiya və s. kimi sahələrində fəaliyyət göstərən insanları tərəfindən məqsədli şəkildə qoyulur. Bunun üçün romanlar; tarix, siyasət, coğrafiya, sosilogiya kitabları, məqalələri; filmlər istifadə edilir (Frankfurt Məktəbinin də tənqid hədəflərindən biri olan Mədəniyyət Sənayesi bu baxımdan araşdırıla bilər).

Deyәcәksiniz ki, sәnin dәrdin nәdir? Sadәcә bunu bildirmәk istәdim ki, mәn “kim” vә әslindә kim olduğumu, “hara”da vә әslindә harada yaşadığımı bilirәm. Hәr zaman da bunun fәrqindә olaraq yaşamağa çalışacağam.

Bir Türk ata sözündә deyildiyi kimi, “Anlayana sivrisinek saz, anlamayana davul, zurna az”. Bunu da ona görә Türk ata sözü ilә dedim ki, içindә bir türk olmasa da türklәri vә dolayısı ilә “digәrlәri”ni gözdәn salmaq üçün yazılan “The Lustful Turk” (əsər “Şəhvət düşkünü Türk” kimi tərcümə oluna bilər, yazan mübarək(lər) adlarını da yazmayıb(lar) ki, onsuz da xoş söz deyən olmayacaq. Elə də yazıb(lar) ki, elə bil eramızın 79-cu ilində Vezuvi vulkanının lava və külləri altında qalan Pompey haqqında, oradakı həyat tərzindən yazıblar. Amma Pompey müsəlmanların yaşadığı yer deyildi hə? Ay daaa.) kimi siyasi layihә parçaları, Karl Avqust Vittfogelin “Şərq despotizmi” (eyni zamanda, “şərq despotizmi/oriental despotism” ideyasını Avropaya gətirən əsər olaraq bilinən Monteskyönün “İran məktubları/Lettres Persanes”) və Hantinqtonun “Mədəniyyətlər toqquşması” əsərlərindəki biçilmiş mövqeyimiz mәni bu adı tәmsil etmәkdәn və ya “şərqli/digərləri” olmaqdan utandırmır.

Əslində qərbli birinin bir türkə vəhşi deməsi də ayrı bir təzaddır məncə.

Sanki Afrikanın Əlcəzair başda olmaqla altını üstünə gətirib qan gölünə çevirən, insanlıq adına ləkə cinayətlərə imza atan fransızlar deyil, məhz türklərdir (fransız demişkən, bəlkə də bir çoxunuz bilirsiniz, sadəcə müğənni deyil, eyni zamanda bir intellektual olan Barış Manço bir dəfə bir Fransa telekanalına qonaq olur. Aparıcı dayanmadan Barış Mançonu alçaltmağa, təhqir etməyə çalışır ki, bəs siz türklər belə barbarsınız, belə vəhşiniz, filan. Barış Manço da axırda dözə bilmir və deyir ki, üstünüzdə kağız Fransa pulu var? Aparıcı da təəccüblənsə də çıxardır pulları. Barış Manço Fransa pullarını göstərərək bir-bir soruşur ki, bəs bu pulların üstündəki insanlar kimdir? Aparıcı da hamısına cavab veriri ki, o kral, bu kral, bəs filan hərbiçi, filan general. Barış Manço da deyir ki, amma bizim pullarımızın üstündə Sultan Fatih Mehmetin şəkli var, hansı ki, ədalətin simvolu sayılır, Mehmet Akif Ersoyun şəkli var, şairdir, Türkiyənin himninin sözlərini yazıb, Mimar Sinanın şəkli var, dünya şöhrətli memardır, Mövlana Cəlaləddin Ruminin şəkli var, o da dünya şöhrətli fikir və mənəviyyat insanıdır, siz fransızlar elə özünüz vəhşi, barbar olduğunuz üçün pullarınız üstünə də ancaq müharibə edən insanlarınızın şəkillərini qoymusunuz. Nöqtə.

(Türk pulları ilə bağlı Barış Mançonun Anahtar adlı klipi baxmayanlar üçün maraqlı ola bilər. Bir də qeyd edim ki, hal-hazırda da Türkiyə Lirəsinin bir üzündə standart olaraq Ataürkün şəkilləri, digər üzündə isə 5TL – Prof. Dr. Aydın Sayılı (Elm tarixi sahəsində dünyada doktor ünvanı almış ilk şəxs (1942, Harvard Universiteti), 10TL – Prof. Dr. Cahit Arf, 20TL – Memar Kəmaləddin, 50TL –  Fatma Aliyə Topuz (Türk ədəbiyyatını ilk qadın romançısı olaraq bilinir), 100TL – Itri (bəstəkar), 200TL – Yunus Əmrənin şəkilləri var. Hal-hazırki Fransa əsginazlarının üzərində də Pol Sezan, Ekzüperi, Pyer və Mariya Küri, Qustav Eyfel kimi şəxslərin adı olduğuna görə yəqin ki, söhbət daha əvvəlki dövr Fransa əsginazlarından gedir.)

Əslində Erdoğanın keçmiş Fransa Prezidentlərindən Nikolya Sarkoziyə hədiyyə etdiyi Sultan Süleyman Qanuninin o zamanki Fransa Kralı Fransuaya yazdığı məktubdan da başa düşüldüyü kimi bir fransızın bir türkə deyə biləcəyi çox söz yoxdur, türkcəni bilsə belə, hələ onda ola ki, bütün olanlara fransız qala, daha da heç nə.).

Yenә dә Marksın sözlәri ilә deyәcәk olsam, tәmsil edilmәli olan vәziyyәtinә düşmәmәk ümidi ilә.

Tehran Abdurrahimov

Bu mövzuda fikirlərinizi bizimlə bölüşün