Əsrlərdir, bir səs yüksəlir Bəkkə vadisində:

− Bizi bu tənha və kimsəsiz vadidə qoyub hara gedirsən, ey İbrahim?

Bu fəryad dolu sualın cavabında susur etimad və təvəkkül zirvəsi İbrahim! Çünki o, ancaq buyurulanı yerinə yetirir və əmrə itaətdən güzəştə getmək istəmirdi. Çünki bu, ilahi bir istiqamətləndirmə idi: əsrlər sonra gələcəyi müjdəsi verilən Sonuncu Nəbinin gəlişi ilə şərəfləndirəcəyi bölgənin bünövrəsi qoyulacaqdı.

Digər tərəfdə isə məsələnin təfərrüatından bixəbər Hz. Həcər həyat yoldaşını ondan uzaqlaşdıran hər addımdan bir qorxu duyurdu. Buna görə də tənhalıq hicranını iliklərinədək hiss edən Həcər təlaş dolu səslə təkrar dilləndi:

− Ey İbrahim! Bizi bu tənha və kimsəsiz vadidə tərk edib hara gedirsən?

Gəldiyi istiqamətə − geriyə addımlayan Hz. İbrahimdən cavab gəlməyəcəkdi: qucağındakı yeganə övladı ilə arxasınca yüyürmək bihudə idi. Sanki, illərdir, uşaq həsrəti ilə yanıb-qovrulan və dualarında Rəbbindən övlad diləyən İbrahim getmiş, yerinə başqa bir adam gəlmişdi. Əlbəttə ki, belə bir köklü dəyişiklik ancaq Allahın muradı ilə (sövqi-ilahi olaraq) baş verə bilərdi. Bu səbəbdən Hz. Həcər həyat yoldaşından:

Sənə bunu Allahmı  əmr etdi? − deyə soruşdu.

O anadək səssiz-səmirsiz irəliləyən İbrahimdən bu suala inam dolu cavab eşidildi:

Bəli!

Əmr edən O idisə, qoruyan da O olacaqdı. Allahın  mühafizəsi altına  girdikdən sonra nə bu tükürpərdici kimsəsiz vadilərdəki vəhşət, nə təlaş oyadan tənhalıq, nə də ailə başçısının himayəsindən məhrumiyyət qorxuda bilərdi onu. Buna görə də qucağındakı övladı ilə dönüb geri qayıdan Hz. Həcərin dilindən  bu sözlər eşidiləcəkdi:

Elə isə O, bizi əsla hədər etməz.  (Taberi, el-Camiu’l-Beyan, 13/152)

 Bu cümlə ailə üzvləri arasındakı dialoqun son nöqtəsi idi. Artıq Hz. İbrahim  uzaqlaşmış, Hz. Həcər də körpə balası  İsmaillə tərk edildiyi yerə qayıtmışdı.

Hz. İbrahim gözdən itincə geri çevriləcək və əllərini açaraq rəhmli Rəbbinə dua edəcəkdi:

Ey Rəbbimiz! Mən əhli-əyalımdan bir qismini Sənin müqəddəs məbədinin yanında, əkin bitməz bir vadidə yerləşdirdim.

Yerləşdirdim” kəlməsi ilə o, hələ bir həyat nişanəsi görünməyən bu vadinin böyük bir məskunlaşma yeri olacağını ifadə edirdi. Bura eyni zamanda yer üzündə ilk binanın inşa edildiyi önəmli bir məkan, “İlk”lə “Son”un görüşəcəyi Bəkkə vadisi idi.

Hz. İbrahim duasını belə davam etdirdi:

Ey  bizim Rəbbimiz! Onlar lazımınca namaz qılsınlar deyə belə etdim.

Buradan bir məsələ də aydınlaşır: buraya gəlişdə əsl qayə də insanı Rəbbinə yaxınlaşdıran qulluq vəzifəsi idi. Və bu vəzifəni ən yüksək səviyyədə təmsil edən Şəxs burada zühur edəcək, dünya buradan doğulan nurla külli mənada bir qulluqla tanış olacaq və übudiyyət (qulluq) yolunda aydın bir məzmuna (mahiyyətə) bürünəcəkdi.

İbrahimin bir təvəqqesi də vardı:

− Ey Rəbbimiz! İnsanların bir qisminin qəlblərini onlara doğru yönəlt, onlara hər növ ruzi ver ki, Sənə şükür etsinlər!  (“İbrahim” surəsi, 14/37)

İbrahim aleyhissalamın yalvarışlarında öz vəzifəsini yerinə yetirdiyini bildirmək istəyi və müjdə verdiyi xüsusların Rəhimli Rəbbi tərəfindən gerçəkləşdirilməsi diləyi var idi. Çünki ömrünün kamillik dövründə hamilə qalan xanımının sevincini bölüşərkən  eşitdiyi bu müjdənin sədası qulaqlarında cingildəyirdi:

Şübhəsiz ki, Həcər bir oğlan uşağı dünyaya gətirəcək, onun doğduğu övladın nəslindən gələcək bir Şəxsin əli bütün bəşəriyyət üzərində hakim olacaq və hər kəsin  əli də itaət və səmimiyyətlə Ona açılacaq”. (İbn Kesir, el-Bidaye ve’n-Nihaye, 1/153)

İbrahim üçün bundan böyük xoşbəxtlik ola bilməzdi, illərdir, ümidini üzmədən gözləmənin mükafatını görürdü. Həm də doğulacaq oğlu ilə məhdudlaşmayan (bitməyən) bir mükafat… Nəvələri arasından çıxacaq Sonuncu Nəbinin zühuru və bəşəriyyətin də Onun ətrafında birləşməsi həqiqəti…

Dualarla  yalvaran İbrahimə Uca Allah bunları vəhy edəcəkdi:

− Sənin İsmail haqqında duanı qəbul etdim və ona bərəkət ehsan etdim.

 Ondan sonra neçə-neçə nəsillər gəlib keçəcək, amma bir gün  onun nəslindən on iki böyük şəxsiyyət zühur edəcəkdi. “Və Mən onu böyük bir camaata rəhbər edəcəyəm!”  (İbn Kesir, el-Bidaye ve’n-Nihaye, 1/153)

Məhz İbrahim bu təcrübə üzərində addımlayır və ilahi istiqamətləndirməyin tələbini yerinə yetirmə  mücadiləsi  aparırdı.

Həcər anamızın övladı ilə tək-tənha qaldığı səhraya Allah təala zəmzəm suyu verir. Hər dövrdə həyat mənbəyi olan su başqa adamları da bu yerlərə cəlb edəcək, qəza-qədərin təqdir buyurduğu bir formalaşma prosesi başlayacaq, beləcə, gözlənilən Nəbinin zühur edəcəyi şəhərin əsası qoyulacaqdı. Çox keçmədən bura Cürhüm qəbiləsi gələcək, Həcərin də razılığını alıb həyat nişanələri gördükləri bu bölgədə məskunlaşacaq və bununla da Məkkə şəhərinin təməlləri atılacaqdı.

Beləliklə, insanlığa can, nəfəs verən Rəsulullahın zühur edəcəyi Faran dağlarının arasında yeni bir həyat başlayırdı. Zəmzəm suyunun həyat bəxş etdiyi səhralıq artıq məhsuldar bir bölgəyə çevriləcək və bərəkəti ilə insanları özünə cəlb edəcək, qaraya bürünüb yas tutan bu dağların arasında Muhammədlə (sallallahu aleyhi və səlləm) nəticələnən bir mərhələ başlayacaqdı.

İbrahimin duası qəbul edilmiş və bu kimsəsiz vadi yaşıllığa bürünərək insanları özünə cəlb etməyə başlamışdı. Bu yönəliş eyni zamanda bu yerlərə hər cür nemətin axınını da təmin edəcək və buranın sakinləri bundan sonra daim bir inayət ab-havası içində yaşayacaqdı.

Çox keçmədənİbrahim oğlu İsmaillə birlikdə Kəbənin inşasına başlamış və insanları bir daha vaz keçməyəcəyi yola dəvət etmişdilər. Bir tərəfdən inşaat işlərini davam etdirir, digər tərəfdən də əllərini qaldırıb bu ən müqəddəs məkanda dualarla Uca Allaha belə yalvarırdılar:

Ey Rəbbimiz! Bizdən qəbul buyur. Şübhəsiz ki, eşidən də Sənsən, bilən də Sən!… Ey Rəbbimiz! Həm İsmail və məni Sənə itaət edən müsəlmanlardan et, həm də soyumuzdan yalnız Sənə boyun əyən müsəlman bir ümmət yarat, bizə ibadətimizin yollarını göstər, tövbəmizə rəhmətinlə  qarşılıq ver! Şübhəsiz ki, Təvvab (tövbələri qəbul edən) Sənsən, Rahim də Sən!

İki müqəddəs insanın yer üzündəki ilk bina və ərşin izinin düşdüyü müqəddəs bir məkanda etdiyi bu dualar, əlbəttə ki, qəbul ediləcəkdi. Duada belə bir məqamı əldə edən İbrahim sözünü əsasını qoyduğu “hillət” məsləyini qiyamətə qədər və təkcə bir bölgədə yox, bütün aləmdə ucaldacaq Sonuncu Peyğəmbərin üzərinə gətirəcək və bu cür yalvaracaqdı:

 Ey Rəbbimiz! Bir də onlara içlərindən elə bir Rəsul göndər ki,  o  Rəsul  onlara Sənin ayələrini oxusun, Kitabıhikməti təlim edib öyrətsin, içlərini və zahirlərini tərtəmiz edib pak eləsin! Həqiqətən, Əziz Sənsən, hikmət sahibi də Sən. (“Bəqərə” surəsi, 2/129 və b.)

Bu duasında İbrahim əleyhissalamın gəlməsini dilədiyi hikmət sahibi peyğəmbər, şübhəsiz, bütün peyğəmbərlərin gələcəyini müjdələdiyi Son Nəbi Muhamməd sallallahu aleyhi və səlləm idi. Çünki İsmail aleyhissalamın  nəsli içində Muhamməd aleyhissalatu vəssəlamdan başqa bir peyğəmbər yox idi və olmayacaqdı da.

Bu səmimi duanın Haqq dərgahında dəyəri də olduqca böyük idi. Belə ki, əsrlər sonra bir gün Allah Rəsulu (s.ə.s.) minnətdarlığını bu şəkildə ifadə edəcəkdi:

“Mən atam İbrahimin duası, qardaşım İsanın müjdəsi və anamın da röyasıyam.” (İbn Hibban, Sahih, 14/313; Hakim, Müstedrek, 2/453 (3566))

Yenə vəfanı vəfa əhlindən öyrənməyimizin vacibliyini göstərən bir məkan… Yenə əhdə vəfanın unudulmaz örnəyi və yenə duaya dua ilə cavab verməyin bənzərsiz nümunəsi… İbrahim aleyhissalamın əsrlər əvvəl dualarla gəlməsini dilədiyi Son Nəbi (aleyhissalatu vəssəlam) ümməti də təşəkkür ifadəsi olaraq dualarında Onu xatırlayacaq, “Allahummə Salli” və “Allahummə Barik”lərində:

Allahım! Muhammədə, Onun ailəsinə (al) və əshabına salat (rəhmət) və bərəkət buyurduğun kimi, İbrahimə də eyni salat və bərəkətdən ehsan et,

− deyərək hər gün namazlarında Haqqa niyaz edəcəkdi…

Bu vəfanın bir də İbrahimsayağı forması vardı. Çünki Son Nəbinin gəliş xəbəri İbrahimin ruhuna o dərəcədə işləmişdi ki, O, özünə aid iltifatlarda da Onu xatırlayıb diqqəti Ona yönəldir və bu iltifatlara özündən çox, Gözlənilən Sultanın layiq olduğunu bildirirdi.

Allah (cəllə cəlaluhu) İbrahimi müxtəlif imtahanlardan keçirmiş və üzərinə düşən vəzifəni layiqincə yerinə yetirən İbrahimə belə bir iltifat buyurmuşdu:

Səni insanlara imam (rəhbər) edəcəyəm.

Bu, böyük bir iltifat idi və əvəzində acizlik içində şükür etmək laz­­­ım idi. Həmçinin bu, belə bir nemətin şükrü ilə bağlı mühüm bir göstərici idi. Ancaq İbrahim belə etmədi. Onun ilk reaksiyası:

− “Nəslimdən də…” şəklində idi ki, bu da böyük əhəmiyyət kəsb edirdi. Bu, həmçinin şüuraltının hansı məlumatlarla qidalanmasının bir göstəricisi idi. Məhz insanın həqiqi niyyəti də bu cür gözlənilməz vəziyyətlərdə ortaya çıxırdı.

Ancaq Allah (c.c.) imamlıq kimi mühüm bir məsələnin zülm edən və buna razı olan, xüsusilə də, ogünkü İsrail oğulları kimi yolunu azan şəxslərə müyəssər edilməyəcəyini bildirmək mənasında:

 Zalımlar mənim əhdimə (imamlığıma) nail ola bilməzlər, (Bax: “Bəqərə” surəsi, 2/124) − buyuracaqdı.

Belə bir ifadə ilə nəzərlər yaxın vaxtlarda bir imam axtarmaq əvəzinə, gələcək əsrlərə və daha uzun bir zamana istiqamətləndirilirdi.

Beləliklə, zülmlə peyğəmbərliyin əsla eyniləşdirilməyəcəyi vurğulanmaqla yanaşı, İsrail oğullarının davam etdikləri zülm və azğınlıq üzündən belə bir şərəfi itirdiyi və bu şərəfin bundan sonra İsmail soyuna keçdiyi ifadə edilirdi. Əlbəttə, İbrahimin dilədiyi İmam da kimsəsiz vadidə qoyub getdiyi oğlu İsmailin soyundan olacaqdı.

“Ey Rəbbimiz! Onlara öz içlərindən elə bir peyğəmbər göndər ki, Sənin ayələrini (hökmlərini) onlara oxusun, (Sən göndərən) Kitabı (Qur`anı) və (oradakı) hikməti onlara öyrətsin, onları (günahlardan) təmizləsin! Həqiqətən, Sən yenilməz qüvvət, hikmət sahibisən”. (Bəqərə surəsi, 2/129)

İsa aleyhissalamın müjdəsi:

“Xatırla ki, bir vaxt Məryəm oğlu İsa belə demişdi: “Ey İsrail oğulları! Həqiqətən, mən özümdən əvvəl nazil olmuş Tövratı təsdiq edən və məndən sonra gələcək Əhməd adlı bir peyğəmbərin (sizə) müjdəsini verən Allahın elçisiyəm!” Sonra o, onlara açıq-aşkar möcüzələr gətirdikdə onlar: “Bu, açıq-aydın sehrdir!” – dedilər”. (Saff surəsi, 61/6) 

Bir gün bir səhabə Allah Rəsuluna: “Ya Rəsulullah, bir az özünüzdən danışarsınız?” – deyə xahiş edir. Allah Rəsulu özündən bəhs edib belə buyurur: “Mən İbrahimin duası, Həzrət İsanın müjdəsiyəm“. (Əhməd b. Hənbəl, əl-Müsnəd, 5/262; Təbərani, əl-Mücəmül-kəbir, 8/175; Hakim, əl-Müstədrək, 2/656.)

“Allah möminlərə lütf etdi. Çünki onların öz içindən onlara (Allahın) ayələrini oxuyan, onları (pis əməllərdən) təmizləyən, onlara Kitabı (Quranı) və hikməti öyrədən bir peyğəmbər göndərdi. Halbuki bundan əvvəl onlar açıq-aydın zəlalət içərisində idilər.” (Ali İmran surəsi, 3/164)

Bəli, Allahın bir günəş mahiyyətində yaratdığı o Nuru bir şam kimi insanlıq səmasından asdığı gündür Onun doğulduğu gün. Bəli, o Nur sayəsində bütün cahiliyyə qaranlıqları dağılmış və aləm nu­ra qərq olmuşdur. Bu da Allahın cinlərə və insanlara ən böyük lütfü və ehsanıdır.

O, dünyaya göz açmamış atası vəfat etdi, beş-altı yaşına çatanda da anasını itirdi. Bunlardan sonra babası Əbdülmüttəlib Onu himayəyə götürdü. Səkkiz yaşına yenicə girmişdi ki, babası da vəfat etdi. Sanki qədər Onu, hər şeydən təcrid edir və tamamilə Allaha (c.c.) təslim olmağa hazırlayırdı. Ona əl uzadan bütün hamilər bir-bir dünyadan köçür və tövhid nuru içində əhadiyyət ((Allahın (c.c.) əksər isimlərinin hər şeydə təcəlli etməsi və Yaradanın bir olduğunu göstərməsi) sirrinin zühuru ilə birbaşa Allahın himayəsi xatırladılırdı. O, “Kəlmeyi-Tövhid” və “Hasbunəllah” cümləsini də baş­lanğıcdan vicdanında hiss edərək söyləməli idi. Buna görə də bütün zahiri səbəblər tamamilə dövrədən çıxmalı idi. Və elə də oldu…

Atasının adı “Allahın (c.c.) qulu” mənasına gələn Abdullah, ana­sının adı isə “əmin və doğru qadın” mənasınaı verən Əminə idi. Bəli, Onu əminlik doğuran, əmanətin əmanətdarı bir qadın dünyaya gətirmişdi. Risalətdən əvvəl übudiyyətlə sərəfraz olan bu şərəfli insanın atasının adı da “Allahın qulu” mənasını daşıyırdı. Bunlar təsadüf deyildi, çünki qədəri yazan Allahdır (c.c.).

Biz sözlərimizlə Muhammədi (sallallahu aleyhi və səlləm) mədh etmirik. Ancaq Onunla sözlərimizi mədh edirik.

(Məqalənin hazırlanmasında “Könül taxtımızın Bənzərsiz Sultanı Peyğəmbərizimiz” kitabında istifadə olunmuşdur)

Bu mövzuda fikirlərinizi bizimlə bölüşün